Ana səhifə BAŞ YAZI Rafiq Tağı özü qurduğu nizamın qurbanı oldu

Rafiq Tağı özü qurduğu nizamın qurbanı oldu

Müəllif: Bizim Yazı
149 baxış

– AİLƏSİNDƏN REPORTAJ

Rafiq Tağının vəfatını ailə üzvləri onun yaşlı anasından gizlədirlər, deyirlər ki, əsərlərinin tərcüməsiylə bağlı xaricə, Londona gedib

Yazıçı-jurnalist Rafiq Tağının evinə gedəcəyim andan məni bir neçə saat ayırırdı. İşdə olsam da,  ruhum çox uzaqlarda çırpınırdı və azadlıq istəyirdi. Hər dəqiqə pəncərəni açıb həyətə boylanırdım, elə bilirdim ki, hər kəs mənim hara gedəcəyimi bilir. Hətta göydəki buludların da məni duyduğunu düşünürdüm. Axı səhərə yaxın onlar öz göz yaşlarını ovuclarımda əritmişdilər. Özümə sığmırdım, darlıq içində var olan bir məkanda idim. Elə bil divarlar da hər tərəfdən üstümə gəlirdi və məni boğmaq istəyiridi.  Tez-tez də telefonu qaldırıb saata baxırdım. El bil saat da mənim təlaşımı duyub, axınını ləngidirdi. Nəhayət saat 2-ni keçdi və mən bütün varlığımı toplayıb iş yoldaşımla birgə bu yolculuğa çıxdım. Bizi metronun “Elmlər Akademiyası” stansiyasında Rafiq Tağının qardaşı İlqar Tağı qarşıladı və yazıçının evinə apardı. Səssizliyə qərq olmuşdum və yol boyu nə danışacağımı düşünürdüm. Axı bu ailəyə bircə quru təsəllidən savayı nə verə bilərdim ki.?!

Rafiq Tağının evi

Evə çatdıq və sükut çökdü. Bir az sakitcə ətrafı seyr etdim. Hər yanda onun rəsmləri məni izləyirdi və sanki “niyə görüşümə belə gec gəldin?” deyirdi. Dayana bilməyib yan otağa keçdim. Rafiq Tağının həyat yoldaşı Mailə xanım da mənim arxamca gəldi. Nə danışacağımı kəsdirə bilmirdim, elə bil dilimə qıfıl vurulmuşdu. Və elə o an gözüm bir sandığa sataşdı. Yəqin etdim ki, bu sandıq özündə çox sirləri və dünyaları gizlədib.

“Bu sandıqda Rafiqin hələ işıq üzü görməyən əlyazmalarını yığmışıq” –deyə Mailə xanım dilə gəldi. Bəlkə də bu müdrik qadın mənim həyəcanımı duyub ortama bir sakitlik gətirmək istəyirdi. Bu sandığa baxmaq həmin an ən böyük arzum idi. Amma təəssüf ki, bu mümkün deyildi. Mailə xanım sandığın üstündən çox əşya yığmışdı. Sanki bu bir təlaşın, bir qorxunun içində görülən bir iş idi. Elə bil qəfildən kimsə gəlib bu əlyazmaları da bu ailədən ala bilərdi. Sonuncu ümidləri qorumaq və yaşatmaq üçün bu sandıq belə qorunurdu.

Səssiz gecələrin harayı

– Rafiq fərqli bir insan idi. O, yaxşı həyat yoldaşı, layiqli ata, əvəzolunmaz qardaş və … övlad idi. Mailə xanım göz yaşlarını saxlaya bilmir və bir az susuruq…..

– Bir də mən hələ də onun yoxluğunu qəbul edə bilmirəm. Elə bilirəm işdədi və indicə gələcək. Gecələr də yatmıram…, gözüm qapıda qalır. Nəsə ürəyimə elə gəlir ki, o sağdı və hər an bu qapını açıb gələ bilər.

