Ana səhifə BAŞ YAZI Ruhumuzu qarış-qarış izləyən “Göy Tanrı”…

Ruhumuzu qarış-qarış izləyən “Göy Tanrı”…

Müəllif: Bizim Yazı
958 baxış

Xanverdi TXanverdi TURABOĞLU

Sabir Rüstəmxanlının “Göy Tanrı” əsərində bədii düşüncə …bir olan Göy Tanrıya inancın qorunmasını, özümüzü, soy-kökümüzü məhz vətəndaşlıq duyğusu ilə anlamağı və bu yolda önə çəkilən maariflənməni təlqin edir. Bu cəhətdən xalqın kökü minilliklərə dayaqlanan, ruhunun qorunub ötürülməsi bədii şüurun təhqiqatında məhz vətəndaşlıq duyğusu ilə yüklənərək müşayiət olunur. Mövzusu qədim türk tarixinin mühüm mərhələsi sayılan Oğuz Xan dövründən alınmış romanda tanrıçılıq ideyası tarixiliklə çağdaşlığın qovuşağında publisistik ünsür, tonla yüklənir… Buradakı publisistik ton, ünsür əsərin bədii, fəlsəfi, estetik dəyərində üzvü şəkildə əlaqələnərək bir küll, bütöv halında qavranılıb üzə çıxır. Roman boyu yazıçının təsvirində Oğuzun yaşayıb nəfəs aldığı mühit gil, palçıqla hörülmüş bütlərə inadla tapındığı halda Oğuz obrazı Göy Tanrıya Ulu Dərgahdan gələn daxili şüalanma və məntiqlə tapınmağa üstünlük verir. Bəzən hətta tanrıçılıq ideyası uğrunda mübarizə hissi ilə köklənən müəllif təhkiyəsində və ya Oğuz Xan obrazının düşüncə və nitqində yonulma ağaclara, bütlərə məhz publisistik qatda qızğın etiraz nümayiş etdirilir, tanrıçılıq ideyası məhz qızğın müzakirələrlə müşayiət olunur. “Özləri bir olan Tanrının əli ilə yaradılmış kişilərin çamurdan, ağacdan yapdıqları bütlərə inanması insan oğlunun ən böyük utanc yeri olaydı gərək… Yüzlərlə tenqricik, yüzlərlə yol, yüzlərlə yöndür. Bu ruh bağlılığı deyildir… Ulusu içdən qamarlamaq, işğal etmək və çökdürməkdir… Göyün gücünə, qutsallığına inamın keçmiş çağlardan bəri türklərin ruhuna yabancı olmadığını, min illər boyu ulu-sun günəşə, göyə bağlı olduğunu, bu inancın öncələr də yaymaq istəyənlərin gəlib-getdiyini türk içində çoxları bilirdi… Məgər dünya görmürmü ki, bunlar yaradan ola bilməzlər. Özləri yaradılmışlardır. Yönəldən ola bilməzlər. Çünki özləri yönəldiləndir. Göyün şimşəyi ağacı qurudur, yağmuru, çayları daşırır, ulduzu yol göstərir, günəşi yazı-qışı doğurur, yer üzünə can verir, ağac, palçıq, daş, qum tapınaqlar göyün qarşısında gücsüzdür, cılızdır. Deməli, bütün ruhların atası kök, başlanğıc, qutsal olan göydür. Göydə oturan, yerləri, suları, ulduzları yaradan ulu Tanrıdır. O, ilki, sonu olmayan insan oğlunun zorundan, pisliyindən yuxarıda dayanan əlçatmaz və görklüdür. Bütün yaradılmışlar onun işığı, qol-budağı, ayrıntılarıdır”.

