İlahiyyat üzrə Fəl.Dr. Samirə Həsənova
AMEA, Fəlsəfə,Sosiologiya və Hüquq İnstitutu
Türk fəlsəfəsinin görkəmli əsərləri bizim zəmanəyə qədər gəlib çatmasına baxmayaraq, çoxsaylı mövcud qlobal fəlsəfə tarixində Türk fəlsəfə tarixinin tədqiqi hələki yerini tapmayıb. Təəssüflə qeyd etməliyik ki, Türk alimləri tədqiqatlarında belə bu fəlsəfə barədə hər tərəfli və ardıcıl tədqiqini verməyiblər. Dəlil kimi, fəlsəfə tarixi üzrə məşhur tədqiqatlarda Yusif Balasaqunlunun Kutadqu Bilik, Mahmud Qarqarinin Divanu Luğati-Türki əsərlərinin adları çəkilmir. Bu əsərlər əksər hallarda Ə.Yəsəvinin “Divani-Hikmət”, Yunus Əmrə yaradıcılığında və digər dini-fəlsəfi cərəyanlardan olan mütəfəkkirlərin irsində fəlsəfə və ictimai fikir axtarırlar. Digər ümumi fəlsəfə tarixinə həsr edilmiş ümumi səciyyəli tədqiqatlarda istər dünya fəlsəfəsindən, istər İslam fəlsəfəsindən bəhs edilsin, türk fəlsəfə tarixi əksər hallarda yad edilmir. Söylədiyimiz həm türk fəlsəfə tarixinin öz – özlüyündə aşkar və təfsir edilməsində, həm də bu tarixin İslam bölgəsi fəlsəfə tarixinin ayrılmaz hissəsi kimi təqdim edilməsində neqativ rol oynayır. Qeyd etməliyik ki, son dövr tədqiqatları daxil olmaqla geniş yayılmış rus dilli tədqiqatlarda da türk fəlsəfəsi çox az tədqiq edilmişdir.
Deyilənləri nəzərə alaraq, çıxışımızı Yusif Balasaqunlunun dövrümüzə çatmış “Kutadqu Bilig” əsərinə həsr edirik. XI əsrdə yazılmış bu əsər fəlsəfi, xüsusilə sosial-fəlsəfi fikrinin zirvələrindən biri hesab edilə bilər. Müxtəlif bölgə (Uzaq və Yaxın Şərq) mədəniyyətlərindən qaynaqlanan bu əsər dünya orta əsr fəlsəfi və sosial-fəlsəfi fikrinin ayrılmaz hissəsi kimi qəbul edilə bilər. Onun özündən əvvəlki dövrün Çin fəlsəfi və sosyal-fəlsəfi, Hind-İran, Şamanizm və Qədim Türk fəlsəfi qaynaqları ilə əlaqələrini izləyərək həmin əsərin bütöv Şərq (Uzaq və Yaxın) fəlsəfi fikrinin abidəsi olmasını və bu dövr adı çəkilən bölgə fəlsəfəsinin yüksək səviyyəsini qeyd etmək vacibdir. Eyni zamanda bu dövr türk fəlsəfi qaynaqlarının gələcək əsr türk qaynaqları ilə müqayisəsi və müqayisə əsasında türk fəlsəfi fikrinin təkamülünün onun orta əsr Şərq və Dünya fəlsəfi fikrinin təşəkkülündəki yerini axtarmaq müasir elm qarşısında duran vacib məsələlərdəndir.
Dediklərimizi sübut etmək üçün yuxarıda adını çəkdiyimiz Yusif Balasaqunlunun Kutadqu Bilik əsərində fəlsəfi və ictimai fikir problemlərinin qoyuluşu və təfsiri barəsində bəzi mülahizələrimizi söyləmək istərdik.
Yusif Balasaqunlunun özü və əsəri haqqında məlumatı ancaq Kutadqu Bilikdən alırıq və kitabı haqqında da müəllif sadəcə “kitaba Kutadqu Bilik adını verdim, oxuyanı kutlu qılsın və ona yol göstərsin” deməklə kifayətlənmişdir. Kutadqu Biliyi tədqiq edən Vambery, Radloff, R.R.Arat, Dilaçar, Thomson, W.Barthold, A.N.Kononov, S.N.İvanov, Köprülü, K.Vəliyev, R.Əsgər kimi əksər alimlərin fikrincə, Kutadqu Bilik “kutlu və xoşbəxt olma biliyi”, xoşbəxt edən elm”, “padşahlara layiq elm” mənasını ehtiva edir.
