Ana səhifə YAZILAR Son ümid (hekayə)

Son ümid (hekayə)

Müəllif: Bizim Yazı
1. 199 baxış

Qurbanəli Ömər

O gün baharın yeddinci günü idi. Akademik Milli Dram Teatrın səhnəsində Viktor Hüqonun ölməz sənət əsəri – “Kvazimoda” səhnələşdirilmişdi. İkinci mərtəbədə lojada oturmuş gənc adam sol əlini bir qədər tük basmış üzünə söykəyib, diqqətlə tamaşanı izləyirdi. O, ilk dəfə idi ki, teatrda olurdu və bura yaxın dostu- iblis rolunun mahir ifaçısının dəvətiylə gəlmişdi. Özü də tək deyildi, xalası qızı rəfiqəsiylə ondan cəmi iki stul aralıda əyləşmişdi. İstəsəydi birlikdə də tamaşanı izləyə bilərdilər. Ancaq nədənsə həyatda çox söhbətçil olan bu cavan oğlan bu dəfə heç danışmaq fikrində deyildi. Deyəsən tamaşa ona çox təsir etmişdi. Bəlkə də özünü tapmışdı bu obrazların arasında. Hərdən telefonun “bulutuz”unu açıq saxlayıb əllərində tutan gənclər fikrini bir qədər yayındırsa da onlara fikir vermir, nəzərini səhnədən çəkmək istəmirdi. Dərya kimi dərin gözləri qığılcım saçırdı, hərdən də bu dumanlı qara gözlərdə çiskin, duman yaranırdı. Amma gənc adam nəyin bahasına olursa olsun bunu gizlətməyə çalışırdı. Mövzu ona o qədər təsir etmişdi ki, hətta özünü həmin surətlərin yerində hiss etməyə başlamışdı. Nəhayət axtardığını tapdı, keşiş rolunun üzərində dayanmalı oldu. Qəribə də olsa bu mənfi obraz ona daha çox toxunmuşdu.

…Tamaşanın bitməsindən otuz-qırx dəqiqə keçmişdi. Onlar “Şərq bazarı”ndan üzü yuxarı qalxırdılar. Gənc adam heç də qızların məzəli söhbətlərinə qulaq asmır, elə bil qarmaqarışıq duyğular aləmində itib- batırdı. Ancaq bütün bunlara rağmən qanı qara olmasını göstərməməyə çalışırdı. Ən çox da keşişin söylədiyi kəlmələr idi fikrində ilişib qalan:

– O, o qədər gözəl idi ki, hətta İsa belə onun bətnindən doğulmaq istərdi. O, o qədər gözəl idi ki, Tanrı belə Məryəmi onun kimi görmək istərdi. O Tanrıyla mənim arama girdi. Mənim Tanrıya layiqli qul olmadığımı göstərdi…

O, həmin acı kəlmələri bir-bir təhlil edir, mən də yazsam bundan ötəsinə gücüm yetməzdi- deyə, etiraf edirdi, qəlbinin dərinliyində. Ancaq mən də sevirəm ən az onun qədər.

– O, yatmış ruhumu qəbirdən oyatdı. O, mənim beynimi oğurladı. Düşüncələrimi istismar elədi. Bu elə bir əzabdır ki, onun bircə kəlməsinə malını, canını, hər şeyini, bu dünyanı, hətta axirəti belə verməyə məhkum olursan…

– Yox, bəlkə də belə söyləməmişdi yazıq keşiş. Yox- yox, dəqiq bilirəm belə olmalı idi. Elə bil mən demək istəyəni deyib, zalım oğlu- deyə düşünür, təhlilini davam  etdirirdi.

Bəlkə də bu fikirlərlə özünü əsas problemlərdən kənara çəkmək istəyirdi. Çünki bu gün o keşişin söylədiyi kimi dünyada hər şeyini verməyə hazır olduğu bir insan haqqında ən  vacib bir məlumatı öyrənəcəkdi. Sevdiyi qızın rəfiqəsi,- hansı ki, onun özünün də ən yaxın dostlarından biri idi,- söz vermişdi ki, sabah Baharla danışıb öyrənərəm görüm niyə sənə yox deyir, bəlkə qəlbində başqası var, sən də  çox yorulmayasan bu son ucu görünməyən yolda…

