Bizimyazi.az məşhur yazıçı Varisin yeni yazdığı “Qar yağmasın” hekayəsini təqdim edir.
Varis
Qar yağmasın…
Dünyanın ən yaxşı nəsnələrini görmək və onlara əllə toxunmaq mümkün deyil. Onları yalnız hiss etmək mümkündür.
Helen Keller
Gecənin bir aləmində N. İ.-nin yuxudan qan-tər içində oyanması var idi. Üstünə şığıyan nəhəng tank qabağına qatıb onu bağrı yarılınca qovduğundan, özünü salamat görəndə “şükür” deyib Allaha dua edərdi. Amma bu gecəki yuxusu daha dəhşətli alınmışdı, uğultu qoparan zirehli maşın onu haqlayıb altına almış, tikə-parça etmişdi, həmin bu tikə-parçalar havada qan axıda-axıda uçuşur, sanki rəqs edirdilər.
Ayılandan sonra daha yata bilməmişdi. Pəncərənin zülmət qaranlıq rəsmi işıq naxışlarıyla əvəz olundu nəhayət ki.
İşdən bir günlük icazə almışdı. Müdirinə demişdi, sabah rəhmətə gedənimin ildönümüdür, rayona gedib qəbrini ziyarət eləyəsiyəm. Müdir bir kəlmə “Kimdir ki” sualını verəndə “Doğmamdır” cavabını ünvanlamışdı. Müdir də daha dərinə getmədən “Get, Allah rəhmət eləsin” söyləmişdi. Amma hər halda, ardınca “Məktubları çox da nəzarətsiz qoyma” tapşırığını da vermişdi.
Məvacibi aşağı olsa da işindən razıydı, şirkətə gələn məktubları saf-çürük edər, üç yerə bölər, sonra da ən əhəmiyyətliləri barədə xülasəni müdirinə çatdırardı, müdiri də kefi düşəndən-düşənə dördqat buxağına sığal çəkə-çəkə tərif və təkliflərin bəzilərinə – öz aləmində ən tutarlılarına cavab verərdi, şikayətlər isə üzü qara halda qara zibilqabına tullanardı. N.İ.-nin fikrincə, məktublar sözlərdən xeyli kəsərlidirlər. Sözü deyirsən, keçib gedir. Tutalım, biri səni sözlə yamanladı, bir tərs sillə kimi dəyib getdi. Məktubsa daha uzunmüddətli təsir gücünə malikdir. Ta ki məhv etməyincə dəfələrlə gözünə soxulub səni incidə bilər.
İşini çox sevir, necə də olmasa çörək ağacıdır. Müharibə qurtarandan bura düzəlib. Bir qolu olmadığından bu cür yüngül iş lap göydəndüşmədir onunçün. Yeganə narahatçılığı bir diliqurumuşdan eşitdiyi “elektron məktublar kağız məktubları sıradan çıxaracaq” kəlmələridir, “görəsən haçan” müəmması ilə baş-başa qaldıqca üzülür.
Evdən ertədən çıxmalıydı, beş yaşlı oğlunun başını tumarladı, növbəti dəfə içindən inilti qopdu. İtirirdisə, barı az işlək olan sol qolunu itirərdi. Nə etmək istəyirsə, qeyri-ixtiyari, on iki santimetrlik çıxıntıdan ibarət sağ qolu irəli atılır…
Həyat yoldaşına bir az xərclik verdi, dedi, rayona gedirəm, il mərasiminə, evə ayın-oyunu özün alarsan, ağ köynəyimi də ütlə.
Həyat yoldaşı onun əsəbi olub da bəzən boş yerdən bomba kimi partlamasına vərdiş etdiyindən, kimin yas yerinə getdiyini soruşmadı, “əlbət, iş yoldaşlarından kiminsə nəyidirsə ölən” düşünərək “sağ-salamat” söylədi. Və paltar dolabından ağ uzunqol köynəyi götürüb ona ütü çəkməyə başladı. Köynəyin sağ qoluna keçəndə qadının doluxsunması, dodağının səyriməsi N.İ.-nin gözündən yayınmadı.
