Vaqif ASLAN (ŞƏKİ)
Salam, ağ ban evləri qızılı tağlı bəylər!
Qızıl dirəkli bəylər, qızıl otaqlı bəylər!
Toyu ortaqlı bəylər, yası ortaqlı bəylər!
Çoxu ortaqlı bəylər, azı ortaqlı bəylər!
Qışı ortaqlı bəylər, yazı ortaqlı bəylər!
Keçərək neçə qışdan, keçərək neçə yazdan
Dayanıb qarşınızda baş əyir Vaqif Aslan.
Salam, Burla xatunlar, salam, analar, salam!
Nağılları şipşirin noğul nənələr, salam!
Əl çatmayan qadınlar, ürkək sonalar, salam!
Salam, xınalı əllər, bəyaz cunalar, salam!
Ey gəlin otaqları, xoşbəxt binalar, salam!
Ürəyincə kam alıb bu sevdadan, bu nazdan,
Dayanıb qarşınızda baş əyir Vaqif Aslan.
Qavaldaşı qavaltək gumbur-gumbur çalanlar,
Çal qaraquşdan betər ovu göydə alanlar,
Sür qara nizəsiylə yadı atdan salanlar,
Nər kimi döyüşənlər, ər kimi ucalanlar,
Bir yerdə ömür sürüb, qarıyıb qocalanlar,
Qara poladüz qılınc təmizləndikcə pasdan
Dayanıb qarşınızda baş əyir Vaqif Aslan.
Salam, Dəli Domrula canından can verən qız!
Bizlərə nəsil-nəsil qanından qan verən qız!
Qanturalıya qüvvət,Beyrəyə yan verən qız!
Buğanı, nər dəvəni, şiri nişan verən qız!
Bəy doğub, xan yetirib, ulu xaqan verən qız!
Qızımıza pay düşüb saçındakı qotazdan,
Dayanıb qarşınızda baş əyir Vaqif Aslan.
Ağca tozlu bərk yayı olan ərlər,ərənlər,
Oxu sancılan yerə gəlib salam verənlər,
Qırmızı qaftan geyib ulu bəylik görənlər,
Apalaca otaqda şirin ömür sürənlər,
Sevincə qucaq açıb,dərdə sinə gərənlər,
Üzünə su çırparaq ana Kürdən, Arazdan,
Dayanıb qarşınızda baş əyir Vaqif Aslan.
Ağ üzdə lalə rəngi qar üstə qan yeridir,
Səhər-səhər gün düşüb qızaran dan yeridir.
Üç öpüb bir dişləmək yardan nişan yeridir,
Yanıqlı qalanların lap alışan yeridir.
Qıyımsızlıq olmasın, quzu qurban yeridir,
Gərildikcə sim kimi titrəyib bu avazdan,
Dayanıb qarşınızda baş əyir Vaqif Aslan.
Bir içim su içincə sulara baş əyənlər,
Çəmənləri oxşayıb, qayaları öyənlər,
Daşına daş dəyəndə ürəyi göynəyənlər,
Başını qurban deyib, dəmirdən don geyənlər,
Qurdla salamlaşanlar, şir ürəyi yeyənlər,
Lap elə bu səbəbdən, lap elə bu əsasdan,
Dayanıb qarşınızda baş əyir Vaqif Aslan.
Təpəgözün bürcünü haqq özü burdu,axı!
Yalancığın yalanı gözünə durdu,axı!
Çaxdı bir ağ ildırım,başından vurdu,axı!
O vaxtdan kor qalanlar hələ də kordu,axı!
Bəy qarğışı keçəndi, alqışı zordu, axı!
Üstündə xeyir-dua, qorunub natarazdan
Dayanıb qarşınızda baş əyir Vaqif Aslan.
Qaba ağacımızı kəsilməyə qoymadıq,
Axar sularımızı əskilməyə qoymadıq.
Yağılar sərt danışdı, hədəsinə uymadıq.
Yurddan gözəl yer olmaz, doymadıq ki, doymadıq.
Doğrandıq qıyma-qıyma, tikəsini qıymadıq,
Sizə müjdələr verib alınacaq qisasdan,
Dayanıb qarşınızda baş əyir Vaqif Aslan.
Köksü gözəl dağımız ucalıb,yıxılmayıb,
Bar veribdir bağımız,vədəsiz yığılmayıb.
Qazlıq at, ağ-boz ayğır buxovda sıxılmayıb.
Ağ dəvə, qızıl dəvə hesabdan çıxılmayıb,
Kafirin ülgücüylə başımız qırxılmayıb.
Sağ-salamat çıxmışıq çox şaxta,çox ayazdan,
Dayanıb qarşınızda baş əyir Vaqif Aslan.
Salam,böyük bayraqlı öndərlər, bəylər, xanlar!
Damarında imisti oğuz qanı axanlar.
Salam, Salur Qazanlar – Tanrıya düz baxanlar!
Elalmış,Tərsuzamış – şimşək kimi çaxanlar.
Dağlara çən gələndə yerindən dik qalxanlar.
Söz açıb Qaragünə, Düyər, Dəli Dondardan
Dayanıb qarşınızda baş əyir Vaqif Aslan.
Bəxt açılan saatda, ruhun gülən günündə
Adı görklü ərlərin toyunda, düyünündə,
Dədəm Qorqud nidası, Dədəm Qorqud ünündə
Məhəmməd Mustafanın üzü suyu yönündə
Amin! Səcdəyə gəldim ağ alnınız önündə!
Göy-qara bağlayanlar çıxsınlar daha yasdan, –
Dayanıb qarşınızda baş əyir Vaqif Aslan!
2 şərh
cox deyerli seirdir
Təranə Yaşara təşəkkürlər olsun! Dəyərli adamlar dəyərlilərin qədrini bilirlər. Çünki hər sözün arxasında sözünün özü qədər olan bir şəxsiyyət durur.