İnsan susur, susmalıdır da.
Çünki heç bir “bəzəkli” cümlə
günahını pərdələmədi.
Tanrı susur, susmalıdır da.
Çünki yaratdığı ən təmiz insan
oğru Adəm idi.
Heyvan susur, susmalıdır da
Kimlə danışsın?
Əli silahlı adamlamı?
yoxsa biganə Tanrıylamı?
Bir tək ağaclar danışır,
bu Yer kürəsində.
Onları da yalnız, “Van Qoq” eşidə bildi.
( “Hər şey susur” – Elçin Məhərrəmli)
REVANŞ
Uzaqdan baxdıqda nəhəng səkkiz ayaqlı hörümçəyə bənzəyən alət parlaq rəngli işıqların altında daha da qorxuducu görünürdü. Gözləri bayquşun gözləri kimi iri və mistik olan, hər iki yanından uzanan boltlar və qaynaqlarla bərkidilmiş xərçəngin qollarına bənzəyən bu alət düz bir həftə bundan qabaq işləmişdi. Qara kostyumlu köməkçilərin hər dəfə onu yağlamasına, müəyyən detallarını təmizləyici vasitələrlə təmizləməsinə baxmayaraq bu müddət ərzində hər dəfə işə salındıqda xorultulu bir səs çıxararaq dayanırdı. Bu gün də belə oldu…
Alətin nasaz vəziyyətdə olduğuna dair gündəlik məlumatlar raportlar şəklində göndərilərək vəziyyət yuxarıya məruzə olunurdu. Nəhayət, sonuncu məruzədən sonra yuxarı rəhbərlikdən qəti göstəriş gəldi. Əmr binaların, dayanacaqların yanında quraşdırılımış səs ötürən və səs qəbul edən dəmir qutu şəklində olan cihazlar və yalnız bir kanalın və bir sosial şəbəkənin mövcud olduğu televizya və internet platforması vasitəsi ilə verildi. Əmr belə idi:
“Müqəddəs ölkənin dəyərli vətəndaşları, məni yaxşı dinləyin! Bütün əzab-əziyyətə qatlanaraq hər cür od-alovun yandırıcı qüvvəsi ilə mübarizə apardıq və hər bir körpənin rahat nəfəs ala bilməsi üçün büllur təmizliyində bir dünya yaratdıq. Bu günsə statistik sənədlərə istinad edərək deyə bilərəm ki, yaratdığımız ədalətli dünyamız təhlükə altındadır.
Ölkəmizin simvolu olan “alətimiz” artıq nasaz vəziyyətə düşmüş, hətta bir müddətdən sonra sıradan da çıxa bilər. Siz də yaxşı bilirsiniz ki, alət, ölkə və siz vətəndaşlar “Üç uqnum” kimi müqəddəs və ayrılmazsınız. Odur ki, alətin məhv olması ölkənin və nəticə də sizin məhvinizə gətirib çıxaracaqdır. Sizə əmr edirəm bu alətin işləməsi üçün bütün qüvvələrinizi səfərbər edərək xammal axtarın. Gündəlik məlumatları yaxınlıqdakı “ATM (AXTAR,TAP MƏHV ET) şöbələrinə bildirin. Əmrimə qarşı gələnlər ən sərt şəkildə cəzalandırılacaqdır!
Sizin rəhbəriniz Ralfi.”
Bu faciəvi bir sonun yaxınlaşdığından xəbər verirdi. Lakin hər son demək olar ki, özündən sonrakı sonun trajedik başlanğıcıdır. Eynilə melonxolik bir yaz səhəri günü hər şeyin başladığı kimi…
“Böyük partlayış”dan bir “Hydrodamalis gigas” (Dəniz inəyi) ömrü qədər əvvəl….
Bir-birinin ardından düzülmüş sayları o qədər də çox olmayan irili- xırdalı heyvanlar ətrafı nəhəng qayalarla örtülmüş Teotixuakan (Allahlar vadisi) vadisindən keçərək dağın yuxarı hissəsinə qalxmağa çalışırdı. Hərəkət edən heyvanlar dənizdə motorlu qayıqların və şiddətli küləyin təsiri ilə yaranan, sağa-sola çırpılan dalğaları xatırladırdı.Yuxarıda isə bir dəstə – müxtəlif növdən olan quşlar qəribə səslər çıxardaraq bu dalğavari izdihamı qara bulud kimi izləyirdi. Bəzi heyvanların bədənlərindən axan qanlar yerə damcılayaraq torpağa qarışır və palçığa çevrilir, gözlərində yaranan iltihablar (xüsusi ilə dovşanların) isə heyvanların sürətli hərəkət etməsinə mane olurdu. Nuh tufanından bu yana ilk dəfədir ki, yırtıcı və ot yeyən, əzəli və əbədi rəqib olan tülkülər, dovşanlar, ilanlar, qartallar və digər bu qəlibdən olan heyvanlar bəşəri bir sistemi pozaraq bir yerdə addımlayırdılar.