Kədər bəzən insanın üzündə olur, bəzən içində. Üzdəki anidir, içdəkisə daimi.
O, əslində həyat yoldaşının xətrini istəyirdi, üstünə qışqırması da özündən asılı deyildi. Bir sinifdə oxumuşdular, elə ilk dərs günündə əsmər bənizli bu qızdan xoşu gəlmişdi. Evlənəndə Leyli və Məcnun sevgisiylə evlənmiş, müharibəyədək tək balalarını bəxtəvərlik içində böyüdərək bir-birinə can deyib can eşitmişdilər. Elə ki müharibəyə getdi, ağır yaralanıb, qolunu da itirib geri döndü, sanki tamam başqa birisi oldu. Əsəbi, səbirsiz, deyingən…
Oğlu idi, salamat qolunu dartırdı. “Mənə avtomat alarsan” deyə arzusunu dilə gətirdi. Avtomat? Elə bil, N.İ.-nin üzünü qarsıya-qarsıya bir alov keçdi. “Yox, avtomat yox, sənə maşın alacam!”, – dedi. Çox ucadan dedi. Təmirsiz divarın suvağından bir parçanın qopub düşməsi ilə telefonunun mesaj siqnalı bir-birini necə tamamladısa, öz səs tembrinə təəccüblənməyə macal tapa bilmədi.
Əmin idi, yazan həmin o əcnəbi araşdırmaçı jurmalist xanımdır, o qır-saqqızdır.
“Axı necə bir hissdir, sap-sağlam gedirsən, bir əzanı – özü də ən vacib əzanı itirib gəlirsən? Və heç şikayətlənmirsən? Bunun psixoloji şərhini açın, çox xahiş edirəm. Tutuquşu kimi təkrarlamayın amma, “vətənə borcumu verirdim” kəlmələri mənə əsla səmimi görünmür…”
Səs yolladı: “Mən tam səmimiyəm”.
Həyat yoldaşının “yenə odur” sualına başını tərpətməklə cavab verdi, qapıdan çıxhaçıxda gözü divara vurulmuş rəsmə sataşdı. Ev sahibinin dediyinə görə, rəsmi rəssam əmioğlusu çəkmişdi. Qışın bəyaz qar örtüyünün hökmranlığı altında daxma və bir neçə şam ağacı olduqca bəxtəvər görünür. Günəşin şəfəqləri qar hüdudsuzluğunda əks-səda verməkdədir… Hər kimdisə, bərəkallah, gözəl çəkmişdi.
Dərindən düşündükcə anlayırsan ki, sevdiklərindən başqa, hansısa bir canlı olmayan əşyanı, cismi də sevirsən. O da qarı sevirdi. Bəlkə də, dünyaya qarlı gündə gəldiyindən, bəlkə də bir vaxtlar qarın üzərinə uzanıb səmanın hüdudsuzluğuna baxdıqca xoşbəxtlik duyduğundan idi bu. Qar yağdımı, heç nə onu qəhvəyi rəngli meşin əlcəklərini taxaraq qarı topalayıb qar adamı düzəltməkdən, qartopu oynamaqdan saxlaya bilməzdi. Hətta müharibə zamanı da qarlı ərazidən keçid edəndə hamının təəccübünə rəğmən qarın üzərinə atılıb qar adamı düzəltdiyi, əsgər yoldaşlarına qartopu atdığı olmuşdu…
Kəsik qolu sızıldadı.
…Qarabağ səmtə gedən avtobuslar çox seyrək hərəkət edir. Avtovağzala çatıb xeyli gözlədi, sonra daha gözləyə bilməyib bədxərclik elədi: bir boş yeri qalmış yol maşınına mindi. İli xeyli köhnə olan dördgöz idi.
Gözlərini yumdu.
