Ana səhifə BAŞ YAZI SİZİ NECƏ OXUYACAM?!.

SİZİ NECƏ OXUYACAM?!.

Müəllif: Bizim Yazı
969 baxış

Afaq ŞIXLI

Əkrəm Əylislinin başıbəlalı “Daş yuxular” əsəri haqqında mətbuatda müxtəlif səpgili və saysız-hesabsız yazıya rast gəlmək olar. Bütün bu yazıları oxuyarkən “Artıq hər şey deyilib. Bu deyilənlərə daha nə əlavə edə bilərəm?” – deyə düşünürdüm. Eləcə də fevralın 16-da “Millətlər Evi”ndə təşkil olunan Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin 10 illik yubileyində bu haqda nə danışacağımı fikirləşirdim, – nə deyim ki, təkrar olmasın..?
Müxtəlif qəzetlərdən və saytlardan fikrimi soruşanlar da az olmamışdı. Deyilənləri təkrarlamamaq üçün susmağı üstün tuturdum. Bir şeyə də fikir vermişdim ki, imzasını tanıtmaq istəyən bəzi yazarların əlinə sanki fürsət düşmüş kimiydi. Özünü yada salmağın məqamıydı, sanki… Bilən-bilməyən, oxuyan-oxumayan yazırdı…
Və elə bu zamanlarda, internet-mətbuatda ünlü alim, sayğı bəslədiyim gözəl insan Tofiq Məliklinin məqaləsinə rast gəldim – “Əkrəm Əylisli və onun “Daş yuxuları”.
Təhqirdən uzaq olan bu anlamlı yazını oxuduqdan sonra, “Drujba narodov” jurnalının vətəni olan Moskvada vətən həsrətiylə yaşayan bir şairə kimi, mən də öz fikrimi mütləq bildirməli olduğuma qərar verdim.
Ən qorxulu şey – xalqın nifrətidir. Vay o gündən ki, xalq yad düşmənə deyil, öz nümayəndəsinə nifrət etsin..! Mən bunu heç kəsə arzulamaram. Və ən çıxılmaz durum – geriyə dönüşün olmadığını bilməkdir. Ölüm belə bundan yaxşıdır.
Atalar deyib ki, insanın öz-özünə etdiyini el yığılsa da edə bilməz. Nə idi Əkrəm Əylislini bu əsəri yazmağa vadar edən? O hər şeyin bu yerə gəlib çıxacağını bilmirdimi? Xalqın nifrətini qazanacağını, ondan üz döndəriləcəyini bilmirdimi? Məgər o, bəzi şairlərin hətta haqsız olaraqdan unudulmağa məhkum olunması, dərsliklərdən çıxarılması kimi acı ədəbi tarixləri unutmuşdumu? – hələ qalsın ki, qatı düşmənlərimizin əlinə fürsət verə biləcək abırsız bir əsəri yazan yazıçının gününün necə olacağı…
Məncə xeyir! Lakin bilərəkdən belə bir əsər yazmaq da nə demək idi? Doğrudanmı Vətənimizi qaçqınlar, köçkünlər yurduna çevirən, torpaqlarımızda at oynadın, qadınlarımızı, qızlarımızı əsir alan bir düşməni elə sevmək olar ki, onun şəninə belə bir “möhtəşəm” yazı yazılsın?
Əkrəm Əylislinin keçən ilin aprelində “Yeni Musavat” qəzetində yayımlanan müsahibəsi haqqında Elşad Paşasoyun məqaləsindən bir parçanı nəzərinizə çatdırmaq istəyirəm:
“Əkrəm Əylisli ötən ilin aprelindəki görüşümüzdə “Daş yuxular”ın anonsunu vermişdi. Demişdi ki, Qarabağ münaqişəsi ilə bağlı əsər üzərində işləyir, ancaq roman tezliklə tamamlanmayacaq, çünki  yazdıqlarını hələlik yaxşı-yaxşı “bişirmək” niyyətindədir.
Düzü, o zaman yazılan əsərin bu şəkildə olacağını güman eləməmişdim. Ancaq yenə də dalağım sancmışdı, “bu mövqeyi, yanaşması ilə Əkrəm Əylisli olmaya Azərbaycanın Orxan Pamuku olmaq niyyətindədir”, deyə  soruşmuşdum. O  isə “Mən Orxan Pamuk olmaq istəsəydim, çoxdan olardım. Orxan Pamuk mənim üçün ədəbi avtoritet deyil”, – söyləmişdi. Əsərini Nobel mükafatına təqdim edib-etməyəcəyini soruşanda cavabı belə olmuşdu: “Deyirlər, o əsgər əsgər deyil ki, general olmaq istəməsin. Çox hörmət etdiyim yazıçıların aldığı mükafatdır. Adam istər ki, bunların sırasında özünün də adı olsun. Amma Nobel mükafatı milli maraqlara verilmir, bəşəri maraqlara verilir. Qarabağ mövzusunu bəşəri səviyyəyə qaldıra bilsəm, o halda… Mən o niyyəti qarşıma qoymamışam. Ancaq mənim yazacağım əsər hansısa mükafata layiq görüləcəksə, buna ancaq şad ola bilərəm.”
