dr. Pərvanə Məmmədli
Hər iki tayın müdrik ağsaqqalı
Bu gün bütün dünyada və Azərbaycanın hər iki tayında yaşayan Azərbaycan türklərinin adını qürurla çəkə biləcəyi və bütün dünyaya öyünclə nişan verə biləcəyi bir şəxsiyyət var. Xalqı və mötəbər ziyalılar tərəfindən “Əsrimizin yaşayan Dədə Qorqudu”, “Hər iki tayın müdrik ağsaqqalı”, “Əsrin azərbaycanlısı” və bu kimi adları qazanan şəxs – Cavad Heyətdir. Cavad Heyətin 2011-ci ildə 86 yaşı tamam oldu. Yaradıcılığını uzun illərdən bəri izləyib bəhrələndiyim, təbliğ və tədqiq etməyi özümə şərəfli və məsul görəv bildiyim ustadım haqda yazmaq istəyində bulunub paylaşmaq qərarına gəldim.
Doktor Cavad Heyət nədənsə ötən əsrin əvvəllərində millətin nicatı yolunda yorulmadan mücadilə edən ziyalıları xatırladır mənə. O, Vətənin Güneyində Mirzə Cəlil kimi xalqını “dilsizlikdən”qurtarmağa, Sabir sayağı “xabi-qəflətdən” oyatmağa, Əli bəy Hüseynzadə təkin “ümmətdən millətə” keçməyə, Əhməd Ağaoğlu kimi milli haqlara və əsil islami dəyərlərə yiyələnməyə səsləyir.
Adları qeyd olunan bu nurlu ziyalılardan biri,Əli bəy Hüseynzadə Azərbaycanda ilk mətbu orqanının yaradıcısı Həsən bəy Zərdabinin xidmətlərini qeyd edib belə yazmışdı;”Aləmi islam qaranlıqlar içərisində qaldığı zaman,bu adam əlinə məşəl alıb bu qaranlığı işıqlandırmağa çalışırdı.O,məşəl nə idi? Əvvəlinci mətbu kəlam idi.
Cavad Heyət ” fenomeninin varlığı olan “Varlıq” dərgisi
Bu gün ”Aləmi-islam”ın qaranlıqlarını işıqlandıran məşəli doktor Cavad Heyət ötən əsrin 80-ci illərindən başlayaraq gəzdirir. O məşəl 32 ildən bəri Tehranda nəşr olunan “Varlıq” jurnalıdır. Bizlərə, yəni quzeylilərə üç on il bir dərgini çıxarmaq asan görünə bilər.Amma kifayət qədər tibb sahəsində dünya nüfuzu qazanmış (Fransa cərrahlıq Akademiyasının üzvü, Dünya Cərrahlar Cəmiyyətinin İran təmsilçisi, siyahını çox uzatmaq olar)bir ziyalının ömrünün 5-ci onilindən başlayaraq paralel şəkildə tamamilə başqa bir sahədə, özü də adi ölkələrin birində deyil, siyasi, ziddiyət və gərginliklərdən heç zaman xali olmayan bir ölkədə fəaliyyət göstərməsinə çox nadir hallarda rast gəlmək olar.Özünün dediyi kimi daxildən gələn mənəvi ehtiyacdan doğub bu istək. 32 ildir ki, öz vəsaiti ilə çıxardığı bu dərgi vasitəsilə İran türklərinə aşırı Pəhləvi dönəmində uzun ullər az qala yadırğadıqları ana dilini yenidən öyrədib,milli mədəniyyətə,tarixə sahib çıxmağa çağırıb,milli kimliyi tanıdıb Cavad Heyət.
Cavad Heyət kimi dünya şöhrətli cərrahın, türk dünyasında böyük nüfuz qazanmış böyük şəxsiyyətin, hərtərəfli savada, geniş erudisiyaya malik olan ziyalı-vətəndaşın varlığının varlığı olan “Varlıq” dərgisi. 30 ildən artıq bir zaman ərzində İranda Azərbaycan dilinin, ədəbiyyatının yaşadılması, «Varlıq» dərgisinin onun yaradıcısı Cavad Heyətin adı ilə ayrılmaz surətdə bağlı olub.
