Ana səhifə TÜRK DÜNYASI SİMURQ OBRAZI HAQQINDA

SİMURQ OBRAZI HAQQINDA

Müəllif: Bizim Yazı
1. 208 baxış

(Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru prof.dr. Hikmət BABAOĞLUnun “İşınğıray quşu, Qaf dağı və oğurlanmış Simurq əfsanəsi…” adlı məqaləsində (https://www.bizimyazi.az/?p=8578) toxunduğu Simurq obrazına ezoterik açıqlama kimi təqdim edirəm)

Simurq quşu mifindən danışarkən Qaf dağı ilə ilğili olan bir ayrı mifi – Prometey haqqında əfsanəni də yada salmalıyıq. Prometeyin də bu dağ ilə bağlılığı təsadüfi deyildir. Əgər Prometey sırf yunan panteonu və əsatiri ilə ilgəli olsaydı, ellinlilər (əski yunanlar) onu öz Olimpləri ilə bağlayardılar, Prometey Qaf dağında yox, Olimpdə zəncirlənərdi. Bu da bizə əsas verir ki, Prometey mifinin qaynağında daha da əski bir əsatir durur və bu mübariz insan obrazı Qaf dağının yerləşdiyi coğrafi ərazi və bu ərazidə daha da əskilərdən məskunlaşmış, böyük bir mifoloji sistemi yaratmış əski bir xalq ilə bağlıdır, çünki yalnız dəyərli miflər özgə xalqlar tərəfindən mənimsənilir və yalnız tarixdə dərin iz qoymuş kültür qəhrəmanları qeyri xalq tərəfindən özününküləşdirilir.