Mailə xanım yenə göz yaşlarını saxlaya bilmir və təkrar səssiz bir sükuta qərq oluruq. Amma bu sükutun özündə belə çətin və keçilməz dağlar, sıldırım qayalar var imiş. Elə bil susduğumuz bir dəqiqə illəri aşıb gəldi. Mailə xanım bu ağırlığı aradan qaldırmaq üçün məni çay süfrəsinə dəvət edir.
“Qəmər, qonağa çay gətir” – deyə qızına səslənir və o biri otağa keçir. Bu insan çox mətin və dözümlü, əsl həyat dostu, həyat yoldaşı kimi mənim yaddaşıma həkk olundu.

Rafiq Tağının iş prosesində yaşananlar

Yoldaşı Mailə xanım bizə yazıçının iş prosesində baş verənlərdən danışdı.
“İşdən evə gələn kimi bir az dincəlirdi, yatırdı. Bir də gördün ki, yuxudan oyandı tez yazı prosesinə başladı. Deyirdi ki, “ay Mailə, başımda hekayələr doludu, yazmasam olmur”. Bir müddət yazandan sonra yenidən yatırdı. Bir də səhər saat 5–də oyanıb yazırdı. Elə bil yazıları beyninə həkk edirdi. Sonra saat 8-də yenidən yatıb dincəlirdi. Həmişə də deyirdi ki, “mənim beynimə hekayələr gəlibsə, mütləq yazmalıyam, yoxsa mən rahat yata bilmərəm”. Arada da uzanıb rus dilində olan kitabları oxuyardı. Onu ya kitab oxuyan yerdə, ya da yazı yazan zaman görmək olardı. Hətta yemək yeyəndə belə, fikri yazılarının yanında qalırdı. Ya da elə yeməyini də götürüb kompüterin arxasına keçirdi. Arada hiss edirdim ki, yazılarında ailəsindən də bəhs edib. Amma adları da şərti qoyurdu. Bir dəfə də söz vermişdi ki, mənim haqqımda da ayrıca bir hekayə yazacaq, qismət olmadı. O yazını yazmadan bu dünyadan getdi….

Bir də heç vaxt unuda bilməyəcəyim əsərlər onun qatil haqqında yazdıqlarıdır. Sanki bu hekayələrlə o öz həyat yolunu cızıbmış. Ya da hiss edirmiş ki, mütləq nəsə olacaq. Öncədən də hiss etdiklərini yazıb ki, sonra bəlkə buna imkanı və zamanı olmadı”.

“Deyirdi ki, bu gün çatmayan sabah olacaq və Allah yetirəcək…”

Çay süfrəsində də söhbətimizi davam etdiririk. Mailə xanım şəkilləri gətirir…, hamısının səliqə ilə ayrıldığını və ayrı-ayrı sellofan torbalara, kağızlara büküldüyünü görürük. Hər bir şəkil silsiləsi öz ardıcıllığını gözləyir. Qarışıq bir məqam belə yox idi. Rafiq Tağı illərlə qalan hansısa bir yazını, sənədləri də saxlayırdı. Amma onların həm vaxtı, həm də əhəmiyəti çoxdan itmişdi… Bircə Rafiq Tağı üçün onların hər an əhəmiyyəti var idi. Çünki onların hamısı onun həyatından qopub gələn parçalar idi. Həcmindən asılı olmayaraq, onun üçün böyük bir məna kəsb edirdi.

Şəkillər elə ardıclıqla düzülüb ki, sanki bir insan həyatının doğuluşdan bu günə qədər olan həyatın bir ssenarisi hazırlanır. Hər bir bağlama növbəti olanın əvvəlidir. Hər biri də bizə yeni bir dünyanı göstərir. Bir ata kimi, ailə başçısı kimi Rafiq Tağı övladlarının hər anını ardıcıl olaraq yaddaşa həkk etmişdi.

“Rafiq həyatında olan çətinliklərə, problemlərə daim saf təbəssümlə cavab verərdi” – deyə Mailə xanım yenidən göz yaşlarına qərq olur.
“Bu insanın mən bir əsəbi və nifrət dolu baxışlarını tanıdığım müddət ərzində görməmişəm. Hətta tənqidlərə, ətrafında cərəyan edən söz-söhbətlərə belə, daim normal yanaşırdı” .