Yusif Balasaqunlu eyni zamanda Türk-İslam aləminin Tükr dilində yazmiş ilk şair-mütəfəkkiridir. Əsərinin ilk fəslində özü bunu qeyd edir və Türk dilində yazdiği üçün qürur duyduğunu söyləyir. Yazı dilinin əsəri həsr etdiyi Buğra xanın istifadə etdiyi Qaraxanlı Türkcəsi olduğunu bildirən mütəfəkkirin uyqur əlifbası ilə yazdığı təxmin edilir.
Balasaqunlu əsəri dörd təməl üzərinə bina etdiyini söyləyir. Bunlar Qanun (ədalət), Kut, Ağıl və Qənaətdir. Kut sözünün “xoşbəxtlik” mənasına gəldiyini söyləyənlərlə (ki, Vambery, Radloff, Thomson, W.Barthold, A.N.Kononov, S.N.İvanov bunlardandır) birlikdə, onun “dövlət” mənasında işləndiyini söyləyənlər də (R.R.Arat, İ.Kafesoğlu, K.Vəliyev və R.Əsgər vs. bunlardandır) olmuşdur. Kitabın önsüzündə də bildirildiyi kimi, bu əsər çox məşhur olmuş, Çinlilərin Ədəbul-Muluk, Maçinlilərin Enisul-Memalik, Şərqdə Ziynətul-Uməra, İranlıların Şahnamə, Turanlıların Kutadqu Bilig adını verdikləri bu kitabda dövlətin yıxılması və ya davamının nədən qaynaqlandığını, hakimiyyətin necə əldən çıxdığını, ordunun necə toplanacağını, səfər yollarının necə seçiləcəyini, hökmdarla xalqın qarşılıqlı haq və vəzifələri kitabda açıqlanmişdır. Bu təqdirdə, kitabın 4 təməl üzərinə: Qanun (ədalət), Dövlət, Ağıl və Qənaət üzərinə bina edildiyini söyləmək daha doğru olar.
Əsər Gündoğdu, Aydoldu, Öydülmüş və Odqurmuş adlarında 4 insanın söhbətindən meydana gəlmişdir. 85 fəsildən ibarət olan əsərin ilk on fəsli Tanrı və Peyğəmbər, dörd xəlifə və əsərin təqdim edildiyi Buğra xanın tərifinə, ulduzlara, biliklə ağlın xüsusiyyətlərinə, yaxşılığın faydalarına, dilin məziyyətlərinə, dərin fəlsəfi məna daşıyan məsələlərə ayrılmışdır. Sonrakı fəsillərdə isə müəllif adı çəkilən şəxsləri tanıdır. Gündoğdu İlig hökmdardır və qanunu yəni ədaləti təmsil edir, onun sözləri qanunun sözləridir. Aydoldu Kutdur yəni dövlətdir. Öydülmüş Kutun oğludur və ağlı o təmsil edir. Bir zahid olan Odqurmuş isə qənaəti təmsil edir. Dövlət, qanun, hökmdar, dil və bəylik bəhsləri ilə vəzirin, komandanların, Has Hacibin, qapıcı başının, aşçı başının, elçinin, katibin, xəzinədarın necə olmaları gərəkdiyi; məmurların hökmdar üzərindəki haqları, qarabudun adlandırdığı xalqla, bilginlərlə, seyyidlərlə (Hz.Əli soyundan olduqları üçün), həkimlərlə, ofsuncularla, röya təbirciləri ilə, münəccimlərlə, fəqirlərlə münasibətlə və xidmətçilərlə, işçilərlə necə davranmaq lazım olduğu barədə bu dörd varlıq və onları təmsil edən bədii rəmzlər arasında söhbətlər əsərin əsasını təşkil edir. Ağlın Qənaətin qədərə əsaslanan görüşünü puç etməsi əsərin əhəmiyyətli bir hissəsini təşkil edir. Gündoğdu, Öydülmüş və Odqurmuş üz üzə gələrək və məktublaşaraq din və dünya haqqında dərin söhbətlərə dalırlar. Bu hissələrdə varlığın yaranışı, İslam təfəkkürü, iman, İslam təsəvvüfü kimi mövzuları incəliklə işlənilir. Aydın olur ki, dünya adamı da, din adamı da ehtiyacdan xali deyildir. Fəqət hər iki zümrəyə daxil olan insanlar öz ictimai və fərdi vəzifələrini anlayıb idrak etsələr, həyatda öz əbədi borcunu anlayıb yaşasalar dünya və axirət xoşbəxtliyinə qovuşa bilərlər. Əsərin son fəsli “gənclik”, “zəmanənin pisliyi” və müəllifin özünə nəsihətindən ibarətdir. Həyatın acılığından və mürəkkəbliyindən yorulmuş müəllif, zəmanədən şikayət edir və gəncliyə nəsihət edir.
