Ana səhifə BAŞ YAZI “Ölümünü görə-görə Dünyanı sevməyə dəyər…”

“Ölümünü görə-görə Dünyanı sevməyə dəyər…”

Müəllif: Bizim Yazı
967 baxış

Akif Səməd – 55Gulnar S

Gülnar SƏMA

“Şair kəsin söz ağrısı Dünyanın son ağrısıdır”- söyləyən sənətkarımız Akif Səmədin 55 illiyini biz öz dünyamızda qeyd edirik. O dünyada ki, “Ölümünü görə-görə Dünyanı sevməyə dəyər”.

Bəlkə də, bu ölümündən sonra seviləcəyinə bir əminliyi idi şairin. Niyəsini də özü müəyyənləşdirmişdi “Elə ömür yaşadım, Tamah min illər uzaq”. Biz bilirik, amma anlamaq istəmirik ki, “Adam saza dönə bilir Vaxtı saz eləmək olmur”. Bu dönümün içində bir özünə qayıdış da var. Saza dönmək milli soy-kökünə dönməkdir. Bu baş verərsə, vaxtın da kefi saz olar. Kefi saz olarsa, Akif Səməd kimi bəşər övladlarına da yetərincə vaxt ayırar. Daha yoxsa heç yarımca əsr də yaşamamış zamanı dayandırmaz. Yəqin ki, zamanın onunçün ayrılmış vaxtının darlığı ürəyinə dammışdı, ona görə də işlərinə müdaxilə etmirdi. “Məndən özgə hamı bilir Nələrin davası gedir”. Axı o hardan biləydi? Bəzən özünü bilməməzliyə vururdu. “Deyirlər cavan olmuşam Bəs niyə yadıma gəlmir?” Birdən yadına düşür ki, “Cavan olubsanmış, Akif, Od olmasa tüstü çıxmaz”. Bu necə cavanlıq olub ki, heç kəs onun qocalığıyla rastlaşa bilmədi. Heç kəs də bu cismani qocalıqla üz-üzə gələ bilməyəcək, çünki Akif Səməd də cavan gedənlərdəndir. Amma arxada çox şey qoyub getdi. Bir də, bir də bizi ona bənd edəcək əsərlərini. “Misram var saralar muzey küncündə, Misram var gözümdən öndə yaşayır”. Yəni gözümün qabağındaca misralarım yaşamaq haqqını qazanır, ölməzliyimə təminat verir.

Bir qızın göz yaşı gözümə durdu,
Qırdığım qanadlar yadıma düşdü.
Üç-beş misram vardı tanrıya yaxın,
Onlar da özümün oduma düşdü.

Deyəsən, rəhmətlik odla oynamağı yaman sevirmiş; Baxanı yandırır gözüyün odu, Dərdinə yananlar oduna düşmür. Oda düşmək frazemini qoyaq bir tərəfə, təkcə “düşmək” feli bu misralarda çox yerinə düşür. Üst-üstə düşür-düşmür, yəni uyğun gəlir-gəlmir məsələsi ortaya çıxır. Məsələn; bu açar bu qapıya düşür, amma hər adamın odu da bir-birinə düşmür. “Kölgə yarın olar, Yad kölgə gördünmü?” İlk sətrin yozumları çox çözələnir. Kölgə yarın-sevgilin olar, sən gedəndə o da gedər, sən dayananda o da dayanar. Kölgə yarın- paran olar, səni bütövləşdirər, kiməsə kölgən düşər, amma heç kimin kölgəsi olma. “Bu qıza ağıl ver” şeirində də həmin fikirlərə dolayısı ilə istinad edilir.

Görsün misralarım sevgi qoxumur,
Ağac parçasıyam, daş qırığıyam.
Coddu misralarım, sığala yatmır,
Torpağın yazağzı qışqırığıyam.

