Ana səhifə SÖYLƏŞİLƏR “Özündən müştəbehlik sənətin “qanqrena“sıdır“

“Özündən müştəbehlik sənətin “qanqrena“sıdır“

Müəllif: Bizim Yazı
1. 569 baxış

Seyran Səxavət: “Bayraq yolunda 8-9 il qəribçilikdə məhbəsdə yatmaq qəhrəmanlıq deyilsə, gərək Əkrəm Əylislidən soruşaq ki, onda qəhrəmanlıq nədir?..  …Gərək Ramil kimi bir oğul haqqında, onun taleyi barədə söz deyəndə artıq yazıçı, dəmirçi, balabançı olduğunu unudasan və vətən, sən və Ramilin hərəkəti qala. Bax bu üçlük haqda deyilən fikir gözəldir və həqiqətdir.”

Yazıçı Seyran Səxavətə zəng edib müsahibə götürmək istədiyimi söylədim. “Qızım, mən 7 mindən çox müsahibə vermişəm, əgər fərqli sualların olacaqsa buyur, mən müsahibəyə hazır” dedi. Avqustun 31-də günorta saatlarında zəng edəcəyimi söyləyib telefonu qapadım.
Avqustun 31-də çox böyük sevinc yaşadıq… Macarıstanda ömürlük həbs cəzasına məhkum edilmiş zabitimiz Ramil Səfərov vətənə qədəm basdı və əfv olundu. Xəbər məni elə fərqli auraya köklədi ki, yazıçı Seyran Səxavətə zəng edəcəyimi unutdum. Saata baxanda artıq 18: 30-u keçirdi. Bu günü beləcə sevinclə yola verib sabahı gözlədim. Səhər işə gəlib yazıçıya zəng vurdum, “Könül, sən dünən zəng etməliydin, axı” cavabını eşitdim. Tələsik səbəbi izah elədim və hiss etdim ki, Seyran müəllimin səsi yumşaldı. Mən də beləcə əfvə düşdüm…
– Bəlkə elə söhbətə Macarıstanda ömürlük həbs cəzasına məhkum edilmiş Azərbaycan zabiti Ramil Səfərovun vətənə dönüşündən başlayaq.  Siz onun vətənə dönüşünü, əfv edilməsini necə qarşıladınız, hansı hissləri keçirdiniz?
– Son vaxtlar çox nadir hallarda sevinirik, bəzən aylarla, günlərlə sevinə bilmirik. Amma Ramilin azad olunması elə bir məsələdir ki, bütün boşluqların heç olmasa 50-60 faizini doldurdu. Ramilin ailəsini az da olsa tanıyıram. Heç yadımdan çıxmaz, haradsa yeddi il bundan öncə onun balaca qardaşının toyunda oldum. Ramil isə Macarıstandan telefon vasitəsilə qardaşını təbrik elədi. Telefonu mikrofona yaxın tutdular, hər kəs onun təbrikini eşitdi və alqışladı. Alqış etdik  ki, Ramil tezliklə vətənə dönsün. Onsuz da vətənlə idi, amma cismən uzaqda idi. O cür adamların ürəyi həmişə vətəndə olur.
Ramil igid oğlandır, ona halal olsun. Bilirsiz, normal münasibət normal düşmənə olar da… O vaxt bəzi fikirlər səsləndi, amma mən deyirəm ki, Ramil düz hərəkət edib. Təsəvvür edin ki, avtobusda gedirsən və bir nəfər digərinin ayağını tapdalayır, hələ bayrağını tapdalamağı demirəm. Ayağını tapdalayır və sonra da deyir ki, bağışla bilmədim. Ayağı tapdanan da əl çəkmir ki, nə bağışla və başlayır ağzına gələni söyməyə. Pis-pis sözlər də səsləndirir və artıq yer qoymur ki, onunla mədəni danışasan. Onunla elə Ramilin danışdığı o möhtəşəm dillə, o vətənpərvərlik, o qeyrət dililə danışasan. Mən o mənada Ramili yüz faiz haqlı sayıram. Baxmayaraq ki, yaşlı adamam, cüdo üzrə idman ustası deyiləm. Mənim qabağımda elə bir hadisə olsa, mən də ermənini dişimlə didərdim.