Görüldüyü kimi əsər idarəciliyin siyasəti haqqında olmaqla birlikdə, umumfəlsəfi, sosyal, etik, estetik problemləri də ələ alan bir əsərdir. Əsər eyni zaman humanitar və təbii elmlərin məşqul olduğu problemləri də çox geniş şəkildə öyrənir. Kononovun fikrinə görə,” bütün bu sosyal-mənəvi ruhu ilə “Kutadqu Bilig” quru bir etik-didaktik əsər deyil və ola da bilməz. Bu, insanın cəmiyyət içindəki rolunu, əhəmiyyətini və mənasını analız edən fəlsəfi bir əsərdir.” Erkebayev də, bu əsərin sadəcə müsəlman dünyagörüşü ilə həyata baxışı deyil, eyni zamanda varlığın daha dərindən idrak etmək cəhdi olduğunu bildirməkdədir. Kutadqu Biliyin dünyaya tanıdılmasında böyük əməyi olan R.R.Aratın fikrincə, Balasaqunlu hər şeydən əvvəl bir mütəfəkkirdir və “İnsan həyatının mənasını təhlil edən və onun cəmiyyət və dövlət içindəki vəzifəsini təyin edən bir fəlsəfə, bir həyat fəlsəfəsi sistemi yaratmışdır”.
Kutadqu Bilikdə Balasaqunlunun Aristotel və Platon sistemi ilə əlaqəsini də görə bilirik. Amma o dövrünün təbii elmlərinin nailiyyətlərindən çıxış edərək, yerin kürəvari olduğunu və öz oxu ətrafında döndüyünü təsdiq və təkid edir. Qədim mütəfəkkirlərin fikirlərini davam etdirərək bizi əhətə edən reallığın, həyatın dünyanın və yerdəki həyatın təməli olan 4 ünsürdən (torpaq, su, hava və od) ibarət olduğunu bildirir. O düşünürdü ki, torpaq mərkəzi bir yerdədir və dörd ünsürün əsasını təşkil edir. Şair-mütəfəkkir iddia edir ki, təbiətdəki və cəmiyyətdəki hadisələr qanunauyğun bir şəkildə inkişaf edir və dəyişir.
Qnesologiya sahəsində Balasaqunlunun çox maraqlı fikirləri var. O idrakın yaranması və mahiyyəti haqqında, ağlın və biliyin insan həyatındakı rolu haqqında çox dəyərli fikirlər irəli sürür. Şərq perepatetikləri kimi o da rasionalistdir. Yusif ağılı yaradıcı bir güc və maddi dünyanın predmetlərini dərk etmək aləti kimi görür. Onun fikrincə, ağıl insana müqəddəs biliyi açır. Mütəfəkkir eyni zamanda həqiqətin dərkində hissi idrakı da inkar etmir.
Yusif Balasaqunlu müasirlərinin diqqətini idrakın biliksiz mümkün olmadığına çəkir və bildirir ki, dünyanı daha dərindən dərk edə bilmək üçün təhsilini və biliyini sistematik və mütəmadi olaraq artırmalısan.
O, insanı heyvandan ayıran ən önəmli cəhət ağıl və bilikdir. Hikmət, təhsil və biliyin cəmiyyətdə hörmət və dəyər qazanmağın əsası olduğunu, biliyin zənginlik olduğu və onsuz onun söhbətinin də ağlının da bir qiyməti olmadığını vurğulayan Balasaqunlu bu barədə müasirləri İbn Sina, Farabi və Firdovsi ilə eyni görüşü paylaşır.
