Ana səhifə BAŞ YAZI Ölümün nə qorxusu, sevgilər ki, diridir – Yeni şeirlər

Ölümün nə qorxusu, sevgilər ki, diridir – Yeni şeirlər

Müəllif: Bizim Yazı
90 baxış

Bizimyazı.az Mikayıl Bozalın yeni şeirlərini təqdim edir.

ÖZÜMƏ AD GÜNÜ HƏDİYYƏM…

Giley eyləməynən zərindən, dostum,
Ömrün şeş-qoşası atıldı- getdi.
Belə köks ötürmə dərindən, dostum,
Nədəndir, qaşların çatıldı- getdi.

Nə olub ki, dəydi belə şəstinə,
Bütün olanların sənlə qəsdi nə?
Təbriklər, arzular, yağdı üstünə,
Aralıq yamanca qatıldı- getdi.

Aman verbdirmi kiməsə zaman,
Bozal, nə çəm-xəm et, nə də ki, güman.
Başını qatıbdır iş-gücün yaman,
Ömür aya, günə satıldı- getdi.
19.12.24

***
Əyninə biçilən geyimdir, yəni,
Tale astar deyil, üzlük deyil ki.
Nə mən onu seçdim, nə də o məni,
Yazan belə yazıb, bizlik deyil ki.

Tale yaşam qabı, tale sirdisə,
Ömür suya dönüb, qaba girdisə,
Bu yolun əvvəli, sonu birdisə,
Cığırlıq deyil ki, izlik deyil ki.

Özünün arxı var, hər arxla axmaz,
Etdiyi az-çoxu başına qaxmaz,
Heç kəsi dinləməz, sözünə baxmaz,
Söhbətlik deyil ki, sözlük deyil ki.

Çalış nə tərslik et, nə də naşı ol,
O- gətirən cığır,
o- aparan yol,
Taleylə dil tapıb yol yoldaşı ol,
Bozal, cığallığın düzlük deyil ki…
24.11.24

BU DA SƏNİN ŞEİRİN

Keçilməz arzusan, keçilməz səssən,
Ömür sən arzulu, ömür sən səsli.
Sən varsan, deməli, ömürlük bəssən,
Sən həyat cövhəri, həyatın əsli,

Xəstəysəm, dərmanı qarsa- bu sənsən,
“Olmazsa olmaz”im varsa- bu sənsən,
Məni dəli sevda sarsa- bu sənsən,
Sən alçaqkönüllü, təmiz nəfəsli.

Sənlə hər arzuya çatmaq da olar,
Dünyanın dərdini atmaq da olar,
Altını üstünə qatmaq da olar,
Sən könül adamı- nurlu, həvəsli.

Unut ara-sıra dumanı, çəni,
İlin dörd fəsili qorxutmaz məni.
Nə yaxşı tanıdım, nə yaxşı səni,
Sən mənim ömrümün beşinci fəsli.
14.11.24

SƏN MƏNƏ TANIŞ GƏLİRSƏN

Salam, tənha dolaşan ruh,
Od tutan ruh, alışan ruh,
Ay pəjmürdə, pərişan ruh,
Sən mənə tanış gəlirsən.

Salam, sahibsiz göz yaşı,
Can yanğısı, dərd sirdaşı,
Ay bağrımın qara daşı,
Sən mənə tanış gəlirsən.

Gözü yolda qalan ana,
Yola layla çalan ana,
Canıma od salan ana,
Sən mənə tanış gəlirsən.

Yaxşılığı ayıb sayan,
İnsanlıqdan cana doyan,
Dayan, ay gedən, bir dayan,
Sən mənə tanış gəlirsən.

Günahlar var qucaq-qucaq,
Kim oxuyub, kim baxacaq?
Cəhənnəmdə yanan ocaq,
Sən mənə tanış gəlirsən.

QORXMA…

Qorxma ayrlıqlardan,
yanındayam hər anda.
Ruhumuz birləşəcək
əlimiz ayrılanda.

Gülüşlərinlə bəzə
gözlərində kədəri.
Yarımçıq ömür olmur,
qınamayaq qədəri.

Yer də görüş yeridir,
göy də görüş yeridir…
Ölümün nə qorxusu,
sevgilər ki, diridir…
29.09.24

***
Döysə də yağış, qar, əssə də külək,
Susar məğrur-məğrur qaya adamlar.
Yolundan döndərməz min hiylə, kələk,
Seçilər ağlıyla saya adamlar.

Bilər dəyərini zəhmətin, tərin,
Qatı düşmənidir, zülmətin, şərin.
Ərlik- peşəsidir ər oğlu ərin,
Kökü, soyu bilməz paya adamlar.

Bilər hər söhbətin, sözün yerini,
Halalın yerini, düzün yerini,
Boş tərif eyləməz əsla birini,
Namus, qeyrət, abır, həya adamlar.

Sözü, söhbətiylə məclislər bəzər,
Alnıaçıq gəzər, üzüağ gəzər.
Dözər hər ağrıya, acıya dözər,
Yağına şor qatmaz maya adamlar.
26.09.24

ADAMAM

Sevgimi qısqanma, sənə də yetər,
Bilirsən, sevgimi qıyan adamam.
Könül sındırmadım, ürək qırmadım,
Hər kəsi anlayan, duyan adamam.

Ovçusu olmadım fürsətin, anın,
Uymadım felinə şərin, böhtanın,
Əlini kəsmədim əl uzadanın,
Hayan axtarana hayan adamam.

Niyə asi olum Tanrı yar ikən,
Düşmənlik nə lazım, dostluq var ikən.
Dərdini içində özü tək çəkən,
Sevincini bölən, yayan adamam.

Bozalam, hər zaman dostluğumda tən,
Məni başa düşməz hər yoldan ötən.
Qoy bilsin inciyən, qoy bilsin küsən,
Məni sayanları sayan adamam.
11.09.24

ÖYRƏTDİ

Xeyir- hərdən şərə qatdi, söz dedi,
Xeyrə-şərə qarışmağı öyrətdi.
Dərd içimdə ocaq çatdı, döz dedi,
Dərdə-qəmə alışmağı öyrətdi.

Naşı duymaz hər pərdəni, hər simi,
Ölüm ömrün davamımı, tərsimi?
Baş daşları yaxşı verdi dərsimi,
Ölənlərlə danışmağı öyrətdi.

Nə şitətdi, nə də elə üz verdi,
Nə verdisə, həyat mənə düz verdi.
Ağıl verdi, kamal verdi, göz verdi,
Taleyimlə barışmağı öyrətdi.
09.09.24

Tural Adışirinin təqdimatında..

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.