İran ədliyyəsinin qurucularından biri, Osmanlıların “İttihadi-islam” Cəmiyyətinin İran təmsilçisi Əli Heyətin oğlu Cavad
Doktor Cavad Heyət 86 il bundan əvvəl may ayının 24-də Təbrizdə soylu, əsli-nəcabəti ilə seçilən bir ailədə doğulub. Böyük alim və ruhani olan atası Əli Heyət Məşrutə inqilabının iştirakçısı və İran ədliyyəsinin qurucularından olub. Anası isə Hacı Mirzə Məhəmməd Müctəhidi Təbrizinin qızı idi. Şərqin Nəcəf,Qahirə və İstanbul kimi elm və təhsil mərkəzlərində oxuyub araşdırmalar aparan atası Əli Heyət 30 il İran ədliyyəsində işləmiş, müəyyən dövrlərdə İranın Baş prokuroru seçilib, ədliyyə naziri olur. Birinci Dünya savaşı illərində (1918) Osmanlılarla birlikdə “İttihadi-islam” cəmiyyətini qurur və İran tərəfindən cəmiyyətin rəhbəri olaraq fəaliyyətə başlayır. 1919-cu ildə bu cəmiyyət naxçıvanlıları ermənilərin şiddətli basqınlarından qurtara bilir. Xalqı bu tayda – Naxçıvanda erməni təcavüzündən o tayda isə dəfələrlə şah qırğınlarından qoruyan atasının – Əli Heyətin bu mötəbər missiyasını o heç vaxt unutmur. Doktor Cavad Heyət Mirzə Əli Heyətin yalnız oğlu deyil, həm də yaxşı tələbəsi olur, türklük şüurunu da ilk dəfə ondan alır. Atasının dövlət məmuru kimi tez-tez iş yeri dəyişdirildiyindən Cavad ilk orta və lisey təhsilini Həmədan, Təbriz və Tehran kimi şəhərlərdə alır. Sonra Tehran Universitetinin tibb fakültəsinə daxil olur. Daha sonra İstanbulda təhsilini davam etdirib tibb doktoru olur, ardınca Parisə gedib cərrahlıq ixtisasını tamamlayır.
İranda ilk dəfə ürək cərrahiyyəsi və böyrək köçürmə əməliyyatların aparan pioner cərrah
İranda az bir zamanda pioner cərrah kimi tanınaraq ilk dəfə ürək cərrahiyyəsi (1968) və böyrək köçürmə(1969) əməliyyatlarını aparır.
12 il “Daneşe pezeşki” (“Tibbi bilik”) jurnalını nəşr etdirir. Jurnalda onun 70-ə yaxın elmi məqaləsi yayınlanır. 1976-cı ildə Məhəmməd Rza Pəhləvi səltənətinin 50-ci və İran şahlarının 2500 ildönümü ilə bağlı yazı yayınlamadığı səbəbindən jurnal SAVAK (İranın Təhlükəzlik Orqanı) tərəfindən qapadılır.
Cavad Heyət bütün həyatını və fəaliyyətini əsasən cərrahlığa, həmin sahə üzrə araşdırmalara sərf edərək İranda nəzəri və eksperimental cərrahiyyənin əsasını qoyur. Elmi-nəzəri və əməli uğurlarına görə 1983-cü ildə Paris Beynəlxalq Cərrahlıq Akademiyasının üzvü seçilir. Uzun illər Tehran Azad İslam Universitetinin Cərrahlıq kafedrasının müdiri və Beynəlxalq Cərrahlar Cəmiyyətinin İran nümayəndəsi olur. Bütün bu şərəfli və nadir uğurlarla yanaşı C.Heyət millət sevdalısı,Əli Heyətin oğludur. Doktor Cavad Heyətdə məhz irsən qazandığı vətən təəssübkeşliyi və əlbəttə, humanizm güclü olduğu üçündür ki, son 20 ildə Şimali Azərbaycanda xalqın başına gətirilən müsibətlər, Qarabağ sindromu ilə həyata keçirilən azərbaycanlıların soyqırımı bu narahat ürəyin sahibinə dinclik vermir. Həmin milli faciənin qarşısının alınması üçün hər vasitəyə əl atan, İrandakı Qarabağ Müsəlmanlarına Yardım Komitəsinin sədri Cavad Heyət dünyanın bəzi dövlət başçılarına, o sıradan İran və Türkiyə prezidentlərinə müraciətdən belə çəkinməmişdir.
“Öldürülənlərin şərqisi” əsərindəki doktor Cudi
C.Heyətin İrandakı bir çox türk aydınlarının boynunda haqqı az olmayıb.Yeri gələndə onlara təbib kimi qulluq göstərib,sağaldıb,bəzən də türkcə yazıb yaratmağa yönəldib,həvəsləndirib. Doktor Heyət Pəhləvi rejimi ilə silahlı savaşda yaralanan,İranda modern şeri formalaşdıranlardan biri,istedadlı şair Əlirza Nabdilin(Oxtay) son anlarını görüb,təsəlli verib yaralarını sarıyıb. Digər iki həmyerlisi,ömrünün sonralaında Fransada yaşayıb yaradan istedadlı nasir,dramaturq Qulamrza Saedi və bu gün Kanadada dissident yazar kimi yaşayıb ədəbi fəaliyyət göstərən, dəfələrlə Nobel mükafatına təqdim olunan ünlü yazar,tənqidçi Rza Bərahəni ilə dostluq etmiş,onlara əsərlərini türkcə yazmağı tövsiyyə etmişdi. Doktor Heyətin həyata 29 yaşında göz yummuş yuxarıda adı çəkilən Ə.Oxtayla bağlı söylədiyi xatirələr və onunla xəstəxanadakı buluşmaları Rza Bərahəninin yazdığı “Öldürülənlərin şərqisi” adlı romanında əks olunub.Bu romanda doktor Cavad Heyət doktor Cudi kimi təsvir olunub.(Sonuncu bilgiyə Güntay Gəncalpın bir yazısında rast gəldim-P.M.) Əsərlərinin yalnız cüzi hissəsi ana dilində olsa da bu iki ünlü yazarın əsərlərinə həmişə türklük ruhu hakim olub,bu ruh onların yaratdıqları qəhrəmanların xarakterində,təfəkkür və davranışında aydın sezilib. M. Şəhriyarla, Səhəndlə məslək və könül yoldaşı olan doktor Heyət onları da ana dilində yazmağa təşviq edib.Şəhriyar məşhur azərbaycan türkcəsində yazdığı şeirdən sonra “cəzalandırılılıb” yatağa düşəndə onu Təbrizdən Tehrana çağırıb. 6 ay ərzində evinin birinci qatını ona ayırıb onunla hörmətli qonağı və pasienti kimi ilgilənib.
