Günay Ümid
YENİ İL
Təzə ilə girdik
Köhnələri atdılar,
Təzələri aldılar.
Nə köhnəni atmağa
əlim gəldi
nə təzəni almağa
gücüm çatdı.
Amma mən də hazırlaşdım
Təzə ilə…
Sürüklədiyim ümidlərimin
Üzünü yudum
Köhnə arzularımın
Dizlərini yamadım.
Üzümdə güldürməyə çalışdığım
Ümidlərim.
Əynimdə
Yamadığım arzularım,
Stolumun üstündə boşluq
Qonağım səbir
Oturduq qarşı-qarşıya
Qulağımızda sükutun səsi,
Üzümüzdə təzə ilin nəfəsi
Xəyallarımı düzdüm stola
Bayram süfrəsi açdıq
İlk dəfə kasıblığımı
Ləzzətlə yeməyə başladım.
Badələrimizə
Güman süzdüm…
Güman dolu badəmizi
Qaldırdım bir quş qanadı tək sınmış
qanadımın sağlığına
Yoxsulluğun zəngini
İnadımın sağlığına,
Dərdimi həbs etdiyim
Otağımın sağlığına
Və bir də ki
Məni tərk buraxmayan
Qonağımın sağlığına.
O QADIN!
O qadın,
çoxdan soyunmuşdu gözlərindəki qorxunu.
Əllərinin qabarı
Qəzəblənirdi göz yaşlarına,
Qəzəbləndikcə didirdi yanaqlarını…
Dərdini divarlarla bölməyi,
Taleyinə gülməyi,
Günü-gündən ölməyi də
Öyrənmişdi o qadın!!!
Hələ ta başından…
Telli duvağlı tənhalığı
Çoxdan bardaş qurmuşdu toy mağarında.
Güclə qoluna taxmışdılar qismətsizliyini.
Beləcə bir vağzalı da ağlamışdı…
Daha rəngli yuxular da görmürdü!
Süpürdüyü küçələrin tozu
Boğmuşdu arzularını,
Daha arzuları da cücərmirdi…
Nəfəsinə örtdüyü örpəyi ilə
Səsini kəsmişdi
Üsyanının…
Daha günahkar axtarmırdı!
Soyuq otağında
Addımlarının səsinə isinməyi də öyrənmişdi,
Masasının üstünə hər gecə iki boşqab qoyaraq
Özü-özünə qonaq olmağı da,
Gecələrin bağrını
Kiprik-kiprik yolmağı da
Öyrənmişdi
o qadın!!!
03:51. 22/02/2012
KÜÇƏ QADINI
Yağışın qucağında
Damlaların rəqsiylə sığallanan qadın…
Bədənində satılıq isməti üşüyür,
Dodaq boyasıyla boyayıb gülüşlərini,
Dişlərinin ararasında sındırıb söyüşlərini,
Arsız bəxtini taxıb qoluna
Dabanının altında addımları ölə-ölə,
İtirdiyi ləyaqətin çıxıb yoluna
Qaçışında gizlənmək istəyir.
Küləyin ehtirasıyla
Yelə vermək istəyir
Saçlarındakı kişi sığallarını,
İslanmış ovuclarıyla
Nəfəsin kəsmək istəyir
Üzündəki öpüşlərin,
Dodağındakı yalançı gülüşlərin.
Dünən balaca qızcığaz,
bu gün küçə qadını,
sabah isə
dünən və bu gün arasında
dibi görünməyən bir boşluq…
Baxışları da yadlaşıb
Özü-özünü aldadandan, yalandan
Arzuları da, xəyalları da küsüb evindən
Küçə qadını olandan.
Yağışın altında
Damlaların rəqsiylə sığallanan qadın
Axtarır bəxtinin
Günəşi sönmüş aydınlığını,
Küçədən toplamaq istəyir qadınlığını…
2:23. 03/01/2012
QOCA
Baxışlarım böyüyüb ata.
Bax, güzgüdən qoca baxır.
Qoca baxır gözlərimdən.
Danışıram,
Uşaqlığım asılır sözlərimdən.
Saçlarımın arasında dən görürəm,
Saçlarımda qoca gizlənib ata.
Dünənimi qurban kəsdim bu günümə
Məndən qatil qoxusu gəlir!
Əlimə bulaşmış qan həyat rəngdədi.
Əllərimdən qorxuram ata!
Gözlərimə dolan yaş
Ölüm rəngdədi
Gözlərimdən qorxuram ata!
Qırışmış dərimin
Çopurunda büdrəyib
Uşaqlığımın saflığı.
Təəssüf, ata…
Dünənki qızın deyiləm.
Sözümü o qocanın sözləriylə deyirəm,
Daha ayaqqabımı da düzgün geyirəm.
Dünən köhnə əşyalarımın içindən
Şəkilli jurnalımı tapdım.
“Tık-tık xanımın nağılı”
Bilirsənmi ata,
O nağıl nə qədər doğmadı mənə?
Şəkil-şəkil, cümlə-cümlə doğmadı.
Doğmadı mənə
Bir qış gecəsində
Közərən neft lampasının işığı qədər.,
Doğmadı mənə
Yoxsulluğun içində
Xəyal dünyama köçdüyüm
Zənginliyim qədər.
İndi başa düşürəm ki,
O qara böcək də
Gözəl görünsün deyə
Əllərimə bulaşan bu qanı çəkib üzünə.
Sən demə nağıllarda
Açılmamış boxçaymış,
Sən demə
Şəkilli kitabların arxasından boylanan
O qocaymış.
10.22.2011, gecə
1 şərh
Gözəl şeirlərdir. Əllərinizə sağlıq!