Ana səhifə BAŞ YAZI Qədim türklərdə bayraq anlayışı

Qədim türklərdə bayraq anlayışı

Müəllif: Bizim Yazı
689 baxış

 

 

 

Nərmin MƏMMƏDLİ

 

 

 

 

Hər zamankı kimi mövzunu seçdikdən sonra araşdırmalarıma başladım. Qarşıma diqqət çəkici  məqamlar çıxdı. Onları sizlərlə də bölüşmək istəyirəm. İlk öncə qeyd edim ki, türk tarixində bayraq anlayışı  daha çox  İslamdan sonrakı dövrlərin əhatəsində öyrənilib. Xüsusən digər türk xalqları ilə müqayisədə daha çox Osmanlı türklərinin bayraqları araşdırılıb, buna dair kitablar nəşr olunub. Mövzuya dair  qədimdə türk xalqlarının hakimiyyəti altında yaşamış xalqlarla hələ də mübahisələrin davam etməsinə baxmayaraq, çox da dərindən araşdırmalar aparılmamışdır. Və beləcə bu məsələdə hələ də gizli məqamlar açılmamış qalmaqdadır. Lakin qədim türk dastanlarında, rəvayətlərində, Kaşğarlı Mahmudun əsərində, əlavə olaraq çin mənbələrində türklərə aid bayraq anlayışların yer aldığı aydın görülür. Məhz bu mövzunun araşdırmacıları da bu mənbələrə istinad edir.

Qurd başlı bayraq

Qədim türklərdə dövlət mənsub olduğu xalqı tərənnüm edirdi. Bu səbəbdən dövlət və kağan türklər üçün qutsal sayılırdı. Bayraq anlayışının yaranması da məhz dövlət inanclarından doğurdu. Belə ki, dövlətə sahib olan xalq mütləq şəkildə qurd başlı bayrağa da sahib olmalı idi. Ancaq bu yolla o digər birliklər tərəfindən tanınar və sayqı görə bilərdi. Hətta Türk kağanı olmadığı zamanlarda belə bu bayraq unudulmaz, yalnız o bayrağı təhvil alan şəxs kağan ola bilərdi. Qeyd edim ki, türklərdə bayrağı bu qədər qutsallaşdıran əsas məqam onun azadlıq, hürriyət, bir millətin bağımsızlığını tərənnüm etməsində idi. Və təbii ki, dini inaclar da burda əsas rol oynayırdı, aşağıda bu haqda söhbət açacam.

Niyə göktürklər məhz qurd başlı bayraq istifadə edirdi? Bu anlayışın əsas kökləri dini inaclarla bərabər türk mifologiyasında durur:  “Türklər düşmən qövmə yenilərək öldürülürlər. Yalnız bir uşaq sağ qalır və əlləri kəsilərək qamışlığa atılır. Ortaya çıxan dişi qurd uşağı götürüb böyüdür. Bunu xəbər alan düşmən onu öldürmək istəyincə dişi qurd uşağı alıb qaçır.Və bir dağda mağaraya sığınır, erkək uşaqla evlənir, 10 oğlu olur. Bu oğullar isə kənar qəbilələrdən qız qaçıraraq nəsil artırırlar. Beləcə türklər 10 soya sahib olurlar.
Göktürk dövlətini quran Bumin və İstəmi Kağan da bu on soydan biri olan Aşina boyundan idilər. Buna görə də göktürklər hər may ayında rəvayətdə bəhs edilən mağaranı ziyarət edər, qurban kəsərlərdi. Bəli, göktürklərin bayrağındakı qurd başının istifadəsinin əsas səbəbi budur. Həmçinin bu barədə Çin qaynaqlarında da bəhs edilir.

Türklərin dini inancları da bayraq anlayışının ortaya çıxmasında əsas rol oynamışdır. Belə ki, onlardan ölüm törənləri zamanı istifadə olunardı. Xüsusən yas sahibinə məxsus ərazidə bayraqlar yerə sancılar və əsas olaraq  baş şaman rütbəsini daşıyan şəxs tərəfindən götürülərdi.

Bayraq yoxsa tuğ?

Bir çox araşdırmacılar arasında bayraq və tuğ məsələsi hələ də mübahisə obyektidir. Kimisi hər ikisinin fərqli anlamlarda istifadə edildiyini, kimisi isə eyni anlamı ehtiva etdiyini, hətta fərqli zamanlarda ortaya çıxdığını qeyd edir. Məşhur türk ideoloqu Nihal Atsız  isə bu  məsələyə “16 dövlət nağılı və saxta bayraqlar” məqaləsində (Ötükən, N65, 1969) belə aydınlıq gətirir:  “Qədim türklərdə bayraq yox, tuğ vardı. Bayraq tuğ anlayışının genişlənməsi, inkişafı ilə daha sonrakı yüzilliklərdə ortaya çıxmışdır. Yenə bilindiyi kimi qədim türklərdə sadəcə bir tək bayraq yox, bir çox bayraqlar olmuşdur. Hər əsgər alayının, hər ordu birliyinin özünə aid bayrağı vardı. Tək milli bayrağa sahib olmaq fikri çox sonralar ortaya çıxmışdır.”

Nihal Atsızın bu fikrini ələ alaraq daha bir neçə araşdırmanı nəzərdən keçirdim. Qısaca bu qənaətə vardım ki, qədim türklər öncə tuğlara sahib idilər. (Tuğ dörd hissədən ibarət idi: Bəzədilmiş tuğ dirəyi, dirəyin başına bağlanmış at quyruqları, tuğ başı, tuğ başının üzərinə qoyulan qurd başı.) Daha sonra zaman keçdikcə türklərdə bayraq anlayışı ortaya çıxmağa başladı, hansı ki, bununla tuğ arasında fərqlilik ön plana çıxarıldı. Bəs onlar arasındakı fərq nədir?  Tuğ dövlətin və bağımsızlığın simgəsidir və daha çox rəsmidir, yaranışı dövlət inanclarına bağlıdır. Bayraq isə köklərini dindən alır. Belə ki, yas mərasimlərində, ailə birliklərinə dair törənlərdə, savaş öncəsi and içmələrdə istifadə edilirdi. Əlavə olaraq, bir də bayraq mərasimləri vardı. Hansı ki, savaş elanları tuğ və ya bayraq mərasimi ilə başlayırdı. Və törənin sonunda savaş andı içilirdi. Bundan sonra savaş hazırlıqları edilirdi.

Qeyd edim ki, etimologiyasına görə bayraq sözü xas türkçə kəlimədir. Heç bir dəyişikliyə uğramayıb. Kaşğarlı Mahmuddan bu kəlimənin XI əsrdə Oğuz türkləri tərəfindən bayraq şəklində istifadə edildiyini bilirik:

Ağdi kızıl bayrak
Tağdı kara toprak
Yetşü gelüp «uğrak»
Tokşip anın giçtimiz.

Buradan belə nəticəyə gəlmək olar ki, XI əsrdə artıq bayraq kəliməsi vardı. Həmçinin Manas və Dədə Qorqud dastanlarında qədim türklərin tuğ və bayrağa qarşı olan münasibətlərini göstərən faktlar mövcuddur.

Bugünə kimi türklərdəki bayraq anlayışında dəyişilməyən əsas məqam odur ki, hər bir dövrdə o qutsal qəbul edilib. Rəşidəddin “Oğuznamə” adlı əsərində tuğdan “Tuq-ı mübarək” deyə söhbət açır və onun Türklər tərəfindən qutsal sayıldığını qeyd edir.  Həmçinin qədim Türk inam sisteminə görə bayraq yerlə göyü birləşdirmək anlamına gəlir və bu səbəbdən toxunulmaz sayılırdı. Manas dastanında bu məqam yer alır:
Ala bayraq, qızıl tuq
Tübün cərgə sayınar
Başın kökgö cayınar.  (Yəni, al bayrağın və qızıl tuğun kökünü yerə sancın, başını göylərə qaldırın.)

Bayraqla bağlı hələ də açılmamış məqamlar təəssüf ki, gizliliyini qoruyur. Buraya rənglərin anlamları, tarixi inkişafı və s.  daxil olmaqla müxtəlif yönümlü araşdırmaların vacibliyi daxildir. Ümid edək ki, bizim tarixçi və araşdırmacılarımız da bu mövzuya mütləq şəkildə müraciət edəcəklər. Çünki digər türk xalqları ilə yanaşı bizdə də bayraq məsələsi problemli mövzulardandır.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.