Zirvəyə yaxınlaşdıqda bəyaz bir bulud uğultu qopardaraq sürünüb heyvanların başı üzərində dayandı.Səmada dövrə vuran quşlar ürkərək aşağıdakı ağaclara doğru uçuşdular. Bəziləri isə digər heyvanların üzərinə qonaraq bu qeyri-adi mənzərəni seyr etməyə başladılar.Uğultu daha da şiddətlənir, başları üzərində olan bulud müxtəlif fiqurlar yaradaraq durmadan rəngini dəyişirdi. Qəfildən 3 dəfə çaxan şimşəyin ardından gələn boğuq, ürküdücü səs heyvanların daha da bir-birinə qısılmasına səbəb oldu.
–Danışın!!! – qayalara çırpılaraq exo yaradan bu söz bir neçə dəfə təkrar olundu. Gözlərinin içi tamamilə qızarmış, kürkünün üzəri qara, narıncı ləkələrlə örtülən, sağ qulağının üst hissəsi kəsilmiş bəyaz bir dovşan səndələyərək heyvan izdihamının arasından keçib qarşıya çıxdı. Kürkünü qabardaraq silkələdikdən sonra iki ayağı üstünə qalxaraq başını yuxarı qaldırıb sözə başladı.
–“Yaxşı və pisin, doğru və yanlışın, qatil və məhkumun yaradıcısı olan müqəddəs varlıq! Bütün bəşəriyyətin sonsuz enerjisi! Sənə səslənirəm.Yaratdığın aləmlərlə görə ən şüurlu və əxlaqlı bir canlı olan insan dünyanın ölümcül virusuna, sağalamaz yarasına çevirilib. “Bütün hər şey insana görədir!” şüarı ilə çıxış edib uydurduğu dinlərdən misallar çəkir, sübutlar gətirir, bununla da, heyvanlara vurulan köləlik zəncirlərini daha bərkdən sıxmış olurlar. Öz körpələrini yaşatmaq üçün bizim körpələri məhv edirlər. Öz dərilərini gözəlləşdirmək üçün bizdən təcrübə aləti kimi istifadə edib bizi çirkinliyin ən dərin quyusuna tullayırlar.
Ey müqəddəs varlıq, verəcəyim bu sual, bəlkə də, sənə qarşı üsyandır, amma sənin bizlərə verəcəyin cavab əsrlərdən bəri davam edən bu zülmün haqlı və yanlış olduğu gerçəkliyini göstərəcəkdir. Heyvanlar insanlar üçünmü yaradılıb? Qanı, sümüyü, gözləri, dərisi və bətnindəki körpəsi ilə heyvanlar insanların üzlərində qırışsız təbəssüm yaratmaq üçünmü ölməli, acı çəkməlidir?”
Başları üzərində olan topa bulud narıncı rəngə çevrildi. Bayaqdan uğultu qoparan güclü səs buluddan çıxan şimşəyin iki ehramın arasına düşdüyü anda susdu. “Müqəddəs varlıqla” heyvanlar arasında uzun bir dialoq baş tutdu. Bundan sonra səsi qulaqlardan uzun müddət silinməyəcək böyük bir partlayış oldu. Bu partlayış yararsız yüksək binaları partladılarkən ətrafa çökən toz buludu kimi Naqasaki və Hirosimaya atılan atom bombasının dalğasına bənzər bir qüvvə ilə birgə bütün bəşəriyyəti öz ağuşuna aldı. Hər bir şey bir müddətlik susdu.Yalnız bir müddətlik…
***
“Böyük partlayışdan bir “Raphus” ( Dodo) ömrü qədər sonra.
