Ana səhifə BAŞ YAZI SKRİPKAÇI (Öykü)

SKRİPKAÇI (Öykü)

Müəllif: Bizim Yazı
443 baxış

ZƏKA VİLAYƏTOĞLU

Qapının zəngi çalınanda Təravət diksindi. Barmaqlarının ucunda yeriyərək, otaqların işıqlarını söndürdü, sonra ehtiyatla qapıya yaxınlaşıb təkrar zəngi gözlədi. Zəng bir daha çalınanda əyilib gözlükdən baxanda Sirusu gördü. Həyəcanla, qorxuyla nəfəsini içinə çəkib beləcə gözlükdən baxıb Sirusu izlədi. Sirus qapı zəngini aramsız səsləndirməsinə baxmayaraq, qapını onun üzünə açan olmadı ki, olmadı. Vədələşdiklərinə əsasən Təravət evdə olmalı, onu həmişə olduğu kimi gülərüz, mehriban qarşılamalı idi. Düşündü ki, yəqin hardasa ləngiyib qalıb, yəqin indilərdə gəlib çıxar. Bu düşüncəylə də nigaranlıqla sağa-sola boylanıb bir daha qapı zəngini basdı. Bu dəfə də qapının açılmadığını görüb, cibindən siqaret çıxardı. Yandırmazdan öncə barmaqları arasında xeyli fırlatdı: “Axı hara getmiş olar bu?..” Siqareti damağına qoyub odladı və qatı, acı tüstünü yanğılı-yanğılı sümürüb, ciyərlərinə çəkdi. Cib telefonunu çıxarıb Təravətin telefon nömrəsini yığmağa başlayanda Təravət gözlükdən çəkildi, pişik cəldliyi ilə yerindən sıçrayıb yataq otağına qaçdı. Stolun üstə qoyduğu telefonunu qaparaq, döşəyin altda gizlətdi. Buna bəndmiş kimi döşəyin altından telefonun boğuq səng səsi eşidilməyə başladı. Sanki telefon, ağzına yastıq basılmış, nəfəsi qaralmaqda olan bir adam idi, boğulur, imdad diləyirdi. Bir anlıq hətta Təravətin gözlərində bu telefon Sirusa çevrildi; yalvarır, inləyir, boğulmaqdan xilas üçün onu köməyə çağırır, o isə rəhmsizcəsinə baş verənləri kənardan seyr edirdi…
Telefonun boğuq zəng səsi bayırda çətin eşidilərdi. Buna baxmayaraq, hər səsləndikcə Təravətin gözləri canavar görmüş cüyür gözləri kimi dörd olur, qorxudan, həyəcandan, az qalırdı hədəqəsindən çıxsın. Elə bu hisslərlə də əlini sinəsini yarıb çıxmağa can atan ürəyinin üstə qoydu…
Gözləməyin əbəs olduğunu duyunca Sirus deyinə-deyinə, ağır addımlarla daş pillələri enməyə başladı. Amma ayaqları getsə də ürəyi arxada qalmışdı. Küçəyə çıxıb cibindən bir dəst açar çıxardı və bir tərəfdə əylədiyi “BMV” markalı maşınına yaxınlaşdı. Maşına əyləşməzdən öncə bayaqkı nigaranlıqla altdan yuxarı beşqatlı binanın dördüncü qatına-Təravətin evinin pərdəylə sıx-sıx örtülmüş pəncərəsinə baxdı. Pəncərələr də qapı kimi onun üzünə bağlanmışdı sanki. Damağında kötüyü qalmış siqaretə son qüllabı vurub, onu yerə atdı və sanki ən qəddar düşmənini başını əzirmiş kimi tabdayıb əzdi və hirslə fısıldayıb maşına əyləşdi. Son dəfə Təravətin evinin pəncərəsinə baxıb maşını hərəkətə gətirərək, çıxıb getdi.
Aradan xeyli vaxt ötməsinə baxmayaraq, Təravət hələ də yerində donub qalmışdı. Telefonu da susmuşdu. Deyəsən, doğrudan da yastıq altında nəfəsi qaralmış, adam kimicə boğulmuşdu.