Ötən il birinci ildönümündə qəbristanlığa getməsini xatırladı. Onda getmək daha məşəqqətli idi. Necə çətinliklə icazə almışdı, neçə saat nəqliyyat gözləmişdi, yoxlamaları necə zülümlə adlayaraq gedib mənzil başına çatmışdı. Məzarın sinədaşı əvəzi qoyulmuş mişar daşını silib təmizləmişdi, ot-ələfi, tikanları yolub bir kənara atmışdı…
Gecə yuxusuzluğu özünü göstərirdi. Bir anlıq mürgülədi. Yenə üstünə zirehli maşın şığıyanda necə dik atıldısa yanında əyləşmiş orta yaşlı kişini də səksəndirdi.
Başını qatmaq, yolun uzunluğunu gödəltməkçün istədi yol yoldaşı ilə söhbətləşsin. Zalım oğlunun sifətindən zəhrimar yağır. Beləsiylə kəlməmi kəsmək olar? Fikrindən daşınıb gələcək haqda düşünməyə başladı. Özü heç, özü yazılıb qurtarmış, nöqtəsi qoyulmuş məktub kimidir. Oğluyla bağlı düşündü. Onu mahir bir güləşçi eləmək, çempion kürsüsündə görüb qürrələnmək ən böyük arzusuydu. Arzu çox böyük olmalıdır ki, özünə də yetməsən, barı həndəvərində daldalana biləsən.
Özü vaxtı ilə çox ümidverici güləşçi olmuşdu. İç yarışları da qazanmışdı, dış yarışlarda da uğurları az olmamışdı. Medallarını, kuboklarını, diplomlarını evin bir küncünə düzüb fəxrlə nümayiş etdirərdi. Müharibədən yarıcan qayıtdıqdan sonra hamısını dolaba basıb gizlətdi. Bədbəxt olduğu düzəngahdan xoşbəxt olduğu zirvəyə baxmaq insanı çox incidər.
“Naşükür olma. Buna da şükür de. Özündən yaxşıları görüb dərd çəkməkdənsə özündən betərləri görüb ovun. Tetraameliya deyilən bir xəstəlik var, insan anadangəlmə əllərsiz və ayaqlarısz olur…” Həyat yoldaşı bir dəfə onu zorla psixoloq yanına aparmışdı, bunları psixoloqdan eşitmişdi.
“Britaniyalı Rik Allen tək əllə mahir zərb alətləri ifaçısı, alman Klaus Ştauffenberq tək gözlə məşhur sərkərdə, rus Aleksey Meresyev hər iki ayağı olmadan as təyyarə pilotu olub. Avstraliyalı Nik Vuyçiç isə hər iki ayağı və hər iki əli olmadan xarici ölkələri gəzib, kitablar yazıb, üzüb, dünyanın ən uğurlu motivasiya kouçu olub…” Bunları da.
Üçyolda dayandılar. Sürücü elan etdi ki, kim istəyir çay içsin, kim istəyir gedib təlabatını ödəsin, amma iyirmi dəqiqəyə çıxasıyıq.
Bir tərəfi bürüşmüşdü, maşından düşdü, var-gəl elədi. Susuzlamamışdı əsla, di gəl, susatan oğlanın suyu şirin gəldi, eynən rəhmətlik qardaşına oxşatdı onu. Müharibəyə hər ikisi birlikdə, könüllü getmişdilər. Bu, yalnız müharibə qurtarhaqurtarda yaralandı, ora kimi gedib çıxa bildi. O yazıqsa on günün əsgəri oldu, səngərdən çıxarkən snayper gülləsinə tuş gəldi. Müharibənin öz qanunları var. Silah açılmağa bir an yubansa, daha əsgər əlində deyil, torpaqda – şəhid yanında atılıb qalasıdır.
Susatandan suyu alanda yenə salamat sol qolu gözünü döyüb qaldı, topal sağ qolu ondan qabaq irəli atıldı.
Bu qədər bənzərlikmi olar? Nə səbəbdənsə, qardaşıyla adaş olub-olmadığını yoxlamaq üçün susatanın adını da soruşdu. Yox, adaş deyildilər.