Bu baxımdan “Göy Tanrı” romanında qoyulan problemin, ideyanın izlənilməsi onun çoxqatlı tərəflərin işıqlandırılması və həllində obrazlar silsilələrinin əhəmiyyəti gözəçarpandır. Uslu Xoca, Qam Ata, Azəri maqla, Oğuz xan obrazının daxilən ünsiyyət bağlıdığı el-ulus tarixinin biliciləri ilə dialoqunda tanrıçılıq ideyası, dünya və insan tarixi məsələsi xüsusi bədii yükü və təhqiqata çəkilir. Əsərdə təsvirini tapan obrazlar sırasında Qaraxan və Aybikə, Güz xan və qızı Banı, Kür xan və qızı Tərçiçək, Or xan və qızı Aytac Oğuz xanla bağlı özünəməxsus xarakter və cizgiləri ilə diqqəti çəkir. Ərgən və qızı Elbilgə, Qutluğ, Tulu, Çin qızı Don Xi isə əsərdə mövzu və ideyanın inkişafında süjet xəttinin izlənilməsində yardımçı obraz kimi çıxış edir. Romanda qoyulan problemin ən öncə ailə daxilində çözülməsi və tətbiqi üçün onun mürəkkəb, ziddiyyətli mühitlə əlaqəli ictimai-əxlaqi tərəflərinə aydınlıq gətirir. Burada Oğuz xanın ailəsi dövrün ictimai-əxlaqi simasını müəyyənləşdirən tərəf kimi rəmzləşir. Bir olan Allaha Göy tanrıya tapınmaq onun mahiyyət və məzmunu ilə varlığına hopdurub yaşatmaq hissinin hər bir işi, əməli, hərəkət və davranışlarında, o cümlədən ona doğma, yaxın olan adamlarla belə əlaqəsində məsələn, atası Qaraxan, əmisi qızları Banu, Tərçiçəklə ailə münasibətlərində böyük səylə, ciddi cəhdlə tətbiqi üçün Oğuz xan obrazının bədii xarakteristikasında heç bir güzəşt tanımadığı əsər boyü qabardılır. Həmçinin tək tanrıya tapınmaq meylini yerli özündənrazı xan, xaqanların yer üzünü onsuz da bölük-bölük etdikləri kimi məhz yaradan qismində minlərlə bütlərə inamlarla müşayiət olunan yanlış baxışlarını təsəvvürlərini dəyişdirib bir olan Göy Tanrıya yönəltmək asan olmasa da bu Oğuz xan obrazının daxili mahiyyətində köklənmiş əzəmi, nəhəng gücün müqabilində reallaşa bilir və etiraz əlaməti olaraq Ata ünürdə yığılan yalançı bütləri yox, tək tanrıçılıqla bağlı qorunan bilgilərin öyrənilməsinə çağırışı dövrünün adamlarına və ya günümüzlə səsləşən bu yolda maariflənməni vətəndaşlıq duyğusu ilə daxili yan-ğı və harayla diqtə edən Oğuz obrazının xarakterik cəhəti kimi ümumiləşərək əsər boyu izlənilir. Hadisə və proseslər, əhvatlatlar yalnız müəllif ideyasının daşıyıcısı Oğuz xan obrazının bütöv və canlı bədii portretinin yaradılmasına xidmət edir. Oğuz romanda həm eli, obanı, ulusu idarə edən başçı, həm də ayrıca öz fərdi taleyi, şəxsi dünyası olan bir insan kimi bütün güclü və zəif tərəfləri, səhvləri ilə birgə alınaraq təcəssümünü tapır. Oğuz romanda öncə türk ulusunun öncəki başçısı Qaraxan oğlanlarından biri kimi inikas etdirilirsə, daha çox gələcək xaqanlığın qeyri-adi hərəkət və davranışların, baxışların indiki halda sıravi adam yox, tanrı sevgisindən boy atıb rişələnən şəxs kimi qabardılır. Bu baxımdan romanda təsvirini tapan mifoloji mətnlər, xüsusən Yuxu epizodundan bəhrələnmədə (“Ana yuxusu”, “Yuxu”, “Oğuz xanın yuxusu”) İlahi tapşırığın Oğuz xan obrazında qaçılmazlığı və tanrıçılıq ideyasının aşılanmasına və qabardılmasına zəmin yaradır. Tanrı sözü və işığı ilə mayalanan silsilə türk ulusunun törəməsi Oğuz xan S.Rüstəmxanlının bədii düşüncə və şərhlərində məhz dünyaya gözünü açanda da elə bu duyğu ilə kökləndiyi etiraf edilir. “Oğuz xan gözünü açandan içini bu duyğu və bu işıqla