Yastığı qaldırmağa qorxurdu. Elə bilirdi, yastığı qaldırsa, həqiqətən boğulmuş bir adamın meyiti ilə rastlaşacaq. Beləcə donuq-donuq yastığa tamaşa etməyə başladı. Bu, o yastıq idi ki, əvvəllər əriylə, sonralar da Sirusla onun üstə çox baş qoyub yatmışdı…
O, nə ərini, nə də Sirusu heç vaxt sevməmişdi. Birinciyə onu zorla vermişdilər. Zor gücünə isə nəyəsə müvəqqəti nail olmaq olar, gec-tez zorla qurulan dağılır, tari-mar olur, bəllidir… Həyatına gözlənilmədən daxil olan Sirusla ünsiyyətə, yaxınlığa isə, əri dəlixanaya düşəndən sonra məcbur olmuşdu… Onun sevdiyi yeganə adam Skripkaçı idi. Bu sevginin onun ürəyinə od salacağı günün gəlib yetişməsi üçünsə, aradan düz qırx il ötməliymiş. O qırx ildən sonra o sevgi Təravəti yaşının elə bir çağında yaxalamışdı  ki, “təravət” deyilən şey, yalnız onun adında qalmışdı… Qəribədir, qocalmış, çoxdan qırışmış bir qadın bədənini birdən-birə elə bir ehtiras bürümüşdü ki, Təravət öz halal ərinin ona olan bir zamankı dəli ehtiraslarının yanğısını indi-indi hiss etməyə başlamışdı.
Skripkaçı onun yadından bircə an da çıxmırdı. İş o yerə çatmışdı ki, onu skribkasına da qısqanırdı. Baxmayaraq, Skripkaçının, onun məhəbbətindən, sevgisindən əsla xəbəri yox idi. Olsaydı belə, bəlkə də əhəmiyyət verməz, həmişə olduğu kimi, axşamlar çalışdığı “Yasəmən” restoranında öz sevimli sənətiylə məşğul olardı. Özü də skripka çalarkən özündə olmurdu. Narkomaniyaya aludəçiliyi onun sənət ehtirasını bir az da gücləndirirdi, sanki və o, bu dünyadan təcrid olunmuş kimi hiss edir özünü və bütün ruhu, qəlbiylə musiqiyə təslim olur, elə məharətlə ifa edirdi ki, dinləyənlər heyran qalırdılar.
Təravət “Yasəmən” restoanına ilk dəfə Sirusla getmişdi. O gündən də həyatı büs-bütün dəyişmişdi. Skripkaçıya, çaldığı musiqilərə heyranlığını gizlətmədən, Sirusu təhrik etmiş, skripkaçıya hər dəfə çoxlu pul xərclətmişdi. Təravətə xoş olsun deyə, Sirus da qısqanıb eləmədən skripkaçını hər dəfə öz stollarına dəvət eləyir, onların başı üstə dayanaraq, çalmasını xahiş edirdi. Skripkaçı da xahişə məmnunluqla əməl edir, gözlərini yumaraq, Təravətin istədiyi nəğmələri həvəslə, ehtirasla çalırdı…
Təravət hələ də donuq-donuq yastığa baxırdı. Telefon da xeyli vaxt idi susurdu. Nəhayət, o, hərəkətə gəldi və yenidən barmaqları ucunda yeriyib qapıya yaxınlaşdı, gözlükdən baxdı. Sirusun getdiyinə tam əmin olduqdan sonra geriyə qayıdıb, təzədən yastığa baxdı. Yastığın üstə qara ləkə vardı. Sirus saçlarını boyayırdı və həmin boyaq tərqarışıq yastığa hopub qalmışdı. Bunu indi görürmüş kimi iyrəndi və hikkəylə yastıq üzlüyünü çıxarıb hamamda həvəssiz-həvəssiz suya çəkdi, sabunladı. Vannadakı su yastıq üzünün kirindən qapqara qaralmışdı. Yadına düşdü ki, hələ ərinin vaxtından bircə dəfə də olsun bu yastıq üzlüyünə su dəyməyib. Bütün kir-pasıyla birgə onların saçlarının tər qoxusu da aşkarca duyulurdu.
Əri qəfildən dəli olmuşdu. Bəlkə də bu, onun soyuqluğu, ərinin sevgisinə, ehtirasına biganəliyi üzündən baş vermişdi. Ərində sevgidən çox, dəhşətli heyvani hisslər, ehtiraslar var idi. Hər yaxınlıqları zamanı da o, o biri dünyanı görüb qayıdırdı. Bu, onun həftələrlə ağrımasına, inciməsinə səbəb olurdu…
Əri dəli olduğu gün qəfildən lüt-üryan eyvana çıxıb atılıb-düşməyə, qışqırıb-oxumağa başlamışdı. Oxuduğunu da bu zaman küçədən qol-qola girib keçən oğlanla qıza ünvanlamışdı: “İkisi bir boyda gəzən gözəllər!..”