…Teatrda cib telefonunu səssizə atmışdı, ancaq çıxanda artıq sönülü vəziyyətdə gördü. Gənc adam o saat anladı ki, kimsə onu yığıb, özü də dəfələrlə. Yoxsa niyə sönsün ki, telefon durduğu yerdə. Bu üzdən içəri keçən kimi onu cərəyana qoşdu, amma nə illah etdisə telefon açılmadı. Bu zaman xalası qızı sobanı yandırıb çaydanı onun üzərinə qoyurdu ki, oğlan soyuducunun qapısını açdı. Ancaq nə etmək istədiyini bir anlıq unudub qonşu otağa keçdi. Səhərdən bəri dilinə çörək dəyməmişdi. Baxmayaraq ki, ac idi, yadına  yemək  düşmürdü. Artıq heç nə barədə  düşünmürdü. Bəlkə də düşünməkdən qorxurdu. Bu üzdən heç bir yerdə oturmur, evdə var- gəl edirdi. İki- üç dəqiqə keçdi. Telefonu açdı. Mesaja bir nömrə yazılmışdı. Dörd dəfə zəng gəlmişdi onun sahibindən. Gənc adam çaşıb qalmışdı. Gözlərinə inana bilmirdi. Ona zəng edən sevdiyi qızın rəfiqəsi yox, elə özü idi. Məsələni anlayan qızlar tez onu dövrəyə aldılar. Hamısının üzündən oxunurdu, nə demək istədikləri. İstədiyin yar idi, yetirdi pərvərdigar…

Bu onun son ümidi idi. Bəli son ümid. Demək uzun sürən yalvarışlardan sonra qızı yola gətirməyi bacarmışdı. Bəlkə də insafa gəlmişdi, kim bilir? Dualarının qəbul olunduğuna inana bilmirdi. Sevicdən gözlərində bir parıltı vardı ki, gəl görəsən. Bir simurq quşu olub uçmaq istəyirdi onun pəncərəsi önünə. Elə bil xəzinə tapmışdı, ya da uzun sürən hakimiyyət. Bəlkə də ölməzlik. Əbədi, dünya durduqca bir yaşam. Yenidən doğulmuşdu, körpə uşaq kimi sevinirdi. Bir söz desən hürküb ağlayar, ya da əl açıb gülümsəyərdi. İndiyə qədər nə vardısa hamısı ona qayıtmışdı bu gün elə bil. Bəlkə də keşişin dediyi kimi Tanrıyla onun arasında duran “Esmiraldası” artıq ondan oğurladığı nə vardısa hamısını geri vermək istəyirdi. Çiləsinin bitdiyini, Rəbbinin ona verdiyi bu ağır imtahanın sona çatdığını düşünürdü. Bəlkə  də bənizini solduran həyəcanın səbəbi də elə  bu idi. Nəsə söyləyəcək halı da yox idi. Oğlanın bu halını görən qızlardan biri nömrəni yığıb sahibinə verdi. Maraq üçün qızlar telefonun mikrofonunu açmışdılar. Qarşı tərəf zəngi qəbul etdi, artıq telefonun saniyəölçəni 2, 3, 4. göstərirdi. Gənc adam donub qalmışdı. Salamsız- kəlamsız qarşı tərəfdən kobud bir qız səsi gəldi:

– İstəmirəm məni bir də yığasan. Mənim artıq sevgilim var. Biz bu gün tanış olmuşuq. Az.Dramadakı tamaşada. Ondan yaxşısını tapacağıma da inanmıram. Bir gün yox eee, elə bil bir ömürdü bir yerdəyik. Mən onu sevirəm…

Bu zaman  ildırımdan da güclü bir cərəyan keçirdi gənc adamın vücüdündan. Eşitdiklərinə inanmaq istəmirdi. Onu kar edən bu sözlərdən sonra nəsə eşidə biləcəyinə də inanmırdı. Söyləyə də bilməzdi nəsə, onun dilini bağlayan bu tilsimdən sonra. Ayaqları tutulmuş, yeriməsi mümkünsüz olmuşdu. Sanki, beli bükülmüşdü, Kvazimoda kimi. Kürəyinə sancmışdılar o keşişin əlindəki xəncəri. Axı bu gün son ümidini də itirdi. Hansı ki, o ümidiydi illərboyu onu yaşadan. Qəlbini, ağlını, onun hər şeyini oğurlamış gözəllər gözəli Bahar fəsillərin şahı bu ilk baharı onunçün qarlı-boranlı bir qışa döndərdi. Son ümidini qırmaqla, onu həyata bağlayan son ümidini…

You may also like

2 şərh

Arzuman Zamanov 2012-01-06 - 11:34

Oxumaga deyer.Duygusu olanlarin oxumasi meslehetdir.

Cavab
pervane 2012-03-11 - 14:57

maraqlidir, xoshuma geldi.Ugurlar!

Cavab

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.