Cavid ŞÜKÜROV (İLAHOMAN)
Hamımız bir az Zamzayıq… bir az həşərat…
Hamımız bir az tənhayıq… bir az unudulmuş…
Hamımız bir az yorğunuq… bir az bədbəxt…
Hamımız bir az uşağıq… bir az yalançı…
Öz yalanlarımızla xoşbəxtik biz. Həqiqəti görməkdən qorxarıq, görməməkçün pərdələri örtüb qapıları qapadarıq. Gecələr heç gəzmərik biz; gecələr hər şey tənha olur – öz başlanğıc durumunda. Hər şeyin həqiqisi görünür gözə. Onunçün izdihamla gəzərik, kütləyə qarışarıq… Tək otağımızda olarıq ancaq – xəyal dünyamızda. – Həqiqətlərdən uzaq… Özümüzə Tanrı(lar) yaradarıq. Bizi sevən, günahlarımızı bağışlayan Tanrı..! Dinlər yaradarıq, hərəkətlərimizi xor görməyən… Tanrını unudarıq. O qədər unudarıq ki, bilmərik hardadı O. – Yerdəmi, göydəmi?! O qədər unudarıq ki… Tanrı da … mələklərin hərəsini bir tərəfə göndərər. Şeytanı Cəhənnəmə, İsrafili Cənnətə, İnkirlə Minkiri qəbiristanlığa.
…Adamlar yaradar Tanrı… – əskikləri olan: kimi ruhsuz, kimi ağılsız, kimi inamsız, kimi imansız… Məsələn, Adəmi yaradanda… mükəmməl yaratdım deyib… sonra alıb qabırğasını əlindən. Əvəzində Adəm uşaq kimi küsüb Tanrıdan, qadına tapınıb – Həvvaya. Tanrının yox, onun sözünə qulaq verib. Tanrı da qalmayıb Tanrılığından, verib cəzasını. İndi hamımız bir az Zamzayıq. Hamımız bir az həşərat…
***
Adəm qovulandan sonra göylər göylükdən çıxdı elə bil… …“göy üzünü bulud alıb” – dedik… “yağış yağır” – dedik… “göy guruldayır” – dedik. Anlamadıq Tanrını – bir az da kiçildik. Bir az da həşərat olduq. Qarşılığında Tanrı… yeni peyğəmbərlər, yeni dinlər göndərdi. İnandıq! Sonra bir başqa peyğəmbər, bir başqa din göndərdi. “Doğru olan budur” – dedi. …Adamlardan bəziləri inanmaqdan, bəziləri aldanmaqdan yorulanda yenə yalan danışdılar: “Tanrı yoxdur” – dedilər. … Və Tanrı sonuncu peyğəmbəri, sonuncu dini göndərdi…
***
İndi… tənhayıq. Bir az unudulmuş, bir az yorğun, bir az qırğın, bir az bədbəxt, bir az yalançı, azca da uşaq…
…Məsələn, insanlar bilir ki, Allah bizdən qüdrətlidi. Günün birində bizi palçığa çevirəcək. Heç haqqımızda əfsanə də qalmayacaq: “Burda insanlar vardı”…
06.11.13, 22:32