Ana səhifə BAŞ YAZI Səni bildim, duydum, dərdim – Yeni şeirlər

Səni bildim, duydum, dərdim – Yeni şeirlər

Müəllif: Bizim Yazı
69 baxış

Bizimyazı.az Nazir Rüstəmin yeni şeirlərini təqdim edir.

***
Unut-dedin mənə…titrədi səsin…
Dedin nə olubsa dünəndə qalsın…
Unudum…onda qoy, sevincim sənin,
Sənin acıların qoy məndə qalsın.

Unut-dedin, mənə….Sənin sözünə
Bir-bir ulduzlar da dözmədi, söndü,
Göylər göz yaşını sıxdı üzünə,
Gecənin sifəti bir anda döndü.

Deməyə bir söz də qalmadı daha-
Gedəni geriyə döndərmək olmur…
Amma, olanları yazıb günaha
Ömrün arxivinə göndərmək olmur.

Dedim, and verirəm səni gecəyə
Bu gecə bu yağan yağışa, getmə,
Getmə, nolar, getmə, dayan eləcə,
Getsən Yer-Göy yanar, alışar, getmə.

Sən getdin…gözdə yaş, boğazda qəhər…
Mən yağan yağışa qarışıb qaldım,
Yeriyə bilmədim, tutub birtəhər
Gecənin əlindən yapışıb qaldım.

Unut- dedin mənə…titrədi səsin…
Dedin nə olubsa dünəndə qalsın…
Unudum…onda qoy, sevincim sənin,
Sənin acıların qoy məndə qalsın.
30.10.2024

 

***
Sən bir payız buludu-
Həzin ağlamağın var…
Sən qarlı qış sükutu-
Yollar bağlamağın var…

Titriyən baxışınla
Sən nə qəşəng olursan?…
Fikrimi dolaşdıran
Sirli mələk olursan.

Gedirəm…
Göz yaşından
Gözlərimdə iz qalır,
Ürəyimi yandıran
Baxışından köz qalır.

Gözlərinin yaşını
Şərbət bilib içərəm,
Bir titrək baxışına
Gözlərimdən keçərəm.
10.09.2024.

 

***
Neynirəm mən o dağları?!-
Sis-dumansız, çənsiz ola,
Neynirəm mən o bağları
Səs-səmirsuz, ünsüz ola.

Neynirəm mən o ürəyi?!-
Dərd-kədərsiz, qəmsiz ola,
Neynirəm o xoşbəxtliyi
Uzaqda-Vətənsiz ola

Bir mən olam, bir də ki, sən,
Ay işığı, dəniz ola…
Neynirəm bu dünyanı mən?!-
Bir dünyakı SƏNSİZ OLA…
03.08.2024

 

***
Zalım dünya nə sirdisə
Tutub aldı nə verdisə…
Bir gün bəxtin gətirdisə,
Bir gün tamam itirirsən.

Yolun yoldan yola düşür,
Çiçəkliyə, kola düşür,
Gah günə, gah qara düşür-
Qopur tufan, itirirsən.

Bilə-bilə, qana-qana
Ölümə yol gedir adam…
Borclu qalıb neçə cana,
Gör neçə can itirirsən?…

Salıb sındırdıqlarını,
Daş atıb qırdıqlarlnı,
Yaradıb qurduqlarını
Zaman-zaman itirirsən.

Bu yazıdır, giley deyil,
Hər yazı da şeir deyil…
Çox ömür də bir şey deyil-
Adam, adam itirirsən.
27.05.2024

 

***
Səni sevib, əzizləyib,
Gözüm üstə qoydum, dərdim…
Get, səndən də bezdim daha,
Get, səndən də doydum, dərdim.

Heç demədin qışdı, yaydı,
Heç bilmədin yasdı, toydu…
Nə nəfsin, nə gözün doydu,
Ürəyimi oydun, dərdim.

Səhər-axşam, gündüz-gecə
Yaşadım sənlə beləcə…
Necə oldu, sənə necə,
Nə təhər mən uydum dərdim?!

Özümü söydüm qlnadım,
Dizimə döydüm qınadım…
Axır, səni mən tanıdım,
Səni bildim, duydum, dərdim.

Yastığımı qor elədin,
Gözlərimi tor elədin…
Nə elədin zor elədin-
Mənə necə qıydın, dərdim?…
11.05.24

 

***
Kimə deyəsən dərdini?-
Hamı – “dərd” – deyib, ağlayır…
Kimi hönkürüb ağlayır,
Kimi diz döyüb, ağlayır.

Ağlayır bu tərs dünyanın
Dörd tərəfi, dörd bir yanı,
Ağlayır düzü, yalanı-
Özünü yeyib, ağlayır.

Aramızda sərsəm sükut…
Deyirsən ki, məni unut…
Arzularım bulud-bulud
Qapqara geyib, ağlayır.
04.04.2024

 

***
Buludlar əriyər, açılar səma,
Günəş nəfəsiylə tərpədər yeri,
Uçub gedən quşlar qayıdar, amma…
Amma, ilk məhəbbət qayıtmaz geri.

Dirilib təzədən nəfəsə gəlməz,
Yaşamaz əvvəlki ovqatı, sehri…
Böyüyüb, boy atıb, həfəsə gəlməz,
Bir dəfə getdimi, qayıtmaz geri.

O, zərif, təzə-tər güllər kimidi,
O-dəli şairin sonuncu şeri…
Hədəfə tuşlanan güllə kimidi–
Əgər atıldısa, qayıtmaz geri.

Nə qədər çağırsan eşitməz səni,
Baş alıb gedəcək başqa tərəfə…
Tənha Qu quşudur…
O min nəğməni
Bir dəfə oxuyar, yalnız bir dəfə…
08.01.24

Tural Adışirinin təqdimatında..

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.