Tarixdə qalmaq gözəl şeydir. Bəli, bunu hər kəs arzu edə bilər. Amma tarixin yaddaşında müxtəlif cür qalmaq olar: əqidəsi yolunda dərisi soyulan Nəsimi kimi, xalqını azad görmək istəyən Babək kimi, bayrağımızı uca tutan Məmmədəmin Rəsulzadə kimi, əsərlərində vicdanı bir insan kimi danışdıran, “sapı özümüzdən olan baltalar”ı ifşa edən İsmayıl Şıxlı kimi, vətənə canını qurban etmiş Mübarizlərimiz kimi…
Lakin tarixin yaddaşında qatil, tiran, satqın kimi də yaşayan insanlar az deyil. Onlar da unudulmur. Belə unudulmamaq xoşbəxtlikdirmi? Əsla! Şöhrətə çatmaq üçün millətinin adını ləkələyəcəksənsə, bu ancaq bədbəxtlikdir!
“Daş yuxular”ın sonuncü – dördüncü bölümü belə bir epiqrafla başlayır: “Доктор Aбасалиев утверждает, что, если бы зажгли всего по одной свече каждому уби­ен­ному армянину, сияние этих свеч было бы ярче света луны”. (Azərbaycanca desək: “Doktor Abbasəliyev təsdiq edir ki, hər bir öldürülmüş erməni üçün yalnız bir şam yandırılsa, onların parıltısı Ay işığından daha parlaq olardı”.)–Aman Allah, yalanın miqyasına bax! Bəs, yalnızca bircə Xocalı gerçəyini götürsək?!. – Öldürülən qadınların, körpələrin, uşaqların, qo­caların sayı qədər şam yandırsaq? Məncə bu parıltı Günəşi belə solğun qoyacaq dərəcədə parlaq olardı!
Əsərdə erməni kilsələrinin adı böyük ehtiram və ağrı-acıyla çəkilir –o kilsələr doğrudan da olubmu-olmayıbmı – bir Allah bilir. Bəs doğrudan-doğruya yandırılan, uçurdulan məscid­lərimiz! Kor qoyulan ocaqlarımız? Dağıdılan evlərimiz? Viran edilən məzarlarımız? Yağıya qismət olan ellərimiz, obalarımız?
Niyə bu dərdlərimizi yazmırıq? Niyə başımıza açılan oyunları isbat etməyə gələndə lal oluruq? Yeri deyil, zamanı deyil – deyirik.!? Anaların körpələrini öldürüb, onları it küçük­lərini əmizdirməyə məcbur edən, uşaqları çarmıxa çəkib dərisini soyan, meyidlərə həqarət edən, kəsilmiş başlarla futbol oynayıb sonra murdarlayan bir “xalq”ın haqqında ürək yanğısıilə yazmağa dəyərdimi? DƏYMƏZDİ!
Bu yaxın günlərdə, daha dəqiq desəm, fevral ayının 9-da Moskvada “Millətlər Evi”ndə böyük özbək (eləcə də bütün Türk Dünyasının) şairi və filosofu Əlişir Nəvainin doğum gününə həsr olunmuş gecədə idim. Burada bir çox ünlü adamlar – akademik Mixail Sinelnikov, O.F.Mustafin, V.V.Nemçinov, A.V.Yudaxin, akademik A.S. Malkarov, V.Hoffman,  gözəl şairimiz Məmməd İsmayıl və başqaları iştirak edirdi.
Görüşdən sonra, söhbət zamanı mənə çox pis təsir edən bir hadisə ilə üzləşdim. Rus şairlərdən biri (adını çəkməyəcəm), vaxtı ilə Bəxtiyar Vahabzadənin şeirlərinin çevirməni olduğunu dedi. Sevinməyə macal tapmamışdım ki, belə bir cümlə işlətdi: “Sonralar mən Bəxtiyarın şeirlər kitabını çevirməkdən imtina etdim. Səbəbi dəhşətli idi – ermənilərlə ara­nızda dava düşəndə o eyvana çıxıb camaatı erməni uşaqlarını eyvandan atmağa səsləyirmiş”.