Süleyman Dəmirələ yazılan kədər dolu tarixi məktub
Onun 1993-cü ildə böyük ürək ağrısı ilə Türkiyənin sabiq prezidenti cənab Süleyman Dəmirələ yazdığı açıq məktubdakı bu sözləri həyəcansız oxumaq mümkün deyil: “Mən bu sətirləri göz yaşlarımın qarşısını ala bilmədən yazıram və bu anda allah-taaladan xalqımıza qurtuluş, ya da özümə ölüm istəyirəm” Cavad Heyət həmin məktubda Azərbaycanı düşdüyü indiki fəlakətli vəziyyətdən çıxarmaq üçün səyləri gücləndirməyə, “böyük dövlətlərin silahları ilə təpədən-dırnağadək silahlanmış ermənilər qarşısında azərbaycanlıları müdafiə edib soyqırımına mane olmağa çağırır.
Doktor Cavad Heyətin və eləcə də digər müəlliflərin Şimalla bağlı yazılarında Qarabağ (onun tarixi və indiki fəlakətli vəziyyəti, o cümlədən qaçqınlar məsələsi) problemi və 20 Yanvar faciəsi dərginin aparıcı və ən yanğılı mövzularındandır.
Yazının əvvəlində xatırlanan Süleyman Dəmirələ açıq məktubu xalqına qurtuluş yolları arayan vətəndaş yazıçının arxasında böyük dövlətlərin durduğu erməni işğalına qarşı dünya ictimaiyyətinə etiraz səsi və ədalətli tələblərinin ifadəsidir. Məktubda azərbaycanlıların başına gətirilən bugünkü faciələr açıqlanır və göstərilir ki, “məmləkətimizin başına gətirilən bu faciə böyük bir millət və ya güclü bir dövlət tərəfindən deyil, bütün tarix boyu himayəmiz altında dolanan və ədalətimiz sayəsində bütün insani haqlardan faydalanan ermənilər tərəfindən” açılmışdır. “Şəxsən Süleyman Dəmirələ ünvanlanmış və surəti xarici işlər naziri doktor Əliəkbər Vilayətiyə göndərilmiş olsa da, əslində həmin açıq məktubun müraciət obyekti qat-qat genişdir. Müraciətdə deyilir: “Silahsız, ordusuz və əsarətdən yenicə çıxmış qardaşlarımızı yalqızmı buraxmalıyıq? Erməni-daşnak ordusunun onların yurdlarına həyasızcasına təcavüzünə, qadın və kişilərini, qoca və uşaqlarını acından öldürmələrinə tamaşaçımı qalacağıq? Bu, bizlərin şərəfinə, türklüyə və müsəlmanlığa, nəhayət, insanlığa yaraşarmı?”
20 Yanvar faciəsini Güneydə, eləcə də Tehranda azərbaycanlılar milli fəlakət, milli faciə kimi qarşıladılar. Güney Azərbaycandakı bu kədər və iztirabların əks-sədasını “Varlıq”ın səhifələrində tapırıq. Dərgi yazırdı: “Ölkənin namuslu xalqının uzun əsrlərdən baş alıb gələn milli-tarixi istəklərinə ədalət və məntiq ilə cavab vermək yerinə güllə və tankla cavab verildi…”
Qeyd etmək zəruridir ki, sevincli və fərəhli günlərdə də doktor C.Heyət öz quzeyli qardaşlarının yanında idi.
Güneydə Azərbaycan dil və milli mədəniyyətinin qoruyucusu olan dərgi
Doktor Cavad Heyətin azərbaycançılığı, bütöv Azərbaycan mədəniyyətinin tarixi missiyasını düzgün hiss etməsi, nəhayət, onun bu mənəvi sərvəti bütün xalqın malı etmək uğrunda mübarizəsi tam gücü və dolğunluğu ilə ustadın dərc etdiyi “Varlıq” jurnalı və bu dərginin nəşrində öz təcəssümünü tapmışdır.
1978-1979-cu illər İran inqilabının qələbəsindən və İran İslam Cümhuriyyətinin (İİC) elan edilməsindən dərhal sonra – 1979-cu ilin aprelindən nəşrə başlayan “Varlıq” jurnalı və bu dərginin səhifələrində özünə yol açmış Cavad Heyət publisistikasının aparıcı və daimi istiqamətləri şahlıq istibdadının qadağalarından sonra bərpa və yardıma böyük ehtiyacı olan Güney Azərbaycandakı mədəni həyatın bütün sahələr üzrə inkişaf yollarının hamarlanması məsələləri və onun bölünməz mədəniyyətinin problemləridir.
