Ana səhifə AŞIQ SƏNƏTİ Sən saz qədər yaşayacaqsan!

Sən saz qədər yaşayacaqsan!

Müəllif: Bizim Yazı
1. 272 baxış

Bu günlərdə Azərbaycan ozan-aşıq sənətinə ağır itki üz verib. Borçalı-Qazax aşıq mühütünün, Aşıq Sadıq Sultanovun, Aşıq Avdı Qaymaxlının müqəddəs və mübarək yolunun “Meydanda mərdi-mərdanə” (Xındı Məmməd) urvatlı davamçısı olan ustad aşıq Sadıq Qaymaxlı 74 yaşında dünyasını dəyişib. 1939-cu ildə sazlı-sözlü İncə dərəsinin Qaymaxlı kəndində ustad ocağında dünyaya gəlmişdi. Atası usdadlar usdadı, əfsanəvi aşığımız Aşıq Avdı sazı-sözü ilə dövrünün azman sənətçilərindən sayılırdı. Aşıq Cəlal Qəhrəmanov, Aşıq Yahya Qaymaxlı, Aşıq Sədi Qaymaxlı kimi Sənət meydanında İncə dərəsinin adını şərəflə təmsil eliyən şəyirdlər yetirmişdi. Onlardan biri də usdadın öz oğlu Aşıq Sadıq idi. Aşıq Sadıq Borçalı-Qazax ozan-aşıq sənətinin Türk Dünyasına bəxş etdiyi növbəti sənət möcüzələrindən biri idi. Allah Aşıq Sadığa sənətində dahi olmaq üçün bütün şərtləri vermişdi. O, da bu şərtlərdən məharətlə istifadə etdi. Sazla-sözlə xamırı yoğrulub, kündəsi kəsilən aşıq, öz ecazkar ifaları ilə sazın bütün sirrini, sehrini, fəlsəfəsini açırdı. Aşıq Sadıq başqaları kimi sazı heçdən tapmamışdı, içdən tapmışdı. Məsəl var ki, heçdən gəlsə quruyar, içdən gəlsə yarıyar. Yaradı Aşıq Sadığın sazı. Sazını sözün ürfan mənasında ağa-bəy məclisində, arif yanında, usdadlar qarşısında dilləndirdi və getdi. Gerdə qalan işləri bizə qaldı. Neçə-neçə çap olunmamış dastanları var idi. Ürəyini sazına-sözünə vermişdi aşıq Sadıq. Sazı-sözü isə hələ çoox yaşayacaq. “Ölüm ömrün sonu deyil, Sən saz qədər yaşayacaqsan”(Akif Səməd). Elə təskinliyimiz də budur.

Tanrı rəhmətinə qovuşsun!

Yanğı ilə Həmid ORMANLI

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.