Ana səhifə BAŞ YAZI Səndən sonranın balladası – Əli Çağladan şeirlər

Səndən sonranın balladası – Əli Çağladan şeirlər

Müəllif: Bizim Yazı
52 baxış

Bizimyazı.az Güney Azərbaycanın Təbriz şəhərindən olan gənc şair Əli Çağlanın şeirlərini təqdim edir.

SƏNDƏN SONRANIN BALLADASI

Sən getdin…
Uçmağa tələsdilər köksümdəki quşlar
Qandallı idi ayaqlarım
Ayaqlarımı bağlamışdı soydaşlar.
Arxanca qaça bilmədim,
Eh… Quş olub uça bilmədim!
Addımların səssiz,
Gözlərim çəlimsiz…

Sən getdin…
Dilimdə alovlanan Rübabənin səsiydi,
Küçədə ildırım səsi duysan göylərdən
Çətirini açma dəniz gözlüm, yağış yağmayacaq,
Bu səs, boğazımın həncərəsiydi.
Getmə dedim, getmə, qal!
Ayaqların yalındır,
Bitib yollarda qanqal…

Sən getdin…
Gecələr getdiyin yollarda tükəndim,
Bitdim…
Endiyin pillələrdən endim,
Səni uzaqlara götürən qatarlara mindim.
Yoruldum sənsiz yolların yolçuluğundan,
Əyildim,
Qatarı sürənə dindim:
“Saxla! Qatardan düşüm,
Bu qatar mənə düşmədi.”

Sən getdin…
Getdiyindən kədərim dolğun,
Gözlərim axşam günəşi kimi solğun.
Pəncərənin o tərəfində yağır qar,
Bu tərəfində donmuş bir sağır var.
Ürəyi hələ bahar
Və bahar ürəyində qızışan sənsən yar…
Getdin, dolmadan gözün,
Sənin yerinə ağlayıram əfəndim,
Otaqda Rübabənin səsidir hüzün.

Nəşəli küçədən nəşimi götürdülər,
Səni itirdiyimi anlamadı qonşular,
Hayıf… Məni itirdilər…
Sən getdin…
Getdin…
Getdi…
Get…

İLANLAR VƏ İNSANLAR

Mən bu gün,
Unutdum arxada buraxdığım dərdimi,
Sən isə buraxdın dəyişdiyin dərini –
Nə bilim!
Hansı meşənin ortasında.

Dərdim, cırıq paltarlarım idi uşaqlıqda
Onları soyunub asqıdan asdım.
Böyüdükcə, böyüdü dərdlərim də
Asqıdan götürüb geydim, böyüklüyə ayaq basdım.

Sənin dərin dəyişiləndə iniltini duymadılar,
Səni öz sevdiklərin dəyişilmiş görəndə
Yanlarına qoymadılar.
Mənim dərdim böyüdükcə
Sevdiklərim kiçildilər, məni daha saymadılar.

Sən dərini tənhalığında soyundun,
Mən dərdimi tənhalığımda geyindim
Yağışın altında ağlayım deyə küçəyə çıxdım…

QATARLAR QAYITMAYANDA

Dünən əsgər idi qatar, getdi
Səni apardı sağ çiynində
İçindəki qəzəb dolu güllələrə çevrilən güllərlə!
Addım-addım yoluna sərilən reyllər,
Anan idi, bacın idi;
“Getmə, getmə” dedilər.

Dünən ana idi qatar, getdi
Qışın oğlan ağında şaq-şaraq səsi bitdi,
Bitdi içindəki qəzəblər də, qardaşım
Bu qanlı torpağa səpdiyin toxumlar da becərdi, bitdi.
Səndən sonra tabutuna mıx çalıram
Səndən sonra günəşi satın alıram gecədən…

Nədən susdun bu gün?
Nədən hay qoparmadın?
Vağzalda unutdun dünəni,
Özün ilə aparmadın!..

KATARİNA

Adı Katarina idi, yuxularımda çığırıb
məni ölümdən qaytarırdı…

Sən kimsən?
Hansı romanın ortasından yazarı görməsin deyə boylanıb qışqırırsan dərdini?
Hansı ozanın zilə köklənmiş qopuzunda çığırırsan yanan ürəyimin etiraflarını?
Hansı savaşda qana bürünmüş əsgər kimi bağırırsan Katarina?

