ÖNSÖZ

Müəllif: Bizim Yazı
619 baxış

Filologiya elmləri doktoru Almaz Ülvinin “Göyçə Mahalı – Kəsəmən:  Bir Kəndin Tarixindən Səhifələr” kitabına ön söz yazmaq biz iki əqidə dostuna nəsib oldu. Məlum həqiqətdir ki, hər bir kitabın məzmun xətti, məqsəd və məramı müəllifin hadisələrə hansı kontekstdən yanaşmağını özündə təcəssüm etdirir.
Görkəmli folklorşünas, filologiya elmləri doktoru, professor Hüseyn İsmayılovun elmi redaktorluğu və dəyərli alimlərimizdən professor Ziyad Abbasov, fəlsəfə doktorları Mübariz Əliyev, Ələddin Ələkbərov və əməkdar müəllim Məhəmməd Bayramovun rəyləri ilə dərc olunan kitaba “Ön Söz” yazmağın özü də şərəfli və məsuliyyətli bir  işdir. Hər ikimiz kitabı oxuyub, müəyyən təhlillər apardıqdan sonra dərindən hiss etdiyimiz məsuliyyəti üzərimizə götürdük.
Kitab məzmun etibarilə əhatə dairəsi geniş və çoxşaxəlidir. Qarşıya qoyulan  məqsəd gələcək nəsillərdə Vətən Sevgisi, Torpağa Bağlılıq hissi aşılamaq, öz söy-köklərini dərindən tanıtmaqdır. Məramı da xoşniyyətlidir. Belə ki, müəllif ayrı-ayrı mənbələrə istinad edərək təbiəti füsunkar, əzəmətli, torpağı bol-bərəkətli ulu Göyçənin, Altaydan-Balkanlaradək geniş coğrafi bir ərazidə məskunlaşmış qədim Oğuz yurdu olduğunu oxucuların nəzərinə çatdırmaqla, yeni nəsillərdə bir daha Vətənə, Torpağa məhəbbət hissi tərənnüm edir. Eləcə də Göyçə mahalının, Qərbi Azərbaycanın yaşı min illərə çatan doğma, əziz Kəsəmən kəndi haqqında da müfəssəl məlumat verir. Qədim Oğuz, türk tayfalarının məskəni olduğunu açıqlayır. Bununla belə filologiya elmləri doktoru Almaz Ülvi Kəsəmənin təşəkkülü, ictimai-siyasi həyatı, təhsili, səhiyyəsi, əhalisinin dini mənsubiyyəti, milli adət-ənənəsi, folkloru haqqında dolğun fikirləri önə çəkməklə keçmişi də yaşlı nəslə xatırladır, o cümlədən Dağlıq Qarabağ və onun ətrafında baş verən hadisələrlə bağlı, qaniçən, vəhşi ermənilərin təcavüzü və onların üzdəniraq havadarlarının köməyi ilə öz doğma ocaqlarından, isti yurd-yuvalarından didərgin düşən, deportasiyaya məruz qalan, son 22 ildə doğma Azərbaycanda doğulub boya-başa çatmışlara, yeniyetmələrə ürəkağrısı ilə çatdırır ki, “Sən”in Qərbi Azərbaycan, Göyçə mahalı, Kəsəmən adlı əzəli torpağın, yerin-yurdun, əsrlər boyu şölə saçan ocağın var. Vətənpərvərlik məsələləri ilə bağlı yeri gəlmişkən, qeyd edilməlidir ki, “qırmızı”, “şər” imperiyası adlandırılan Sovetlər Birliyinin xalqımıza verdiyi 1937-ci il zərbələrinin, qanlı – qadalı II Dünya Müharibəsinin Kəsəməndən də apardığı çoxsaylı qurbanların, XX əsrin sonlarına yaxın çökməkdə olan sovet hökumətinin bir qrup cinayətkar rəhbərliyi, Azadlıq uğrunda mübarizəyə qalx­mış dinc soydaşlarımızın üzərinə qoşun yeridən zaman 1990-cı ilin müdhiş 20  yanvar gecəsində çox heyflər olsun ki, Kəsəmənin yeni bir qurbanı, parlaq gələcəyi gözlənilən, nakam şairimiz Ülvi Bünyadzadənin ölümün gözünə dik baxmasının, həmin gecə başından güllə yarası alan İrşad Kərimovun qorxmazlığının, mübarizliyinin, I Qarabağ müharibəsində şəhid olan Kamal Cabbarovun, Elbrus İsmayılovun qəhrəmanlıqlarının, şücaətinin gənc nəslə çat­dırması ən dəyərli məqamlardandır.
Kənddə yaşayan tayfaları, onların təşəkkül tapması, səcərəsi, xüsusilə 2011-ci ilədək dünyaya gələn soydaşlarımız haqqında toplanan materialları, məlumatları xeyirxahlıq körpüsü (məcazi mənada) adlandırmaq daha düzgün olar. Çünki elə də asanlıqla əldə edilməyən, respublikanın 10-dan artıq rayonunda məskunlaşmış soydaşlarımızın yeni nəsli ilə  yaşlı nəslin arasında əlaqələrin yaradılması, bir-birinə tanıdılması, bu dost, mehriban, qohum tayfalardan olan nüfuzlu ziyalıların, şöhrətli elm adamlarının, yazarların, sovetlər dönəmində yüksək vəzifələrə layiq görülənlərin, dövlət məmurlarının gənc nəslə təlqin edilməsi alqışlanmalıdır.
Əhatə dairəsinin genişliyi, məzmun baxımından dolğunluğu, dünənlə, sabahla (gələcəklə) səsləşməsi kitabı hər dövrün kitabı kimi dəyərləndirir.
Kitab gələcək nəslə bir örnəkdir. O da qeyd edilməlidir kii, kitabın ərsəyə gəlməsində Almaz xanın yayın bürküsündə, isti və qışın ayazlı-şaxtalı günlərində rayonlara min kilometrlərlə yol qət edib, onlarla dünyagörmüş el ağsaqqalları, ağbirçəkləri ilə görüşüb, arxiv sənədləri araşdırıb.
Təsviri hissədə göstərilir ki, bu birinci kitabdır. Əminik ki, gələcək nəşrdə – II kitabda bu kitabdakılardan əlavə yeni və maraqlı bilgilər əldə edəcəyik.
Bu çətin, məsuliyyətli və şərəfli yolda çox hörmətli, istedadlı alimimiz – filologiya elmləri doktoru, tanınmış jurnalistimiz – publisistimiz Almaz xanım Ülviyə uğurlar diləyir və can sağlığı arzulayırıq.
Tanrı xalqımızı, Almaz Ülvini qorusun! Amin!

Səmimi hisslərlə:

Yavər Kərimov, müəllim
Hüseyn Binnətov, həkim
Şəmkir-Bakı, iyul, 2011

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.