dolu görmüşdü. Üzünün aydınlığından şaşırıb ona Ağüz demişdilər. Qıyıq, çəkil gözlülər, yumru sifətlilər onun sivri, irəliyə yönəli sərt sifətini oxa bənzədib, oküz söyləmişdilər”. Yazıçı təhkiyəsinə görə, Oğuz xanın idealı, məqsədi və vəzifəsi sanki qabaqcadan təyin olunur. Tanrı buyruğu ilə körpəliyindən Göy üzünün bir topa işığı ilə Oğuza Dünya gizlinlərini anladan göz dikilir. Göz ilahidən gəldiyi üçün Oğuz ona verilən imkandan tanrı elçisi kimi istifadədə yalnız tanrını qane edən şəkildə öz işini qurur. Bunun üçün ilk öncə çoxlu palçıq gildən hörülmüş yalançı bütlər üzərinə dağıdıcı yürüşə başlayırsa, onları məqsədinə müvaiq şəkildə idarə edən insanlarla daha sərt tədbirlərə əl atır. Göy Tanrıdan gələn yalavaclığı, peyğəmbərliyi, tanrı elçiliyini ildırım qılıncı ilə qalxan edib ölkələr yağmalamağa, işğal etməyə yox, bir olan tanrını tanıtmağa xidmət edir. Təsadüfi deyil ki, romanda əksini tapan Oğuzun atası Qaraxanla ailə-məişət fonunda ata-oğul münasibətləri qorunduğu halda konfliktin yaranmasında başlıca səbəb inanc-tapınaqlara “Yaradan birdir, hamımız onun törəmələriyik” ideyasına fərqli baxış nümayiş etdirilir. Oğuzun əmiləri Güz və Kür Xanla konfliktinə də səbəb əmisi qızları Banu və Tərçiçəklə nigahın məhz inanc, tapınaqlara münasibətdə əks mövqeləri ilə şərtlənən uğursuzluğu ilə bağlıdır. Digər tərəfdən yazıçının təsvirinə görə Oğuz yerli el-ulus əkinçi-biçinçi təbəqələrlə görüşdə yoxsulların inancının saraydakı inancdan qat-qat real və məntiqidir. Əkin-biçinlə məşğul olan təbəqə yaşayışının təminatı üçün göyün günəşinə, buluduna, yağışına, çayın suyuna borcludur. Deməli, inanc, tapınaq o vaxt dəyərini əldə edir ki, burada inancla inananın, tapınmaqla tapınanın zəncirvari daxili əlaqəsi bir küll, vəhdət halında üzə çıxsın. Əkin-biçinlə dolanan sadə adamların gerçək, real həyatı ilə şərtlənən torpaq, su, hava yalnız Göylə, Göy, Yer Sahibi Bir olan Tanrının nəfəsi ilə yoğrulub, rişələnib, boy atır. Bu baxımdan yazıçı Qam ata ilə Oğuz dialoqunda mifoloji mətnlər vasitəsi ilə Yaranışların Yer Göy arasındakı daxili bağlılığın, birliyin ən sirli, mübhəm tərəflərinə işıq salaraq Göy Tanrıdan gələn insanların neçə min il yaşamaq hüququ qazanmalarına baxmayaraq sonradan fəlakət nəticəsində məhv olmuş insanların azca qırıntısından məhz tanrı buyruğu ilə torpaqdan insan yaranmasını önə çəkir. Yazıçı Oğuz obrazının daxilə enən düşüncələri ilə bizə neçə minillikləri adlamış tariximizin toz basmış səhifələrini qaldırır. Qum və Su dənizində itib batan gizlinlərimiz həmin toz basmış səhifələrdən qeyri-adi cəhətləri ilə əski türk tariximizin üzərinə yeni gur işıq salır və bizə dönə-dönə təlqin edir ki, insanın qopub gəldiyi yer Göydəndir. İnsan Oka bənzər, ilana bənzər uzun göy arabalarında yerə enmişlər, ilk gəldiyi yer marağalar olmuş, bura isə dil, bilgi gətirmiş, yarımçıq qalmış işlərini burda davam etdirmiş. Tanrı daşını da göydən onlar gətirmiş, özləri ilə birgə bir canlı olaraq qurdu gətirib. Göylü adamlar gəldikləri yeri tez unutduğu halda Qurd qopub gəldiyi yeri unuda bilmir. Türkün qurda qardaş deməsi, ona müqəddəs varlıq kimi baxması məhz bunla əlaqələnir. Romanda bu baxımdan Oğuz xanla bağlı təsvir və təhkiyədə digər mifoloji mətnlərdə əksini tapan Ata ünür, Yağmur