Ana səhifə İCTİMAİ Qazaxıstanda Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

Qazaxıstanda Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

Müəllif: Bizim Yazı
519 baxış

Qazaxıstan Respublikasının Milli Akademik Kitabxanasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev və Türk Dünyası” adlı beynəlxalq konfrans keçirilib. Konfrans Beynəlxalq Türk Akademiyası və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə baş tutub.

Tədbiri giriş sözü ilə açan Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev vurğulayıb ki, Heydər Əliyev Azərbaycanın və türk dünyasının böyük şəxsiyyəti, müstəqil Azərbaycan dövlətinin rəmzi, ölkəsinin, xalqının gələcəyi üçün geniş imkanlar yaradan parlaq liderdir. Türk Akademiyasının prezidenti Heydər Əliyevin tarixi nailiyyətlərindən, onun qardaş türk ölkələrinin münasibətlərinin möhkəmləndirilməsindəki rolundan danışaraq, qeyd edib: “Heydər Əliyev Türk Dünyasını bütövləşdirmək, türk xalqlarını yaxınlaşdırmaq üçün böyük səylər göstərdi. O, türk dövlətlərinin inteqrasiyasına xidmət edən əməkdaşlıq təşkilatlarının qurulmasına mühüm töhfələr verib. Təsadüfi deyil ki, bugünkü Türk Dövlətləri Təşkilatı ve  Türk Akademiyası kimi təşkilatların təsisi ideyası Heydər Əliyevin doğulduğu qədim Naxçıvan torpağında formalaşıb. Bu faktın özlüyündə böyük simvolik mənası var”.

Bizimyazı.az xəbər verir ki,  konfransda çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva bu il Azərbaycanın ümumilli lideri, Türk Dünyasının böyük dövlət və siyasi xadimi Heydər Əliyevin 100 illiyinin həm Azərbaycanda, həm də beynəlxalq səviyyədə təntənə ilə qeyd olunmasından söz açıb.

Günay Əfəndiyeva bu möhtəşəm yubileyə həsr olunmuş tədbirin Qazaxıstanda təşkilinin rəmzi məna daşıdığını bildirib. Fondun prezidenti qeyd edib ki, Heydər Əliyev tərəfindən Türk Dünyası ilə əlaqələrin qurulması naminə sevgi və uzaqgörənliklə atılmış addımlar bu gün öz bəhrəsini verməkdədir. Günay Əfəndiyeva Heydər Əliyevin cəsarətlə yürütdüyü siyasətin eyni kökdən gələn, müştərək mədəniyyətə sahib türk xalqlarının bir-birləriylə dostluq və qardaşlıq münasibətlərinin canlandırılmasına təkan verdiyini diqqətə çatdırıb. “Könlü hər zaman türk coğrafiyasıyla, türk xalqları ilə bərabər olmuş Heydər Əliyevi bu gün bütün Türk Dünyası özünə doğma hesab edir. Zaman keçdikcə ona bəslənilən hörmət və ehtiram daha da artır. Və buna görə də Ulu Öndər təkcə Azərbaycanın deyil, həm də Türk Dünyasının böyük oğlu adlandırılır”, – deyə Fondun prezidenti vurğulayıb.

Günay Əfəndiyeva Ulu Öndərin 100 illik yubileyinin Şuşanın Türk Dünyasının Mədəniyyət Paytaxtı statusunu daşıdığı ilə təsadüf etməsini tarixi hadisə adlandırıb.

Konfransda çıxış edən Qazaxıstan Respublikasının informasiya və sosial inkişaf naziri Darhan Kıdırali bildirib ki, Qazaxıstanla Azərbaycan arasındakı tarixi və mədəni əlaqələrin inkişafının təməlini Heydər Əliyev qoymuşdur. Nazir çıxışında Azərbaycan prezidenti İlham Əliyevin bu il Qazaxıstana səfəri zamanı Heydər Əliyevin 100 illik yubileyinin qeyd olunmağa başladığını və il ərzində Qazaxıstanda bir çox tədbirlərin keçiriləcəyini diqqətə çatdırıb. Nazir Qazaxıstan Respublikasının İnformasiya və Sosial İnkişaf Nazirliyinin dəstəyi ilə “Əziz Həyat” sənədli filminin hazırlanmasının bu layihələrdən ilki olduğunu nəzərə çatdırıb.

TÜRKSOY-un baş katibi Sultan Raev, Qazaxıstan Respublikasının xarici işlər nazirinin müavini Kanat Tumış, tanınmış dövlət xadimi, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının keçmiş üzvü Mırzatay Joldasbekov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Hikmət Babaoğlu, Qazaxıstan Respublikasının Parlamenti Senatının deputatları Bibigul Jeqzenbay, Qaliaskar Sarıbayev, müstəqil Qazaxıstan Respublikasının birinci xarici işlər naziri Toleutay Suleymenov, Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ağalar Atamoğlanov, L. Qumiliov adına Avrasiya Milli Universitetinin professorları Saule Tajıbayeva, Amantay Şarif, Qazaxıstan Respublikasının 1-ci Prezidentinin Kitabxanasının direktor müavini Botagöz Kaipova konfransda çıxış edərək, Azərbaycan xalqının Ümummilli Liderinin türk dünyasının mədəni-mənəvi irsini mükəmməl bildiyini, qardaş ölkələr arasında əlaqələrin möhkəmlənməsinə böyük töhfələr verdiyini bildiriblər. Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafındakı fəaliyyəti, Azərbaycan elminə və təhsilinə verdiyi töhfələr, həyata keçirdiyi islahatlar, ölkə gənclərinin vətənpərvərlik tərbiyəsində müstəsna rolu barədə fikirlər səsləndirilib.

Tədbir çərçivəsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “Qazaqstan” dövlət televiziyası tərəfindən hazırlanmış “Əziz Həyat” sənədli filminin bir hissəsi konfrans iştirakçılarına nümayiş etdirilib.

Tədbirdə rəsmilər, millətvəkilləri, Qazaxıstanda akreditə olunmuş türk dövlətlərin səfirləri, elm xadimləri iştirak ediblər.

 

 

 

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.