Bütün məhəllə Təravətin çılpaq ərinin tamaşasına durub, “konsertinə” qulaq asırdılar. O, nə qədər cəhd edib, ərini eyvandan içəri-gizlinə çəkmək, dartmaq istəsə də əri daha da coşur, səsinin lap gur yerinə salırdı. Yaxşısı o idi ki, kimisə söymür, pis söz işlətmir, sadəcə mahnı oxuyurdu. Pis və ayıb olan o idi ki, onun əynində bir dənə də paltar yox idi…
Məcburən polisə zəng etdi. Çox keçmədən polislər gəlib zorla ərini apardılar dəlixanaya. Həkimlərin səyinə baxmayaraq, o gün-bu gün əri sağalmamış, dəlixananın əbədi sakininə çevrilmişdi. Bir gün isə tale Təravəti Sirusla rastlaşdırmışdı.
Sirus varlı adam idi. Böyük qızıl dükanının sahibiydi. Təravətlə tanışlıqlarından sonra, arvad-uşağı, qohumları duyuq düşməsin deyə onu dükanına satıcı götürmüşdü. O gündən də bütün günləri birgə keçir, şəhərdə gəzmədikləri yer, dincəlmədikləri bahalı otel, restoran qalmırdı. Qazancının, az qala yarısını Təravətin uğrunda xərcləyirdi. Öz arvadından birdəfəlik sidqi siyrilmişdi. Çoxdan bəri astma xəstəliyindən əzab çəkən arvadıyla üz-üzə, nəfəs-nəfəsə dayanmaq onunçün it əzabından başqa bir şey deyildi. İnsafən, onu müalicə üçün İzraildən belə gəzdirib-dolandırmasına baxmayaraq, arvadı nicat tapmamışdı. Bu üzdən də həyatını yenidən qurmağa, Təravət kimi yaraşıqlı bir qadınla, öz xanımıymış kimi yaşamağa, ona inanmağa başlamışdı. Bir deyimlə, sadəlövhcəsinə özünü bu qadına yem etmiş, qurban vermişdi…
…Oğlu hələ gəlib çıxmamışdı. Bütün günü tay-tuşlarıya haralardasa veyillənən, çox zaman başqa yerlərdə gecələyən və əksər hallarda da gecədən keçmiş evə gələn oğlunun taleyilə bu çağacan düz-əməlli maraqlanmamışdı. Əslində bu ona sərf etmişdi; Sirusla gizli yaşantılarından oğlu xəbərsiz qalmışdı. Qısası, hər kəs öz həyatını necə gəldi yaşamışdı. Amma indi… İndi birdən-birə, öz halal ərindən olan oğlunun taleyilə maraqlanmağa başlamışdı.
Oğlu özündən yaşca xeyli böyük olan bir küçə qadınına ilişmişdi. Bir çox gecələri evə gəlməyəndə də onunla gecələmiş və anasının sorğusuna “dostumgildə gecələmişdim” cavabını vermişdi…
Bir azdan oğlunun da ac gələcəyini düşünüb yemək hazırlamaq istədi. Amma heç həvəsi yox idi. Soyuducunu da könülsüz açdı; bir az kolbasa və xiyar-pomidordan savayı yeyiləcək bir şey yox idi. Ət buz dolabında bir həftə öncədən qaldığından sümük kimi bərkimişdi. Donunun açılması üçün bir gün gözləmək lazım idi. Düşündü: “Eybi yox, gələr, kolbasa-çörək yeyər!” Çörəkqabına baxdı. Çörək də dünən axşamdan qalan idi. Bir dilim çörək və kolbasa kəsib iştahasız dişlədi və ani olaraq, üzü üstə döşəməyə düşmüş kağıza baxdı. Adi kağış deyildi, fotoya oxşayırdı. Götürüb baxdı. Dik atıldı. Oğlunun dizləri üstə yarıçılpaq bir qadın əyləşib dişlərini ağardırdı. İlk görünüşündən üzü-üzlər görmüş təsiri bağışlayan qadının, hiss olunurdu ki, gözəl zahiri keçmişi olub.