Pəhləvi diktaturası dövründə açıq assimilyasiya siyasəti tüğyan etdiyi vaxtlarda, xüsusilə Güney Azərbaycanda 1945-1946-cı illər və 1951-1953-cü illər milli azadlıq və demokratik hərəkatları yatırıldıqdan sonra ölkədə azərbaycanlıların milli varlığını, onların dilini, ədəbiyyatını qoruyan və yaşadan başlıca amilin xalqın folklor yaradıcılığı olduğunu nəzərə alsaq, həmin dövrdə M.Ə.Fərzanə və bir sıra digərlərinin şifahi xalq ədəbiyyatı, başqa sözlə, ağız ədəbiyyatı nümunələrini toplayıb saxlamaq, qismən də olsa, nəşr etmək sahəsində fəaliyyəti böyük fədakarlıq idi və ilk saylarından “Varlıq”ın səhifələrində həmin müəlliflərin bu sahədə araşdırmalarının tədricən oxuculara çatdırılması özü xalq qarşısında böyük xidmətdir.
Cavad Heyətin Varlıq” dərgisi Azərbaycanın müasir həyatında bir hadisədir. Onun fəaliyyəti həm İrandakı, həm də Quzey Azərbaycandakı azərbaycanlıların milli şüurunun formalaşmasında mühüm amillərdən biri kimi qiymətləndirilməlidir. Cənubda və Şimalda da 80-ci illərin ikinci yarısından etibarən vüsət almış milli azadlıq və demokratik hərəkatımızın köklərindən bir qismi də “Varlıq”a, onun naşiri və yazarı – bir sözlə, canı və ruhu Cavad Heyətə gedib çıxır.
“Varlıq”da, xüsusilə məhz Cavad Heyətin özünün məqalələrində bütöv Azərbaycan xalqının milli dediyimiz həmin şüurunu qidalandıra biləcək mövzuların əksəriyyətinə toxunulmuşdur.( “Varlıq” jurnalının 20 ildə çıxan saylarını araşdıran və bununla bağlı ayrıca ilk dəfə elmi monoqrafik kitab nəşr edən- təqdim olunan yazının müəllifinin bu fikri söyləməyə yəqin ki,qətiyyəti çatır)* Bu məqalələrdə doktor Cavad Heyət həm dilçi, həm də tarixçi kimi görünür. O, Azərbaycan dil, ədəbiyyat və tarixinə olan marağını belə açıqlayır. “İstanbulda tibb tələbəsi ikən türk ədəbiyyatı və tarixi ilə maraqlandım. Türk tələbələri tarixlərini və milli ədəbiyyatlarını çox yaxşı bilirdilər. Bu, məndə qibtə hissi oyadırdı. Və tarixi və ədəbiyyat tarixlərini oxumağa başladım…” “… inqilabdan sonra ana dilimizdə kitab və mətbuat nəşr etmək azad olduğu üçün “Varlıq” dərgisini çıxartmaq şərəfi mənə qismət oldu. Əlbəttə, biz bu işi yazıçılar heyətimizi təşkil edən bir neçə qələmdaşımızla aparmışıq”.
C.Heyətin elmi-publisistik fəaliyyətində İranda Azərbaycan tarixini məqsədəyönlü şəkildə saxtalaşdıran,dünya ictimai fikrini azdırmağa çalışaraq xalqımızın tarixi ilə əlaqədar əsassız iddialar irəli sürən müxtəlif fikir sahibləri ilə cəsarətli mübarizə mühüm yer tutur.
Cavad Heyətin ədəbiyyatla bağlı araşdırmaları
“Varlıq” dərgisinin yarandığı illərdə mənəvi cəhətdən yaşamaq və ya məhv olmaq dilemması ilə qarşılaşan xalqın söz meydanına böyük ehtiyac vardı. “Varlıq” bunu xalqına aşılamaq üçün yarandı. Fars dilində təhsil almış azərbaycanlılara öz dillərində oxumaq asan deyildi. Ona görə də yaradılmış nəşriyyə ikidilli oldu
“Varlıq” nəşr olunan vaxtlarda Azərbaycan türkcəsində ədəbi dildə yazanları, danışanları barmaqla saymaq olardı. Bu yolda dərgi örnək rolunu oynamağa başladı. Ana dilini ancaq evdə, ailə çərçivəsində eşidən və bilən oxucular üçün bu dərgi həm əlifbanı, həm də bədii ədəbiyyatı əvəz etməyə başladı. Bu jurnal ikiyə bölünmüş xalqın hələlik mədəni və bədii təfəkkür baxımından qovuşmasında əvəzsiz rol oynadı.