Qardaşı tələbəydi. Fizikanı mükəmməl bilirdi. Hətta ixtiralar da edirdi. Deyirdi, fizika ilə metafizika arasında bir qırmızı xətt var, o xəttin həndəvərində bütün qanunlar istisnasız olaraq insanlığın xeyrinə çalışır. Deyirdi, orada hətta arzuların gerçəkləşməsi adlı bir qanun da mövcuddur.
N.İ.-nin yenə oğlu var, davamçısı var. Yazıq qardaşı heç evlənməyə belə macal tapmadı. Ailə qurmadan ölənlər tək özləri ölmür ki. Dünyaya gətirməli olduqları övladlarını da özləri ilə torpağa gömürlər. Həyat deyilən nəsnə əslində ən böyük zordur, doğulanda da sənin istəyin nəzərə alınmır, öləndə də. Hər şeyi sənin əvəzinə həll edirlər. Birini valideyinlərin, digərini əcəl.
“Siz səmimi deyilsiniz bu cavabınızla. Necə yəni, Vətənə canım da qurbandır? Bu pafos, bu taftalogiya nəyə lazımdır axı? İnsan canını – ən əziz mövcudiyyatını niyə versin? Əsaslandırın görək də. Bir fakt deyim. İkinci Dünya Müharibəsindən sonra Sovet şəhərləri müharibədən şikəst qayıtmışlarla doldu. Əllərini, ayaqlarını itirmiş bu insanların çoxu mövcud halları ilə daha heç kəsə lazım olmayacaqlarını sanıb evlərinə qayıtmır, bomj həyatı sürürdü. Medallarını sinələrinə düzüb küçələrdə dilənir, qənimət əldə etdikcə içkiyə verirdilər. Pulları azlıq eləyəndə vodka və samaqon əvəzinə “Troynoy” odekalon içirdilər. Onlardan kəsif tər, çirk, sidik qoxusu gəlirdi…”
Yola düzəldilər.
“…Dövlət məxvi qərarla bir gecədə bütün ölkə boyu onların hamısını yığıb pasportlarını, hərbi biletlərini, orden və medallarını əllərindən alaraq Xarkovdakı, Krımdakı, Yerevandakı, Barnauldakı, Sibirdəki internat evlərinə doldurdu… Onları həm müharibə qəhrəmanı statusundan, həm də ümumən insan statusundan məhrum etdilər. Bu cür aqibətdən qorxmursuz yəni?…”
Bir kəlmə “Xeyr, qorxmuram” səsini atdı.
Az keçmiş işğal edilmiş ərazilərə – düşmənlə təmas xəttinə çatdıqca addımbaşı postlar başladı, yoxlanışlar səngimək bilmədi. Otuz il düşmən əsarətində qalmış yurd yerlərinin çox dəhşətli və miskin görünüşləri var. Dörd tərəf xarabalıqdı, damsız, qapı-pəncərəsiz divarlar əlsiz, ayaqsız, gözsüz əsgərlərdir sankı…
Qəbristanlıq şosse yoldan azacıq aralıda yerləşir, maşından düşən kimi torpaq yolla ora səmt aldı. Tez də səbirsizlənib kol-kosun arasıyla kəsə getməyə başladı. Belə baxanda, on addım da on addımdır.
…Çatdı.
Qara qarğalar qarr deyə-deyə qırıldaşır, yerə cumub təzədən fəzada qanad çalırdılar.
Ətrafa nəzər saldı. Ondan başqa daha bir nəfər vardı, hardasa iyirmi addım aralıda, bir məzarın qarşısında əlil ağaclarına dirənib dayanmışdı.
Burda məzarlar hamısı bir-birinin ekiz qardaşıdır sanki. Burda sərdabələr, bahalı-ucuz mərmərlər, qranitlər, dekorativ hasarlar, ağaclar, gül-çiçək fərqlilik yaratmır əsla. Bütün qəbirlər bir-birinin oxşarıdır: kiçicik bir qum təpəsi, üzərində dik qoyulmuş mişar daşı. Daşın üzərinə də sahibinin cızılaraq yazılmış adı.
