Ana səhifə TÜRK DÜNYASI Qazaxıstanda özünüdərk haqqında

Qazaxıstanda özünüdərk haqqında

Müəllif: Bizim Yazı
947 baxış

Azər Həsrət

Artıq on gündür ki, Orta Asiyadayam. Öncə Astanada səfərdə olduq və bu haqda “Şəkil kimi Astanadan şəkilli yazı”mda (http://www.azerhasret.com/?p=2847) qeydlərim var. O şəhərə ilk səfərim və təəssüratlarım yüksək olduğu üçün ürək dolusu yazmışdım. Ardından da Almatıya keçdim.
Almatı Astanadan fərqli olaraq öz inkişafının zirvəsində deyil. Bu şəhər on il öncə olduğu yerdə qalıb. Sevimli şəhərdir. Yamyaşıl, tərtəmiz. Qazaxların Alatau dediyi Aladağın tam da altında yerləşir. Buranın havası o qədər təmizdir ki, insan özünü şəhərdən çox təbiət qoynunda hiss edir. Buraya insanların üzündəki təbəssümü, ətrafdakı müsbət auranı da əlavə edəndə həyat çox gözəldir. Amma sözümüz bunda da deyil…
Qazaxıstan özünün milli oyanış dövrünü yaşayır. Bu ölkənin sahibi olan qazax türkləri özlərinə sürətlə dönməkdədir. Bunu mən şəxsi müşahidələrimə əsasən deyirəm.
On il öncə Qazaxıstana ilk dəfə gəldiyimdə burada qazaxca verilən suala mütləq rusca cavab alınırdı. Birisini qazax dilində danışdırmaq istəsən sənə mütləq rusca cavab verərdi. Rus dilində media üstünlük təşkil edirdi və rusdilli qəzetlərin tirajları daha yüksək idi. Əhalinin tərkibi də elə qazaxların xeyrinə sayılmazdı. Televiziya kanallarındakı əsas verilişlər rus dilində olurdu və ya qazax dilli proqramlarda rus dilində söhbətlər adi hal idi. Yollarda, dükanlarda yazılar daha çox rus dilində və çox zaman da qazaxca qarşılığı olmadan verilirdi. Şəhərlər arası yollarda isə yenə də rus dili üstünlük təşkil edirdi…
İndi durum dəyişib. Özü də çox ciddi şəkildə. Bir qazaxa rusca sual verəndə bu dildə cavab verməyə başlasa da özündən ixtiyarsız sözünün davamını qazaxca gətirir. Televiziya kanallarındakı proqramlarda artıq rus dilində danışıqlara, söhbətlərə yer yoxdur. Əgər təsadüfən kimsə rus dilində müsahibə verirsə, onu qazaxcaya çevirirlər. Adi taksi sürücüləri belə adamla qazax dilində danışmağa üstünlük verirlər. Və anlaşılan odur ki, qazaxlar ən azı öz qazax kimliklərini ciddi bir şəkildə qorumaq əzmindədirlər. Halal olsun əlbəttə…
Mayın 3-də Muxtar Əuezovun Almatıdakı ev-muzeyində bir toplantıya qatıldım. Qırğızlar və qazaxlar arasında dostluq, qardaşlıq məsələləri müzakirə edilirdi. Qırğızıstandan da bir heyət gəlmişdi. Azərbaycandan tək mən idim. Daha iki nəfər isə Türkiyəni təmsil edirdi. Çıxışların demək olar ki, hamısı ya qazax, ya da qırğız türkcəsində oldu. Türkiyədən gələn bir təmsilçi türkcə çıxış edərkən mən, “gərək varsa, ruscaya tərcümə edə bilərəm” dedim. Toplantının sədri də daxil hər kəs bir ağızdan “gərək yox!” dedilər. Az qaldı ki, utanam. Ancaq sevindim təbii. Demək ki, qazaxlar və qırğızlar artıq Türkiyə türkcəsini tərcümə etməyə gərək duymurlar. Halbuki on il öncə başqa durum vardı ortalıqda…
Həmin toplantıda bütün çıxışları diqqətlə dinlədim. Elə bir çıxışçı olmadı ki, türk dünyası, türk birliyi məsələsinə toxunmasın. Hər kəs Qazaxıstanın və Qırğızıstanın türk dünyasının bir parçası olduğunu dönə-dönə dilə gətirir, bir an öncə türk dövlətlərinin birlik olmasını arzu etdiyini deyirdi. Toplantıda hər iki ölkənin çox tanınmış elm adamları, diplomatları, ictimai xadimləri iştirak edirdi və hamı eyni sözü deyirdi. Çıxışçılar arasında Muxtar Əuezovun oğlu Murad Əuezov da vardı. Onun da çıxışı türk birliyi ideyası üzərində qurulmuşdu.
Toplantıda şəxsən məni çox sevindirən və duyğulandıran bir olay da oldu. Artıq dörd ildir internetdə yayımladığımız Yalquzaq.com qəzetimizin kağız seçənəyinin bir neçə nüsxəsini toplantı iştirakçılarına payladım. Ardından da tribunadan çıxış edərək qəzetimizi tanıtdım. Özəlliklə də qeyd etdim ki, artıq bir ilə yaxındır qəzetimiz İnternetdə ortaq türk əlifbası ilə yayımlanır. Bu xəbərim hamının diqqətini çəkdi. Mənim isə diqqətimi çəkən bir olay oldu. Serik adında çox yaşlı bir akademik qəzeti əlinə alıb elə bil yüz ildir bu əlifbada yazı oxuyan birisi imiş kimi ucadan oxumağa başladı. Məəttəl qaldım. O qədər səlis, dəqiq, təmiz və kəsintisiz oxudu ki, özüm də çaşdım. Və ardından, “axır ki, bu işi də gerçəkləşdirən birinə rast gəldik” dedi.
Onun ardınca daha bir neçə nəfər qəzetin yazılarını oxumağa çalışdı və hər kəsdə bu, alındı. Murad Əuezov isə şəxsən özü qəzetin bir nüsxəsini verməyimi xahiş etdi.
Toplantı sonrası muzeyi də ziyarət etdikdən sonra bizi uyğur təmsilçilərindən birinin restoranına dəvət etdilər.
Almatıda da Astanada olduğu kimi çoxlu görüşlərim oldu. Azərbaycan, Türkiyə, uyğur, qırğız diasporlarının nümayəndələri, Qazaxıstan Jurnalistlər İttifaqı İdarə Heyətinin sədri ilə görüşlərim oldu. Ancaq bu görüşləri bir kənara buraxıb sadəcə qazaxların özünüdərki haqqında müşahidələrimi qeydə aldım. Gedişatın qiymətini verməyi isə oxucularımın öhdəsinə buraxıram.

05.05.2012

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.