Uzaqdan ilan kimi qıvrılıb gələrək küçələri dolaşan avtomobil siqnalının səsi işçilərin gözlərindəki sönmüş külü yenidən alovlandırdı.Yaşıl, boz və qara rənglərlə kamuflyaj olunmuş “R” markalı kamaz sonuncu şlaqbaumun altından keçərək zavodun həyətinə daxil oldu. Dekorativ plasmas bitkilərlə örtülü zavodunun həyətində quraşdırılan lampalardan gələn parlaq işıqlara baxmayaraq ümumən zavodun fonunda qaranlıq hökm sürürdü. Boyunlarından insan dişindən olan boyunbağı asılmış iki qara pencəkli qara canavar çiyinlərinə keçirdiyi avtomatı aşırdaraq “R” markalı kamazın arxa hissəsinə yaxınlaşdı. Sükan arxasında əyləşmiş tülkü boynuna bağladığı “insan dərisindən hazırlanan qalstukunu” bir az boşaldaraq kamazın kuza hissəsini açan düyməni basdı. Bu zaman kamazın kuzasından bir əlində silah o biri əlində meqafon tutmuş eynən qohumları canavarlar kimi arxasında “RC” (Ralfi Cosmetic) damğalı qara pencək geyinmiş sol gözündə qara bandaj olan bir koyot düşüb sağ və sol tərəfə baxdıqdan sonra əlindəki meqanfonla var gücüylə bağırdı:
–“Ralfi Kosmetik” zavoduna xoş gəlmisiniz, əziz insanlar! Sizi burada görməyimə çox şad oldum. Budda inancına görə, hər bir insanın bir heyvan bacı və qardaşı olur. Mən də inanıram ki, siz burada öz bacı və qardaşlarınızı tapa biləcəksiniz. Burada qəti sıxılmayın. Özünüzü öz evinizdəymiş kimi hiss edin. Axı dünya sizin də evinizdir, elə deyil?! – kamazda qalan digər koyot (eynən çıxış edən koyot kimi geyinmiş) bir-iki insan narazılıqla səslərini yüksəltdikləri üçün əlində olan elektrikli dəyənəklə səsi çıxanlara, ölü sükutu ilə gözləyənlərə – bir sözlə, qarşısına kim keçdi hamıya vurmağa başladı. Hər zərbədən sonra üzünə qorxunc bir təbəssüm qonduraraq xırıltılı bir səs tonu ilə, – “Mən bacı və qardaşlarımı incitmək istəmirəm, amma buna məni siz məcbur edirsiniz!”, – deyirdi.
Kamazdan zor gücü ilə düşürülən insanlar cərgəyə düzüldülər. Sonra isə “RC” geyimli kayotların müşaiyəti ilə zavodunun qapısından içəri daxil oldular. Zavodun daxili xaricinə nisbətən zəif, ölgün işıqlarla bəzədilmişdi. Yalnız mərkəz hissədə tavandan sallanan lampa digərlərinə nəzərən daha gur işıq saçırdı. Sol və sağ tərəfdəki tünd qara qapılar açılıb örtüldükcə oradan gələn çürük, kif iyi zavodun daxili havasını daha da ağırlaşdırırdı. İnsanlar, xüsusilə ilə, hamilə qadınlar əlləri ilə burunlarını tutur ürəkbulandırıcı qoxudan bu üsulla mümkün qədər yayınmağa çalışırdılar. Bir müddət sonra sağ tərəfdə yerləşən səkkiz nömrəli qapı açıldı. Qapıdan nömrə sayına uyğun olaraq eynən kayotlar kimi qara pencək geyinmiş buynuzları qızıldan olan 8 nəhəng gərgədan çıxdı ki, bunların arasında əlində meqafon tutmuş bir gərgədan insanların cərgəsinə yaxınlaşdıqdan sonra boynuna bağladığı insan dərisindən olan qalstuku (digər gərgədanlarda bu yox idi) bir az boşaldaraq cərgənin ön tərəfindən durdu və sağ əlində tutduğu meqafonu işə saldıqdan sonra boğuq, xırıltılı bir səs tonu ilə üzünü insanlara tutub danışmağa başladı.
