Ana səhifə YAZILAR Qanlı xına-Aytac Qayıbova yazır…

Qanlı xına-Aytac Qayıbova yazır…

Müəllif: Bizim Yazı
396 baxış

 

“Ağbulaq kəndinin sayılıb seçilən ağsaqqalları çox idi, amma Nüsrət kişinin nə sözündən– söhbətindən, nə də hekayələrindən doymaq olardı. Elə ki, yaz gəldi uşaqlı, cavanlı, qocalı hər kəs onun həyətindəki Salxım ağacının altına toplaşardı. Hər axşam ev-eşiyini rahatlayan insanlar gecə yarıya kimi buradaca oturar gah söhbət edər, gah da hekayə dinləyərdi. O vaxtacan ki, yarpaqlar xəzan olub tökülərdi yollara, sazaqlar düşərdi onda hər kəs damının altına, ocağının başına yığılardı. Qonum-qonşu yığılan kimi Nüsrət kişinin arvadı Mələk qarı mis çaydanı ilə cehizlik samovarını gətirər həyətdə ocaq çatar çay qoyardı. Bir gün uşaqlara nağıl danışar, bir gün böyüklərə keçmiş əhvalatlardan deyərdi. Amma çox vaxt başına yığışan gənclərə öyüd– nəsihət götürsünlər deyə olub keçənləri rəvayət edərdi. Hələ çox kiçik idim, amma yadıma gəlir, bir dəfə iyun ayı idi, qızmar günəş batandan sonra yenə yığılıb Nüsrət kişinin həyətindəki Salxım ağacının altına getmişdik. Nüsrət kişi həmişəki kimi kilimini torpağın üstünə sərmişdi, sonra da dəsmalını başına sərib üstündən də panamasını keçirtmişdi. Onu görəndə bizi gülmək tuturdu. Həmin dəqiqə analarımız ətimizi cimcikləyər, atalarımız gözlərini bərəldər, yaşlılar da başını bulayardı. O vaxtı bunun mənasını başa düşmürdüm . İndi o günləri xatırlayanda anlamsız gördüyüm hər şeyə bir anlam yükləyirəm. Həmin gecə mənim bütün həyatımı, dünyaya baxış bucağımı dəyişmişdi. Nüsrət kişi yeddi yaşındakı bir oğlan uşağını bircə gecədə böyütmüşdü. Əli və Əsmər…

Həə, sanki, Nüsrət kişi həmin gecə qocaları uşaq, uşaqları yetkin, yetkinləri isə gənc etmişdi. Axşamüstü danışmağa başladığı bu əhvalat gecə saat ikiyə kimi davam etmişdi…

“O vaxtı Mirzə dayının doqquz qızdan sonra bir oğlu doğulmuşdu . Mirzə dayı yaman sevinmişdi, amma sevinci gözündəcə donub qalmışdı. Arvadı Sənəm ömrünü oğluna bağışlayıb, oğlunu qucağına ala bilməmiş bu dünyadan köçüb getmişdi. Kişinin arvadına o qədər ürəyi yanmışdı ki , 40-ı çıxana kimi bircə dəfə də oğlunu qucağına götürməmişdi. Uşağı böyük qızı Səmayə saxlayırdı. Hələ heç adı da qoyulmamışdı. Kişi Allahdan aşağı arvadının ölümündə oğlunu günahkar görürdü. Kəndin baş bilənləri yığışıb Mirzə dayının qapısına getmişdi, xeyli nəsihətdən sonra oğlunu ilk dəfə qucağına almışdı. Elə həmin gün də adını Əli qoymuşdu. Əlini beş– altı yaşına kimi böyük bacıları Səmayə, Rübabə, Dilrüba saxlamışdı. Sonra hərəsi bir kəndə gəlin getmişdi. Ən axıra Dilbərlə Ceyran qalmışdı.

Mirzə dayının səkkiz qızı Kəlbəcərin ayrı-ayrı kəndlərinə köçmüşdülər. Bircə Dilbər Ağbulaqda qalmışdı.