Şəklin bura hardan, necə düşdüyünü fikirləşdi. Birdən xatırladı. Bayaq oğlunun çirkli köynəyini yumaq üçün hamamda vannaya atmışdı, çox gümün, onun cibindən düşüb.
Şəklə bir daha diqqətlə baxıb oğlunun qarasınca deyindi: “Eybi yox, düşərsən əlimə! Görüm, bu dəfə başımı necə aldadacaqsan! Daha yalanların keçməyəcək. İndi bildim gecələri harda veyillənir, kimin qucağında yatırsan!..”
Oğlu hələ də gəlib çıxmamışdı. Yuxu gözlərindən tökülürdü. Telefonu söndürüb yatağa uzandı. Bir qədər Skripkaçını düşündü. Sanki yanında uzanıbmış kimi məhəbbətlə ətrafına baxdı, onu yanında görməyincə pəjmürdə oldu. Az sonra əməlli-başlı yuxuladı. Yuxuda ərini gördü. Sonra Skripkaçını. Gördü ki, Skripkaçıyla qol-boyun olub şirin-şirin yatır, əri isə qapı ağzında lüt-üryan dayanaraq, onu səsləyir, onunla yatmağını istəyir, ilan dili çıxarıb yalvarır. Bu an qapının zəngi səslənir. Əri yoxa çıxır, Skripkaçı isə hələ də onunla birgə yataqdadır. Zəng səsinə hər ikisi təlaşlanır. O, elə zənn edir ki, gələn Sirusdur. Skripkaçını gizlətməyə çalışır, gizlədir də və gedib qapını açır, qapıda kimsə yoxdur və o sevincək geri qayıdır. Bu an yataqda oturub gözləyən Sirusu görür, Skripkaçıdan isə əsər-əlamət yoxdur və bu an ərzində, həqiqətən qapı zəngi aramsız səslənməkdəydi. Sadəcə, Təravət elə dərin yuxuya getmişdi ki, səsə ayıla bilmirdi. Uzun-uzadı zəng səsi axır ki, onu ayılda bildi. Ayıldı, zəng səsini bir daha eşitdi, həyəcanlandı, yatağına, yan-yörəsinə baxdı, yanında kimsənin olmadığına əmin olduqdan sonra yenə də barmaqları ucunda yeriyib qapıya yaxınlaşdı, gözlükdən baxdı. Gələn oğlu idi. Oğlu narahtlıqla ayağının birini qaldırıb, o birini qoyur, fıs-fıs fısıldayır, öz-özünə donquldanır, zəngi aramsız basırdı.
-Yaxşı, öldürmə özünü, açıraaam!.. Gecənin bu vaxtı sülə it kimi küçələrdə veyil-veyil dolaşmağı bəs eləmir, hələ bir, məni də borclu çıxarır… Gəl, gəl, keç içəri, görüm indi hansı iylənmiş ləçərin yanından gəlirsən?-oğlunun içəri keçməsini gözləmədən hirs-hikkəylə onun üstə düşdü.
-Ana,  noolub axı, qoy bir içəri keçim dəəə!
-Gəl, əvvəlcə keç hamama, yaxşı-yaxşı yuyun. Bilirəm hansı cəhənnəmdən gəldiyini. İtin-qurdun nəfəsinə, qoxusuna dayanıb mənim evimi murdarlama, bəsdir!
-Nooolub axı?
-Gəl, keç yuyun, indi deyərəm nə olduğunu!..
-Kişi olan hər yetənə tamah salmaz. Heyfin gəlmir gəncliyinə?
-Ana, yaxşı daa, qoy oturmuşuq… Acından ölürəm, nə bişirmisən?
-Avara oğula heç nə.
-Yaxşı daaa.
-Yemək bişirməyə ərindim. Soyuducuda kolbasa var… Salat hazırlayııım?
-Hazırla, indi gəlirəm,-oğlu yuyunmaq üçün hamama keçdi. Əslində isə anasının töhmətlərindən can qurtarmaq üçün hamama girdi. Ən azı növbəti yalanları uydurmaq üçün burda vaxt qazana biləcəkdi.
…Oğlu yemək yedikdən sonra süfrəni yığışdırdı. Sonra divanda onunla yanaşı əyləşib çantasında gizlətdiyi şəkli çıxarıb oğlunun gözləri qarşısında tutdu:
-İndi de görüm, bu həyasız, bu ləçər kimdir ki, onu belə acgözlüklə qucaqlayıb bu cür biabırçı bir şəkil çəkdirmisən, utanıb yerə girmirsən?
