Qırğızıstanda Türk Əməkdaşlıq Təşkilatlarının ortaq layihəsi təqdim olunub
Qırğızıstanın Bişkek şəhərində Alykul Osmonov adına Qırğızıstan Milli Kitabxanasında Türk Akademiyasının və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə əməkdaşlığı çərçivəsində nəşr olunan “Сагымбайдын Манасы” kitabının təqdimat mərasimi keçirilib. Layihə çərçivəsində “Manas” eposunun Sagımbay Orozbakovun variantı Qırğızıstanın görkəmli sənətçisi və manasçısı Rısbay İsakovun redaktorluğu ilə ilk dəfə nəsr şəklində yayımlanıb.
Tədbirdə Qırğız Respublikası Prezidenti Administrasiyasının Siyasi və İqtisadi Araşdırmalar şöbəsinin müdiri Oktyabr Kapalbayev Qırğız Respublikasının Dövlət Katibi Suyinbek Kasmanbetovun təbrik məktubunu oxuyaraq, Türk Akademiyası və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən yayımlanan layihənin əhəmiyyətini vurğulayıb.
Tədbirdə çıxış edən Türk Akademiyasının prezidenti Şahin Mustafayev vurğulayıb ki, “Yarım milyon misradan ibarət “Manas” dastanı dünya miqyasında və Türk Dünyasında ən irihəcmli dastan hesab olunur. V-XII əsrlərdə qədim türklərin dövründə meydana çıxan Manas dastanı Oğuz Kağan dastanı ənənəsi ilə indiki dövr arasında simvolik əlaqə yaradır”.
Tədbirdə çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva şifahi ənənə ilə əsrlər boyu nəsildən-nəslə ötürülən Manasın qırğız xalqının daxili dünyasını, mənəviyyatını əks etdirdiyini bildirib.
O, “Manas qırğız xalqının gücüdür. Eposda qırğızların qəhrəmanlıq səhifələri, Vətənə sevgisi, torpağın müdafiəsinə hər zamankı istəyi özünü göstərir”, – deyə qeyd edib. Günay Əfəndiyeva Azərbaycanın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin Bişkekdə “Manas” dastanının 1000 illiyinə həsr olunmuş tədbirdə “Manas bizim hamımızın, türk xalqlarının hamısının ulu babasıdır” sözlərini xatırladaraq, eposu Türk Dünyasını birləşdirən amil kimi qiymətləndirib.
Günay Əfəndiyeva Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun bu səpkidə fəaliyyətlərindən bəhs edərək, Azərbaycanın tanınmış alimi Adil Cəmilin Manasın tədqiqinə və təhlilinə dair kitabının Azərbaycan və qırğız dillərində nəşr edildiyini, təşkilatın mərkəzi qərargahında “Manas Günü”nün təşkil olunduğunu və bu xüsusda digər tədbirlərin keçirildiyini bildirib.
Qırğız Respublikasının mədəniyyət, informasiya, idman və gənclər siyasəti nazirinin birinci müavini Kayrat İmanaliyev çıxışında Manas irsinin öyrənilməsinə və təbliğinə dəstək verən təşkilat rəhbərlərinə minnətdarlığını bildirərək, bu cür təşəbbüslərin türk ölkələri arasında qardaşlıq əlaqələrinin möhkəmlənməsinə töhfə verdiyini qeyd edib.
Tədbirdə Qırğız Respublikası Joqorku Keneşinin deputatı Nurcigit Kadırbekov, Azərbaycan Respublikasının Qırğız Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilov, akademik Abdıldacan Akmataliyev, “Muras” Fondunun prezidenti, tarixçi Kıyas Moldokasımov, Qırğız Respublikası Milli Yazıçılar Birliyinin sədri Nurlan Kalıbekov çıxış edərək, müasir dövrdə qədim türk dastanlarının araşdırılmasının və daha dərindən öyrənilməsinin əhəmiyyətindən bəhs edib, Türk Akademiyasının və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun bu səpkidə fəaliyyətlərini yüksək qiymətləndiriblər.
Tədbirdə həmçinin, dövlət və ictimai xadimlər, ziyalılar, şair və yazıçılar, manasçılar, tarixçilər və Arabayev adına Qırğızıstan Dövlət Universitetinin tələbələri iştirak ediblər.
Tədbir çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevaya və Türk Akademiyasının prezidenti Şahin Mustafayevə fəaliyyətlərinə görə xüsusi Manas medallari təqdim olunub.