Kutadqu Bilikdə əxlaqın problemlərinə əhəmiyyət verilir və əsər boyu yüksək etik ideyalar bir birini əvəz edir. Mütəfəkkir ədalət, yaxşılıq, pislik kimi etik kateqoriyaları şərh edir və onların əlaqəsini göstərir. Onun konsepsiyasına görə, ədalət yaxşılığın, xeyirxahlığın təməli və mahiyyəti olmalıdır. Yəni ədalətli hökmdar olmaq, xeyirxah işlər görmək deməkdir. Balasaqunlu təliminə görə, hökmdar adələti təmsil edən bir varlıqdır. Bu varlığın zirvəsi isə Qanundur. Dövlət də, ağıl da, qənaət də Qanuna xidmət etməlidirlər.
Mütəfəkkir elmi konsepsiyaların insanın əxlaqi təkmilliyində əhəmiyyətli rolunu göstərir. Ona görə, bilik elə mənəviyyat, əxlaqdır. Çünki bilik və idrak şəxsiyyətin xeyirxah və ədalətli olmasına kömək edir. Başqa sözlə, insanlar elmi biliklərə yiyələnərək mənəvi və əxlaqi baxımdan təkmilləşə bilərlər.
Balasaqunlu eyni zamanda həyatın mənası və insanın ölməzliyi problemi ilə də yaxından maraqlanır. O hər bir insanın cəmiyyət qarşısında borcunu yerinə yetirməli və özündən sonra yaxşı ad qoymalı olduğunu hesab edir. Balasaqunlu düşünür ki, ölümü tanımayan ancaq “xeyirxah əməl” və “ağıllı sözdür”.
Mütəfəkkir insanların mənəvi tərbiyəsi problemi üzərində də durur. Gənclərin tərbiyəsi, dövlətə sadiq, xalqın mənafeinə xidmət edən fərdlərin hazırlanması onun diqqət mərkəzində olan məsələlərdəndir.
Balasaqunlu usaqların ailədəki tərbiyəsinə diqqət çəkir. Onun fikrincə, usaqların entellektual, mənəvi və fiziki sağlamlığının təməli ailədə qoyulur. O, valideyinlərin usaqlara qarşı tələbkar və ciddi olmalarının, övladlarına nümunə olmalarının vacibliyini vurğulayır. Uşaqları tərbiyə edə bilməmək – həm uşaqlar üçün, valideyinlər üçün bədbəxtlikdir.
Göründüyü kimi Balasaqunlu bugün də əhəmiyyətini qoruyan ümumbəşəri, mənəvi prinsipləri tədqiq edib. Beləki, əsərin aktuallığının əsas səbəblərindən biri də məhz zamandan asılı olmayaraq sözü edilən anlayışıların və mənəvi dəyərlərin bəşəriliyidir.
Kutadqu Biligin yenidən fəlsəfi baxış bucağı ilə oxunması, orta əsr mütəfəkkirinin daxili aləminə nüfuz etməyə, onun dərin qatlarının açılmasına kömək edəcək. Kutadqu Biligin fəlsəfə tarixi sahəsinə daxil edilməsi ictimai fikir tarixinin, orta əsrlərdə Türk xalqlarının fəlsəfi dünyagörüşünün ortaya çıxarılmasına yol açacaq. Balasaqunlunun Kutadqu Bilik əsərinin öyrənilməsi bizim orta əsr Şərq xalqları haqqında, onların yüksək zəkası haqqındakı təsəvvürümüze işıq tutacaq.
Qaraxanlıların İslamı qəbul edən və Qaşqarda ilk Türk-İslam dövləti quran Buğra xan İslam-Türk mədəniyyətinin təməlini qoydu. Balasaqunlunun bu təməldə yetişən, Türk-İslam mədəniyyətinin böyük mütəfəkkiri kimi yaratdığı bu əsər həm İslam fəlsəfəsi, həm Türk fəlsəfəsi, həm də iki böyük mədəniyyətin sintezi baxımından qiymətsizdir.
—- —- —- —-
1. A.N.Kononov, Поэма Юсуфа Баласагунского «Благодатное Знание», s. 507
2. Reşid Rahmeti Arat, Kutadgu Bilig, Türk Dil Kurumu yayınları, İstanbul, s. XXXII; Eyni müəllif, “Kutadgu Bilig ve Türklük bilgisi”, Türk Kültürü (aylık dergi), Türk Kültürü Araştırma Enstitüsü, sayı 98, yıl IX, Aralık 1970, s. 20