– “Ralfi Kosmetika” zavoduna xoş gəlmisiniz. Qaydaları izah etməzdən əvvəl ilk öncə sizlərlə qürur duyduğumu demək istəyirəm. Siz heyvanların dərinlərinin daha təravətli, simalarının eksantrik dərəcədə gözəl, dişlərinin bəyaz köpək balığının dişi kimi ağappaq olması üçün “Müqəddəs varlıq” tərəfindən göylərdən bizlərlə göndərilən bir mələksiniz. Mənə məlumat daxil oldu ki, biz sizi yaxalamamışdan qabaq bir çox insan bizim ATM şöbələrimizə yaxınlaşaraq könüllü surətdə bu zavodda və digər müəssisələrimizdə çalışmaq istədiklərini deyiblər. Bu cür insanlarla ayrıca qürur duyuram. Qaydalara gəldikdə nə qədər ki, qulağınız eşidir məni yaxşı-yaxşı dinləyin!
- Hər kəs bu zavod daxilində istədiyi dini ritualı qarşıdurmaya yol açmamaq şərti ilə azad şəkildə həyata keçirə bilər.
- Milli, irqi ədavəti qızışdıracaq hər hansı bir ideoloji düşüncənin, fikrin yayılması qəti qadağandır! Axı bütün insanlar və heyvanlar qardaşdır elə deyil?
- Sizə verilən qidalardan səmərəli istifadə edin, israfçılığa yol vermək olmaz! Bu arada israfçılıq çox hörmətli cənab Ralfinin sevmədiyi şeylərdəndir.
Bundan əlavə “Ali heyvana” çatmaq naminə sizin üzərinizdə keçirəcəyimiz təcrübələrdən imtina edənlər, bütün bu zavod daxilindəki sistemli quruluşu pozaraq xaosa səbəb olmaq istəyənlər “humanizm”… Ax … Bu söz necə də gülməli səslənir. Gəlin bunu “animalizm” olaraq dəyişək. Bəli, animalizm prinsiplərinə uyğun olaraq azadlığa buraxılacaq, əbədiyyətə qovuşacaqdır. Biz hər bir insana seçim şansı veririk” – deyərək insan dərisindən qalstuk taxmış nəhəng gərgədan bununla da söhbəti yekunlaşdırdı. Sonra zavoda çökən ölü sükutun fonunda digər gərgədanların müşaiyəti ilə insan sürüsü onlara göstərilən otaqlara doğru addımladılar.
Səhərin alatoranlığında oyandırılan hamilə qadınlar artıq 30 dəqiqədir ki, əlləri və ayaqları bağlı bir vəziyyətdə oturmuş tavana (bəziləri işə qarıya) baxırdılar. Onların baxışlarında boşluğun dərin iztirabını duyulurdu. Sanki, beyinləri illərdir ki, zirzəmiyə atılaraq çürüməyə məhkum edilmiş metal bir əşyaya bənzəyirdi. Bu donuqluğun yaranmasına səbəb onların venalarına yeridilən xüsusi keyləşdirici məhlullar idi. Məqsəd təcrübə zamanı insanların gedən prosesə müdaxilə etməsinin qarşısını almaqdan ibarət idi. İnsanlar bir növ aftoriyaya tutulmuşdular. Bulanıq vitrajın ardında bir neçə siluetin sağa-sola doğru istiqamətlənmiş hərəkəti bir anda kəsilməsi ilə proses başlandı. Üzlərinə maska taxmış, xüsusi tibbi paltarlar geyinən 3 zavod işçisi (kimliklərini müəyyən etmək mümkün deyildi) otaqların birindən çıxaraq bağlı şəkildə əyləşdirilmiş qadınlara yaxınlaşdılar. Bulanıq bir siluet əlində saxladığı qutunun içəridəsindən çıxardığı qara rəngdə həbləri digər “simasız” 2 işçiyə uzatdı. İşçilər öz növbəsində hamilə qadınlara yaxınlaşaraq bu həbləri onların ağız boşluğuna tulladılar. Digər bir işçi isə hər 5 dəqiqədən bir əlində saxladığı böyüdücü ilə həb qəbul edən qadınların göz bəbəklərini və kipriklərini müşahidə edirdi. Təxminən 45 dəqiqədən sonra həb qəbul edən 14 qadın bətnindəki körpələri ilə birlikdə şiddətli qanaxmadan tələf oldular. İşçilər bir-birinin üzünə baxırdılar.Yox, onların üzü yox idi. Onların maskalarından tər damcıları yerinə qatı və şəffaf qan damcıları axırdı.Onların qəlbləri “Führerə” sədaqət andı içmiş “SS” zabitlərinin qəlbləri qədər qəddar, rəhmsiz əlləri isə bütün bəşəriyyətin məhvinə səbəb olacaq atom bombasının istifadəsinə imza atan əllər qədər çürümüş və çirkin idi.
