“Kamal Abdulla ruslar demişkən, “vtoriçnı” yazıçıdır…”
“Bütün Bakı Slavyan Universiteti mənə qarşı xaç yürüşünə çıxıb, müqəddəs müharibə elan edib”
Əsəd Cahangirin “Kaspi” qəzetinə verdiyi müsahibə:
– Əsəd bəy, sizin yazılarınızı qiymətləndirənlərlə yanaşı bəzi yazılarınızdan narazı qalanlar da olur. Deyirlər ki, yazçılara münasibətdə fikrinizi dəyişirsiniz. Bu deyilənlərlə razısınızmı?
– Tənqidçi fikirini daşa-divara yox, yazıçılara münasibətdə dəyişməlidir də, burda təəccüblü nə var ki?
– Demək istəyirlər ki, eyni bir yazıçı haqda fərqli fikirlər deyirsiz.
– Eyni vaxtda, yoxsa zamanla? Bax bunu demirlər, gərək bunu da deyələr. Çünki, birincisi, əsas məsələ elə bu zamandadır. Fikirlər zamanla dəyişə bilər. İkincisi isə, iki cür həqiqət var: mütləq və nisbi. Mütləq həqiqətlər barədə mən fikirimi heç vaxt dəyişməmişəm və dəyişməyəcəm, məsələn, Allah birdir və onun şəriki yoxdur. Nisbi həqiqətlər isə dəyişməyə məhkumdur və onda biz də onun barəsində fikrimizi dəyişməliyik. Yoxsa, bu bizi zərərli bir ehkamçılığa aparıb çıxarar, düşüncəmiz inkişafdan qalar. Canlısansa və yaşayırsansa fikirlərin dəyişməlidir. Fikrini dəyişməyən ancaq ölülərdir.
– Son vaxtlar yaradıcılığınızda bir hadisə də baş verdi – ard-arda bir neçə mahnı bəstələdiniz. Tənqidçi mahnılar bəstələyir, bu hal da birmənalı qarşılanmadı. Sizcə, niyə?
– Düşünmürəm ki, belə düşünənlərin mənimlə nəsə qərəzi var. Belə düşünmək, insanı dar çərçivəyə salmaq sadəcə onların geri zəkalılığından, düşüncə məhdudluğundan doğur. Çünki mahnını tənqidçi yox, bəstəçi bəstələyir, yəni mənim bir bəstəçi və tənqidçi kimi işlərim fərqli şeylərdir. Vaxtilə hüquq sistemində işləyən Ələkbər Tağıyevin də mahnı yaradıcılığına belə baxmağa çalışanlar da vardı. Amma bu gün onun mahnıları dünyanı dolaşır.
Əksər dostlarım istər şair Vaqif Bəhmənli, istərsə də Ramiz Rövşənin sözlərinə bəstələdiyim mahnıları istedadlı müğənni Zəka Vilayətoğlunun ifasında bəyəniblər. Youtube-da bu mahnılar qısa müddətdə min dəfələrlə dinlənilib, teleekranda səsləndirilib. Şairlərdən Hüseyn Cavid, Səməd Vurğun, İlham Qəhrəman, Salam, Kəmalə Nəsrin, Həyat Şəmi, Elçin Mirzəbəyli və digərlərinin sözlərinə bəstələnmiş, amma ifa olunmamış ondan artıq mahnım var. İndi onların üzərində hazırlıq işləri gedir. Əgər kimsə mahnılarımı bəyənmirsə, buna da normal yanaşıram – zövqlər fərqlidir.
– Bəzən deyirlər ki, bəzi yazılarınızı dostlarınızın adından yazıb çap etdirirsiz. Hər halda ədəbi mühit bu gün bunları danışır. İstərdim ki, siz bu məsələyə qarşı öz mövqeyinizi açıqlayasız.
– Yazılarımı dostlarımın adından çap etdirmirəm, sadəcə olaraq, dostlarım xahiş etdikləri halda onların yazılarını redaktə edirəm. Mən jurnal redaktoruyam və bu, mənim bilavasitə işimlə bağlıdır. Kim buna başqa məna verirsə, bu, artıq onun öz problemidir.
– Bu günlərdə işıq üzü görən və sizə həsr olunan “Əsəd Cahangirin suqqestivliyi” məqaləsi haqda nə deyə bilərsiz? O məqalədə sizin qruppbaz, dəstəbaz olduğunuz vurğulanır. Bütün bu söhbətlər hardan qaynaqlanır və bunlara münasibətiniz necədir?
– Haqqımda yazılan yazıları, istər tərif, istərsə də tənqid olsun, oxumağı o qədər də sevmirəm. Çünki orda ağla qida verən nəsə tapmıram, bəsit və bayağı görünür. Ona görə dediyiniz yazını da oxumamışam. Amma əminəm ki, o məqalənin müəllifi “suqqestivlik” sözünün mənasını bilmir. Çünki ədəbi mühit adamlarının əksərinə bələdəm. Hesab edirəm ki, bu yazı öz müəllifinin BSU-nun rektoru Kamal Abdullanın qruppası, yaxud sektasının üzvü olmasından irəli gəlir. Çünki son günlər əleyhimə yazanlar hamısı K.Abdullanın əmriylə hərəkət edirlər. K.Abdulla başda olmaqla, az qala, bütün Bakı Slavyan Universiteti (BSU) mənə qarşı xaç yürüşünə çıxıb, müqəddəs müharibə elan edib.
– Niyə?
– Səkkiz il əvvəl yazdığım “Dəmirbaşlar” adlı essemdə onun “Yarımçıq əlyazma” romanına dair fikirlərimə görə.
– Bəlkə açıqlama verəsiniz, söhbət hansı fikirlərdən gedir?
– Bu qısa bir müsahibənin yox, böyük bir məqalənin mövzusudur. Ən ümumi şəkildə bunu deyə bilərəm ki, onun öz romanında Şah İsmayıl Xətayi ilə bağlı üstüörtülü şəkildə yazdıqlarına aydınlıq gətirdiyimə görə K.Abdulla məndən bərk narazı qaldı. Dərc olunandan bir neçə gün sonra kitabın satılmış və bağışlanmış nüsxələrinin adamlardan geri toplanması, onun romanı ilə bağlı fikirlərin kitabdan çıxarılması və kitabın yenidən nəşr edilməsi ilə bağlı istəyini bildirdi. Təbiidir ki, bu, mümkün deyildi. Hətta mümkün olsaydı belə, sözünə hörmət qoyan birisi kimi mən bu təklifi qəbul edə bilməzdim. Bunu görən K.Abdulla dərhal BSU-da həmin kitabın müzakirəsini keçirib, dünyada yalnız özünə məxsus olan bir hikkə ilə kitabı “darmadağın” elədi. Əvvəlcədən öyrətdiyi adamlar da onun dirijor çubuğu ilə bir qarğa-quzğun kimi kitabın üstünə tökülüşdülər. K.Abdulla üstüörtülü və üstüaçıq təhqirlərə qədər gedib çıxdı. Dinmədim. Ona görə yox ki, K.Abdulla Azərbaycan Yazıçılar Birliyinin (AYB) Mükafat Komissiyasının sədri idi və mən də kitabımı müsabiqəyə təqdim etmişdim, ona görə ki, rektoru tələbələr qarşısında pərt etmək istəmirdim.
Bunu özünün “Çaldıran qələbəsi” kimi dəyərləndirən K.Abdulla hücumlarına davam etdi, nə etdi. Füzuli demişkən, “gəl gör qiyaməti”. K.Abdulla komssiyanın onun subyektiv rəyi ilə hesablaşmayacağını, kitabın mükafata layiq görüləcəyini hiss edib komissiya sədrliyindən imtina etdi. Onun ardıcıl dəvətlərindən sonra dərs dediyim BSU nəzdində fəaliyyət göstərən Yaradıcılıq fakültəsindən məni kənarlaşdırdı. Sonra “Azadlıq radiosu” saytı və “525-ci qəzet”ə müsahibələr verərək, kitabın mükafata layiq olmadığını bildirdi. Yenə dinmədim. Onun göstərişi ilə bir günün içində bütün kitab satışı mağazalarındakı kitablarım qeybə çəkildi. Kitabları yenidən dərc etdirdim. Və lənət şeytana deyib, bütün bunlara da sükutla cavab verdim.
– Bəs sizdəki bu “Kərbəlayi İsmayıl dözümü”nün səbəbi nə idi?
– Azərbaycan cəmiyyətində elə mənəvi-psixoloji durum var ki, burda stoik dözümü, mətanətinə malik olmadan yaşamaq sadəcə mümkün deyil. Amma özümə qəribə gələn bu səbrimin konkret bir səbəbi də var idi – kimlərinsə ortalığa düşüb K.Abdullaya saxta donoslar çatdırmasını bilirdim. Özü bunu bir dəfə mənə demişdi. Guya mən hardasa, nə vaxtsa “K.Abdullanın ciddi ədəbiyyata heç bir dəxli yoxdur” demişəm. Və bu onun hədsiz qəzəbinə səbəb olmuşdu. Amma söhbət sadəcə K.Abdulla və onun qəzəbindən getmir, ümumən, mənim adamlarla münasibətlərimi kimlərinsə kənardan idarə etməsini sevmirəm. Öz münasibətimi mən özüm müəyyənləşdirməliyəm. Etiraf edim ki, K.Abdulla məsələsində bunu bacarmadım. Amma burda özümdə günah görmürəm. Məncə, rəhbər vəzifə adamının adamlara dedi-qodu əsasında yanaşması sadəcə zərərli yox, həm də təhlükəlidir.
– Bəs bu əvvəli-axırı bilinməyən bu son bir həftədən bəri gündəmi qapsamış Emin Piri məsələsi ilə bağlı olaylar var, bəs onlar hardan qaynaqlandı, necə yarandı və bu həddə çatdı?
– E.Pirinin “Aqşin Yenisey K.Abdulladan qorxduğu qədər Allahdan qorxsaydı, indi Cəlilabad kəndlərində axundluq edərdi” məzmunlu, zarafat səciyyəli facebook statusu istər K.Abdulla, istərsə də onun müridlərindən ötrü göydəndüşmə oldu və mənə qarşı yeni hücum kompaniyasına start verdi. Bu statusa heç bir aidiyyətim olmadığı halda K.Abdulla “Kulis.az”a müsahibə verərək heç bir əsas gətirmədən məni E.Pirinin facebook fəaliyyətini istiqamətləndirməkdə suçladı. Onun işçiləri bütün facebook şəbəkəsini saysız-hesabsız söyüş-təhqirlərlə doldurmağa başladılar. Amma yaxşı ki, E.Piridən fərqli olaraq, məni döydürməklə hədələyən olmadı. Hər halda bu çox böyük hörmətdir. Sual doğa bilər, K.Abdulla nə üçün səkkiz il öncə – mən “Dəmirbaşlar” essesini yazanda yox, məhz indi buna etiraz edir? Təbii bu suala ən dəqiq cavabı yəqin ki, K.Abdulla özü verə bilər. Mənim cavabım faktiki yox, məntiqi xarakter daşıyacaq. Məncə, bunun iki əsas səbəbi var: birincisi, o vaxt K.Abdullanın mənə təsir imkanı indiki qədər deyildi. İnsanın yaşı artdıqca onun azadlığının hüdudları daralır. Bir tərəfdən cəmiyyətlə əlaqələrin genişlənir, digər tərəfdən daxili senzor özü sənə hər ürəyindən keçəni eləməyə imkan vermir. Odur ki, səkkiz il öncə K.Abdullanın indi mənə qarşı elədiklərinə yəqin ki, çox sərt reaksiya verə bilərdim. K.Abdulla da bunu bilirdi. Azərbaycanda yaşın gətirdiyi bu məhdudiyyətindən kənar bəlkə də bircə adam var – o da K. Abdulladır. Siz onun verdiyi müsahibələrə baxın – heç bir arqumentlə hesablaşmayaraq, kimi istəyir tərifləyir, kimi istəyir tənqid edir. Bu, müsahibələr Peyğəmbər yaşına çatmış, böyük bir təhsil müəssisəsinə rəhbərlik edən, “Nobel” mükafatı almaq arzusuna düşən alim-yazıçıdan daha çox, 20-25 yaşlı bir gəncin ədalarını yada salır. Peşman olub, bir postmodernist roman yazıb, bütün davranışlarını da oyun üstündə qurmaq istəyir.