O, da aşıq Camalın oğlu Kərəmə ərə getmişdi. Dilbər həm ata evinə yaxın olsun istəmişdi, həm də elinə bağlıydı. Mirzə dayı qocalıb əldən düşmüşdü. Əli də böyüyüb cavan oğlan olmuşdu. Amma on altı, on yeddi yaşı olandan havalı gəzirdi. Azdan çoxdan hamı başa düşürdü ki, Əlinin ürəyinə məhəbbət düşüb. Sən demə falçı Kövsərin qızı Əsmərə aşiq olubmuş. İki, üç il gizlədə bilsələr də Əlinin əsgərlik vaxtı çatanda aləm bir-birinə dəydi. Mirzə dayı daşı atdı başını altına tutdu ki, mən onun qızına elçi getmərəm. Əli yazıq da qaldı naçar. Bir yandan atası iki ayağını bir başmağa dirəmişdi, elçi getmirdi. Digər yandan da çağırış gəlmişdi, yubatmaq olmazdı. Sən demə o vaxt qızın anası falçı Kövsər Mirzə dayıdan kəsirmiş (Xoşu gəlirmiş). Mirzə dayı Sənəmlə evlənməsin deyə bütün günü cadu edirmiş. Amma anası bunu kor İbada ərə verib deyə ondan bəri bunlara kin saxlayırmış. Əlinin getmək vaxtı çatmışdı, axırıncı dəfə Əsmərlə həmişə görüşdükləri İsa bulağında görüşdülər. Əhd-peyman etdilər ki ayrılmayacaqlar. Əli çıxdı getdi əsgərliyə, Əsmər də kənddə qaldı. Elə Əli təzəcə getmişdi ki, bir də gördük falçı Kövsər Əsmərdən gizli qızı dehləyib (hə vermək). Əsməri zornan Kürd İlyasa ərə verib qonşu kəndə yola saldılar. Əli gələndə Əsmərin bir oğlu olmuşdu, adını da Arslan qoymuşdular. Əli gələndə lələni köçmüş,yurdu qalmış görəndə az qalsın havalanmışdı. Tüfəngi götürüb kənddən çıxan ərəfə atam Zaman kişi qabağını kəsib: “Əli, biz kişiyik! Özgə arvadına baxmaq kişi işi deyil. Əsmər başqa adamın halalıdı. Sənə yaraşmaz!”– demişdi. Əli də tüfəngi yerə tullayıb elə həmin günü kəntdən biryolluq çıxmışdı. Aradan neçə il keçdi bilmədim. Bir gün kəndə xəbər yayıldı ki, Kürd İlyası quldurlar basıb, sonra da dərənin dibində tüfənglə öldürüblər. Ona görə də Əsmər oğlunu da götürüb gəlib atası evində yaşayır. Bu hadisədən dörd– beş il əvvəl Əsmərin atası , anası rəhmətə getmişdi. Yurdları boş qalmışdı. Əsmər ərə gedəndən sonra çox dəyişmişdi. Çöhrəsi solmuş, bənzi çökmüşdü. Allahdan gizlin deyil, bəndədən nə gizlin qalsın, onu bu günə Əlinin dərdi salmışdı. Oğlu Arslan heç Kürd İlyasa oxşamırdı. Mərd, igid, yaraşıqlı bir oğlan olmuşdu. Həmin il əsgərliyini çəkib təzəcə qayıtmışdı. O il ki, on doqquz ildən sonra Əli kəndə gəlmişdi…

Kəndin mərkəzində Qərib Asdanın köhnə bir çayxanası vardı, kəndin kişiləri yığışıb arada nərd oynayıb, söhbət edərdik.

Yad bir adam gəlib salam verəndə başımı qaldırıb üzünə baxsam da onda Əlini tanıya bilməmişdim. Handan-hana bildik ki, bu, Mirzə dayının oğlu Əlidi. Salamlaşıb, görüşəndən sonra bir xeyli söhbət etdik. Sonra ikimiz bir yerdə durduq. Mirzə dayının evi ilə bizim evimizin arasında məsafə az olduğu üçün bir yerdə yeriməyə başladıq. Elə ki, gəlib falçı Kövsərin yurdunun qabağına çatdıq, qəfildən yadıma düşdü ki, Əsmər burada qalır.

