Ana səhifə BAŞ YAZI Qan ər naxışıdır…

Qan ər naxışıdır…

Müəllif: Bizim Yazı
936 baxış

Namiq Hacıheydərli. Yeni şeirlər

Göylər idi yurdumuz

Böyük idik bir zaman;
Oğuz, Alparslan, Şaman…
Min il bu dünyaya qan –
Can verə-verə gəldik.

Simgəmiz Boz qurdumuz,
Yer tutrədən ordumuz…
Göylər idi yurdumuz,
Bölündük Yerə gəldik…

Minbir yerə dağıldıq;
Var olmadıq, sağ olduq…
…Börü ruha ağ olduq,
Unutduq törə gəldik.

At belində uçardıq,
Hər qapını açardıq,
Suç işlərdən qaçardıq,
Yenildik şərə gəldik.

İçindədir

Bizdən kənar dünyalar var,
Cahan cahan içindədir.
İç-içə sandıqlar kimi,
Məkan məkan içindədir.

Xəyal atı yüz il çapmış,
Sınır bulmuş, nə iz tapmış.
Zamanüstü zaman varmış;
Zaman zaman içindədir.

Ev bu hördüyümüz deyil,
Ömür, sürdüyümüz deyil.
İnsan, gördüyümüz deyil;
İnsan insan içindədir.

Sən mənim kimimsən?

Hara baxsam təkcə səni görürəm,
Yolumsan, Yerimsən, Göyümsən axı.
Niyə səni  mən bu qədər sevirəm,
Sən mənim kimimsən, nəyimsən axı?!

Masmavi göylərdə ağappaq bulud,
Günəş də, torpaq da, külək də sənsən.
Ağaca, çiçəyə can verən su da,
Çiçəkdə ətir də, çiçək də sənsən.

Qovuşdu, birləşdi iki saf bulaq,
Bir bahar günündə axar çay oldu.
Xəbərsiz doğulduq bir-birimizdən,
Bax, ancaq, ruhumuz əkiztay oldu.

Ulduz arxasından enib gəlibsən,
Atadan, anadan yaranmamısan.
Sənin sığalını mələklər çəkib,
Sən bəşər əliylə daranmamısan.

Niyə baxışınla alışar sinəm?!
Harandan od alır bu odum mənim?!
Qanadım deyilsən, ancaq, bəs nədən,
Qəmlənsən qırılar qanadım mənim?!

Üzündə qəm, gözündə nəm görünsə,
Aldığım nəfəs də daşa çevrilər.
Sənin içindəki ağrı-acılar,
Mənim gözlərimdə yaşa çevrilər.

Biz qoşa bədəndə bütöv canıqmı;
Dodağın qurusa;
ciyərim yanar.
Ayrıyıq, uzağıq, bəs niyə ruhum,
Sənin varlığını varlığım sanar.

Sənin ayağına batan bir tikan,
Mənim ürəyimi qanatmış, gülüm!
Anladım… Bir kökdən yaranmasaq da,
Ruhumuz bir kökdən boy atmış, gülüm…

Ruhu doğmalardı qohum olanlar,
Bir ata – anadan doğulan deyil.
Var olan dipdiri ruhu olandı,
Ayağı, əlləri sağ olan deyil.
                    12-18 aprel 2012

Gəldim

Min ildi salınmış hikmət bağına,
Söz adlı bir fidan əkməyə gəldim.
Yerdə şölələnən haqq çırağına,
İçimin yağını tökməyə gəldim.

Min balta vurdular fəqət ölmədim,
Qan ər naxışıdır, yara silmədim.
Bu torpağa yük olmağa gəlmədim,
Yurdumun yükünü çəkməyə gəldim.

Şeytanlar bularsa örüş ürəkdə,
Üfunət verəcək min leş ürəkdə.
Şərdən təmizləyib üç-beş ürəkdə,
Tanrıya Eşq evi tikməyə gəldim.

İnsan ah çəkincə göylər “can”!- deyir,
Allah da kitabda “Ya insan”!- deyir.
Tamahsa dünyada hələ “qan”- deyir;
Nəfsin boğazına çökməyə gəldim.

Eşqi sabahlara aparmaq üçün,
Yerlərdən göylərə yol varmaq üçün,
Halal ağacları suvarmaq üçün,
Haram özülləri sökməyə gəldim.
                                      09 mayis 2012

Ayrılıq

İki dost – bir ürək, qanı sevgidi,
Gözəllik doqquzdu, onu sevgidi.
Bütün dostluqların sonu sevgidi,
Bütün sevgilərin sonu ayrılıq.

Sevgi nə peşədi, nə də sənətdi,
Duyub daşıyana o ləyaqətdi.
Çəkilməz bir yük var – adı həsrətdi;
Həsrət cəhənnəmdi, donu ayrılıq.

Doğulmaq – göylərin yerə hiddəti,
Yaşamsa,  yerlərin göyə heyrəti.
Ömür ruhumuzun sürgün müddəti,
Bəs nədən soldurar canı ayrılıq!?
13 iyul 2012

Qaranlıqda şam yandırmaq

Ürəyində şər uyuyur,
Bəs, onu kim qovasıdı?!
Dilin Allah! Allah! -deyir,
İçin iblis yuvasıdı.

Nadanlıqdı qəlb sındırmaq,
Pərt eləmək, utandırmaq…
…Qaranlıqda şam yandırmaq,
Peyğəmbərlər davasıdı.

Ürəkdə eşq daşıyana;
Tamahını boşayana,
Aşiq kimi yaşayana,
Od da cənnət havasıdı.
9 avqust 2012

Hələ ki, nidayam

Dan yeri ağarır, oyağam hələ,
Nə gözlər yumulur, nə qəlb dincəlir.
Açılmaz səhərim ta innən belə,
Baxma üfüqlərdə Günəş yüksəlir…

Dostları min olsun, nə faydası var,
Əyər tənhadısa ruhu insanın.
Duyulmaz oldusa bir qaydası var,
Yüksələr göylərə ahı insanın.

Din gəzdim, ruhuma dinclik aradım,
Sonunda gördüm ki, özüm dinmişəm.
Yerlərdə, Göylərdə min sirr aradım,
Dünyanın ən böyük sirri mənmişəm.

İnsan sirr, ömür sirr, bu Yer, bu Göy sirr,
Beşikdən qəbrəcən sirri açılmaz.
Sabah nə olacaq, bir kimsə bilmir;
Yazısı dəyişməz, qədər – qaçılmaz.

Nə olsun milyondu hər yerdə sayı,
Milyonlar içində təkdi hər adam.
Bu göylər altında, bu yer üzündə,
Bəxtəvər olmadı hələ bir adam…

…Nə arzu tükəndi, nə də ki dərdim,
Yaxşı ki, dərd boyda min xəyalım var.
Ömrü palaz kimi yollara sərdim,
Göylərə verəcək çox sualım var.

Hələ ki, nidayam bu yer üzündə,
Heyrətlər içində çoxmu qalacam?!
Ömrümə qoyulan işarə kimi,
Ömrümün sonunda sual olacam…
 11 avqust 2012

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.