Səsini unutmağa məhkum eləyirlər məni bu hay-küyün içində,
Gözlərimi qu quşlarına yem edəcəklər üzünü görsəm.
Bütün adları ifşa etdilər şeirlərimdə
Səni masamın üzərində görməyənlər.
Dayana bilmədim, oyana bilmədim
Və səni şərqin faytonundan endirib kürəyimə çatdım yuxularımda
Yuxularımda, üstümə xəyanət damğası yapışdırdılar
Məni intihara alqışlayanlar.

Hər gecə sənə şeir yazmaq istəsəm də,
Şahzadələrin yelləncəyinin ipi ilə edam olunacağımdan qorxdum
Qorxdum, sənin adının qızlığına ləkə dəyiləcəyindən qorxdum.
Dayana bilmədim, oyana bildim,
Qurşunları qucaqlayan əsgərlər kimi həzyan söylədim.
Dayana bilmədim, oyana bildim, yazdım…
Yazdım ki, qorxularım tökülsün Katarina.

Sabahdan qurd ürəyi yeyib çıxacağam eşiyə,
Sabahdan yumruğumu düyünləyərək gizlədəcəyəm cibimdə
Sabahdan sağ gözümü, sol gözümə tapşırmayacağam
Sabahdan, ah, sabahdan
Mənim sabahımı oğurlayanları unutmayacağam Katarina.

Səni itirdiyim daxmanın adını “Görünməməzlik” qoymuşam
Səni heç bir daxmada tapa bilməyən gözlərimi danlayıram.
Beynimdən səsin keçir, çığırırsan.
Eh… Beynim…
Beynim olsaydı kafedəki dostlarımın güdazına getməzdim,
Beynim olsaydı, qələmimi sındıran vəfasızlara dost deməzdim.

Təkcə adını xatırlayıram,
Təkcə adının arxasında gizlənən qadını xatırlaya bilmirəm.
Səni ağ lövhələrin üstündə çəkib xatırlamaq istəsəm də
Çürüyür əlimə aldığın qələm!
Hansı qələm üzünü səhər günəşindən parlaq çəkməyə qadirdir?
Hansı boya ilə işıqlandıra bilərəm ürəyini?
Gözlərini necə çəkim ki, gözlərində boğulmayım Katarina?

Sən kimsən?
Səsini ən yaxından eşidir
Atamın sözünü eşitməyən qulaqlarım.
Yanımda dayansan da,
Gözlərimi aça bilmirəm, iki yüz ildir
Görmək istədiklərimə yumulan gözlərimi.

Atı yorulmuş tatarsan, yuxularımda çadır vurursan hər gecə,
Hər gecə qışqırıb məni qaytarırsan səssiz uçurumdan.
Son siqaretimi alışdırmağıma baxma
İndi boş siqaret paketlərinin üstündə yazıram adını.
Görən olmasın deyə başıma çəkirəm yorğanımı
Və səni görməyən gözlərimə zülm edirəm göz yaşlarımla…

Sən kimsən?
Hansı padişah səni qərbdən casus göndərib yuxularıma?
Haranın duzunu yarama basmaq istəyirsən?
Səni hansı pərdənin arxasında gizlədiblər?
Beş,
Dörd,
Üç,
İki,
Bir…
Açılır pərdələr
Səndən savayı bütün aktrisalar çıxırlar səhnəyə
Həyatımda vəfasızlıq rolunu oynayan aktrisalar…

Bu gün məni intihara alqışlayanlar
Sabah ölmədiyini gördüklərində
Əlləri ip olacaq Katarina,
Əllərində boğulacağam alqışlayanların.

Sən qərbin təyyarəsinə minib qaçanda şərqdən,
Məni də apardın hər gecə.
Hər gecə pilotumuzu yuxu tutdu göylərdə,
Hər gecə təyyarəmiz “sənsizlik” adlı dağa çarpıldı
Və diskinib yuxudan oyandım
Yandım Katarina, sənin yoxluğunla yandım…

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.