Sonra öz-özümə fikirləşdim ki, əşşi gör üstündən neçə il keçib Əli hara Əsmər hara. Amma gəlib onların məhləsinin yanına çatanda çönüb Əliyə baxdım. İlahi, adam adamı necə sevərmiş, necə həsrət qalarmış. O boyda kişinin gözləri dolu-dolu qapı-bacaya baxırdı. Elə həmin vaxtı əlindəki unlu süfrəylə, ələyi çırpmaq üçün çölə çıxan Əsmər Əlini görən kimi əlindəkilər yerə töküldü. İkisi də özlərini itirmişdi. Kənardan elə bil tamaşaya baxırdım.

Ev-eşik yiyəsi olan yekə kişi, bir oğul anası olan qadın yox, elə o vaxt ki, bir cüt aşiq qabağımda durmuşdu. Hərəsinin gözündən bir damcı düşdü, başqa da bir-birlərinə heçnə demədilər. Keçib yola davam etdik , Əlinin səsinin titrəyişi bu gün də qulağımdan getməz. “Bədbəxt oğlu bu neçə ildə gör nələr çəkib”–deyə ürəyimdən keçirtdim. Yol boyu söhbət etdik, Əsmərin necə gəlin getdiyindən, necə oğlu ilə burda qalmağa başladığına kimi hər şeyi ona danışdım. Birdən meşə tərəfdən Əsmərin oğlu Arslan ilə bir qız yola çıxdılar. Elə danışdığım yerdəcə Əli sözümü kəsib, Hicran, deyə səsləndi. Əvvəlcə hamımız çaş-baş qaldıq. Sən demə, Əli kənddən çıxandan sonra Bakıya gedib, orda Leyla adında bir həkim ilə qonşu imiş. Həmin vaxtlar Leyla hamiləymiş amma uşağın atası, qızın nişanlısı avtomobil qəzasında ölüb. Buradan gedəndən sonra Əli 1 il xəstəxanada ürəyindən müalicə alıb. Qəfil tutmalar, ürəkgetmələri əmələ gəlibmiş. Leyla ilə də elə dost olublar. Uşağı dünyaya gətirdikdən sonra Leyla ölüb. Qızını Əliyə əmanət edib. Biçarə Əli öz taleyini bu körpə yaşasın deyə əmanətə sahib çıxıb. Əlinin də anası onu doğanda ölmüşdü , axı . Uşağın adını Hicran qoyub, öz balası kimi böyüdüb. İlk dəfə kəndi görən qız da gəzmək üçün İsa Bulağına tərəf çıxıb, Allahın yazdığı yazıya nə pozu, gəl burda Arslanla qabaqlaş…

Əli Arslanı görəndə necə oldusa qucaqladı. Arslan anasının keçmişini, yarımçıq qalan arzularını bilirdi. Həmişə də özünü günahlandırırdı. Əli onu görəndə hiss etdiyi qəribə doğmalığı ,elə bil,Arslan da hiss etmişdi . Amma Hicrana qarşı hiss etdikləri daha dəriniymiş sən demə…

Aradan cəmi bir neçə gün keçmişdi. Bir də gördüm Arslan gəlib yanıma, xahiş etdi ki, ağsaqqallıq edib, bir neçə adamla Hicrana elçi gedək. Əslində mən fikirləşirdim ki, bu iş baş tutmaz.

Amma Əli də, Əsmər də cavanlara razılıq vermişdi. Özləri bir gün görməsə də yəqin istəmişlər ki, övladları xoşbəxt olsun. Əsmər Hicrana öz qızı kimi davranırdı. Arslan da Əlinin hörmətini saxlayar, nə məsləhət görsə əməl edərdi. Hicran ağıllı, sakit təbiətli bir qızıydı. Əli ona yaxşı tərbiyə vermişdi, baxan kimi bəlli olurdu. Üzükləri cavanlara taxmışlar. Toyu da əl-ayaq yığılandan sonra payıza tərəf eləmək məsləhət görülmüşdü. 1992-nin ən ağır günləri gəlib çatmışdı. Qonşu rayonların çoxu işğal altına düşmüşdü. Neçə ev, neçə ocaq sönmüşdü.

