Ana səhifə BAŞ YAZI QAZAX, QIRĞIZ, ÖZBƏK, TATAR… dostlarımdan gələn zənglər

QAZAX, QIRĞIZ, ÖZBƏK, TATAR… dostlarımdan gələn zənglər

Müəllif: Bizim Yazı
949 baxış

Bugünlərdə türk ölkə və topluluqlarından çoxsaylı zənglər almaqdayam.

– Özünün türk dünyası ünvanlı çalışmaları ilə seçilən, Turan sevdasını ruhuna, özkeçmişinə hopdurmuş Azər-baycanlı aydın¬lardan kimlərin yenidən Millət vəkili mandatı qazanması türk dünyası aşiqlərinin sövq-təbii maraq dairəsindədir. Daşkənd, Almata, Nur-Sultan, Bişkek, Ankara, İstanbul, Lefkoşa… Üsküp, Məcidiyyə, Budapeşt… Kazan, Ufa, Çeboksari, Yakutsk… Ağməscid (Kırım), Komrat (Qaqauz Yeri)… – uzaqlardakı doğma ocaqlar, isti ürəklər Bakını arayır, Bakını soruşur, Bakını sevirsə… bu özü başlı-başına bir dünyadır, gözəllikdir. – Elə deyilmi? – Hələ Təbriz, Kərkük, Dərbənd, Borçalı..! – Birimizin uğuru, uğursuzluğu yaxın-uzaq ellərdə duyulursa, bu bəxtiyarlığın ta özüdür. Biz də, burada (Bakıda, Gəncədə, Şəkidə, Qubada, Salyanda, Naxçıvanda…) türk ölkə və topluluqlarında olub-bitənlərə heç amma heç biganə deyilik, əlbəttə!
Tanrı bizə olan güvəni sarsıtmasın və bizlərə güc-qüvvət versin!

Vaxtı ilə mənim başqanlıq etdiyim Dünya Gənc Türk Yazarlar Birliyi xətti ilə Azərbaycana səfər etmiş çoxsaylı dostların, ortaq nəşrlərin iştirakçılarının tez-tez soruşduğu, adını ürəklə çəkdiyimiz ortaq dost, paşakönüllü aydınlarımızdan biri Millət vəkili dr.Cavanşir Feyziyevdir. Qarşı aylarda Cavanşir müəllimin rəhbərlik edəcəyi heyətlə Bişkekə səfərimiz nəzərdə tutulub. (Əslində ötən ilin dekabr ayına planlaşdırılmış səfər, seçkilərlə bağlı ertələnib.) Biz Bişkekdə həm (Bakıda çıxmış) “Gənc Qırğız şeiri antologiyası”nı qırğız ədəbi ictimaiyyətinə təqdim edəcək, həm də Azərbaycan şair və yazıçılarının əsərlərinin qırğızcaya çevrilməsi və nəşri, Azərbaycan hə¬qiqətlərinin yayğınlaşması kimi məsələləri müzakirə edəcək, qərara bağlayacağıq. Nə xoşdur ki, ötən il Cavanşir müəllimin dəvəti ilə Bakıya səfər etmiş, Milli Məclisdə qəbul edilmiş qırğız ya¬zarları onu yenidən Millət vəkili statusunda görəcək.

“Yeni Tatar şeiri antologiyası“, “Yeni Qazax şeiri antologiyası”, “Gənc Qırğız şeiri an-tologiyası”… onlarla digər nəşrimizdə önsöz yazarı, rəyçi, məsləhətçi, layihə rəhbəri kimi fərqli şəkillərdə öz dəstək və məhəbbətini göstərmiş Millət vəkilimiz, türk xalqlarının təkcə siyasətdə və iqtisadiyyatda deyil, ədəbiyyat çalışmalarında (ümumən mədəniyyətdə!) da birgə olmasını daim təbliğ edən və bunun üçün əlindən gələni əsirgəməyən aydınlarımızdandır. Böyük türk dünyasında Cavanşir müəllimin könül süfrəsinə bələd olanlar onun yenidən mandat qazanmasını öz milli məclislərinə seçkilərdə özləri yaxud bir yaxınları, doğmaları uğur qazanıbmış kimi sevinclə qar¬şılayır. Qürurvericidir! – Min km-lərlə uzaqda doğma sanılmaq, əziz bilinmək hər adama nəsib olmur.