Doktor Cavad Heyət kitablarında da eyni ədəbi tarixi missiyanı həyata keçirib.”Azərbaycan ədəbiyyatına bir baxış” adlı əsərində C.Heyət XIII yüzildən çağdaş dövrədək Azərbaycan ədəbiyyatının şair və yazıçılarının həyat və yaradıcılığından bəhs edir. Doktor bu kitabı, əsasən, Şimal ədəbiyyatını İran azərbaycanlılarına yığcam şəkildə təqdim etmək məqsədi ilə yazmışdır. C.Heyət bunu da etiraf edib söyləyir ki, əsərin mükəmməl və ya kafi olması bəhs mövzusu deyildir. Məqsəd xalqı ədiblərlə daha yaxından tanış etmək və ədəbiyyatımız barədə bir fikir söyləməkdir…
Sonralar dil tarixi ilə ciddi məşğul olarkən o, Güneydə yaradılan ədəbiyyatla, türk xalqlarının qədim müştərək folkloru, yazılı ədəbiyyatı və əski türk şairləri ilə hərtərəfli məşğul olmaq zərurəti hiss edir.Araşdırma zamanı Azərbaycan, İran, Türkiyə ilə bərabər Avropada nəşr olunmuş qaynaqlara, kitablara dövri mətbuata, əlyazmalarına istinad edir.Doğma türkcədən başqa fars, ərəb, fransız dillərini də mükəmməl bilməsi tədqiqatçı alimə Azərbaycan tarixinə, ədəbiyyatına dair çox maraqlı və dəyərli faktların üzə çıxarılmasına imkan verir. Ona görə də Cavad Heyətin ədəbiyyat tarixi kitablarında adlarına ya az, ya da heç təsadüf etmədiyimiz şairlərə, ümumiyyətlə ədəbi tariximiz üçün çox dəyərli məlumatlara, mənbələrə rast gəlmək olar. Qeyd etmək yerinə düşər ki, bu əsərdə, Bakıda indiyə qədər çap edilməmiş, ədəbiyyat tarixi kitablarında adı çəkilməyən Şeyx Əlvan Şirazi, Qazi Abdulla xan, Təbrizli Kəlbalı, Şah Abbas Sani, Tərzi Əfşar, Dəruni, Matəmi, Mustafa Qulu xan və onlarla başqa şairlərimiz haqqında da məlumat verilir.
Bu şairlərin əksəriyyəti vaxtilə Azərbaycandan Şərq ölkələrinə, xüsusilə Türkiyəyə mühacirət edənlərdi.Təəssüf ki, ədəbiyyat tarixi mənbələrində bu məsələyə diqqət yetirilməyib.
Təbii ki, doktor Cavad Heyət yuxarıda adı çəkilən məqalələrində zəngin Azərbaycan ədəbiyyatını tam əhatə edə bilməzdi. Onun özünün də qeyd etdiyi kimi, əsas məqsədi cənublu oxucuları Azərbaycan ədəbiyyatı ilə tanış etmək olmuşdur. Bununla belə demək lazımdır ki, bir sıra nöqsanlarına baxmayaraq qeyd etdiyimiz kimi doktor C.Heyət Azərbaycan ədəbiyyatını ümumtürk ədəbiyyatı kontekstində araşdırmış və əsas üstünlüyü şairlərin doğulduğu, yaşayıb yaratdığı məkan faktorundan çox, onların hansı dildə yazıb yaratdığına, yəni dil faktoruna vermişdir.
Cavad Heyətin klassik irsin tədqiqinə həsr olunmuş məqalələri professionallığı, mənbələrə dərindən bələdliyi, obyektiv yanaşma tərzi ilə seçilir. “Varlıq” dərgisi isə Azərbaycan şifahi xalq ədəbiyyatı nümunələrinin nəşrində, yeni-yeni xalq sənətkarlarının üzə çıxarılmasında, Azərbaycan klassik ədəbiyyatının öyrənilməsi və təbliğində bir araşdırma mərkəzi kimi fəaliyyət göstərir.
C.Heyətin “Azərbaycan şifahi xalq ədəbiyyatı” əsərində Azərbaycan folkloru geniş tədqiq olunur. Onun “Ədəbiyyatşünaslıq” kitabında və bu sahə ilə bağlı tədqiqatlarında isə müəllifin Avropa, Şərq və rus ədəbiyyatşünaslığının təcrübəsinə bələdliyi bariz hiss olunur və bu onun ədəbiyyatşünas kimi tədqiqatlarına yenilik gətirir. Cavad Heyətin folklor araşdırmaları folklor mövzusunun ən aparıcı istiqamətlərindən biridir. C.Heyət “Kitabi-Dədə Qorqud”la bağli yazılarında çoxlu yeni dəyərli fikirlər irəli sürür. «Varlıq»da «Dədə Qorqud» abidəsinə geniş yer verilməsi Cənubda folklorşünaslığın inkişafına müəyyən dərəcədə təkan vermişdir. Sovet dönəmində xüsusən də türkçülüklə bağlı digər tarixi abidələr kimi vulqar sosioloji yanaşma nəticəsində «Dədə Qorqud» da ziyanlı bir ədəbi mənbə hesab olunurdu. Lakin bütün türkdilli xalqların dili, ədəbiyyatı və mədəniyyətinin beşiyi başında duran və bu dastanların sistemli tədqiqi nəticəsində Şimalda qorqudşünaslıq xüsusi elmi sahə kimi diqqəti cəlb etməyə başladı.Xatırladım ki, bu abidələr Cənubda hələ ötən əsrdə 40-cı illərin əvvəllərindən mətbuatda – ADF-nin orqanı olan “Azərbaycan” qəzetinin səhifəsinə cıxmışdı. (Şimalda repressiya dalğasının hələ də əsdiyi o illərdə tək bir “türk” kəlməsinə görə ən azından Sibirə sürgün olunurdular-P.M.). «Varlıq»da bu yazılara müəyyən yer ayrılıb, ən görkəmli dilçi, folklorçu və etnoqraf alimlərin yazıları dərc edilib. Lakin həmkarlarından fərqli olaraq öz tədqiqatında Cavad Heyət bu dastanların Cənubi Azərbaycan tarixi-coğrafi məkanı ilə bağlı tərəflərinə xüsusi diqqət ayırmışdır.
