Ana səhifə İCTİMAİ Öz ölkələrindən bu itlərə görə gəliblər

Öz ölkələrindən bu itlərə görə gəliblər

Müəllif: Bizim Yazı
83 baxış

Mərhəmət!!! İnsan çətinə düşən kimi köməyinə çatacaq kimsənin olmadığını görüncə Allaha üz tutur, imdad diləyir. Bəs özü necə, ehtiyacı olana acıyırmı? Acıyır. Lakin, insanın insana acıması adətən təmənnalı olur. Məsələn, çox insan bir-birinə əl tutur, amma, heyvanların halına acımır. Mən nədənsə əsl mərhəmətin heyvanlara, məsələn, itlərə göstərilməsində görürəm. Bir nəfər irəli durub təşkilatçılıq etsə, insanımız xəstəyə, ehtiyac sahibinə sevə-sevə yardım edir. Bunun dəfələrlə şahidi olmuşuq. Və ya bir televiziya verilişində bir xəstə göstərilib, fon musiqinin sədaları altında ona yardım edilməsinin lazım olduğunu bildirdikdə, hər kəs gözü yaşlı əl tutacaq. Burada fon musiqinin səsləndirilməsini xüsusi olaraq vurğulayıram. Çünki, küçədə həmin xəstənin, acın yanından biganə ötüb keçərik. Yəni, illah ki bir təşkilatçı və fon musiqi olmalıdır!

Bu yaxında bir sahibsiz itə sahiblənmişəm. Mən hər gün işdən qayıdanda o itin hər kəsdən qabaq məni necə qarşıladığını sözlə ifadə edə bilmirəm. İt hürmür, zingildəmir, tamam başqa səslə – sanki mənimlə danışır, minnətdarlığını ifadə edir. Şükür, evdə xanım da heyvanlara qarşı mərhəmətlidir deyə, digər ev əhli artıq məni təkləyə bilmir. Niyə təkləyə bilmir deyirəm? Çünki, uşaqlıqdan mənə ən pis təsir edən hal həyətdə saxladığımız itlər balalayanda onların azdırılması olub, elə mənim əlimlə. O vaxt valideynlərə, özümdən böyüklərə qarşı gələ bilmirdim. Bir az böyüyəndən sonra belə məsələlərdə valideynlərə də qarşı gəlməyə başladım.

Hal-hazırda çalışdığım sahə turistlərlə qarşılıqlı ünsiyyət tələb edir deyə, mən gələn qonaqları müşayiət və müşahidə edirəm. Bu xarici vətəndaşlar maşından düşən kimi, ərazidəki itlərə elə sevgiylə yanaşırlar ki, adama elə gəlir ki, bunlar elə öz ölkələrindən bu itlərə görə gəliblər. Hətta, gedib marketdən onlar üçün yem alırlar, böyük zövqlə onları yemləyirlər. Bəs, bizim insanımız?! Sadəcə, təəssüf!!!

Ümumiyyətlə, heyvana səmimi, foto xatirinə deyil, könüldən mərhəmət edən bir insan gördükdə, onun digər bütün çatışmayan xüsusiyyətləri o an gözümdə yoxa çıxır. Onun əxlaqının necəliyi, həyat tərzi və s. məni maraqlandırmır. Niyə? Çünki, onun insanlıq nişanı – mərhəməti var. Heyvana mərhəmət etməyən insanla qarşılaşsam, onun öz şəxsinə sıxıntısına, ehtiyacına acımıram. Sadəcə, ilahi ədalətin təcəllisini seyr edirəm. Son vaxtlar cəmiyyətdə haqqı taptalanan insan gördükdə, o insanın bir heyvana mərhəmətli olub-olmamasını düşünürəm.

Bir dəfə işdə bir əməkdaş otaqda namazını bitirib zikr edə-edə mənə yaxınlaşdı. Həmin vaxt mən gözləri açılmamış balalarını əmizdirən itə tamaşa edirdim. Əməkdaş mənə dedi:

– Müəllim, icazə ver bu itləri yerbəyer edim.

Düşündüm ki, yəqin bunlar üçün sığınacaq düzəltməyi təklif edəcək. Dedim, necə?
Bu vaxt əməkdaş mənə bütün dindarların ibadətini sorqulayacaq bir cavab verdi.

– Yer qazıb bu küçükləri basdırım. Çobanlar belə edirlər.

Və bunu elə rahatlıqla dedi ki, onun bu rahatlığı məni özümdən çıxardı. Təsəvvür edirsinizmi? Namaz, zikr və ardınca yer qazıb soyuqanlılıqla aciz küçükləri diri-diri basdırmaq! Cahiliyyə dönəmində bəzi ərəblərin öz qız övladlarını diri-diri basdırması və müasir zamanda insanların öz övladlarını qız uşağıdır deyə, abort etdirməsi ağlıma gəldi!

Bax belə, sonra da deyirsiniz ki, niyə müharibələr olur?! Allah niyə bu tökülən qanların qarşısını almır?! Bu müharibələrin, bu xaosun səbəbkarı bəlkə elə bəşər övladının damla-damla yığılan günahlarıdır. Dünyanın harasındasa bir haqsızlıq varsa, onda elə mənim də payım var bəlkə? Düşündükmü?

Ərzağın qiyməti azacıq bahalaşan kimi, bir az maddi sıxıntı yaşayan kimi, başqalarını günahlandırmağa başlayırıq, az qala vətəndaşlığımızı dəyişməyi ağlımızdan keçiririk. Amma, mən sizə sual verirəm. Ərzaq bahalaşmamışdan əvvəl nə vaxt bir sahibsiz itə, pişiyə yem almısınız?! Ölkədən çıxacağın günü düşünmə, dünyadan çıxacağın günü fikirləş!

Yusif Nazim Ərəbsoy

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.