Hadisə ilə bağlı məlumatlar yuxarıya məruzə olundu:
“Göz rənginin dəyişdirilməsi və kipriklərin uzadılması ilə bağlı hamilə qadınlar üzərində apardığımız təcrübə uğursuz oldu. Qara həblər əks təsir göstərdi.Yeni əmrlərinizi gözləyirəm.
Çox hörmətlə, “İnsan dərisindən qalstuk taxmış gərgədan”
Günü-gündən “Ali heyvana” çatmaq məqsədi ilə keçirilən təcrübələr artır, təcrübələr artdıqca insanların sayı azalır, insan sayı azaldıqca zavodun havası daha da ağırlaşırdı. Həyatda qalan insanlar isə keçirilən təcrübələr nəticəsində gözləri və qulaqları şiddətli iltihablamağa məruz qalmış, görmə və eşitmə qabiliyyətini itirmişdilər. Bir sözlə, hər tərəf cəsədlər, dərisi çirklə, ləkələrlə örtülü çürümüş insanlarla dolu idi. Bundan əlavə insanlar arasında azaldığın şirin “təbəssümünü” dadanlar da var idi. 3 gün bundan əvvəl “dişlərin bəyazlaşdırılması” təcrübəsindən imtina edən 10 nəfər insan öz xoşu ilə azadlığa çıxmaq istədiklərini bildirdilər ( Axı hər bir insanın seçim şansı var). İnsanları ilk növbədə “Reception” yazılan qara qapıdan içəri saldılar. Müəyyən sənədlər imzalanmalı idi. Ancaq proses çox da uzun çəkmədi. İnsanlar o qapıdan qeyri-adi, şən bir təbəssümlə çıxdılar. Oyun parkına aparılan uşağın üzünə qonan saf gülüş əks olunmuşdu üzlərində… Eyni gülüş iki gün sonra zavoddan çölə daşınan üzərində “Kürksüz boz ayıya” yazılmış qutuların birinin təsadüfən açılması zamanı göründü. Təcrübədən imtina edənlərdən biri dərisinə saman təpilmiş bir vəziyyətdə gülürdü. Artıq əbədiyyətin, azadlığın gətirdiyi təbəssümün nə olduğunu insanlar anlamışdı. Burada azadlıq ölümün sinoniminə çevrilmişdi.
Bir aydan çoxdur ki‚ zavod son sürəti ilə işləyir və aparılan təcrübələrin demək olar ki, çoxu uğursuz olur, insanlar ölür, yerinə başqa insanlar gəlirdi. Bəzən də, insanların biri-biriləri ilə ünsiyyətdə olması da ölümlə nəticələnirdi. Məsələn, dünən Münhendən olan bir alman bir yahudini xoruldadığı üçün yatdığı yerdəcə boğaraq öldürmüşdü. Sonra isə yəhudinin yatağının divarına dırnağı ilə, – “ALİ İRLQLƏR HEÇ BİR ZAMAN XORULDAMAZ”, – deyə bir cümlə çızmışdı. O gün də əfqanlı bir gənc yeməkxanada qarşısında oturan ingilis bir qadının üzünə qaynar maye tökdükdən sonra sağa-sola baxaraq işarət barmağı ilə yuxarını göstərərək qəribə səslər çıxarmışdı.
Nahardan sonra müəyyən qədər təcrübəçilərin dincəlməsinə icazə verilirdi. Bu vaxt ərzində isə divar künclərinə bərkidilmiş radiolardan ən son zavod daxili və xarici xəbərlər çatdırılırdı. Bu günsə radiolar demək olar ki, heç susmadı. Eyni məzmunlu xəbərlər dəfələrlə təkrar olundu.
“Bu gün Ali heyvanlar ölkəsinin fəxri vətəndaşı, “İsti kürk” fondunun təsisçilərindən biri olan cənab “Kürksüz boz ayı” ölkə rəhbəri tərəfindən insan dərisindən hazırlanmış qalstukla təltif olunur (bu qalstuk sistemə ən sadiq üzvlərə verilirdi). Təbriklər…
İki saatdan sonra tavandan sallanan qırmızı işıqların yanıb sönməsi ilə birlikdə zavod işçiləri qəribə bir təşviş içində sağa-sola, yuxarı-aşağı hərəkət etməyə başladılar. Otaqlara girir, bəzi sənədləri oradan çıxarıb başqa bir otağa aparırdılar. Zavod daxilində yaranan bu xaosu müvəqqəti olaraq radiodan gələn qalın, tükürpədici səs dayandırdı.