Əslində bəndin bədii quruluşu da cəlbedicidir. “Qırığ”ın bütövlüyə can atması daşı qışa qırdırıb. Əsl yaşamaq uğrunda mübarizə qanunauyğunluğu yada düşür. “Dərdi bütöv-bütöv verin, Bölməyə qoymayın məni”. Maraqlı bir qarşıdurma yaranır. Birincisi, ilk baxışdan aydındır ki, dərdi məni bölməyə qoymayın. İkincisi isə bunun tamam əksidir, məni dərdi bölməyə qoymayın. Bu məqamda kimin qismətinə nə düşəcəyini ayrıd eləmək çətinləşir. Bölməkdən iş hasil olmayanda keçirik çıxmağa. “Bir vaxtlar yoxuşu çıxa bilmirdim, İndi də özümü çıxa bilmirəm”. Misraların ilk baxışdan anlaşılan mənasıyla işimiz yoxdu. O qədər toplananlar var ki, cəmin qiyməti qiymətsizlik olub. Yoxuşu çıxmaq yalnız üzü yuxarı dırmaşmaq anlamına gəlmir, həm də yoxuşu hesaba almamaq anlamına da gəlir. Bu əslində yoxuşu çıxa bilmək mənasını verir. Yəni getdiyin yolların enişli-yoxuşlu olması o qədər də vecinə deyildi. Özümü çıxmaq isə yaxasını kənara çəkməklə və ya oyundan kənarlaşmaqla sinonim ola bilər. Yazar çıxışlıq hala da istinad edə bilərdi; indi də özümdən çıxa bilmirəm. Bu zaman təsirli fel təsirini itirəcəkdi. Şair isə orijinal ahəngdarlığa üstünlük verirdi.

Güllə səsinə boylanır,
Zəngini dəyişmir dağlar.
İgid qanına boyanır,
Rəngini dəyişmir dağlar.

Bu bəndə də çox söz qoşmaq olar, amma daha əsaslarına fikir verək. İkinci misranın ilk sözü ikili xarakter daşıyır Biri ilk baxışdan aydın olan zəng ismidir. Dağın zəngi məlum olduğu kimi əks-sədasıdır. Digəri isə isimləşmiş zəngin sifətidir. Dağlar varlının var dövlətini mühafizə edir, zəngini zəngin kimi qoruyub saxlayır. Həm də dəyişmək felinin başqa bir mənası da var ki, əvəz-əvəz eləmək. Digər iki misra da maraqlı və qarışıq mənalandırmalarla zəngindir. Bir neçəsinə baxaq; İlk nəzərə çarpan igid qanı ikinci növ təyini söz birləşməsidir. Amma diqqət etdikdə görünür ki, igid sifəti hansı sualına cavab verərək, qan isminin bədii təyini olmuşdur. Bu epitet misranın mənasını tamam başqa tərəfə yönəldə bilir. Eləcə də rəngini sözü həm dağların rəngi, həm də igidin rəngi kimi başa düşülə bilər. Bu mənsubiyyət bir-biri ilə çox əlaqəlidir. Desəm ki, bu cür şərhlərə istənilən qədər meydan vermək olar, mübaliğə olmaz. Amma bir az da mövzu seçimlərinə diqqət ayıraq. “Qanımızla, göylə, bahar rəngiylə, Qaralar boyanıb üç rəng olacaq”. Üç rəng ifadəsi mexaniki olaraq fikri bayrağa yönəldir. Bilirik ki, bayrağın hər cür mənalandırılması ədəbiyyatımızda yetərincədir. Amma Qırmızı əvəzinə qanımız, Mavı əvəzinə göy (kəhkəşan), Yaşıl əvəzinə bahar rəngi uyarlığı orijinallığı ilə seçilir. Bu bayrağın ay- ulduzu da var, bilirik. Ancaq başqa bir şeirlə bunu əlaqələndirib, siyasi yozum verə bilərik “Ulduzdan köz götürənmir, Əlində maşa fırlanır”. Məncə, şərhə ehtiyac yoxdur. Yurda, təbiətə bağlı olan şairin həmin mövzularına da göz gəzdirmək lazımdır.

Yasəmən çəpərdən aşır,
Nazlı-nazlı yola çıxır.
Kola girən bildirçinlər,
Yanlarında bala çıxır.

Biz də bu yazını bir tərəfə çıxarmalıyıq. Onsuz da ustadın sözü sözdür. “Eşq yolunda döyül, əyil, Güc sevgidə isbat olur”. Sizin sevginizlə sizə sevgimizi isbat etməyə çalışdıq, böyük şair. Böyüklüyünüz elə böyüklüyünüzdür.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.