Bu qadın usanmadımı yazmaqdan?
“Minetik rəqabətin fəlsəfi-antropoloji kateqoriyaları arasında qurbanvermə təzahürü xüsusi çəkiyə malikdir. Ümumən, insan cəmiyyətindəki mədəni institutların genezis problemləri daim olub və olacaqdır. Zira, sakral və profan dünyalar arasındakı vasitəçi kimi təkgözlü, təkayaqlı və təkqollu əcaib və qorxunc qəhrəmanların yaradılması…”
Gerisini oxumadı. Yadına Təpəgözün nağılı düşdü.
…Ziyarət edəcəyi qəbrin yanına çatan kimi daşı öpdü, sonra diz çökdü. Qəhərli səslə xitab etdi:
-Xoş gördük. Necəsən?
-….
-Bizsiz necə yaşayırsan? Darıxmırsan ki?
-…
-Biz hamımız bir yerdəyik. Amma səni burda yalqız qoymuşuq. Vəfasızıq biz. Çox vəfasızıq.
Sol qolunun barmaqlarını sağ qolunun kəsik yerinə sürtə-sürtə, sanki o yeri ovudaraq bir xeyli dayandı. Qəhvəyi rəngli meşin əlcəyin sağ tayını cibindən çıxarıb qəbrin üstünə qoydu, “əlcəyini gətirdim, qışda üşüməyəsən deyə” söyləyəndə qəhər onu necə boğdusa, zülüm-zülüm ağlamağa başladı.
Heç keçən il gələndə bu qədər dərdlənməmiş, bu qədər göz yaşı tökməmişdi. Bəlkə keçən il ilk il idi, hələ təzəydi, isti-istiydi dərdi. Baxırsan, bəzən yaralar zaman keçdikcə sağalmaq, qaysaq bağlamaq əvəzinə daha da qövr edirlər…
Çiyninə əl toxunanda əmin oldu ki, həmin o digər ziyarətçidir. Meh onun kəsilmiş ayağının boşluğuna sarılmış şalvarının balağını yelləməkdəydi.
-Sənin qolundur, elə?
Gələn soruşdu. O başını tərpətdi. Gələn başı ilə ayağına deyil, iyirmi addım aralıdakı qəbrə işarə elədi:
-Mənim də ayağımdır.
Sonra da içini çəkib “Bilmirəm, qola-qıça rəhmət düşürmü. Allah bütün ölənlərə rəhmət eləsin” söylədi. N.İ.-dən çox şeylər soruşacaqdı, kimsən, nəçisən, haralısan, hansı döyüşdə itirmisən qolunu və sair və illaxır. Özü barədə danışacaqdı, kimdir nəçidir, haralıdır, hansı döyüşdə itirib ayağını… Ətrafdakı bəzi qəbirlər barədə də məlumatlıydı, bir-bir anladacaqdı, bu filankəsin sağ ayağının qəbridir, bu bəhmənkəsin sol qolunun… Bu, nisbətən enli qəbirdəsə filan bədbəxtin hər iki ayağı yatır…
N.İ. anidən yadına saldı, sağ qolunu bükərdi, əzələləri qabarardı, uşaqlar gəlib barmaqlarını basaraq “uy da, dəmirdir, dəmir” deyərdilər. Həyat yoldaşı də o əzələni oxşamağı çox sevərdi… Ürəyi necə qübar etdi. Əlini get-gedə hamarlanmaqda olan qəbir-təpəliyə sürtüb pıçıldayaraq soruşdu:
-Əzələn durur?
Ardınca lap qara fikir dolandı başında. Yəqin iki ilə qolunun əti də çürüyüb, tək sümüyü qalıb.
Həmdərdi danışmaqdaydı: -Sən ildə bir kərə gəlməyinə baxma, mən tez-tez gəlirəm. Nə işdisə, kəsik ayağımın yeri yay-qış buz kimi olur, təkcə bura gələndə qızınır.