– Əksəriyyət Ramil Səfərovun vətənə dönüşünə sevindi, xoş sözlər dedi. Xalq yazıçısı Əkrəm Əylislinin isə yanaşması fərqli oldu. “Mənim qəhrəmanlıqla bağlı öz təsəvvürüm və yanaşmam var. Bu cür kampaniyalara qoşulmuram. Çünki belə kampaniyalar bir-birini tez-tez əvəz edir. Mən yazıçıyam və öz sahəmin suallarına cavab verə bilərəşm” fikirlərini səsləndirdi. Bu haqda nə düşünürsüz, sizcə, qəhrəman necə olmalıdır?
– Bəziləri Ramil haqqında deyirdi ki, o, məhkəmədə həddindən artıq ağıllı danışır, bəziləri deyirdi ki, guya ağıldan da kəmdi-filandı, yəqin ki, sizin də yadınızda olar o sözlər. Ola bilər, o insanlar da Ramili çox istədiklərindən hadisəni psixoloji pozğunluq kimi qələmə vermək istəyirdilər, amma orda psixi pozğunluqdan yox, əksinə, sağlam, vətənpərvər bir azərbaycanlı balasının hərəkətindən söhbət gedirdi.
O ki qaldı Əkrəm Əylislinin sözlərinə, məncə, Ramil Səfərovun taleyinə düşən bu hadisə Azərbaycanda yeganədi, əvvəl belə hadisə olmayıb. Əkrəm müəllimin fikirlərini mən dəqiq oxumamışam və bilmirəm. Amma bayraq yolunda 8-9 il qəribçilikdə məhbəsdə yatmaq qəhrəmanlıq deyilsə, bax siz gərək Əkrəm Əylislidən soruşaydınız ki, onda qəhrəmanlıq nədir? Həyatdakı qəhrəmanlıqla yazıdakı qəhrəmanlıq bəzən, təəsüflər olsun ki, kökündən fərqlənir. Yadınızdadırsa hər yerə – lap maşınlara da Ramilin şəkillərini vurmuşdular. Gərək Ramil kimi bir oğul haqqında, onun taleyi barədə söz deyəndə artıq yazıçı, dəmirçi, balabançı olduğunu unudasan və vətən, sən və Ramilin hərəkəti qala. Bax bu üçlük haqda deyilən fikir gözəldir və həqiqətdir.
– Əkrəm Əylisli bir cür, siz ayrı cür düşünürsüz, həm də yəqin ki, Ramil Səfərov haqqında şeirlər, hekayələr yazılacaq. Bəs yetişən nəsil kimi dinləyəcək? Bu ikili prinsiplər onları çaşqınlığa sürükləməz ki?
– Birinci Pyoturun vaxtından üzü bəri bunlar hamısı planlı şəkildə düzülüb-qoşuldu. Uzun zaman planlı siyasəti yeridildi, nəticədə nə qədər torpaqlarımız getdi bu iki yüz ildə. Ermənilər güzəştə getmədən, hər cür anti-humanist hərəkətlərə yol verə-verə nə qədər qanlar töküblər. Elə sonuncu Xocalı soyqırımını götürün. Ola bilər, Əkrəm müəllim təklif edir ki, bunlarla hansısa ayrı dildə – ermənicə, ingiliscə,  fransızca, ya da poeziya dili olan farsca danışmaq lazımdı. Məncə, erməni ilə ancaq erməni dilində danışmalıyıq. Fizikada belə bir qanun  var ki, təsir əks təsirə bərabərdir. “F” bərabərdi “mənfi “F”-ə. Bu qanun ən çox ermənilərə aiddir. Başqa mən heç nə bilmirəm.
…Kanallarımızda belə bir kadr getmişdi – Xankəndində bir erməni xaricdən gələn yüksək çinli bir qonağın önündə diz çöküb, onun ayaqqabısının bağını bağlayırdı. Bax onlar hər şeyə gedirlər… Belə bir millətlə, tutaq ki, ədəbiyyat dilində, poeziya dilində və insana hörmət dilində danışmaq bəri başdan məğlubiyyətə qol çəkmək deməkdir.
– Bir az da çağdaş ədəbiyyatımızdan danışaq. 90-cı illərdə çoxları ədəbiyyatımızda durğunluq olduğunu deyirdi. Bu kimi fikirlər indi də səslənir, halbuki kifayət qədər əsərlər, romanlar yazılır  və çap olunur…
– Bu haqda çox danışmışam, indi bircə söz deyəcəm. Ədəbiyyat istehsal deyil, fabrik deyil, bağ, bostan deyil ki, məhsul verdi, ya vermədi. Ədəbiyyatda heç vaxt durğunluq olmayıb. Ümumiyyətlə, ədəbiyyatda durğunluq olmur, ola bilsin, çap olunmur və nəsə ayrı bir problem ortaya çıxır. Ədəbiyyatda durğunluq o zaman olar ki, Nostradamusun dedikləri gəlsin çatsın. Yəni dünyanın sonu olsun…
– Bəlkə bu fikir ədəbi tənqidlə əlaqəlidir? Bəlkə ədəbi prosesin davam elədiyini o, sübuta yetirməlidir?
– İndi ədəbiyyatda günəmuzd tənqidçilər çoxalıb. Ədəbiyyatda baş verən proseslərin ədəbi tənqidə qətiyyən dəxli yoxdu. Ədəbi tənqid nə vaxtdan ədəbiyyatın aparıcı qüvvəsi olub axı? Bəlkə də mənim bu fikrim başqalarına bir az bəsit görünə bilər, amma bir misal var  “xoruz yox idi, sabah açılmırdı?” Ədəbi tənqid indiki zamanda olsa da olar, olmasa da olar. Olmaması daha yaxşıdı.
– Yaradıcılığınızda nə yeniliklər var?
– Son vaxtlar saytlarda müsahibələrim gedir,  yazılarım var, onların üzərində işləyirəm… Belə. Özümdən nə danışım axı. Bir əhvalatı xatırladım, onu danışacam sizə. Bir gün yanıma iki gənc jurnalist gəldi. Müsahibə götürmək istəyirdilər. Gəlib oturdular və dedilər ki, danışın. Axı insan nə danışa bilər? Siz yolda gedə-gedə özü-özünə danışan insan haqqında nə düşünərdiniz?
Payızda Azərbaycan Yazıçılar Birliyinin XII qurultayı gəlir. Qurultaydan nəsə bir yenilik gözləyirsizmi?
– Mən ancaq yazı-pozu haqqında fikirləşirəm.
Son illərdə sayı artan ədəbi müsabiqələrə münasibətiniz necədi? Sizcə, müsabiqələr ədəbiyyatın inkişafına yardım edə bilərmi?
– Belə müsabiqələr ədəbiyyata heç nə vermir. Ədəbiyyata nə verirsə, istedad verir. Amma deyim ki, müsabiqələr bəzən haqlı və əksər hallar da haqsız olur. Ona görə də bu haqda danışmaq istəmirəm. Azərbaycan ədəbi mühiti ətrafında yaranmış bu mükafatlara mən boş şey kimi baxıram. Əvvəla, 500-1000 manat ədəbiyyatın qiyməti deyil. Bu, sadəcə insanları ələ salmaq deməkdir. O müsabiqə təşkilatçılarının ədəbiyyatla, eləcə də ədəbiyyatın da o təşkilatçılarla heç bir sıx əlaqəsi yoxdur. Səmimi əlaqə olmayan yerdə onlar mənə boş cəhdlər kimi görünür, vəssalam…
MKM-də gedən proseslərə münasibətinizi öyrənmək istərdik. Münsiflər heyətinə yeni adlar əlavə olundu, narazılar da, təqdir edənlər də tapıldı. Siz bütövlükdə bu prosesi necə qiymətləndirirsiniz?
– Bu haqda danışmaq istəmirəm.
“Ulduz” jurnalı ətrafında polemikanı yəqin eşitmisiz.
– Xəbərim yoxdu.
Bəs nə zaman gənclərlə bir araya gəlmisiz və polemika aparmısız?
– İki dəfə olub. Biri on beş il bundan qabaq, onda onların lap aqressiv vaxtları idi. Onlar hardasa qırx nəfər idilər, mən isə tək… Oturduq, söhbət elədik. Onların içində nəsrlə, kinomatoqrafiya ilə, musiqi ilə, ümumiyyətlə, fərqli sahələrlə məşğul olan uşaqlar var idi. Bir xeylisi qalıb ədəbiyyatda. Amma deyim ki, gəncliyə münasibət elə insanın öz gələcəyinə olan münasibətidir.
Gənc yazarların bəziləri elə düşünür ki, hər şeyi bilirlər, yaratdıqları da şedevrdir…
– Mən gənc olanda ədəbi atmosfer fərqliydi, bir-birimizə şeir oxuyurduq. Hətta ədəbiyyata ehtiyatla yanaşanlar da var idi. Böyük şair hesab etdiyim Ramiz Rövşənin bir priyomu vardı. Məni səhər tutub deyirdi ki, Pakistan şairindən tərcümə eləmişəm. Oxuyurdu, deyirdim, nə gözəl… Biləndə ki, yaxşı şeirdi, deyirdi, mən yazmışam. Belə şeylər də olub. Böyük ədəbiyyatşünas, şair, gözəl insan Qasım Qasımzadə Ramiz Rövşənə “Uğur olsun” yazmışdı. O zaman Ramiz Əliyev idi, sonra  Ramiz Miskanlı, sonra da Ramiz Rövşən oldu. Orda da elə dayandı. Qasım müəllimin qaynı mənimlə bir kursda oxuyudu. O, məni Qasım müəllimin yanına aparıdı və mənə də bir “uğur olsun” arzuladı, yazdığım şeirləri çap elədi. Sonra mən Nüsrət Kəsəmənlini apardım onun yanına. Sonra Zülfüqar Şahsevərlini apardım. Sonra illər keçdi mən özüm yaşa doldum və tanındım. Ədəbi dərnək yaratdım. Ora indi Azərbaycan ədəbiyyatında olan dağ kimi kişilər gəlib-gedirdi: Aqil Abbas, Vaqif Bəhmənli və başqaları. O vaxt proses bu cür idi, “Burda mənəm, Bağdadda kor xəlifə” prinsipi yox idi. Kim deyirsə, biz öz düşmənimizdən heç nə öyrənmirik, yalan danışır. Yalanın xırdasına da lənət , böyüyünə də. İndi özündən müştəbehlik çox yayılıb. İstər dəmirçi olsun, istər sürücü və ya jurnalist… Çox böyük bəladı. Özündən müştəbehlik sənətin qanqrenasıdır.
Bölgələrdə ədəbiyyat bir qırağa qalıb, ev, təqaüd, fəxri ad davası gedir. Xəbəriniz varmı?
– Kim xalq yazıçısı olmaq istəyirsə, bilir ki, xalq yazıçısı adı alanda ev də, prezident təqaüdü də verirlər, o da ona doğru can atır. Buna çox təbii baxmaq lazımdı.
Rayonlarda müasir ədəbiyyatı bilmədən dərs deyən ədəniyyat müəllimləri var. Buna nə deyirsiz?
– Əvvəllər ədəbiyyat müəllimləri qəzetlərə, jurnallara abunə yazılırdılar, indi o əlaqələr yoxa çıxıb. Bu saat qonşunun  qonşudan, qardaşın qardaşdan, atanın anadan xəbəri yoxdu. Elə bil, hər şeyi dalana dürtüblər. Baxmayaraq ki, kompyuter əsridir, bu saat ölkədə kütləvi savadsızlıq baş alıb gedir.
Seyran müəllim, televiziya kanallarını izləyirsiz?
– Mən ancaq idman kanalına baxıram. Demirəm, çox istedadlı yazıçıyam, amma deyirəm ki, çox istedadlı futbol azarkeşiyəm. İspaniya futbolunu sevirəm, onlar bütün dünyaya sübut etdilər ki, gözəl futbol oynamaqla da nəticə almaq olar. Sevdiyim klub da İspaniyanın “Barselona” klubudur. Klubda da ən çox sevdiyim Messidir. Bəzən bizim üzdəniraq şərhçilərimiz deyəndə ki, Messi topu saxlaya bilmədi, az qalıram onu ordan çıxaram salam şillənin-şapalağın altına. Mənim bu saat dünyada ən çox sevdiyim zəhemətkeş kişi elə Messidi. Tele-kanallardan isə qorunmağa çalışıram.

Könül Səid
/”GündəlikTELEQRAF”

You may also like

1 şərh

suleymanov zulfuqar 2015-04-11 - 16:58

qanqrenanin mualicesi

Cavab

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.