Azərbaycanı təmsil edən biz iki nəfər – Məmməd müəllim və mən az qala dəli olduq bu iftiradan. Məmməd İsmayıl bunun belə olmadığını hər cəhdlə isbat etmək istəyirdi. Yaxşı ki, onun gətirdiyi dəlillər və gözəl nitq qabiliyyəti ümidlərimizi boşa çıxarmadı. Şairdə öncə bir qədər şübhə yaransa da, sonra Bəxtiyar Vahabzadənin belə bir iş etmədiyinə inandı. Hətta üzr də istədi. Ətrafdakılar isə hər zamankı kimi “yeri deyil, zamanı deyil” deyirdilər. Bəli, hər zamankı sözlər… Qarşısıalınmaz haqqı susdurmaq cəhdləri, hər zamankı kimi… – “Yeri deyil! Zamanı deyil!” Nə zaman gəlməliydi bəs, o zaman? Harada idi bəs, o uyğun yer?
Budur ermənilərin və ermənipərəstlərin hər yerdə bizə qarşı apardığı təbliğatın sonucları. Onlar bizim təkcə torpaqlarımızı deyil, hər şeyimizi əlimizdən almaq niyyətindədirlər: sərvətimizi, milli dəyərlərimizi, incəsənətimizi, ədəbiyyatımızı… Və buna da nail olmağı bacarırlar müəyyən qədər –sadəbir səbəbdən –bizim biganəliyimizdən, sadəlövlüyümüzdən…
Biz hələ ki, olmayan günahlarımızın cəzasını çəkirik. Biz hər zaman süfrəmizi gələnlərin üzünə açıb son tikəmizi bölməyimizin cəzasını çəkirik.
Biz şəhidlər verə-verə hələ də torpaqları işğal altında olan bir xalqıq! Biz ürəyi­yumşaqlıqdan bəlalara düçar olan bir xalqıq!
Biz ana-bacıları namusu əsirlikdə tapdanarkən, ali duyğularla silahlanıb qələbəyə doğru getməkdənsə,  ibtidai sevinclərlə özümüzü ovudub, şənlənə bilirik…
Biz öz zavallı köçkünümüzə “Yeraz” adı qoyuruq…
…Bu qədər təzad, bu qədər ikililik bizi dərddən-dərdə sürüyür. İndi də öz əlimizlə düşmənlərimizə bəhanə vermişik ki, özlərini daha da xoşbəxt hiss etsinlər. Onlar, başqa millət tərəfindən deyil, məhz azərbaycanlı yazar tərəfindən yazılmış əsərdən öz xeyirlərinə, bizim isə əksimizə istifadə edəcəklər, var gücləri ilə – necə ki, artıq edirlər..!
Haqqımızı ala bilmədiyimiz, doğruluğumuzu dünyaya hələ də sübut edə bilmədiyimiz bir halda, onsuz da gərgin olan halımızı bir az da gərginləşdirdik, yaralı olan qəlbimizi daha da ağrıtdıq, hələ şəhid qanı qurumamış torpaqlarımızı sanki ikiqat itirdik…
Düzdür, vəhşilik bizə yaraşmır – biz erməni deyilik. Türk xalqı heç zaman vəhşi olmayıb. Hətta öz düşməninə, əsirlərinə belə humanist davranan bir millət indi bütün dünyanın diqqət mərkəzindədir. Nə etsək sübutla və xalqımıza yaraşan müdrikliklə edək. Çünki biz – müdrik olmağı öyrənmirik, bu bizim qan yaddaşımızdadır. Amma heç nəyi unutmayaq! Qollarımız boşalmasın! Düşməni ocağımıza bir də yaxın qoymayaq!
İntiqam hissimizi daşa döndərməyək! Haqlı nifrətimizi qaynadaq! Qaynadaq ki, bəlkə dağ edib, sağalmayan yaralarımıza bir məlhəm kimi tökə bildik!
Əkrəm Əylislini yaddaşımda Azərbaycanın görkəmli nasiri, dramaturqu, tərcüməcisi, Azərbaycan Yazıçılar Birliyinin sabiq üzvü, Azərbaycan Respublikasının sabiq xalq yazıçısı, Azərbaycanın Əməkdar incəsənət xadimi kimi, uşaqlıqdan aludə olduğumuz “Dağlara çən düşəndə”, “Kür qırağının meşələri”, “Bu kənddən bir qatar keçdi” kimi əsərlərin müəllifi kimi saxlamaq istəyirəm. “Daş yuxular” qoymur…
Heyif sizdən, a gözəl əsərlər, heyif, sizi bir də necə oxuyacam?!.

13.02.13. Moskva

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.