Cavad Heyətin xalqa “əbavü əcdadını”tanıdan məşhur kitabı
İranda sonuncu inqilabdan sonra Azərbaycan dilinin elmi tarixi ilə doktor Cavad Heyət və doktor Həmid Nitqi məşğul olurdular. C.Heyət fars dilində çap etdirdiyi “Türk dilinin tarixi və ləhcələri” əsərini Pəhləvi rejimi zamanı İran dilçilik elminin və hakim ideologiyanın Azərbaycan dilinin özünəməxsus müstəqil və zəngin bir dil olmasını inkar etməsinə cavab olaraq yazmışdır. Məhəmməd Əmin Rəsulzadə əsrin əvvəllərində publisist Mais Əlizadənin təbirincə desək,”İran türkləri” terminini dünyanın siyasət müntəxabatına daxil etmişdisə,əsrin sonunda doktor Cavad Heyət əsasən İranda yaşayan türklərin danışdığı ləhcələri tədqiq edən “Türk dili və ləhcələrinin tarixi” kitabını dünyanın türkologiya tarixinə daxil etdi.Sonuncu kitab İranda türkologiyanın təməlini qoydu və necə deyərlər, xalqa “əbavü əcdadını” tanıtdırdı.
Mahmud Kaşqarinin təxminən 950 öncə yazdığı “Divani lüğəti türk”, Əlişir Nəvainin isə 500 bundan qabaq qələmə aldığı“Mühakimətül-lüğəteyn” əsərlərinin davamı olaraq Cavad Heyət Azərbaycan dilinin leksik və qrammatik zənginliyini və onun bəzi üstünlüklərini göstərmək üçün iki dilin- azərbaycan türkcəsi və fars dilinin müqayisəli tədqiqinə həsr olunmuş “Müqayisətül lüğəteyn” əsərini yazdı.Məqsəd bu oldu ki, müxtəlif səbəblər ucbatından əsərlərini farsca yazan və farsca yazmağa meylli olan həmvətənlərinə Azərbaycan-türk dilinin daha böyük üstünlüklərə malik olduğunu göstərsin və onları doğma dildə yazıb yaratmağa təşviq etsin,həvəsləndirsin
C.Heyət bu iki əsərində İranın fars şovinistlərinə cavab olaraq Azərbaycan xalqının etnik və dil cəhətdən türk soyuna mənsubluğunu tutarlı örnəklərlə izah edib, bu xalqın dil, mədəniyyət, eləcə də etnik baxımdan türk xalqları qrupuna daxil olduğunu əsaslandırır.
Türklərin tarixi və ədəbi abidələri ətrafında araşdırmaları
C.Heyətin yazıları içərisində Azərbaycan tarixi problemləri də özünəməxsus yer tutur. Bu jurnalın səhifələrində Azərbaycanın tarixi keçmişi ilə bağlı olan bir çox məsələlərə toxunulması, mühüm problemlərin qoyulması özü milli oyanışı qidalandırmışdır. Bu yazılar içərisində Azərbaycan tarixinin ən mühüm düyün nöqtəsi olan oğuzların tarix boyu ölkəmizə gəlişi probleminə həsr edilmiş məqalələr xüsusi diqqət çəkir.
«Varlıq» dərgisi ümumiyyətlə folklor, türk xalqlarının mifologiyası, tarixi-mənəvi varlığı klassik ədəbiyyatı ilə bağlı araşdırma mərkəzlərindən biri sayıla bilər. Türklərin tarixi təşəkkülü, türk dünyagörüşü və mədəniyyətinin dünya sivilizasiyasında yeri, rolu haqqında silsilə tədqiqatlara öz səhifələrində yer ayırması «Varlıq» dərgisinin böyük tarixi xidmətləridir. Hələ Şimalda bu tipli tədqiqatların geniş vüsət almadığı bir vaxtda Cavad Heyətin türk dövlətləri, türk xalqları haqqında böyük informasiya tutumu olan məqalələrinin nəşri milli mənəviyyatımızın öz kökü, əsli ilə ilişgilərini üzə çıxartmaqda böyük rol oynayıb.