Onunsa indi fikri burdan çox-çox uzaqlardaydı. Yeddincidə oxuyurdular. Həmin qış dizəcən qar yağmışdı. Həyatında gördüyü ən bol qar idi bu. Evlər həm aşağıdan, həm yuxarıdan qarla örtüldüklərindən nazik zolaq kimi görünürdülər. Qızlı-oğlanlı hamısı dərsə girməyib məktəbin həyətində qartopu oynayırdı. O, hamıdan çevikiydi, əllərini tam aralayıb qara dirəyərək bir-birinə yaxınlaşdırdıqca böyük qar topası yaradır, xışmalayıb iri-iri qartopuları düzəldir, sinif yoldaşlarını nişan alıb vururdu. Və əsmər bənizli bir qız üçün də qartopu düzəldib verməyə macal tapırdı…
Dərindən ah çəkdi. İnnən belə bir qolla qaradamımı düzəldəsiydi, qartopumu oynayasıydı?
“Hər halda mən bu sirri açmaqda acizəm. Qəhrəmanımın portretini tam yaratmaq üçün hətta sizin orta məktəbdəki sinif rəhbərinizlə də danışmışam. O xatırlayır ki, bir dəfə dərsdə söz orqan transplantasiyasından, könüllü donorlardan düşübmüş. Siz demisiniz, insanın hər bir əzası onun üçün o qədər dəyərlidir ki, nəyinsə xatirinə onlardan imtina etmək ağlasığmaz görünür. “Yüz min nədir, milyon olsun, milyard olsun, mən heç nəyimdən imtina etmərəm” demisiniz. Bəs necə oldu, cəmi bir neçə ildən sonra…”
Yanındakı şəxs yasın oxuyurdu. Oxuyub bitirdi. Bununla sağollaşıb getməyə başladı. Bir qədər getmişdi, dayandı, qəbirlərdən birinin qarşısından geriyə qanrılaraq söylədi:
-Naşükür olma. Bizə şükür. Bu bədbəxt oğlu bədbəxtin yanında mərmi necə partlayıbsa gözü pırtlayıb çıxıb. Gözünün qəbridir.
Üşəndi. Tükləri biz-biz oldu.
Növbəti mesaj özünü çox gözlətmədi:
“Cənab qəhrəman, istəyərsinizmi, sizə ən bahalı bionik protez hədiyyə edilsin? İstəyərsinizmi, bank hesabı açılıb ora pul yatırdılsın? Nəsə bir istəyiniz varmı?”
Qarğalar lap fəallaşmışdılar, cəmləşib yerdə nəyisə dimdikləməkdəydilər. Uşaqkən nənəsindən eşitmişdi ki, qarğalar aşağıdan uçuşanda, bir yerə toparlaşanda qış sərt gəlir.
Görən, bu qış qar yağacaqdımı…
Gözü “Nəsə bir istəyiniz varmı?” sözlərinə ilişib qaldı. Bir xeyli keçəndən sonra – artıq yavaş-yavaş çıxışa doğru getməkdəydi – cavab yazdı. Yazdı ki, “Bəli, var istəyim. Elə edin, bu qış qar yağmasın…”
Şosse yoluna çatdı. Yol maşını ilə rastlaşmaq fikriylə bir xeyli üzüaşağı piyada irəlilədi. Təpəni aşanda qarşısına ilginc bir mənzərə çıxdı. İnsanlar, texnika bir-birinə qarışmışdı. Nəhəng bir ərazidə tikinti işləri gedirdi. Xarabalıqların yerində sırayla ağappaq, üstü qırmızı damlı evlər tikilirdi.
Birdən haradansa içinə ümid axını dolmağa başladı. Sanki qanadlandı, səmanın əngilliklərinə qalxdı. Fizika ilə metafizika arasında bir qırmızı xətt var, o xəttin həndəvərində bütün qanunlar istisnasız olaraq insanlığın xeyrinə çalışır. Orada hətta arzuların gerçəkləşməsi adlı bir qanun da mövcuddur.
Bax ora səmt aldı.
SON
19 iyul, 2023, Şabran
(11.08.2023)