Ah-nalə az qala yeri-göyü yandırırdı. Arslan kim nə dedisə eşitməyib könüllü döyüşə getdi. Toya hazırlaşan vaxtı müharibənin başlamağı neçə gənci, ailəni nakam qoymuşdu. Hicran da barmağındakı üzüklə viran qalmış yollara baxa-baxa qalmışdı. Arslan da getməmiş Hicranı son dəfə İsa Bulağına aparıbmış. Hicran Arslan gedəndən sonra söz arası bunu dedi. Elə həmin dəqiqə Əsmər də, Əli də, mən də quruyub bir-birimizin üzünə baxdıq. Elə bil, o gün illər əvvələ qayıtdıq. Axı, Əli əsgərliyə gedəndə Əsməriylə orada vidalaşmışdı. Hicran bunu bilmirdi, bilsə, bəlkə də, Arslanı ora getməyə qoymazdı, bəlkə də, xurafatlara inanmayıb yenə də gedərdi. Əsmərin yadına düşəndə ürəyi üzülürdü.

İsa Bulağına gedən aşiqlər heç vaxt yarımamışdı. Orada qısa müddətlik nəzərdə tutulan ayrılıqlar ömürlük xitam verirdi arzulara, xəyallara….

Gecə saat üç – dörd olardı ki, qapının döyülməsi ilə örtüdən sıçramışdım. Başa düşmüşdüm ki, bu vaxtın gələni xeyrə gəlməyib. Qapını açanda Əli beli bükülmüş vəziyyətdə yerə çökdü. O saatda bütün kənd oyanmışdı. Kəndimiz Şəhid qarşılamalıydı o sabah…

Arslan Şuşada gedən ağır, qeyri-bərabər döyüşlərdə yaralanan yoldaşlarını döyüş meydanından çıxararkən Şəhid olmuşdu. Karvan ağır-ağır yola düşən kimi, tabut da ağır-ağır kəndə yaxınlaşırdı. Əsmərin artıq səsi batmışdı. Əli indi oğul dağı görmüşdü. Hicran tabut gələndə üzə çıxdı. Son dəfə görsünlər deyə Arslanın üzünü açdılar. Sanki, üzünə nur çilənmişdi. Təbəssüm dodaqlarında qalmışdı. Elə bil, son nəfəsində yarı gözlərinə görünmüşdü. Elə bil, sevincək ruhu göylərə köçmüşdü. Hicran Arslanı gördükdən sonra əlini saçlarına atıb elə yolmuşdu ki, kəndin dilsiz quşları da həmin an dilə gəlmişdi. Yolduğu saçlarını Arslanın ovcuna basmışdı. Tabutu bağlamaq istəyəndə o vaxtacan dil açıb danışmayan Hicran hamını susdurdu. Əsmərə tərəf gedib, əllərini açdı. “Xınamızı yax, ana. Xınasız getməsin Arslan..” deyib Əsmərin ayağına düşdü…

Yekə kişilər də indi uşaq kimi ağlayırdı. Əsmər indi həm oğul, həm qız, həm də Şəhid anasıydı.

Övlad toyu üçün aldığı, saxladığı xınanı göz yaşıyla isladıb gətirmişdi. Əvvəl Hicranın sonra da Arslanın ovuclarına xınanı yaxmışdı… Bu xına başqa xına idi, Şəhid xınası idi bu xına. Bu xınadan başqa heç kim yaxa bilməzdi, heç kim onlar kimi nakam qalmaq istəməzdi. Şəhid dəfnində nalələr ərşə qalxmışdı , bir də əsgər yoldaşlarının göyə sıxdığı güllələr…