Bütün əski xalqların miflərində yüksək dağ zirvələri və uca dağlar xüsusi yer tutur, uca zirvələr tanrı(və ya tanrılar) məskəni sayılır: Qaf dağı, induslarda Meru,Comolunqma, tibet xalqlarında Kaylas, Kançencanqa, Mərkəzi Asiya türklərində Xan-Tənqri, altay türklərində Üç Mıyqak, əski yunalarda Olimp dağı və s. Əlbəttə ki, uça zirvələr göy səmaya ən yaxın yerlər kimi ülviliyə, əbədiyyətə, ənginliyə, sonsuzluğa və tanrısal vəhdətə can atan insan könlü üçün çox yüksək bir simvoldur və ezoterik olaraq ruhi dünyanın və yüksək, zərif materiyaların, enerjilərin bəlgəsidir. Əsatirdə Simurq quşunun və başqa quşların Qaf dağına can atması təsadüfi deyildir. Marqlıdır ki, quşlar içində tək Simurq bu yüksək zirvəyə cata bilir. Axı Simurq tanrısallığa, yüksək ruhi mərtəbəyə can atan atəşli insan ruhunun timsalıdır və o həmin uca halı qazana bildiyindən həmin zirvəyədək yüksələ bilir. Simurq quşunun öz odunda yanıb, külündən yenidən dirçəlməsi olayı çox maraqlıdır və buna bir nağıl kimi baxmaq düzgün deyildir. Bu mifolji quşun yanaraq yenidən dirilməsi əski insanın (qədim xalqların) dünyagörüşü ilə, metempsixoz— insan ruhunun reinkarnasiyası konsepsiyası ilə əlaqəlidir. Bu təlimə əsasən insan yerdə bir dəfə yaşamır, insan ruhu əbədi, ölməz varlıqdır, həyat bir tanrısal başlanğıcın dürlü formalarda təzahürüdür, insan özü kainatın eynidir, bizi əhatə edən makroaləmdə onun tam əksidir(miniatürdə), özü potensial olaraq tam, bütöv bir kainatdır, mikrokosmosdur. İnsan tək cismi bədəndən, dəri içindəki sümük və ətdən ibarət olan zülal toplusu deyildir, o – cismi vücudun, canın və ruhun vəhdətidir, özündə bütün kainatı yaşadan belə bir mürəkkəb sistemdir. İnsan ruhu yerdə cismi bədəndə dəfələrlə təcəssüm edir( ayrı-ayrı tarixi dövrlərdə, başqa coğrafi yerlərdə və xalqlar içində) və yalnız bu həyatlar silsiləsində mükəmməllik tapır, tərəqqi edir.Yalnız tanrısal vəhdətə cəhdi ilə insan Qaf dağını – yüksək ruhi dərəcəni və tanrısal mərtəbəni, Vəhdəti qazana bilər və bu tək bir-birni əvəzləyələn, ardıcıl, həyatlar sırasında ideal həyata, material dünyadan yüksək aləmə, İdeal Gözəlliyə cəhdlər içində mümkündür.Budur arası kəsilməz kamilləşmə yolu. Buna görə də əsatridə Simurq quşu öz atəşində, kainatın Universal Başlanğıcına Eşqinin odunda, yüksək aləmlərin odu, nuru içində yanaraq hər dəfə yenidən öz külündən yoğrulub dirçəlir. O—ölməz, mənqu insan ruhudur. Bu quşun otuz quş içində xususiliyi də təsadüfi deyildir, çünki yalnız otuz yaşından sonra insanın ruhi-energetik mərkəzləri – çakraları açılır və bu yaş ərəfəsində insan yeni ruhi həyata qədəm basır. Buna görə də başqa quşlar Qaf dağını fəth edə bilmirlər.
Simurq quşu həm də miflərdə Umay ananın bəlgəsidir. Əski xalqların əsatirində Tanrıça Ananın hər panteonda öz xüsusi mövqeyi vardır. Tanrıça mifoloji sistemlərin mərkəzi nöqtəsidir, əsatir sistemi Tanrısal Anaya inamin özülü üstündə qurulur və dayanır. Tanrısal Ana(Uca Ana) tanrıları doğur, ilk qurunu yaradır. Türk mifoloigiyasında Umay Ana, Ağ ana ilk tanrıların – Ülgenin və Erlikin anasıdır. Umay ananın adının Hümay(Hüma) variantı da bəllidir. Bilirik ki, əsatirlərdə Hüma (Homa, Xoma) quşu obrazı da vardır. Əski slavyanlarda da Sva Ana Quşu obrazı məlumdur. Ümumiyyətlə, ağ qaz, qu quşu, Hüma quşu, göyərçin miflərdə Tanrısal Ananın, Kainatın Qadın Başlanğıcının,butün Kosmosu sarıyan Müqəddəs Ruhun bəlgəsidir və bu bütün əski dünyagörüşlərdə baş və mərkəzi yeri tutan ən qutsal obrazdır. Anaxanlıq dövrünü əvəz etmiş ataxanlıq dövrü ilə, Kişi Başlanğıcını yüksəltmiş yeni dinlərin formalaşması və onların “bütçülük “ baxışları üstündə qələbəs ilə bu gözəl obraz yaddaşlardan silinmişdir.
Miflərdə ilahi saflığın, kosmik suların və kosmik, səmavi odun personifikasiyası olan universal Simurq, Hüma obrazı sonralar butün əski mifoloji sistemlər üçün səciyyəvi olmuşdur. Bu gün Simurq adının açımı da mübahisə doğurucudur. Şübhəsiz ki bu onim öndil, nostratik dil ilə bağlıdır və “sim“ və “urq“ tərkib hissələrindən ibarət olan mürəkkəb xüsusi addır. “Sim” köksözü çağdaş dillərdə müxtəlif anlamlarda yaşamaqdadır: “səma”, “sima”, “sim “. Slavyan dilləri qrupunda bu nostratik sözün qalığı “yeddi” anlamlı sem/sim sayıdır. Əski kosmoqoniyaya görə dünya, səma (göy) yeddi təbəqədən, materiyasının zərifliyi və intensivliyi ilə fərqlənən yeddi