Ana səhifə BAŞ YAZI Sevgi deyiləndə…

Sevgi deyiləndə…

Müəllif: Bizim Yazı
1. 001 baxış

Cavid QƏDİR (ŞÜKÜROV)

Əlli ilin gəlini evdə tək olanda oğlu-qızı arasında pay-püşt etmədiyi, tək-tük qalan ən sevdiyi cehizlik qablarını sildiyi sevgi ilə sən də beynindəki xatirələri siləsən… Bu yaşında yenidən doğulmuş kimi ilk ananı, sonra atanı sevəsən… İlk davan qardaşınla ola, ilk sirrini bacına verəsən. Təzədən başlayasan əlifbaya… Bir də görəsən ki, ən cavan, ən gözəl müəllimənə vurulmusan. O hissi gizlədəsən hamıdan kənarları bürüşük dəftərlərinin arasında. Gecələr tək olanda yasaq ədəbiyyat oxur kimi xəlvətcə yasaqlığın, gizliliyin ağrı verən şirinliyini yaşayasan. Bir də ayılasan ki, hamının xəbəri var gizlinindən. Müəllimə də hərdən qara gözləriylə gülümsəyir şirin-şirin. Sonra bir gün anlayasan ki, həvəsdir hamısı… Elə xatirə kimi qalsın dəftərlərin altında…
…Bir xurmayı saçlı, badamgözlü gözələ aşiq olasan… Nə biləsən axı nədi sevgi, necə olur. Gizlətsənmi imtahan testlərinin arasında, səpələsənmi qar dənəcikləri kimi saçlarına? Sevgi o qədər çox ola ki, ağına-bozuna baxmadan xərcləyəsən hamısını yeməyi bol görüb üzünə sürtən uşaq dəcəlliyi ilə. O qədər gözünü tuta ki, başından böyük qələtə qalxışasan, bütün adamları sevəsən. Sonra yalanıyla qarğadan pendir alan tülkü həyat qapazı endirsin: düş buludlardan aşağı, həyat “şirin noyabr” deyil, payızı öldürən dekabr da var… O xurmayı saçlı, badamgözlü gözəl qız şəkil olub komodun siyirməsində qala… Baxıb görəsən, paralelləşib hər şey, olmayan dünya qurmusan. İt arxasıyla gülür sənə. Bir səhər əl-üzünü yuyanda əksin silləni tutuzdura qulağının dibindən. Silkinəsən. Xəyalın yaxasındakı sancağı açıb buraxasan nənələrin ən saf andları olan “Həzrətabbas”la həqiqət adına sırıdığı “mən görməmişəm, anamın babası tutubmuş” dediyi cin kimi…

***
Sonra, sonra… Bir qadına vurulasan… Bir qadın ki… Siz Allahın(m)ız, mən deməyim, siz anlayın… – adamı gözlərindən güldürən, gülən gözlü qadına… Qızılı saçlarına dolaşasan. Əllərində dustaq olasan, gözlərində batasan, qollarında katarsisə çatasan. Səsi, hə, səsini deyirəm… İsrafilin suru kimi lərzəyə gətirə səni. Anlayasan ki, Allah var. Bir də anlayasan, ərimisən o qızda, ikiniz bir adam olmusuz. Bədənlərinizin sərhədi itib tamam. Harda başlayıb, harda bitirsən, bilməyəsən… Günün onla başlayıb, onla bitir baxasan ki… Adı hər sözə başlayanda müsəlmanların “Bismillah”ı, hər günün sonunda kəlmeyi-şəhadəti ola… Suya düşmüş süngər kimi eşq fışqırasan. Payız kimi gözəl, kədərli qadını gözlərindən güldürməyə çalışasan. O qədər sevəsən ki, bir də görəsən ki, ikinizə də yetəcək qədər aşiqsən. Sonra, hə, sonra… Gizli baxışmalar, naz satmalar, buludun arxasından görünən aprel günəşi təbəssüm, avqust qaynarlığında əhdlər, sentyabr ilıqlığında söhbətlər, noyabr səssizliyində əl-ələ tutuşmalar, dekabr gecəsi qədər uzun sarılmalar… Hər rastlayanda Allahı görmüş həzrəti Musa kimi olasan. Bütün müsəlmanlar ildə bir dəfə Həccə gedəndə, günün beş vaxtında namaz qılanda, xristianlar, bazar günü tövbə edəndə, yəhudilər pəhriz saxlayanda, buddistlər nirvanaya erişmək istəyəndə, sən onu sevəsən. Anlayasan ki, Allah da şairdi. Yoxsa onun kimi gözəl şeiri yaza bilməz. Ad olasan o şeirə, qafiyə olasan. Günün birində həmin şerin bəstəsi səslənə qulaqlarında, körpə çığırtısı.
Sonra… Sonrası da “dövranları pozub, məclisləri dağıdan gələnə qədər xoşbəxt” yaşayasan…

BAKI, 28.12.14, 19:10.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.