O gün əsgərlər məzarın başında qisas üçün and içmişdi. Hicran isə sadəcə Arslan üçün yarandığına və sadəcə ona aid qalacağına and içmişdi. İsa Bulağı Hicranın gözünün düşməni olmuşdu. Halbuki ilk dəfə Arslanı orada görmüşdü, orda sevmişdi və son dəfə orda qucaqlayıb, vətənin köksünə yola salmışdı. Hicran sevgisindən üstün idi vətən sevgisi. İndi Hicran da mamır olub Arslan gəzən qayalara naxış vuracaqdı. Əli də Əsmər də çox dözə bilməmişdi. Onsuz da özləri bir gün görməmişdilər. Balalarının da belə bədbəxt olmağı onlara dağ çəkmişdi. Doqquz gün fasilə ilə əvvəl Əli sonra da Əsmər canlarını tapşırmışdılar. Hicran indi tək qalmışdı. O onsuz da Arslandan sonra tək idi. Nə danışmazdı,nə də dinməzdi. Əvvəllər hər gün Arslanın məzarına gedən ağlayıb, ağlayıb qayıdardı. Bəzən də orda yatıb qalardı. Kənddə bir-birini sevən bütün gənclərə gecə səhərə qədər yatmayıb dualar etdiyi düymələri verərdi. Onlar yarımçıq qalıb, başqaları qovuşsun istəyərdi. Düymə verdiyi gənclər də Hicranla bərabər, onun taleyinə ağlayırdı. Sonra gedib Arslanın məzarını ziyarət edərdilər. Hicranın düymələri hər gün çoxalırdı. Hər kəs xoşbəxt olsun istəyərdi. Hər qovuşan gənci görəndə bir düymə də saçlarına bağlayardı.Amma həyat bunu da çox gördü o yetimə. Eh, sizin yadınıza gəlməz, balalar. Fəlakət bizdən yan keçməmişdi.

Mənfur düşmənlər bizim torpaqlarımızı da işğal etdi. 1993- də Ağbulaq da mənfur tapdağında qaldı. Köçüb hərə bir yana dağılırdı. Hicran o vaxtlar havalanmışdı. İndi təsəlli yeri Şəhid məzarı da olmayacaqdı. Hicran Arslanı qoyub gedə bilməzdi. Uğrunda canından keçdiyi torpağına düşmən ayaq açanda onun sevdiyi qadın qaça bilməzdi. Arslan qana-qan, qisasa-qisas almışdı. Arslan Şəhid olmuşdu. Onun məzarı düşmən ayağı altında qalarkən, onun nişanlısı qaçıb canını qurtarmağa çalışmazdı. Hicran onsuz da Arslan dəfn edilən günü ölmüşdü. Sadəcə gözləri açıq viranə dünyada dolanırdı. Son dəfə təpədəki məzarın yanına çıxmışdı. Yenə əllərində xına vardı. Köç düşüb biz gedən vaxtı ona bir güllə dəydi…

Hicranın qanı elə Arslanın qəbrinin üstünə töküldü. İndi ovuclarındakı qurumuş xınanı isladan göz yaşı deyil, qan idi. Düşmən göz açmağa imkan verməmişdi. Günü bu gün də peşmanlıq çəkirəm. Kaş, o gün qayıdıb Hicranı dəfn edə bilsəydim.

Kaş, cəsədi tapdağ altında qalmasaydı. İllər keçib üstündən hələ də özümü bağışlaya bilmirəm. Əlinin Əsmər hicranından qoyduğu Hicran adı dördünü də illər sonra yandırmışdı. Dörd aşiqin alovu bir bulağın suyunu qurutmuşdu. İndi mən də o bulaq kimi quruyub, bitmişəm…”

Bax belə, Nüsrət kişinin son danışdığı əhvalat bu oldu. O, da bu həyatdan köçdü getdi. İndi mən özüm yekə kişiyəm amma hələ də o ağrını, acizliyi hiss edirəm. Həə, bax belə. Cavan qız, sənin qarşında uzun yollar var. Çalış hər əhvalat səni gələcəyə aparsın. Keçmişinə heç zaman əsir qalma. Bir də çalış heç zaman nə Əsmər, nə də Hicran olma. Çalış axtaran yox, axtarılan olasan. Bir də, böyü, indi balacasan, bir gün gələcək böyük qız olacaqsan.

İndi kiçik müsahibələrin sənə işıq tutsun, o gün gələndə sən özün günəş kimi parlayacaqsan…”

Aytac QAYIBOVA

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.