-Bu səndə hardandır?-oğlu bədəninə iynə sancılmış kimi dik atıldı.
-Necə yəni hardandır!? Bilmirsən ki, mənim xüsusi agentlərim vaaar?.. Bu ləçərin özü gətirib verib şəkli mənə… Buna sözün nə?.. İnanmırsaaan?..
-Ola bilməz. Şəkil mənim köynəyimin cibində idi. Yadımdan çıxıb qalıb orda. Yəqin ordan götürmüsən, ya da cibimdən harasa düşüb qalıb, rastına çıxıb!
-Tutaq ki, belədir, olsun! Yaxşı, de görüm kimdir bu ləçər?
-Ana, yatmaq istəyirəm. Yuxu deşir gözlərimi. Olaaar, bu haqda sabah danışaaaq?-oğlu bir yolla anasının əlindən yaxa qurtarmağa çalışdı.
-Olmaz! Sorğularıma düzgün cavab verməyincə sənə yatmaq yoxdur!.. De görüm, kimdir bu ləçər?.. Gör bir, adama oxşar sifəti vaaar!.. Üzü, üzlər görüb bunun, bala, ağlını başına yığ!.. Özü də məndən qocadır!.. Niyə, axı, özünü çirkaba bulayırsan? Yazığın gəlmir özünə?
-Niyə qoca olur ki, məndən cəmisi yeddi yaş böyükdür dəəə. Mənim də iyirmi üç… İndi onsuz da dəbdir, qadın kişidən böyük, təcrübəli olsa yaxşıdır. Bir də ki, yaşın nə fərqi var, axı? Bir qulaq as,-oğlu yaxınlaşıb musiqi mərkəzini işə saldı. Müğənni oxumağa başladı: “Yaşın nə fərqi var ki, sevirəm səni…”
Təravət əsəbləşib qışqırdı:
-Söndür onu, həyasız oğlu!.. Söndür dedim!.. Kəs onun səsini… Gecdir, yatmaq vaxtıdır. Gecənin bu vaxtı ətimizi tökmə…
…Taksi sırayla düzülmüş şam ağaclarının yanına çatanda dayandı. Narın-narın yağış atırdı. Sürücü maşından düşməzdən öncə güzgüdə sir-sifətinə, sıx, qara saqqalına diqqətlə baxdı. Əlini saqqalına aparıb tumarladı, gülümsədi, düşündü: “Saqqal adamın sifətini necə də dəyişərmiş! Az qala, özüm özümü tanımayım!..”
Daim maşında gəzdirdiyi irirək parçanı götürüb taksidən düşdü. Ağacların arasında su dəyməyən bir yer tapıb parçanı sərdi, “Ya Allah, sən özün kömək ol!” deyib, dizlərini qatladı. Əllərini göyə qaldırıb pıçıltılarla dualarını oxuyub, namazını qılmağa başladı. İbadətini sona yetirincə bərk acdığını hiss etdi. Hardasa əyləşib yemək yeməkdənsə, yaxınlıqdakı dönərxanadan dönər alıb maşındaca yeməyə, nahar etməyə qərar verdi. Əvvəllər dönər yeməyə nə vaxtı olardı, nə də həvəsi. Günü-güzəranı toylarda, restoranlarda yeyib-içməkdə keçərdi. İndi belə şeylər onda ikrah hissi doğururdu. Yemək üçün yaşamanın insana xas bir şey olmadığını duyduqca, rahatlığını daha çox Tanrıya ibadətdə tapırdı. Hər ibadət etdikcə də Tanrıya bir az daha yaxın olduğunu hiss edirdi.