Qədim türk ədəbi nümunələri, yazılı qaynaqları haqqında Cavad Heyətin tədqiqatları ana dilli ədəbiyyatımızın tarixi kökləri barədə də da zəngin məlumat verir. Cavad Heyətin bu səpgili araşdırmaları «Türklərin tarix və mədəniyyətinə bir baxış» adı ilə Bakıda nəşr olunandan sonra «Varlığın» tarixi, ictimai və milli-mənəvi çəkisi haqqında təsəvvürlər daha da zənginləşdi. Əslində şovinist siyasət yeridən məmləkətdə bu tipli tədqiqatların nəşr edilməsi, Cənubda yaşayan soydaşlarımızın öz tarixi kökünə qayıdışı üçün zəmin hazırlayırdı. Şimalda isə uzun müddət türk xalqlarının tarixi birtərəfli, səthi öyrənilmiş və nəzəri baxımdan məlum qəliblərə əsaslanıb.
Cavad Heyətin, ümumilikdə isə «Varlığ»ın bu istiqamətdəki fəaliyyəti Azərbaycan türkləri üçün öz tarixlərini öyrənməkdə zəngin məlumat, informasiya vermək baxımından qiymətlidir. Cavad Heyətin türk tarixinə dair araşdırmalarında Azərbaycan faktoru əsas yer tutur.
Tədqiqatçı Azərbaycan xalqının türk xalqlarından biri, Azərbaycan mədəniyyətinin isə vahid, bölünməz ümumtürk mədəniyyətinin ancaq bir hissəsi olduğu qənaətindədir. Cavad Heyətin əsaslandığı ümumtürk ədəbiyyatı konsepsiyası hələ 1920-ci ilə qədər Əmin Abid, Abdulla Şaiq, İsmayıl Hikmət, Fuad Köprülü kimi ədəbiyyatşünaslar tərəfindən qəbul edilmiş, Azərbaycan ədəbiyyatı məhz ümumtürk ədəbiyyatı kontekstində araşdırılmışdır.
Azərbaycan ədəbiyyatını ümumtürk ədəbiyyatı kontekstində öyrənmək baxımından «Varlıq»da klassik irslə bağlı dərc edilmiş araşdırmalar da diqqətə layiqdir. Bu araşdırmalar sırasında əhatəli olması və ümumiləşdirmə dəyəri ilə Cavad Heyətin Azərbaycan ədəbiyyatına dair tədqiqatları xüsusi yer tutur.
Cavad Heyətin ən böyük əsəri –“Varlıq”
Cavad Heyət Şimal və Cənubdan asılı olmayaraq, bütöv Azərbaycanın dərd-sərinə səs verir. Bununla belə o, hər bir taya ayrılıqda aid olan problemləri də qəlbindən keçirərək onlarla yaşayır. Hələ sərhədlərin bağlı olduğu 1982-ci illərin qeydlərindən aydın olur ki, bu problemlərin mərkəzində onun üçün xalqımızın ən böyük faciəsi – 200 ilə yaxın olan ayrılıq dərdi durur. O yazır: “Biz bir elin övladları olduğumuz halda tarixin yaratdığı faciədən sonra 150 ildən bəri ölkələrimiz ayrıldığı üçün taleyimiz və problemlərimiz də ayrı-ayrı olmuşdur. Hələ XX əsrdə, yəni insanlar fəzaya və aya gedən əsrdə aramıza aşılmaz sərhədlər də çəkilmişdir”
Cənubla bağlı isə doktor Cavad Heyət 1978-1979-cu illər inqilabından sonra özünü daha böyük məsuliyyət və vəzifələr qarşısında hiss etmişdir. Qarşıda uzun illər Pəhləvi hakimiyyətinin azərbaycanlıları farslaşdırmaq siyasəti nəticəsində xalqın öz sırf milli-mənəvi inkişafından mərhum edilmiş bu böyük hissəsinin mədəni həyatının bütün sahələri üzrə inkişaf yollarının müəyyənləşdirilməsi və hazırlanması kimi mühüm məsələlər dururdu. Azərbaycanın vahid tarixi, ədəbiyyatı və mədəniyyəti xalqa çatdırılmalı, yazılı və ədəbi dilin formalaşması sahəsində çətin və mürəkkəb iş görülməli idi. Bütün bu işlərin ağırlığını Cavad Heyət öz üzərinə götürməklə yuxarıda adları çəkilən məslək, amal dostlarının birgə fəaliyyəti ilə qarşısında duran məsul işə başladı. “Varlıq” dərgisinin nəşri bu məsuliyyətli işin başlanğıcı idi.
Cənubi azərbaycanlıları özünə tanıtdırmaq, onları öz vahid mədəniyyətinin sahibi etmək işində ilk addım kimi ana dili problemini həll etmək zəruri idi. Cənubi Azərbaycanın qocaman yazıçı və şairi Həbib Sahirin dediyi kimi, xalqa “inqilabdan sonra verilmiş nisbi bir azadlıqdan” istifadə edərək, ilk növbədə, Cavad Heyət və Həmid Nitqi bir çox uğurlar qazana bildilər. Lakin ən çətin məsələ etnik dillərin statusunun müəyyən edilməsi idi.
