BizimYAZI.com Azərbaycan Silahlı Qüvvələrinin giziri Zaur SAHİLin yeni şeirlərini təqdim edir:
***
Ruhumuz Tanrıdan alıb gücünü,
Torpağın canından qoparır bizi.
Ölüm canımıza salıb özünü,
Təzədən torpağa aparır bizi…
Hər gün başımızın saçı tökülür,
Düşür, o dünyaya yol olmaq üçün…
Hər gün bu dünyadan bir insan köçür,
Gedir, o dünyada doğulmaq üçün…
23.09.2013
A dağlar qızı
İlhamın izinə düşəndən bəri,
Səddi bilinməyir, a dağlar qızı.
İndi ürəyimdən keçən arzunun,
Həddi bilinməyir, a dağlar qızı.
Özüm öz saçımda dən olmuşam mən,
Özümdən çıxaraq sən olmuşam mən.
Hər dərdi qadanı mən almışam mən,
Qəddim əyilməyib, a dağlar qızı.
Getmək istəmirəm… bu gün sabaha,
Bir istək içimdə batıb günaha…
Yaşamaq mənimçün ayıbdı daha,
Şərtim deyilməyib, a dağlar qızı.
13.04.2013
Sevincim
Qaya kimi titrəməyi var idi,
Yollar kimi büdrəməyi var idi.
Hər arzuma, istəyimə yar idi,
Daşıb birdən selə döndü sevincim,
Qəfil əsən yelə döndü sevincim.
Mən sayanı o nədənsə saymadı,
Ürəyimdə yanan eşqi duymadı.
Sevgisini mənə yaxın qoymadı,
Çıxıb getdi, ilə döndü sevincim,
Qəfil əsən yelə döndü sevincim.
Məndən ayrı bağçalara qondu, o..!
Tikan üstə buz bağlayıb dondu, o..!
Birdən birə alışaraq yandı, o..!
Yanıb, yanıb külə döndü sevincim,
Qəfil əsən yelə döndü sevincim…
2013
Saxla görüm
Ay, bizi havalı edən,
Dumanı saxla görüm.
Ucuzu bahalı edən,
Zamanı saxla görüm.
Əl qıranın əlindən,
Səhv deyənin dilindən,
İnsanın əməlindən,
Yamanı saxla görüm.
Qoyma, güllər soluxsun,
Qoyma, gözlər doluxsun,
Qoyma, kimsə darıxsın,
Gümanı saxla görüm.
31.01.2013
1 şərh
Salam, Əziz və hörmətli şair dostum Zaur qardaşım! Fəxri üzvü olduğunuz Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Redaksiya, Yaradıcı, Nümayəndə Heyətlərinin üzvləri adından sizə ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyirəm.