Ana səhifə BAŞ YAZI O eşqə açmışdım mən əllərimi – Valeh Qocanın şeirləri

O eşqə açmışdım mən əllərimi – Valeh Qocanın şeirləri

Müəllif: Bizim Yazı
26 baxış

Bizimyazı.az Azərbaycan Yazıçılar Birliyinin, Dünya Gənc Türk Yazarlar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü istedadlı gənc şair Valeh Qocanın şeirlərini təqdim edir.

Bu şəhər döyüşün ilk şəhəridir
(Füzuli şəhərində yazdığım şeir)

Ev evə söykənib, dağ dağa burda,
Daş daşı qoruyur, adam adamı.
Damlar yıxılıbdı yolların üstə,
Nə yolun üstü var, nə evin damı.
Bu şəhər döyüşün ilk şəhəridir.

Qan axıb daşlara nəfəs veribdir,
Hər daşın üstündə bir ot cücərib.
Arılar həsrətdi gülün üstünə,
Çiçəyin içindən barıt cücərib.
Bu şəhər döyüşün ilk şəhəridir.

İgidlər bir ölür, min bir dirilir,
Burda adamların milyon canı var.
Necə ayaq basım torpağa indi,
Hər addımbaşında şəhid qanı var?!
Bu şəhər döyüşün ilk şəhəridir.

Qəbirlər diksinib güllə səsindən,
Adlar da silinib məzar daşından.
Neçə qundaq dəyib, neçə baş sınıb,
Çıxıb yağıların ağlı başından.
Bu şəhər döyüşün ilk şəhəridir.

Gözlərim yolların üstündə gəzir,
Şuşadan bir körpə uşaq boylanır.
Ürəklər bürünüb bayrağa burda,
Bütün baxışlardan bayraq boylanır.
Bu şəhərin döyüşün ilk şəhəridir.

Bu şəhər özü də qazi şəhərdir,
Qolunun biri yox, gözünün biri.
Yuxular bitməsə, həyat başlamaz,
Bu şəhər səbirin sonuncu yeri,
Bu şəhər döyüşün ilk şəhəridir.

İlahi, bu ömür nə maraqlıdır

İlahi, bu ömür nə maraqlıdır,
Gör harda batmışdı, gör hardan çıxır.
Sapsarı payızda azan Günəşim,
Bir də baxıram ki, bahardan çıxır.

Dərd ölüb, gözünü yaş bağlayıblar,
Üstünə bir qoşa daş bağlayıblar.
Nə yaxşı bu ipi boş bağlayıblar,
Həyatım sürüşüb bu dardan çıxır.

Daha həsrətimi asıb, atmışam,
Mən qışı payızdan pusub, atmışam.
Çoxunu ömrümdən kəsib atmışam,
Gərəksiz vaqonlar qatardan çıxır.

Qəlbim dağ başında donan qarıymış,
Ümidsiz, gümansız ömür xarıymış,
Daşımın altında həyat varıymış.
Çiçəklər boy atıb məzardan çıxır.

O eşqə açmışdım mən əllərimi,
Dəyişik salmışdım fəsillərimi.
Çölə tullamışdım xoş illərimi,
İndi öz yanıma hasardan çıxır.

Elə bil gözlərin həbsxanadır

Öz yeri üçündü bütün qaydalar,
Balıq qanunları torda işləməz.
Ordakı oyunlar burda öldürər,
Burdakı qadağa orda işləməz.
Qanunlar, qaydalar səndən yanadı,
Elə bil gözlərin həbsxanadı.

İti baxışların döyüb sahili,
Qalmışam bir dəniz köpüyün altda.
Baxıb gözlərinə günah etmişəm,
Bilmədən düşmüşəm kirpiyin altda.
Bəlkə də, bu yerdə ömür sonadı,
Elə bil gözlərin həbsxanadı.

Cəzanı verəsən bu ürəyimə,
Suçu da gəzəsən gözümdə, bəlkə?!
Bəlkə, baxışında sərxoş olmuşam,
Onda olmamışam özümdə, bəlkə?!
Gözümün səhvinə bağrım qanadı,
Elə bil gözlərin həbsxanadı.

Qolum qalxmayacaq çiynimdən daha,
Bir də içməyəcəm o sağlıq üçün.
Elə salmışam ki, özümü dərdə,
İndi çırpınıram azadlıq üçün.
Sınır kirpiyimin qolu, qanadı,
Elə bil gözlərin həbsxanadı.

Çıxmaq istəyirəm bu dar qəfəsdən,
Açıq qoy qapını, səhv elə gedim.
O evin altında iki qızım var,
Məni bu cəzadan əfv elə gedim.
Yolumu gözləyən bir də anadı,
Elə bil gözlərin həbsxanadı.

İldə bircə dəfə sən də qayıt gəl

Əvəz elə fəsillərdən birini,
İldə bircə dəfə sən də qayıt gəl.
Bahar ol, payız ol, nə olursan ol,
İldə bircə dəfə sən də qayıt gəl.

Qurbanam səninlə qış gələn günə,
Qar, yağış ömrümə xoş gələn günə.
Qoşul yaşım üstə yaş gələn günə,
İldə bircə dəfə sən də qayıt gəl.

Yenə də bir dağın ətək yerində,
Səni gözləyirəm çiçək yerində.
Gizlən bir çiçəyin ləçək yerində,
İldə bircə dəfə sən də qayıt gəl.

Gəldiyin addımı say, bayram olsun,
Gəldiyin o həftə, ay bayram olsun.
Mənə də bir dəfə toy-bayram olsun,
İldə bircə dəfə sən də qayıt gəl.

Kəlbəcərdə yazdığım şeir

Burda yarpaqların canında payız,
Burda ağacların ruhunda qış var.
Qaldır kirpiyini sapand düzəldim,
Bu yerdə nə qədər atmağa daş var.

Saçını əymisən çaylara sarı,
Gözündə qartal var, dilində arı.
Köçmək də istəmir durna qatarı,
Görürsən o dağın başında quş var.

Heyif ki, payızın çiçəyi olmur,
Can verən qönçənin ləçəyi olmur.
Kim deyir daşların ürəyi olmur,
Bəs niyə qayanın gözündə yaş var?!

Daş ustası

Qəlbin mum kimidir, torpaq kimidir,
Əlin daş kimidir ay, daş ustası.
Hər daşın, qayanın bir yaddaşı var,
Gəl qoyaq adını yaddaş ustası.

Barmağın o qədər daş altda qalıb,
Bir dəfə gözündən yaş atmamısan.
Hər gün oynasan da daşla, qayayla,
Bir yad bostanına daş atmamısan.

Vulkan dağ yaradır, sən ev tikirsən,
Tikdiyin o evlər bir dağa dəyər.
Nə olar düzün de, düzmü deyirlər,
Daldan atılan daş topuğa dəyər?!

Hördüyün hasarlar səngər kimidir,
Bu başdan başlayır, o başdan keçir.
Ən gözəl arzun da daşlara dönür,
Ən asan işin də bil, daşdan keçir.

Düşmən dağıtdıqca evləri bir-bir,
Dərdin ucalırdı yaddaşın üstə.
Sən burda bir şəhər salmısan, amma,
Orda qalmayıbdı daş daşın üstə.

Daşlar arasında itib o qız da,
Gözünə dəyməyib, görməmisən ki?!
De görüm o qızın daş ürəyini,
Hansısa divara hörməmisən ki?!

Çıx bir az yağışın altında dayan,
Üstündən daşların tozu tökülsün.
Hamını bəzəyib sən lüt qalmısan,
Özünə bir ev qur, evin tikilsin.

Ən acı həyatı sən yaşayırsan,
Ən şirin nəğmələr dilindən keçir.
Adamlar axırda daşa dönürsə,
Demək ölümlər də əlindən keçir.

Göylər Ulduz üçün, Ay üçün deyil,
Sənin də yerin var yeddinci qatda.
Mənim ömrümü də hör divarlara,
Bir daşı üstə qoy, bir daşı altda.