Cavad Heyət özü “Varlıq”ın ilk saylarından məhəlli (milli) dillərin yerlərdə qeyri fars əhalinin ana dili kimi məktəblərdə azad şəkildə tədris olunmasını irəli sürmüşdü. Azərbaycanlı ziyalıların böyük bir dəstəsinin ümumi rəyini bildirən və bu qəbildən olan digər tələblər İİC Əsas Qanununda (Konstitusiyasında) öz əksini çox məhdud şəkildə tapmışdır. Belə ki, Konstitusiyanın XV maddəsində milli dillərdən danışıldıqda qeyd olunur ki, məktəblərdə fars dili ilə yanaşı milli ədəbiyyatların tədrisi azaddır. Aydındır ki, bu məhdud hüquq milli məktəblərdə, o sıradan Azərbaycan məktəblərində yalnız ana dili və ədəbiyyatının tədrisinə aiddir, təhsilin ana dilində aparılmasına isə imkan vermir. Qabaqcıl ziyalılar tərəfindən Azərbaycan dilinin Azərbaycan xalqının rəsmi dili hesab edilməsi, İran universitetlərində Azərbaycan dilinin rəsmən tanınması, onlarda Azərbaycan dili və ədəbiyyatı kafedralarının yaradılması, milyonlarla azərbaycanlının yaşadığı Tehranda ikidilli məktəblərin açılması və dərs kitablarının hazırlanması haqqında haqlı tələbləri isə əslində cavabsız qalıb. XV maddənin göstərilən məhdud imkanından belə real istifadə olunmayıb.
Göstərilən tələblər həyata keçirilməsə də, qabaqcıl ziyalıların ön cərgəsində gedən Cavad Heyət və “Varlıq” dərgisi bu sahədə öz işini və tədbirlərini davam etdirib. Azərbaycanın milli mədəni ehtiyaclarından bəhs edən türkdilli dərgilər artıq 1982-ci ildən etibarən bağlandığı halda, bunlardan təkcə “Varlıq”ın öz fəaliyyətini bu günədək davam etdirməsini nəzərə alsaq, onun naşir və yazarlarının üzərinə nə dərəcədə böyük məsuliyyət düşdüyünü təsəvvür etmək olar. Vaxtaşırı öz xəbis niyyətlərini büruzə verən paniranistlər Cavad Heyətin yeni-yeni yazılarında öz layiqli cavablarını alırlar.
Beləliklə, hörmətli alim doktor Cavad Heyətin elmi-publisistik fəaliyyətindəki bir sıra yazılara, onlardakı bəzi mühüm məsələlərə salınan ötəri nəzər, onlara verilən qısa şərhlər belə ustadın bütöv Azərbaycan uğrunda yanan ürəyinin döyüntülərini eşitdirir, şimallı-cənublu bütün Azərbaycan türkləri üçün yorulmaq bilmədən çalışdığını, yazıb-yaratdığını nişan verir.İran tüklərinin milli şüurunun oyanmasında əvəzsiz iş görmüş “Varlıq”dərgisi kimliyini tanıyan Türklüyü ilə fəxr edən yeni bir nəslin də yetişməsinə səbəb olub. Və “Varlıq”ın bu günədək öz varlığını yaşatması da dərgini təmənnasız, öz şəxsi vəsaiti ilə nəşr edən doktor Cavad Heyətin həmin qibtə ediləcək dəyanəti ilə bağlıdır.
Doktor Cavad Heyət tək Azərbaycan xalqı üçün deyil, bəlkə, bütün İran xalqları, həm də müsəlman və türk dünyası üçün qiymətli, əvəzedilməz şəxsiyyətdir.
O,xalqımızın çarpan ürəyi,söylər dili, ağlar gözüdür.O yalnız başına bir ulusun simgəsi sayılır.O,yoxluq kuragında Varlıq toxumu əkən,qanı ilə suvaran yaşlı bağbandır. O özünü amacına,xalqına həsr etmişdir.İndi dr.Cavat bir fərd deyil,bir ulusdur,min bir qələm,Azərbaycanın sinəsində yaşayan milyon ürəkdir.Şünki o qaranlıqlara qarşı mum kimi əriyərkən,tariximiz damarına axmış,xalqın varlığına yayılmışdır.Ona görə də dr. Cavad Heyəti təbrik etmək bir xalqı ağırlamaq deməkdir.”- Bu xoş diləklər”Varlıq”dərgisinin yazarlar heyətinə daxil olan Əziz Möhsini, Mir Hidayət Həsari, İsmayıl Hadi, Səməd Sərdarniya, RəhimRəisniya, Əlirza Sərrafi, Məhəmmədrza Heyət, Həsən Məcidzadə, İbrahim Rəfrəfin 6 öncə ünvanlanmış təbrik məktubudur. Gəlin biz də bir daha bu təbrikə qoşulaq. – Çox yaşayın, yaradın. Siz yaşadıqca bu milləti də dirçəldib yaşadırsınız, doktor!