Ana səhifə YAZILAR Özgə bir ürəyi şad eləmisən…

Özgə bir ürəyi şad eləmisən…

Müəllif: Bizim Yazı
920 baxış

Anar MƏCİDZADƏ. Yeni şeirlər

Görüşə gedirəm

Hava soyuq, hava sazaq,
Tanrı küləklər əsdirir.
Külək əsir… ürək məni,
Görüşünə tələsdirir.

 

Yol gedirəm, külək qovur,
Görüşünə ürək qovur,
Əlimdəki çiçək qovur;
Yollarımı yar gözləyir.

Gedirəm çağırsa haçan,
Mənəm görüşünə qaçan.
Ürəyini mənə açan –
Könlüm yarı istəyir.

Sevgi dəniz, ürək liman,
Odur sonsuz arzu, güman,
Keçir ömür, keçir zaman,
Ürək görüşə tələsir.

Sözü yandırır

Məhəbbət gözümdə yaş oldu keçdi,
Baharın görmədim, qış oldu keçdi.
Bu sevgi ömrümdən quş oldu keçdi,
Məni bu sevginin özü yandırır.

Yar sözü bal dadar, bal kimi şirin,
Sözündə mehi var açan səhərin.
Ancaq ki aşiqin sevən ürəyin,
Cananın hər acı sözü yandırır.

Yar ilə gəzmişəm eşqin yolların,
Yollar da açıbdır bizə qolların.
Görmədim bu yolda eşqin baharın,
Qəlbimi yolların izi yandırır.

Özgə bir ürəyi şad eləmisən,
Anarı özünə yad eləmisən.
Qəlbimi yandırıb, od eləmisən,
Məni bu ocağın közü yandırır.

Bu gözəli mənə çox görmə, Allah

Gözəldə adətdir işvə-naz olur,
Bu gözəli mənə çox görmə, Allah.
Gözəllə ömrümdə bahar, yaz olur,
Bu gözəli mənə çox görmə, Allah.

Güləndə gül ətri gəlir dodaqdan,
Sanki bir ay doğur-gəlir uzaqdan.
Hələ doymamışam bu al yanaqdan,
Bu gözəli mənə çox görmə, Allah.

Dodağı püstədir, bu yar gözəldir,
Sanki bir çiçəkdir, qızıldır, ləldir.
Bu gözəl ömrümdə ilkdir, əzəldir,
Bu gözəli mənə çox görmə, Allah.

Bu gözəl ömrümdə sevgi bitirdi,
Hər sözü, söhbəti gül tək ətirli.
Sanki bu gözəli mələk gətirdi,
Bu gözəli mənə çox görmə, Allah.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.