Ana səhifə BAŞ YAZI “Samanbazarı, yaxud yeni Kəsikbaş” əsəri Azərbaycan dilində

“Samanbazarı, yaxud yeni Kəsikbaş” əsəri Azərbaycan dilində

Müəllif: Bizim Yazı
1. 055 baxış

(Qabdulla Tukay. Samanbazarı, yaxud yeni Kəsikbaş. Bakı. 2011)

Bu yaxınlarda (23-26 aprel 2011)  tatar xalqının  böyük oğlu Qabdulla Tukayın anadan olmasının 125 illiyi Kazanda dövlət səviyyəsində təntənəli surətdə qeyd edildi. Bu münasibətlə Azərbaycanın bir sıra elm adamları bu konfransa dəvət olunmuşdilar. Həmin tədbirin iştirakşılarından biri, filologiya üzrə  fəlsəfə doktoru Xuraman Hümmətova Qabdulla Tukayın  “Samanbazarı, yaxud yeni Kəsikbaş” poeması Azərbaycan dilinə  ilk dəfə tərcümə edərək çapdan buraxmışdır. Qeyd etmək lazımdır ki, bu poema müxtəlif illərdə sovet məkanında bütün   dillərə tərcümə olunmuşdur. Kitabı dəyərləndirən əsas məziyyətlərdən biri də orada  poemanın Azərbaycan dilindən başqa yazıldığı dildə-tatar, eləcə də türk və rus dillərində verilməsidir.
Əsərin “Ön sözü”ünü də tərcüməçi yazmışdır və o, həmin giriş poemanın təhlilini tam əhatə edir. X.Hümmətova Kəsikbaş haqqındakı  türk xalqları  arasında yayılan əfsanənin hələ də yaşadığını, bu əfsanəni öz  poemasının letmotivinə  çevirən sənətkarın ona satirik don geydirərək xalqına təqdim etməsini müəllif oxuculara  ətraflı təqdim edə bilmişdir. Qabdulla Tukay  Kəsikbaşın simasında tatar xalqının  başına gətirilən faciələri  göstərmiş  və bu yolla  onların  gözlərindən qəflət pərdəsini  açmağa  nail olmuşdur. Müəllif bu əfsanənin Qizilbaş- Ələvi əfsanəsi kimi hal-hazırda  türklər arasında yaşamasından söz açmaqla yanaşı,  dastanda  olan  dini- təsəvvüfi  məqamlara da aydınlıq gətirmişdir. Əfsanəyə zaman keçdikcə  artırılan əlavələr onu reallırdan uzaqlaşdirmışdır. Xalq  yolunda  həlak olmuş qəhrəmanın  “ölmədən öncə öldüyü”, “kəsilən başını qoltuğuna alıb savaş yapması”  kimi inamların hələ də türklər  arasında  yayılmasına müəlifın aydınlıq gətirməsı kitabın dəyərini daha da  artırır.
Müəllif Q.Tukayın bu əfsanəni satirik planda oxuculara təqdim etməsini şairin özünün  islamın   hökm sürdüyü bir şəraitdə yaşamasını səbəb kimi  göstərərək dövrün  reallığından xəbər verir. Xuraman xanım Q.Tukayın tatar Azərbaycan ədəbi əlaqələrinin inkişafındakı  rolundan, şairin yaradıcılığında “Molla Nəsrddin” jurnalının oynadığı roldan bəhs etmiş, Sabirin yaradıcılığının Tukaya  təsirindən və şairin Sabirin “Mollanın zarı”  satirasının  tərcüməsindən də söz açmışdır. Müəllif kitabında şairin “Molla Nəsrəddin” jurnalı ilə  fəal əməkdaşlığından , həm də bir  vətənpərvər kimi kitabın üz  qabığında şairin  “Molla Nəsrəddin” jurnalını  əlində tutmuş  şəklini daxil etmişdir.Poemanı aktual edən səbəblərdən biri kimi müəllif  şairin satira üsulundan istifadəsində  “Molla Nəsrəddin”  jurnalının  böyük rol oynamasına  çox mühüm önəm vermişdir.Bu baxımdandır ki,  poemanın  dilinin sadəliyi və anlaşıqlı olması müəllifi  “Molla Nəsrəddin”çilərlə bir sırada dayanmağa vadar edir.  “Samanbazari, yaxud yeni Kəsikbaş” poemasının yazılmasından yüz illər keçməsinə baxmayaraq, hələ də əhəmiyyətini itirməməsinin səbəbi onun mövzusunun  xalq həyatından  alınması və xalqı təmsil etməsindən xəbər verir.
Ön sözdə Kəsikbaşın tatar xalqı arasındakı mövqeyi və taleyi oxucuya tam aydın olur. Kəsikbaş  özünün kimliyini öz dili ilə açıb göstərməsi onun  hansı əqidənin sahibi olmasını oxucuya çatdırır.
Başıma gələnləri anladım  dinləyinə
Hacıyam, həccə getdim, doxsan doqquz dəfə.
Deputatlıq etmişdim mən yenə,
Bu şəhərin məclisinə son sənə.
Moskvadan mal almışdım,
Yüz  kuruşun doxsanını çalmışdım.
Haqlı olaraq  vaxtilə  çox əməllərin sahibi olan  həmin Başın  əsil siması öz dili ilə ortaya  qoyulur. Müəllif  dara düşərkən qəhrəmanın  – Kəsikbaşın yenə də xalqa  üz tutmasını, ondan  kömək istəməsini  təbii bir məqam kimi ortaya  qoyur. O, həm də ğöstərir ki,  xalqa arxalanan, ona  güvənən  qəhrəman darda  qalmaz. Poemanın təhlilindən  görürük ki, tədqiqatçı “mücərrədliklə reallıq” arasındakı  sərhədləri müəyyənləşdirə bilmiş və onu oxucuların  nəzərinə  çatdırmağı bacarmışdır . Əsərdən  görürük  ki,  Divin yeraltı dünyasında yüzlərlə müsəlman qolu bağlı zəncirdədir. Q.Tukay əsrin əvvəllərində çarizmin müsəlman xalqları arasında apardığı “parçala, hökm sür” siyasətinin tüğyan etdiyi bir zamanda öz fikirlərini açıq-aydın yaza  bilməzdi. Odur ki, müəllif çox haqlı olaraq şairin satira üsulunu əsas götürməsinin səbəblərindən biri kimi dövrün  ictimai vəziyyətini  göstərmişdir.
X.Hümmətova sonda bu poemanı tərcümə etməsinin əsas  səbəblərindən biri kimi azsaylı xalqların ədəbiyyatının diqqətdən kənarda qalmasının şərhini verir və ali məktəb tələbələri üçün vəsait kimi tövsiyə edir.
Almaz ÜLVİ
Filologiya elmləri doktoru

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.