O gün görüşəcəkdik… Vədələşmişdik ki, həmin gün redaksiyada görüşək. Əslində, “görüşdük”… Həmişəki kimi, heç birimiz vədimizə xilaf çıxmadıq. Lakin redaksiyada yox, Əmircan qəbiristanlığında…
Səhər tezdən işə gələrkən aldığımız bəd xəbər hamımızı sarsıtdı: İbrahim dünyasını dəyişmişdi! Heç vaxt ağlımıza gəlməzdi ki, onun yoxluğu ilə qarşılaşacağıq, özü də belə tez. İnsanları sarsıdan da çox vaxt bu olur: ölümündən ehtiyat etdiklərimizin deyil, etmədiklərimizin ölüm xəbəri…
Artıq bundan sonra dostları, yaxınları, 14 mart tarixini heç vaxt xoş bir gün kimi xatırlaya bilməyəcəklər. Bu tarixdə “Xalq qəzeti”nin kollektivi olaraq, biz bir dostumuzu, sevimli həmkarımızı itirdik. Təbii ki, dərin yasa batmış kollektivdə heç kəs bu acı sonluğa inanmaq belə istəmirdi. Lakin bu, həqiqət idi. Nə qədər acı olsa da barışmalı idik. Biz onu itirmişdik… O gün bütün dostları, tanışları, yaxınları onun aramızdan vaxtsız, cavan ikən köçməsinə göz yaşı axıtdı…
O, xaraktercə bütöv insan idi, yarımçıqlığı xoşlamazdı: ürəkdən sevərdi, ürəkdən nifrət edərdi, ürəkdən sevinərdi, ürəkdən gülərdi.., ürəkdən də vəfat etdi.
Bəli, comərdliyinə, səmimiyyətinə, ağlına hörmət bəslədiyimiz bir Azərbaycan oğlunu itirdik. Nə etmək olar… Görünür, bu da bir tale qisməti imiş. İbrahim iki ay da yaşasaydı, dost-tanış yığışıb onun 37 yaşını qeyd edəcəkdi. O, 1977-ci il mayın 14-də (Qəribəliyə bax: mayın 14-də dünyaya gəldi, martın 14-də isə dünyasını dəyişdi) Qərbi Azərbaycanın Ağbaba mahalının Göllü kəndində anadan olmuşdu. 1998-cü ildə Azərbaycan Dövlət Pedoqoji İnstitutunun fizika fakültəsini, 2006-cı ildə Azərbaycan Memarlıq və İnşaat Universitetininin mühəndis iqtisadiyyatı fakültəsini bitirmişdi. 2007-ci ildə Azərbaycan Qafqaz Univesiteti biznesin təşkili və idarəedilməsi fakültəsinə qəbul olmuş, 2009-cu ildə magistratura pilləsini fərqlənmə diplomu ilə başa vurmuşdu.
İbrahim qeyri-adi insan idi. İnsanlarla münasibətində ədalət prinsiplərinə dəqiqliklə əməl etməyə çalışardı. İradı da elə bildirərdi ki, qarşı tərəfi ümidsizliyə salmasın, xətrinə dəyməsin. Son dərəcə əməksevər idi. Ən gərgin iş saatlarında belə kabinetinə daxil olan insanlara qarşı alicənablığını itirməzdi. Eşitdiyimizə görə, prorektor təyin olunduğu Sumqayıt Dövlət Universitetində də mehriban, səmimi, işgüzar mühit yaratmışdı. İşə çox böyük enerji sərf edər, başladığı işi yeni uğurlu təməllər üzərində qurmaq üçün həvəslə çalışırdı. Buna görə də qısa müddət ərzində kollektivin, rəhbərliyin etimadını qazanmışdı. Bir sözlə, o, əsl insan idi…
Mərhum xalq şairimiz Cabir Novruzun “Sağlığında qiymət verin insanlara” şeirini oxuyanda bu fani dünyadan nakam getmiş, hələ sağ ikən dəyəri, qədri bilinməmiş şəxslər göz önündə canlanır. Belə hallar həmişə olmuş və olacaqdır. İnsanlar bəzən hətta özlərinə ən yaxın adamları belə sağ ikən qiymətləndirməyə tələsmirlər. Bu dünyadan köçəndən sonra isə onlar haqqında ağız dolusu danışmağa başlayır və bununla sanki mərhum qarşısında borclarını ödədiklərini sanırlar. Sağlığında dəyəri verilməmiş insanın öləndən sonra haqqında deyilən ən xoş sözlər isə nə qədər cəlbedici görünsə də, bir o qədər də mənasız alınır.
Bu baxımdan o, şanslı idi, ona görə ki, onun dəyəri hələ sağlığında verilmişdi. İbrahim layiqli ömür sürdü. Çalışdı, öyrəndi, əziyyət çəkdi, illərini mətbuat orqanlarında keçirdi, “Respublika” qəzetində, daha sonra isə “Xalq qəzeti”ndə işlədi. Baş redaktorun müavini vəzifəsinədək yüksəldi. AMEA Z.M. Bünyadov adına Şərqşünaslıq İnstitutunun doktorantı oldu. Ay yarım bundan əvvəl Sumqayıt Dövlət Universitetinin prorektoru vəzifəsinə təyin edildi. Müxtəlif beynəlxalq seminar və konfranslarda iştirakçı oldu, çıxışlar etdi. Yəni, o, sağlığında qiymətləndirilməmək kimi bir mənəvi problem yaşamadı. Daim işlədiyi müəsisələrdə sevildi, seçildi, hörmət-izzət sahibi oldu. Üstəlik, Tanrı ona xoşbəxt ailə sahibi, iki gül balanın atası olmaq kimi şərəfli hiss də yaşatdı. Yaşına görə sanballı məqama, əhəmiyyətli uğurlara sahib olmuşdu. Lakin onun çatışmayan bir şeyi var idi. Vaxtı. O, bunu bilməsə də, tale onun barəsində öz hökmünü vermişdi. Amma o, az müddətdə əsl Azərbaycan oğluna yaraşan xasiyyəti ilə, karyerasındakı uğurlarla özünü sübut etməyi bacardı. Taleyi qısa, ömür yolu isə zəngin oldu.
Sosial şəbəkələrdə onun vəfatı barədə xəbərləri paylaşdıqdan dərhal sonra tanışların, yeni insanların, hətta həyatda görüşmədiyi bəzi virtual dostların üzüntülü reaksiyası “isti-isti” özünü büruzə verdi. Onlardan birini diqqətə çatdırmaq istərdik. Gənc tədqiqatçı-alim Yusif Əliyev yazır: “Onun şəklini görər-görməz düşündüm ki, yəqin, dostumuz növbəti uğura imza atıb, yüksək vəzifəyə təyinat alıb. Nə biləydim ki, İbrahim Allahın dərgahına yüksəlib. Onun ömrünün 37-ci ilində ölümü qəlbimizə 37-ci illərin dağı qədər dağ çəkdi.”
Bəli, bu, həqiqətdir ki, İbrahim Nizami oğlu Ömərov belə tezliklə “əlvida” deyiləcək insan deyildi. O, səmimiyyətin özü idi…
Həyatın kimə aman verməsi ilə, kiminlə amansız davranması haqqında ədalət mühakiməsi qurmadan ailəsinə, yaxınlarına, dost-tanışlarına “Başınız sağ olsun” deyirik. Uca Allahdan İbrahimin ruhuna rəhmət diləyirik.
Anar TURAN,
“Xalq qəzeti”