Ümidlə lotereya pozan qocaya

Bir ömrə, bir bəxtə, bir kür taleyə,
Düşsə, biri düşər, var qoşa düşməz.
Sənin ürəyinə iman düşübdür,
Sənin lotereyan uduşa düşməz.

Arada rəqəmlər tutuşsa bir az,
Gözün işıq saçır, dodağın qaçır.
İnsan barmağında gücə bax hələ,
Dırnağın bəxtinin üstünü açır.

Nə bilim, bəlkə də, geridə qalan,
Yazı axtarırsan o xanalarda?!
Bəlkə, səni atan, bir pul hərisi,
Qızı axtarırsan o xanalarda?!

Həyatı damada axtarma, baba,
Yoxsa ümidlərin boşa çıxacaq.
Qarşında tək bircə yazın qalıbsa,
O da gözlərində qışa çıxacaq.

Əkdiyin, biçdiyin alın tərinlə,
Bağında, bağçanda nə var, inciyər.
O kağız parçasın cır, tulla getsin,
Axı əlindəki qabar inciyər.

İkilər

Saylar paylananda adamlar üstə,
Mənim qismətimə ikilər düşdü.
Yollarda piyada qaldım, qarşıma,
Bu daşlı-qayalı səkilər düşdü.

Onda uşaq idim, iki yaşımda,
Yolların yadından silindim belə.
İkiyə bölünmüş vətənim kimi,
Özüm də ikiyə bölündüm belə.

Qəm-kədər göyərdi qoşa yanaqdan,
Axan iki damcı yaşın yerinə.
Tanrı qaralayıb ikini yazdı,
Məktəbdə aldığım beşin yerinə.

Nə yaxşı həyatda iki bacım var,
Öləndə doyunca ağlasın məni.
Deyirlər, saçında iki buruq var,
Bax Allah bu dərddən saxlasın məni.

Bəlkə də, günahkar özüməm elə,
İkinin üstündən qəsdən keçirəm.
Bir cüt mələk kimi qızıma görə,
Bütün ikilərin üstən keçirəm.

Düşə

Kimisə gözləyəsən,
Aynaya əksin düşə.
Gözlərinin yerinə,
Yollara köksün düşə.

Öz əlində solasan,
Dırnağacan dolasan,
Sevgidən ac olasan,
Bir eşqə nəfsin düşə.

Kirpiklərin yaş saya,
Ömrün neçə qış saya.
Dərdin sənlə oynaya,
Tarixə rəqsin düşə.

Sən gedəndən

Sən gedəndən hər şey küsüb,
Qapıda küsülü qalıb.
Dörd fəsilli bu dünyanın,
Tək bircə fəsili qalıb.

Köz da gizlənibdi odda,
Hər şey ağlayır bu yurdda.
Atamın kəsdiyi tut da,
O vaxtdan kəsili qalıb.

Göy sərt olub, şimşək dəli,
İldırım qaçırdır seli.
Elə bil Allahın əli,
Buluda basılı qalıb.

Soyuyub ev də, eşik də,
Gözüm yellənir beşikdə.
İsinmir ala pişik də,
Sobaya qısılı qalıb.

Uzanıb telin tək səbrim,
Səbrimi gözləyir qəbrim.
Saçını kəsmə ha, ömrüm,
Bir tükdən asılı qalıb.

Sənsiz şəhər

Atıram, bu şəhərin,
Şəklinə bir yaxşı bax.
Sən olmayan həyatın,
Fəslinə bir yaxşı bax.

Sabahım də ağlayır,
O sənli gecə üçün.
Bir də geri dönərsən,
De görüm neçə üçün?

Mənim könül dünyama,
Sənsiz şəhər yaraşmır.
Kölgəm də öz yanıma,
Sənin qədər yaraşmır.

Zəhər kimiyəm, qayıt,
Dodağınla tamlanım.
Ən sonuncu nöqtəm ol,
Səninlə tamamlanım.

Tural Adışirinin təqdimatında..

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.