Musiqi sənətindən, sevimli skripkasından-ailəsinin çörək ağacından həmişəlik ayrılmaq istədiyi zaman arvadı onu fikrindən daşındırmağa çox cəhd eləsə də o, inadından dönmədi və bu yolu tutdu. Birdən-birə dini kitablar oxumağa, məscidlərə üz tutmağa, namaz qılmağa, oruc tutmağa başladı. Arvadına da sərtliklə tapşırdı ki, yaxşısı budur o, kişi işinə qarışmasın. Skripkanı da göstərib nifrətlə “kişi sənəti deyil bu. Bu sənət şeytandan başqa heç kimə, heç nəyə xidmət etmir. Musiqi, şərab, nəşə-bunlar hamısı biri-biriylə qohum-qardaşdır, çox tez insanı yoldan çıxarır, pis əməllərə yönəldir…” Arvadı daha dinmədi və o da həmin gün skripkasını satıb, əldə etdiyi pulun üstünə də qazandıqlarından əlavə edib həmin bu sarı taksini aldı. Daha arxayın idi ki,qapıbir qonşusu Mustafanın arvadı hay-küylə onun qapısından girib deməyəcəkdi: “Ayaqlarının altında ölüm, ay Kəbir qardaş, ölmüşəm, götür ölümü yerdən!.. Üzü iki cahanda qara olmuş Mustafa evə cibləri boş qayıdıb! Toya göndərmişdim ki, yesin-içsin, şənlənsin, toy siyahısına nəmər salsın. Borcdur də, onsuz da bu gün-sabah biz də qızımıza toy edəcəyik. Kimin kimdə borcu qalıb batasıdır ki?.. Sözümün canı odur ki, papağı boş qalmışın cibində kor qəpik də qalmayıb. Dilinə o zəhirmar içki dəyən kimi cibində nəyi var, xərcləyib musiqiçilərə. Sonda siyahıya yazılmağa bircə manatı da qalmayıb, suyu süzülə-süzülə üstümə qayıdıb gəlib… Gözlərinə canım qurban, deyir, toyun musiqiçiləri siz imişsiniz. Səni görən kimi nə təhər sevincək olubsa, hər nəyi var sizə xərcləyib… Deyirəm, bəlkə… Görüm elə qan qussun o musiqiçiləri! Bir tikə çörəklərini balalarına halallıqla yedirməsinlər!..Özünə götürmə, sən Allah! Yəni deyirəm, bəlkə…”
Qadın, deyəsən özünü gicliyə qoymuşdu, ya həqiqətən dəli idi, qulaqları eşidə-eşidə Kəbiri qarğıyırdı. Elə bu üzdən də qadına baş qoşmadı, çətinliklə də olsa səbrini basa, coşmaqda olan qəzəbini yatıra bildi və toydan qazandığı pulları arvada verdi ki, qan qusmasın, balaları yetim qalmasın. O vaxt, bu vaxt bir daha musiqi sənətinə qayıtmayacağına söz verdi. İradəli adam olduğundan içkidən də, uyuşdurucudan da asanlıqla xilas ola bildi. Ümumən ağlına batan hər şeyi eləyən adam idi və heç bir vəchlə onu inadından döndərmək mümkün deyildi…
Şər qarışmışdı. Şəhərin hər evində, tinində, küçəsində, mağazalarında alışıb-yanan gur işıqlar, göz vurur, yer üzünə enməkdə olan şəri qovmağa çalışır, biri-birinə “qorxma, mən burdayam” deyirdilər.
Kəbir taksinin sürətini artırıb irəliyə hərəkət etmək istərkən yolun sağ tərəfində dayanaraq, ona əl qaldıran qadını gördü. Sürətlə irəlilədiyindən qadını keçib saxladı maşını və təzədədn geriyə verdi. Qadın arxa qapını açıb maşına əyləşdi və asta, ehtiyatlı, hürkək səslə dedi:
-Zəhmət olmasa, “Yasəmən” restoranının yanına sürün!..
Çox keçmədən Kəbir taksini məşhur “Yasəmən” restoranının düz yanında saxladı və arxaya baxmadan nəzakətlə qadına dedi:
-Çatmışıq, buyurun!
Qadın restorana çatdıqlarını bilirdi, amma maşından düşməyə tələsmirdi. Pəncərədən restoranın həyətində yan-yana dayanmış bahalı, son model xarici avtomobilləri gözdən keçirdi. Yağlı, quyruqlu erkək toğlulara bənzətdi bu avtomobilləri. Onların sırasında Sirusun “BMV”sini də aradı, gözlərinə dəymədi.
Sirusun üzünə evinin qapısını da, telefonunu da qapamışdı. Hətta telefon nömrəsini də dəyişmişdi ki, bir daha Sirus onu tapa bilməsin. Birdən-birə gözündən düşmüşdü Sirus. Skribkaçı hamını, hər kəsi, hər şeyi salmışdı gözlərindən. Bununla belə barmağındakı qiymətli, briliant qaşılı qızıl üzük, qulağındakı briliant sırğalar, qızıl boyunbağısı, qiymətli əlbəsələr-hamısı qınayırdı onu. Sanki onların parıltısı Sirusun gözlərinin parıltısı olaraq, onu yandırmağa çalışır, qınayırdı: “Niyə belə edirsən? Axı Sirus səni öz canından çox istəyir!..”
