Ana səhifə BAŞ YAZI Rövşən Nəsiboğlu – 75

Rövşən Nəsiboğlu – 75

Müəllif: Bizim Yazı
73 baxış

Rövşən NƏSİBOĞLU – 75

Bizim Borçalının Kürüstü Kəpənəkçisindən olan usdad şairimiz, dəyərli könül dostumuz Rövşən Nəsiboğlunun yaşı 75-ə dayandı. Kimdir Rövşən Nəsiboğlu? Tanıyan varmı bilmirəm.Bir də ki, nə fərqi. Çoxumuzu tanınmaq gözdən salmadımı? Bir-birimizi tanıdıqca, şöhrətə əsir olduğumuzu, qılınc tamaha qul olduğumuzu bildikcə, zaman-zaman dəyişkən xarakterlərimiz üzə çıxdıqca düşmədikmi bir-birimizin gözündən? Hardan gəlib hara çatdıq. Adına müqəddəs deyib gəldiyimiz yol-yolaq da demək ki, bu imiş?…
Bizə ümüd kimi baxanlarımızdan ayıb olmadımı? Aşağı -yuxarı az qala hamımız eyni rəngi daşıyırıq. Və bütün bu rənglərin içində nə yaxşı ki, ömrümüzdə günümüzdə azalan silsiləylə də olsa rəng olmayan kişilər oldu. Bütün nişanları ilə adı bəlli Borçalı mahalından boy göstərmiş və bu gün ömür yolu 75-ə dayanan Rövşən Nəsiboğlu o kişilərdəndir. O, boyu bu gün biz yetərincə görə bilmədik. Ancaq o boyu zaman-zaman Ağamalı Sadiq Əfəndi, Akif Səməd, Məmməd İlqar, Abbas Acaloğlu, Məmməd Dəmirçoğlu, Camal Mustafayev, Zəlimxan Yaqub, Elxan Məmmədli , Ömər Qoçlu, Rafail Incəyurd, … kimi bu xalqın ruhundan doğulmuş diri və duru haqq yolçuları görüblər. 75 yaşına mərhabalar Rövşən Əfəndi! Nə yaxşı ki, varsan.Və nə yaxşı ki, ilin günün bu vaxtında bizlər üçün alçaq könüllə uca yol getmək nümunəsi yaradırsan. Tanrı amanında köhnə kişi
Həmid ORMANLI

Rövşən Nəsiboğlunun şeirləri

Doğru

Gah qəmə qarışdıq, gah xəyallandıq,
Gah zəhərə döndük, gah da ballandıq.
Bu lotu dünyaya uyduq, allandıq,
Müdam ütələndik pətəyə doğru.

Kim irəli çıxdı, o gədə çıxdı,
Dilindən ya söyüş, ya hədə çıxdı.
Bizim gəzdiyimiz qəhədə çıxdı,
Əlimiz uzalı mətəyə doğru.

Nə taxta yetişdik, nə taca çatdıq,
Əriştə umurduq, umaca çatdıq.
Zirvə arzusuyla yamaca çatdıq,
Dedilər; – qayıdın ətəyə doğru.

Keçir günlərimiz qaralı – ağlı,
Köçənlər köçdülər sinəsi dağlı.
Ayağı buxovlu, qolları bağlı,
Yönümüz zopaya, kötəyə doğru.

Dünyanın nə qədər bar ağacı var,
Palıd ağacı var, Qarağacı var.
Elə o qədər də dar ağacı var,
Gedirik cəllada, kötüyə doğru !

Dünya

Fələk beyqəfildən saldı nəzərdən,
Endirdi gör necə sərt məni, dünya.
Elə dərd verdi ki çəkəmmədim mən,
Çəkdi qucağına dərd məni, dünya.

Həyatda nə qədər faciələr var…
Haqlı ola – ola oldum günahkar.
Bir qanıqarışıq, bir südü murdar
Etdi el içində pərt məni, dünya.

Durmadım aralı xeyirdə – şərdə,
Düşdüm ağızlara durduğum yerdə.
Sözüm yox deməyə mənim namərdə,
Anlayar yenə də mərd məni, dünya !

Tapmırıq

Məmməd İlqar, Məmmədlərin əlindən
Söyləməyə söz gəzirik, tapmırıq.
Üz tuturuq ocaqlara, pirlərə,
Bir qalamlıq köz gəzirik, tapmırıq.

Bostanımız çiçəklənib, güllənib,
Hər nə bitib, nişanlanıb, bəllənib.
Hansı tağı qurdalasaq əllənib,
Boş-bekara düz gəzirik, tapmırıq

Nədən belə ya kündəmiz küt olur,
Ya açılmır xəmirimiz pot olur?
Gah yağ ötür, gah da həlim şit olur,
Dar macalda düz gəzirik, tapmırıq.

Kəsibsiniz gədikləri, yolları,
Yolubsunuz dəymişləri, kalları.
Yığıbsınız ipəkləri, şalları,
Çit gəzirik, bez gəzirik, tapmırıq.

Tanrı verib bu qisməti sizlərə,
Gəlməyəsiz bədnəzərli gözlərə.
Boylanırıq cığırlara, izlərə,
Siz tapanı biz gəzirik, tapmırıq.

R.N. Allah Məmmədə vacib və
lazım olan hər şeyi versin.

Pir haqqı

Akif SƏMƏDƏ

Akif, “yazı məndən qaçır,”- deyirsən,
Akif, yazı sənə qaçır, pir haqqı.
Qələminlə nə səpirsən dürr bitir,
Daş üstündə çiçək açır, pir haqqı.

Sən Göy türbə üzmə bizi incədən,
İncə sözü anlayansan öncədən.
İlham pərin nə içirsə İncədən,
Biləmmirik necə içir, pir haqqı.

Dövran ağır, zaman ağır, il ağır,
Bir gündümü gördüyümüz biz fağır.
Hər kəlməndən könüllərə nur yağır,
Bir əbədi işıq saçır, pir haqqı.

Yorulmasın, yonculmasın ürəyin,
Daşdan çıxsın, tükənməsin çörəyin.
Hacıəfəndi olsun arxan-köməyin,
Saf alqışlar daşdan keçir, pir haqqı.

Çoxu kimi o, çulunu sürümür,
Kəs deyirlər, sus deyirlər, kirimir.
Akif Səməd yerdə biznən yerimir,
Akif Səməd göydə uçur, pir haqqı.

***
Mən onu görəndən bəri
Gözümdə hamı dəyişir.
Ürəyimin döyüntüsü,
Ağzımın tamı dəyişir.

Heç bilmirəm nədir adı,
Yurdu-yuvası haradı..
Könlümün arzu-muradı,
İstəyi, kamı dəyişir.

Rövşən, dolan dünyanı gəz,
Doğma yurda yoxdu əvəz.
Nadan bunu duya bilməz;
Sevgi adamı dəyişir.

***
Mən vüsalı soraqlaram,
Hicran daim güdər məni.
Asta-asta, aram-aram
Dimdikləyər, didər məni.

Sevindirməz bircə kərə,
Sürüklər böhtana-şərə.
Qucağından qoymaz yerə
Qüssə məni, kədər məni.

Göylər bulud, dərələr çən,
Karvan-karvan gələn-gedən.
Dönərəmmi dediyimdən –
Dansıtmayın hədər məni!

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.