İndi anlayıram ki, bu sakitliyin əsası təbəssümün sehri imiş…

“Həmişə deyirdi ki, Mailə, darıxma bu gün çatmayan sabah olacaq və Allah yetirəcək. O yalnız Allaha inanırdı…“.

Rafiq Tağı şəkilləri elə bir ardıcıllıqla yığmışdı ki, biz övladlarının hər anını elə bil yaşamış , görmüş kimi olduq. Elə bil illərlə biz də qıraqdan bir izləyici kimi bu ailənin həyat yolunu izləyirdik. Sanki onların həyatı bir səhnə, biz də bir tamaşaçı idik. Yenə o böyük insanın dünyasına dalıram və bunları da öncə görə bilmədiyim üçün özümü qınayıram.

Qəmər adlı bir dünya

Rafiq Tağının qızı gözəl gözlü Qəmər fikirləri ilə mənim qəlbimi fəth etdi. Bu qız sanki öz dünyasından bir balaca istilik, bir balaca da sevgini incə, zərif ovuclarında gizlətmişdi. Bərk-bərk də sıxmışdı ki, əllərini açıb o sevgini qoparan olmasın. Nədənsə Qəmər mənə məşhur rəssamların tablolarında özünə əbədi bir yer alan qıza bənzədi. Bu dünyanın dərdini özündə əks etdirən fərqli baxışları var idi. Bax o zaman mən anladım ki, gözlərindən ovuclarına düşən o göz yaşları imiş. Əlində bərk-bərk sıxırmış ki, kimsə onun ağladığını görməsin. Bu qızın gözlərindən onun gələcək uğurlarının və atasının bir işığını gördüm.

Bir neçə müddət öncə mətbuatda Qəmərin atası ilə bağlı bir şeirini oxumuşdum. Elə şeirlə söhbətimizi başladıq.

– Qəmər, bildiyim qədər şeir də yazırsan. Həm bununla, həm atanla bağlı ürəyində olan fikirlərini bizimlə bölüşməni istərdim.

– İndi 10-cu sinifdə oxuyuram və Tibb Univerisitetinə hazırlaşıram. Şeir yazsam da, hələ professional deyiləm. Amma əvvəllər xarici dilləri oxumaq istəmişəm. Atama deyirdim ki, sənin əsərlərinin hamısını ingilis dilinə mən təcümə edəcəm. Dünyada səni tanısınlar və oxusunlar. Sonra nədənsə həkim olmaq istədim. Atamın yolu ilə davam edəcəm. O da həkim idi və yaradıcılığı da var idi. Mənim atam fərqli idi və bəlkə də heç kimin belə atası yox idi. Elə ancaq bizim evdə belə bir insan və ata var idi. Bir ata kimi daim dərslərimizlə məşqul olardı və hələ də öyrətdikləri yadımdadı. Biologiyadan müəlliməmin deyə bimədiklərini o mənə deyirdi və unutmaq olmur. Ata idi, amma yazıları internetdə  ya hardasa çap olunanda, uşaq kimi sevinirdi və bu həyəcanını həmişə bizimlə bölüşürdü. Həmişə deyirdi ki, birdən mənə görə həkim olmaq istəyərsən…, olma, öz istədiyin sənəti seç” .

“Əvəzolunmaz bir qardaş idi”

Qardaşı İlqar Tağı bu yaxınlarda mətbuatda bir şeirlə çıxış etmişdi. Bu şeir Rafiq Tağının sanki yenidən dönəcəyini, lap bir nəfəs qədər də yaxınlıqda olacağını aşılayır insana.

Xoşun gəlməzdi sənin
yalançı adamlardan,
mənsə yalançı xislətimi açdım qoydum ortaya
sən gedəli “Londona”…

Rafiq Tağının vəfatını ailə üzvləri onun yaşlı anasından gizlədirlər, bilirlər ki, ana bu faciəli xəbərə dözə bilməyəcək. Ona Rafiqin, əsərlərinin tərcüməsiylə bağlı xaricə, Londona getdiyini söyləyirlər.