Müqəddəs “Ali heyvanlar” ölkəsinin dəyərli vətəndaşları! Məni yaxşı dinləyin! Bütün əzab-əziyyətə qatlanaraq hər cür od-alovun yandırıcı qüvvəsi ilə mübarizə apardıq və hər bir körpənin rahat nəfəs ala bilməsi üçün büllur təmizliyində bir dünya yaratdıq. Bu günsə statistik sənədlərə istinad edərək deyə bilərəm ki, yaratdığımız ədalətli dünyamız təhlükə altındadır.
Ölkəmizin simvolu olan “alətimiz” artıq nasaz vəziyyətə düşmüş, hətta bir müddətdən sonra sıradan da çıxa bilər. Siz də yaxşı bilirsiniz ki, alət, ölkə və siz vətəndaşlar “Üç uqnum” kimi müqəddəs və ayrılmazsınız. Odur ki, alətin məhv olması ölkənin və nəticə də sizin məhvinizə gətirib çıxaracaqdır. Sizə əmr edirəm bu alətin işləməsi üçün bütün qüvvələrinizi səfərbər edərək xammal axtarın! Gündəlik məlumatları yaxınlıqdakı “ATM” (AXTAR,TAP MƏHV ET) şöbələrinə bildirin! Əmrimə qarşı gələnlər ən sərt şəkildə cəzalandırılacaqdır! Yaşasın “Ali heyvanlar ölkəsi!”
Sizin rəhbəriniz Ralfi.”
Paytaxt Ralfiya indiyə kimi belə bir izdiham görməmişdi. Ən solaxay küçədən mərkəzi hissəyə qədər uzanan heyvan seli, “Rəhbər sarayının” qarşısında qurulmuş aləti büsbütün çevrəyə almışdı. Polis maşınlarından dəqiqə başı səslənən pafoslu fikirlər, anonslar izdihamı qızışdırır, əllərində tutduqları şüarları daha da yuxarıda saxlamalarına məcbur edirdi. Rəhbər Ralfi artıq 10 dəqiqəyə yaxın olardı ki, öz iqamətgahından ayrılıb alətin üst tərəfində onun üçün hazırlanmış tribunada qərar tutmuşdu. “Ali heyvan” irqinin tarixi, formalaşması, inkişaf mərhələləri haqqında uzun bir nitq söylədikdən sonra sağ pəncəsini yuxarı qaldıraraq, – “Revanşın bitməsinə az qalıb”, – deyib yumruq şəklində bir işarə göstərdi. Bu hərəkətdən sonra kütlənin səsi, maşın sirenalarının səsinə qarışaraq uğultu qopardı. Bu narahat edici səs uzaqdan görünən “RC” markalı qara maşının alət quraşdırılımış şəhərin mərkəzi hissəsinə çatana qədər davam etdi. Milyonlarla heyvan kütləsinin baxışları altında əlləri və qolları zəncirlənmiş bir vəziyyətdə, ağzı bandajla bağlı olan bir insan maşından düşürdülərək alətin yanına aparıldı. Bu hamının gözlədiyi sonuncu insan idi. “Super dövlətin” sonuncu prezidenti …
Üzlərinə maska taxmış cəlladlar prezidentin zəncirlərini açaraq (ağzında olan bandajı çıxarmadılar) paltarlarını soyundurdular. Sonra alətin qarışsında olan dəmir yatağa üzü aşağı vəziyyətdə uzadıb əlləri və ayaqlarını yatağa bağladılar. Cəlladlar rəhbər Ralfinin əmrini gözləyirdilər. O durduğu tribunadan yavaş-yavaş düşərək dəmir yataqda uzadılmış prezidentin başının üzərində durdu. Üzündə qələbənin qəribə, ürküdücü təbəssümü dolaşırdı. Boğazını arıtladıqdan sonra rəhbər Ralfi sözə başladı:
–Ali heyvanlar ölkəsinin paytaxtı Ralfiyaya xoş gəlmisiniz, cənab prezident. Sizi burada, bu vəziyyətdə görməyimə çox şad oldum. Şadlığımın bir səbəbi də ona görədir ki, bu gün həm də mənim doğum günümdür. Heç bir problem çıxmasa özümə sizin o təravətli dərinizdən hazırlanan bir qalstuk hədiyyə etmək istəyirəm. Sizin atomlarınızı daşıyan qalstuk bizim dostluğumuzun əbədi nişanı olacaqdır. Bilirəm, bilirəm… Sizə ağırdır. İndi düşünürsüz ki, ən yaxşı xəlq olunmuş bir canlı olan insan bu hala düşməli deyildi. Doğrudan da, elə düşünürüz ki, siz ən yaxşı yaradılmış möcüzəsisiz? Gəlin sizə elə özünüzün qədimdə yaşamış ulu əcdadlarınız olan kiçe hindularının “Popol -Vux (Xalqın kitabı) müqəddəs kitabından bir hissəsini xatırladım.