laydan ibarətdfir və bizim yaşadığımız fiziki aləm onun ən sıx,ən qaba(gobud), ən aşağı layıdır, zirvədə isə ruhi dünya durur və bu laylar bir-biri ilə ayrılmazdır, bu mürəkkəb bir sistemdir, aşağı lay üst layın emanasiyasının nəticəsidir. Bu dünyagörüşə görə göy səma yeddili təbiətlidir və insan da səmanın əksi, eyni olduğundan, dünyaya, tanrıya oxşar yaradıldığından bu fitrətlidir, yəni bir mürəkkəb orqanizm kimi, sistem sayaq yeddi vücuddan ibarətdir, bu dünyagörüş hind təlimlərində bu gün də yaşayır (səma və sima sözlərindəki sim/sem nostratik sayı aşkar görünür). Rus dilindəki sam(öz) əvəzliyi də maraqlıdır. Əksər simli musiqi alətlərinin yeddi simli olması da təsadüfdən doğmayıb. Yeddi telli musiqi alətləri Kainatın rəmzidir.Kainat vibrasiyalardan ibarətdir, cahanın yeddilik prinsipi fonunda onun hər layı öz intensivliyi, tezliyi ilə seçilir. Ruha zərif vibrasiya, materiyaya isə sıxlaşmış, ən az intensivli vibrasiya sayaq baxılır. Ümumiyyətlə ruh və materiya bir universal kosmik elementin qarşıduran qütbləridir. Materiyanın başlanğıcı ruhdur, hər şey ondan yaranır, ruh özünü materiyada aşkarlayır, ruh materiyaya involyusiya edir, sonra materiyanı canlandırıb onu özünə yüksəldir. Budur kosmik tərəqqi, evolyusiya yolu. “Urq” semasına isə “ruh’’ sözünün transformasiyası kimi baxa bilərik (ezoterik, sakral mövqedən).
Bütün miflər kimi şərqin ən böyük nağıllarından biri olan “Əli baba və qırx quldur” nağılı da maraq doğrucudur. Bu nağıldakı Əli baba obrazı həqiqət axtarışı, Aliyə cəhd yolundakı insandır. Ali baba axtarışlarından sonra quldurların mağarası önündə dayanır. Quldurlar həqiqəti, əsl sərvəti, yüksək bilikləri insandan gizlətmişlərin obrazıdır.Qaranlıq mağara cəhalətin, sonradan nurlanacaq insan idrakının və fitrətinin simvoludur. “Sim, sim, açıl!” (Sezam, açıl!) deyib, səsləyən Əli Babanın önündə kahanın qapısı açılır, oradakı sərvətləri görür, özününkü sayaq onlara yiyələnir, quldurlara qalib çıxır. Ezoterik olaraq, “Yeddi, Yeddi, açıl!” açar sözlərindən sonra yeddi donlu dünyanı görür, yeddi pərdə dalındakı Həqiqət onun ruhi gözləri önündə canlanır, yəni o Vahid Həqqiqəti dərk edir, İlahi Vəhdətə nail olur, yeddili təbiətli dünyanın bütün sirlərinə agah olur. “Sezam” sözü də “sedm”(sedmoy — yeddinci) sözünün bir formasıdır.
Əli adı Koroğlunun atası kor Alı kişinin obrazı ilə səsləşir. Alı kişinin özü kor olsa da, ezoterik ənənədə böyütdüyü oğlu önündə Həqiqəti görmək imkanı açılır. Koroğlu tavanda açdığı deşikdən qaranlıqda bəslənən od atlarını seyr edə bilir, ancaq o tələsdiyindən önündə açıla biləcək üfüqləri itirir, od qanadlı atlardan mərhum olur…
Məlikməmməd nağılında qəhrəman qaranlıq quyuya, dünyaya düşür, cəhalətdən çıxmaq üçün qırx qapıdan və qırx otaqdan keçməli olur və son otaqda dünya gözəlini görür… Gerçəklik aşiqi və yolcusunun otuz yaşında ruhi-energetik çakraları açılmağa başlasa da, yalnız qırx yaşlarında onun çakraları tam açılır, əslində baş çakraların sayı yeddi olsa da, onların sayı qırx doqquzdur. Bu çakralar tam açılandan sonra insan Tanrı, Gerçəklik ilə tam qovuşur, əski misteriyalardakı Gözəli – Çılpaq Həqiqəti görür.
Yuxarıda misal gətirdiyim, əsas mövzudan kənar görünən miflərin köməyi ilə yenə də baş mətləbi bir daha vurğulamaq istəyirəm. Butün əski misteriyalarda (həsr olunmalarda) Tanrısal Ana Müdrikliyin, Ali Biliyin rəmzi sayılmışdır. Çılpaqlanmış İzidanı görmək yalnız həsr olunmuşlara nəsib olmuşdur. Qədim tapınaqlarda baş kahinə başlıca rolu boş yerə oynamamışdır, altar odunun, Bilik badəsinin qoruyucusu o olmuşdur. İlahi İçki, tanrıların içkisi – soma Uca Ananın içkisi sayılmışdır.
Bütün miflər üçün universal olan Dünya Ağacı da əski Universal Təlim ilə bağlıdır.Dünya Ağacı kökləri ilə cismi materiya üstündə dursa da, saysız qolları ilə hədsiz Kosmosu əhatə edir. Dünya Ağacının başında Simurq quşu – Tanrısal Ana, İlahi Ruh, ən qutsal bəlgə durur.

Əhməd ORUCOV (ŞƏFƏQ)
16.05.2017. Güney URALAhmed ORUCov- Shefeq

You may also like

2 şərh

Ахмед Оруджов 2017-05-17 - 10:45

“…Quldurlar həqiqəti, əsl sərvəti, yüksək bilikləri insandan gizlətmişlərin və şər qüvvələrin obrazıdır…” kimi oxumaq gərəkdir.
Müəllif

Cavab
Ахмед Оруджов 2017-05-17 - 10:51

Sayğılı şairimiz Əkbər Qoşalıya təşəkkürümü bildirirəm.

Cavab

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.