daşı, Tanrı daşı, İldırım daş, Göy daş, Tanrı dağı, Savalan dağ, Boz Börü və Qurd – çoxlu obrazlar silsilələri qoyulan problemin, mövzunun, ideyanın izlənilməsində xüsusi bədii yüklə müşayiət olunur. Göy Tanrıya, Bir olan Allaha, İlahi Məqama tapınmaq hissi və düşüncəsi məhz mifoloji mətnlərlə oxucunun bədii-estetik və və fəlsəfi duyumu və qavramında bərkiyir. Roman oxucunun yaddaşına israrla və vətəndaşlıq duyğusu ilə diqtə edir ki, əski tariximizin çox uzaqlığında beş yüz, min il yaşayanlar üzlərini tanrıdan çevirərək özlərini yer üzünün sahibi bildiyi üçün tanrı bu saymazlığın müqabilində qarşısıalınmaz qum sellərinin, dənizlərin, daşqınların altında qoymuş, onları yer üzündən sildirmiş, yenisini isə fərqli yaratmış və insanın soykökü, qopub gəldiyi yer də Göy Tanrı ilə bağlıdır, cismi, maddi fiquru torpaqla hörüldüyü halda, Ruhu, Canı məhz Göy tanrıdan gəlmə daxili şüalanma ilə nəfəs alır. Yazıçı təsvirində Oğuz xan yürüşləri bu cəhətdən qeyri-adiliyi ilə seçilir, yürüş etdiyi ulus başçıları Oğuz xanın qeyri-adi gücü müqabilində hiss olunmadan dəyişilir, Bir olan tanrıya üz tutur. Ruhi böyüklük, düzlük Oğuz xanda cəmləşdiyindən basılan tayfa başçıları onun bu ibrətamiz hərəkət və davranışları qarşısında ruhən əzilir. Ömrü boyu ağır yürüşlərlə üzləşən Oğuz yazıçının təsvirində bu dəfə daha ömür yolun yorğunluğu ilə üz-üzə qalır. Oğuz arxada qalan, ötüb keçən Ata mağaradan kök atıb rişələnən hər getdiyi torpaqları, məbədləri bir daha daxili düşüncələr sistemindən arayır, hədsiz suallar içindən tanrı buyruğu ilə yürüşlərinə nəzər yetirir və bir daha yəqinləşdirir ki, tanrı ilə ünsiyyətdə heç də məbədlər əsas rol oynamır, Tanrı insanın içindədir. Yazıçı romanda tanrıçılıq ideyasını qabartmaqla yanaşı, həmçinin qədim türk tarixinin Oğuz xan mərhələsindəki məşğuliyyət, ayrı-ayrı sənət, peşə sahələrində çalışan adamların güzəranı, adət-ənənələri, el-ulus mərasimləri, xüsusən Qurbanlıq bayramı, ov ovlamaq, yarışlar keçirmək, el-ulusu idarə etmək üçün törələrin, xüsusən Oğuz xan törəsini önə çəkməklə ümumilikdə dövrlə bağlı bəzi xarakter yönlərin bütöv qavranılmasına bədii zəmin yaradır. Digər tərəfdən S.Rüstəmxanlının “Göy Tanrı” əsərinin arxitektonikasında əsasən qədim türk yazılı bədii əsərlərin dastanlardan gəlmə ədəbi-bədii üslubundan bəhrələnmə öndə dayanır. Romanın dili qədim türk sözlərinə uyğun üslublarla zənginləşir. Məsələn, yaranqu, yaratıq, simgəsəl, qutsal, ödlək, sağınc, yalavac, törə yasağı, bəlgə, mənqu, savçı, yenilgə, tutsaq və s. Bu cəhətdən əsərlərin dilində dövr, mühit, adət-ənənə, obrazların daxili aləmi bütün çoxqatlı və çoxçalarlı tərəfləri ilə açılır. Həm də bədii dil müraciət olunan dövrün özünəxas spesifik təhkiyə üslubunu özündə ehtiva etməklə romanın bədii-estetik təsiri baxımından bütöv qavranılmasına zəmin yaradır. Əsərdə həmçinin tanrı dağına yürüşlə əlaqəli şer nümunələri məqsədəuyğun seçilib təqdim olunur. Oğuz ruhuna bağışlanan son səhifələrdə aradan minilliklər ötürüldüyünə baxmayaraq sözünün dilimizdə qanın damarımızda, gücünün ruhumuzla qaynaqlanan nəsil şəcərə silsilələrin davamlı olub bu günə sanki inadkarlıqla ötürüldüyünə vətəndaşlıq duyğusu ilə yüklənən daxili bir inam sezilb gizlənir…

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.