Taksi restoranın həyətində yarım saatdan çox dayandı. Qadın hələ də taksidən düşmək istəmirdi. Kəbir onun məqsədindən xəbərsiz halda təkrarladı:
-Xanım, biz çatmışıq. Mən getməliyəm!
-Olar, bir az da gözləyək?.. Xahiş edirəm, inciməyin! Pulunuzu da artıqlamasıyla verəcəm!
-Xanım, məsələ pulda deyil. Gözləmək lazımsa, gözlərəm, eybi yox, bizim işimiz budur!
-Çox sağ olun!.. Bilirsiiiz, bir nəfərlə görüşməliyəm, deyəsən, ləngiyir!
-Narahat olmayın, xanım, lap bir saat da gözləyə bilərik!
Restorandan musiqi səsi gəlirdi. İçəridə baş verənlər qadının gözləri önündə canlanırdı. Bura bir gecəlik qadınlarla, məşuqələrlə gələn kişilər yeyir-içir, onlarla qucaqlaşıb rəqs edir, sonda restoranda yerləşən istirahət otaqlarına çəkilirdilər. Skripkaçı da sonacan öz işində idi və gözəl, lirik musiqilərlə onların könüllərini daha da riqqətə gətirir, həvəs və ehtiraslarını bir az da coşdururdu…
Yarım saat da keçdi. Qadın hələ də taksini tərk etmək istəmirdi. Sürücüyə dediyi kimi, “gözlədiyi” adam da gəlib çıxmaq bilmirdi. Qorxu-hürküsü olmasaydı, taksidən düşüb restorana girər, qapının ağzında dayanıb Skripkaçını oğrunca seyr edər, musiqilərini dinlər, çıxıb gedərdi. Ehtiyat edirdi, birdən Sirusla qarşılaşardı. Çox da Sirusun maşını gözə dəymirdi. Ola bilərdi ki, hansısa dostunun maşınında gəlmiş olardı bura.
-Xanım, deyəsən, gözlədiyiniz adam gələnə oxşamır!-Kəbir səbri tükənmiş halda dedi.
-Xahiş edirəm, bir az da gözləyin! Vallah pulunuzu artıqlamasıyla ödəyəcəm, narahat olmayın!
-Xanım, məsələ pulda deyil. İnsan, bu dünyada tək pul üçün yaşamamalıdır!..
Qadın bir söz demədən sürücüyə baxdı. Gözlərini aydın görə bilmədi. Görsəydi bəlkə də dalağı sancardı. Amma qara, cod saqqalını görürdü. Bu saqqal onun işıqlı sifətini qatı zülmət kimi bürümüşdü. Yazığı gəldi sürücüyə. Elə zənn etdi ki, onun kimsə, əziz adamı rəhmətə gedib. Nəsə soruşmağa da cəsarət etmədi.
-Bacı, məncə boşuna vaxt itiririk! Burda dayandıqca özümü çox pis hiss edirəm. Belə yerlərdən xoşum gəlmir mənim. Bu cür yerlər yalnız şeytana xidmət edir. İnanın mənə, şərab olan yerlərin hamısı şeytanın obyektləridir. Mən mömin adamam, məni Haqqa aparan yol burdan çox-çox aralıdır. Bilirəm bu cür yerlərə kimlərin gəldiyini, nə oyunlardan çıxdıqlarını.
-Qardaş, sizdən nə gizlədim, mənim heç kəslə görüşüm yoxdur, kimsəni də gözləmirəm. Bu gün mənə bir nəfər xəbər çatdırıb ki, sənin ərin bir qadınla hər axşam “Yasəmən” restoranına kef çəkməyə gəlir. Onunçün də bura gəlmişəm. Gözləyirəm, görüm, deyilənlər həqiqətdir, ya yox. Görsəm ki, yanında yad bir qadın var, inanın Allaha, gözlərinizin qarşısında onun başına bir oyun açacam ki,..
Qadın, sürücünü bir az da gözlətmək üçün özündən yalanlar uydurmağa başladı. Birdən də anladı ki, bu yalanlarla o, yalnız özünü aldadır. Səhərəcən burda dayanıb gözləməklə də heç nəyə nail olmayacaq. Buna baxmayaraq, inadla gözləməyində davam edirdi. Ümid edirdi ki, restoranda iş bitdikdən sonra Skripkaçı bayıra çıxıb, evinə getmək üçün öz maşınına(əslində Skripkaçının heç vaxt şəxsi maşını olmamışdı. Qazandıqlarını müdam içkiyə, nəşəyə və qadınlara xərcləmişdi) əyləşəcək. Heç olmasa bu zaman onun mübarək vücudunu bir anlıq görüb sakitləşəcək.