Cavanşir müəllimlə tanışlığım necə olub? – İllər öncə Bakıda “Türk dövlətləri birliyi” adlı kitabın nəşr olunması haqqında xoş bir xəbər oxudum. Biləndəki həmin fundamental kitabı Millət vəkili yazıb, açığı, ikiqat sevinc hissi keçirdim. Bu, yaradıcılığına bələd olduğum Millət vəkil-lərindən, alimlərdən biri deyildi – mənimçün yeni imza idi. “Türk dövlətləri birliyi” kitabının sonralar qardaş ölkələrin türkcəsinə çevrildiyini bildim, daha da şad oldum. Millət vəkilimizlə yaxından tanışlıq, necə deyərlər, şərt olmuşdu. Onunla ilk dəfə “NİZAMİ” kinoteatrında, Yunus Əmrəyə həsr edilmiş möhtəşəm bir filmin təqdimatı zamanı tanış oldum, fürsətdən istifadə edib, qiymətli kitabını avtoqrafla aldım.
Sonrakı görüşümüz özünü çox gözlətmədi. Bir gün mənə tanımadığım nömrədən zəng gəldi. – Zəng edən Cavanşir müəllimdi. – Mətbuatda mənim Qırğız Respublikasının “Tolktoqul Satıganov” medalına, bir sıra türk ölkə və topluluğunun yazıçılar, gənclər qurumunun, habelə TÜRKSOYun təltifinə layiq görülməyim haqqında informasiyanı oxumuş, lütf edib, təbrik etmək istəmişdi. Nə gizlədim, kiçik işlərimi böyük qiymətləndirmiş təltif edənlər kimi, təltiflərə görə məni təbrik etmək ürəyindən keçmiş, bununçün ürək sözlərini əsirgəməmiş aydınımızın bu hərkəti də məni duyğulandırdı, adı könlümə yazıldı. Mənim də gücüm könlümə çatır, zatən.)

Sonrakı illərdə Cavanşir müəllimlə birgə tərtib etdiyimiz plan əsasında Qazaxstan, Qırğız Respublikası, Türkiyə, eləcə də Rusiyanın türksoylu ölkələrinin gənc yazarları ilə bağlı layihələr həyata keçirdik və bu layihələrin hazırlanması, gerçəkləşdirilməsi zamanı mən Cavanşir müəllimin türk dünyasına böyük məhəbbətinin dərindən şahidi oldum. Türk tarixinə yaxından bələd olan aydınımızın türk dünyasının müxtəlif guşələrindən Azərbaycana gələn qonaqlarımızla görüşləri mənim onu daha yaxından tanımağım üçün geniş imkanlar yaratdı. Cavanşir müəllimin hər bir türk məmləkətinin keçmişi və bu günü haqqında ətraflı bilgiləri bizi (məni və qonaqlarımızı) heyran edirdi. Bəzən elə olurdu, qonaq yazarlar öz ölkələri, tarixləri haqqında Millət vəkilimizin dediyi faktlrı ilk dəfə eşitdiyini etiraf edirdi. Cavanşir müəllimin türk dünyasının gələcəyinə inamlı baxışı bu baxışı arqumentləşdirməsi isə başqa bir aləmdir.
Daha sonra Cavanşir müəllimin “TÜRK DÜNYASI” beş cildliyi gün üzü gördü. Əlbəttə, belə bir nəfis nəşrin şəxsi kitabxanamda olmasını istəyirdim. Mən bir bağlama “TÜRK DÜN-YASI” istəmişdim, Cavanşir müəlim nə az-nə çox, düz 20 bağlama (!) kitab göndərmişdi – “uyğun bildiyin dost-tanışa da hədiyyə edərsən” deyə…
Belə örnəkləri (məhz ÖRNƏK!) xeyli sadalaya bilərəm amma məqsədim o deyil və zatən ariflər üç-dörd örnək əsasında belə, haqqında danışılan aydının üfüqgenişliyi, hadisənin məna dərin¬liyi üzərinə fikir hasil edir.
Bunları niyə xatırladıram? Yazımın əvvəlində dediyim kimi, Cavanşir müəllim bugünlərdə Şəkililərin böyük məhəbbəti və dəstəyi ilə üçüncü dəfə Millət vəkili mandatını qazandı və demək ki, biz qardaş Qırğz Respublikasına üçqat sevinclə gedəcəyik. Səfərdən öncəsə əziz bayramımız – YENİGÜN – NOVRUZ Bayramı gəlir. Bu bayram günlərində örnək hərəkətlər etmiş insanlara şük¬ran¬lığımızı bir daha bildirməklə, təmənnasız köməklikləri xatırlatmaq, tirajlamaq savab və şükran dəftərində olsa gərək…

Var, olun, sayın vəkilim!
Türk ellərindən gələn zənglərin mənəvi məsuliyyəti üzərimdə qalmasın istədim – Turan yazarlarının təbriklərini qəbul edin.
Elm-sənət və xeyirxahlıq bayrağınız uca olsun!

Salam-sayğılarla,
Əkbər QOŞALI

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.