“Rafiq bir kəlimə ilə izah olunmayan insan idi. O, uzaqda  Moskvada olanda belə, bizim qayğımıza qalırdı və ordan da nəzərini, diqqətini bizdən əskik etmirdi. O zaman mən hələ orta məktəbdə oxuyurdum.  Mənəvi cəhətdən daim hər birimizə dayaq idi. Həkim kimi də, qardaş kimi də əvəzolunmaz bir insan idi. Bu insan çətinliklər çəkməsinə baxmayaraq, hər zaman bədbinlikdən uzaq idi” .
İlqar Tağının sözləri tükənməz olsa da, arada susurdu və bu da qardaş, mənəvi bir dayağın itkisinin susqunluğu idi. Amma biz bu susqunluqda bir qardaş haqqında dastan həcmində xatirələr toplunu sezə bildik.

İşıq üzü görməyən əlyazmalar …

İlqar Tağının sözlərinə görə Rafiq Tağının çox sayda çap olunmayan əsərləri var. Bu əsərlərin, hekayə və şeirlərin əlyazmaları qalıb. Qardaşı  bu əsərlərin hamısını nəşr etdirmək fikrinin olduğunu da söylədi. Sağlığında Rafiq Tağının onları çap etdirməyə zamanı olmadı.

“Çap olunmayan əlyazmalarını tam çapa hazırlasam, hardasa bir şeir və 6 hekayə kitabı edər”  deyə İlqar Tağı susqunluğunu pozdu.
“Həmin əsərlərin bu yaxınlara kimi əlyazma kimi qalması zamanın olmamasından irəli gələn bir haldır. Amma mən zamanla bu əsərləri nəşr etdirəcəm”.

Xatirələr…

Rafiq Tağının oğlu Asimanla da söhbət etmək istədik, amma nədənsə heç bir kəlmə danışmaq istəməyən bu oğlanın tələbə olduğunu və politologiya təhsili aldığını öyrəndik. Amma fərqli bir peşənin sahibi olmaq istəyir. O biznesmen olmaq və .., çətinliklərdən qurtulmaq istəyir.

Mailə xanım yenə də söhbətin axınını dəyişir və bizə xatirələrindən danışır. “Rafiqin ən çox sevdiyi yemək aş idi. Bütün günü də onu yeyə bilərdi. Ən maraqlı və yadda qalan hadisə onun bir dəfə mən xəstə olanda çay dəmləməsi idi. Amma quru çay əvəzinə çörəkotunu götürüb dəmləmişdi. Və məndən soruşurdu ki, niyə bu çay dəm almır. O zaman çox gülmüşdük…. O, güləndə uşağa bənzəyirdi. İnsana daim özündə bir güvən hissi yaradan biri idi. Şən insan idi, arada zümzümə edirdi və qardaşı da onu gitara ilə müşayiət edirdi. Uşaq vaxtı rəsm də çəkirmiş“.

Artıq özümü günahkar kimi hiss etməyə başlamışdım…Çünki hər kəlmə göz yaşlarını da öz ardınca gətirirdi…..ona görə də susmalı idim.

Nidalarn üsyanı !!!!!!!!!!!!

Rafiq Tağının adını daim dostlarımdan eşidirdim, amma tanış olmaq imkanı olmamışdı. Tədbirlərin birində tanış olduq və o andan etibarən həyatımda yeni rəngin olduğunu dərk etdim. O, bir ata, bir müəllim və İnsan kimi mənə öz yaradıcılıq yolumu tapmaqda kömək olmuşdu. Bir də o, mənim yaddaşımda nidaların üsyanı ilə çarpışan bir insan kimi qaldı… Çünki o bir insanı kəşf etmək üçün nida işarəsindən istifadə edirmiş. Hər artan nida isə o insanın uğur qazanmasına doğru bir yol cızırmış..

Könül SƏİD

/Modern.az

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.