-Xanım, deyilənlər doğru isə, əriniz çox böyük günah işləyir. Onu güdməklə, qarabaqara izləməklə siz özünüz də günah işləmiş olursunuz! Bu azmış kimi məni də özünüzə yoldaş edirsiniz. Beləliklə üçümüz də günah işləmiş oluruq. Mənim günahım isə ikinizinkindən də böyük olur!.. Allah xatirinə, pulunuzu da istəmirəm, düşün maşından, çıxıb gedim,-Kəbir əsəbi dilləndi.
Qadın dilxor halda dedi:
-Elə isə qayıdaq geri, məni götürdüyünüz yerə.
Taksi deyilən yerə çatanda qadın dedi:
-Sağa dönüb, düz gedin!
-Niyə? Axı mən sizi burdan götürmüşdüm!
-Elədir. Sürün, zəhmət olmasa. Geriyə piyada qayıtmaq istəyirəm. Qoy bir az sərin külək vursun üzümə.
-Necə məsləhətdir!-Kəbir sağa dönüb deyilən istiqamətdə sürdü. Xeyli getmələrinə baxmayaraq, qadından səs çıxmadığını görüb soruşdu:
-Burdan hara?
-Bir az da gedib, sola dönərsiz!-qadın ah çəkdi. Taksi deyilən yerə çatanda:-Burda saxlayın,-dedi.
Taksi dayandı. Qadın yenə də taksidən düşmədi və sol tərəfdəki binanı göstərib dedi:
-Bu binanı görürsünüz?!
-Dəlixananı deyirsiniz?
-Hə… Mənim ərim uzun illərdir burda yatır.
-Əriniiiz?!. Bəs deyirdiniz?!.. –Kəbir lap hövsələdən çıxdı. Deyəsən, qadın onunla əylənmək istəyirdi. Bunu yəqin etmək üçün dönüb qadına baxdı, onun sakitcə ağladığını görüb fikrindən daşındı.
-Hə, deyirdim. Amma indi,.. bağışlayın məni,.. mən,..-qadın hıçqırmağa başladı.
-Yox, xanım, yox. Əslində dəlixana bu dünyanın özüdür. Biz insanlar da bu nəhəng Dəlixananın zavallı dəliləriyik. Tanrı bizi bura sağalmamız üçün göndərib. Bizim dərdimizin çarəsi isə yalnız ölümdür.
-Bağışlayın, çox incitdim sizi… Nə qədər verməliyəm?-qadın özünü ələ alıb portmanatını açdı və içindən pul çıxardı.
-Heç nə qədər, düşün, gedin!-sürücü baş açmadığı bu qadından tezliklə yaxa qurtarmağa çalışdı. Artıq onun sirli göz yaşları onu da boğmağa başlamışdı. Özünü niyəsə günah işləmiş kimi hiss edir, yaxasına iti caynaqlar kimi yapışmaqda olan günahlardan yaxa qurtarmağa çalışırdı.
Qadın ona sarı bir əllilik uzatdı. Sürücü götürmək istəməyəndə ehmalca yandakı boş oturacağın üstə ataraq, qapını cəld hərəkətlə açıb maşından düşdü, arxaya baxmadan sürətlə taksidən uzaqlaşdı. Yaxınlıqdakı Dəlixana binası isə alaqaranlıqda bədheybət bir Dəliyə oxşayırdı sanki və eləcə dayanıb donuq-donuq Kəbirə baxırdı.
Kəbir son dəfə Dəlixanaya baxıb köksünü ötürdü və bir anlıq hiss etdi ki, ürəyinin dərinliklərindən qas-qatı bir kədər dumanı lay-lay qalxıb gözlərinə yayıldı. Sonra birdən-birə sükan tutan barmaqlarının ucu gizildədi. Sanki skripkanın simləri indicə sürtmüşdü. Dəli olduğunu, skripkası üçün dəli kimi drıxdığını hiss edib, kövrəldi, təəssüfləndi və başını sükana söykəyib rahatlananacan maşını yerindən tərpətmədi…

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.