Burada deyilir ki, Tepeu və Kukumas adlı Allahlar insanları ilk dəfə gildən yaradıb, lakin bu o qədər də yaxşı nəticə verməyib. Çünki gil əzilib formasını itirir və suda tez islanırdı. Həmçinin o yumşaq, hərəkətsiz və gücsüz idi. Belə olduğu üçündə zəifləyir, yıxılırdı. Get-gedə üzü başqa bir istiqamətə əyilirdi. Baxışları dağ zirvəsi kimi dumanlı idi. Danışa bilirdi, ancaq şüuru yox idi. Allahlar bu səriştəsiz varlıqları tufanla məhv edərək insanı ağacdan yaratmaq istədilər. Ağac adamlar üzdən insanlara bənzəyirdilər. Bir müddət sonra çoxalaraq bütün yer üzünə yayılmağa başladılar. Lakin bu ağac fiqurlarda da nöqsanlar yaranmağa başlamışdı. Onların ruhları yox idi. Onlar yaradıcılarını, allahlarını xatırlamırdılar. Mənasız bir şəkildə dörd ayaq üstündə hər yanı dolaşır bütün canlılara zülm edirdilər. Sonda kiçik və böyük heyvanlar, ağaclar və qayalar yığışaraq bu ağac insanlarının üzlərinə vurmağa başladılar. Susan hər şey danışmağa başlamış onların gil kasaları, tavaları, nimçələri, qazanları, itləri, atları, qarğıdalı dənini üyütmək üçün işlətdikləri daşlar – bir sözlə, hər şey onları döyəcləməyə başlamışdı. Allahlar tərəfindən xəlq olunmuş insanlar 2-ci dəfə məhv edildi. Bax belə, cənab Prezident. İndi isə bəşəriyyət ən son insan nümayəndəsinin dərsinin soyulmasına şahidlik edəcək. – dedikdən sonra əlini qaldırdı. Alətin xərçəngə bənzər uzun qolları üzü üstə uzadılmış prezidentin çiyinlərinə sancıldı……
Yooox. Bu ola bilməz… O, yerindən dik atıldı. Tamamilə qan-tər içərisində qalmışdı. Əliylə ağzını yoxladı, ancaq bandaj yox idi. Sonra çiyinlərinə toxundu. Dərisini hiss edəndə bir az rahatladı. Dəhşətli bir kabus görmüşdü. Yatağından qalxıb stolun üstündəki qrafindən su süzərək içib yenidən olub keçənləri aydın bir şəkildə xatırlamağa çalışdı. Narahatlıq tutulan şikarını toruyla bürüyən hörümçək kimi bütün bədənində gəzir yavaş-yavaş onu da tora salmağa çalışırdı. Əlini telefona atdı. Mindən çox yaltaq məmurun doğum günü mesajı… “Bunu bitirməliyəm”, – deyə düşündü. Telefonu kənara tullayaraq masaya oturdu… Əlinə qələmi alıb bir-iki sətir nəsə qaraldı. Düyməni basaraq köməçisini çağırdı və kağızı ona verdi.
Kağızda yazılmışdı.
“Ölkədə fəaliyyət göstərəcək yeni kosmetik və digər zavodların tikilməsi üçün büdcədən pullar ayrılsın.Yerli və xarici sahibkarlara subsidiylar verilsin. Əmrləşdirilsin. Mənə məruzə olunsun.
İmza :Super ölkənin prezidenti R”
Əynini geyindi. Son olaraq xanımı ad günü üçün ona aldığı eqzotik bir heyvanın dərisindən hazırlanmış qalstuku boynuna bağlayaraq otaqdan çıxdı…..