İkincisi, məncə, K.Abdullanın “Dəmirbaşlar” essesindən birdən-birə belə xoflanması yəqin ki, Prezident Administrasiyası rəhbərinin qızılbaşlar şahı haqqında məşhur məqaləsinin meydana gəlməsi ilə bağlıdır. Təsəvvür edin: dövlətin ideolojisini müəyənləşdirən ali vəzifəli məmurlardan biri qızılbaşlığı müasir Azərbaycan dövlətçiliyinin fundamental əsaslarından biri kimi dəyərləndirir. “Nobel” mükafatı almaq sevdasına düşən yazıçı isə Şah İsmayıl Xətaini aşağılayan bir roman qoyur ortaya. Bu azmış kimi, Əsəd Cahangir də səskkiz il öncə yazdığı və romanın daxili mahiyyətini üzə çıxaran essesini kitaba salır. Və kitab da K.Abdullanın arzusu xilaf çıxaraq iki mükafata layiq görülür. Burda Kərəmi ağlamaq tutmasın, neynəsin?
Qəribədir, esse bilavasitə romana həsr olunmadığından bu məsələlərdən aksiomatik şəkildə, tezislər formasında danışmışam. Madam ki, iş gəlib bu yerə çatdı, sübut-dəlil üçün yəqin ki, romana həsr olunmuş ayrıca bir yazı yazmaq lazım gələcək. Bir də ki görünən dağa nə bələdçi? Hər şey göz qabağındadır.
– Gəlin məhşurlaşdırılmış facebook söhbətlərinə qayıdaq. Sizcə, bu məsələlərdə E.Piri susa, cavab verməyə bilməzdimi?
– Məncə, yaşından və vəzifəsindən asılı olmayaraq, heç kəsin heç kəsi təhqir etməyə haqqı yoxdur. K.Abdullaya elə gəlir ki, hər yer BSU-dur və o, adamlarla istədiyi kimi davrana bilər. İlk təhqir daşı K.Abdulla və onun işçiləri tərəfindən atılmışdı. Təhiqlərin səciyyəsi və kəmiyyətinə görə də, K.Abdulla və onun ətrafının elədikləri müqayisəedilməz dərəcədə çoxdur. Burda BSU-çular hücum edən, E.Piri isə cavab verən tərəf kimi çıxış edirdi. Əlbəttə, Emin K.Abdullanın yaşını, vəzifəsini nəzərə alıb susa da bilər, yaxud eyni xarakterli yazılar yazmaya da bilərdi. Amma, məncə, hər kəs, o cümlədən də, K.Abdulla özü yaşı və mövqeyini nəzərə almalıdır.
– Qafqazinfo.az saytında bir bəyanatınızı oxudum ki, sizə qarşı tənqidlər və təhqirlər səngiməsə tənqidi yazı yazacaqsınız. Bu barədə fikirlərinizi bilmək istəyərdim, o məqalə necə və nədən olacaq və niyə məhz təhqirlər davam edəndən sonra yazılması nəzərdə tutulub?
– Məncə, bu suala artıq cavab verdim. Nə üçün məhz təhqirlər davam edəcəyi təqdirdə yazacağam? Bunu əlavə edə bilərəm. Çünki əslində, mən bu yazını qətiyyən yazmaq istəmirəm. K.Abdullanı intellektual və Azərbaycan üçün yenilikçi yazar sayıram. Amma dünya ədəbiyyatı konteksindən yanaşanada o, ikinci, ruslar demişkən, “vtoriçnı” yazıçıdır. Bir əsərindən Borxesin, o birindən Ekonun səsi gəlir. Ümumən, “Gizli Dədə Qorqud”un müəlifi kimi, o mənim alimimdir, amma tutaq ki, “Yarımçıq əlyazma”nın müəllifi kimi o mənim yazıçım deyil. Onun yaradıcılığı mənim üçün o qədər maraqlı deyil ki, ondan yazı yazım. Darıxdırıcıdır. Buna görə istər özü, istərsə də, adamları onun romanları haqda yazmaq xüsusunda mənə təkliflər etsələr də, yazmamışam. Amma təhqirlərin davam edəcəyi təqdirdə istəmədiyim o yazını yəqin ki, yazmalı olacam. Və o yazı bütün BSU ordusuna qarşı verilən ən gözəl cavab olacaq.
– Amma siz özünüz də bu cür sözünüzlə “AYB cəbhəsinin təmsilçisi” kimi çıxış edirsiniz axı. Bəs bu necə olsun?
– Fəqət bu cəbhəni K.Abdullaya qarşı AYB açmayıb, əksinə, K.Abdulla özü AYB-yə qarşı cəbhə açıb. Onun son illər əksəri AYB əleyhinə olan adamları başına yığması bunun ilk əlaməti idi. Yaradıcılıq fakültəsini yaratmaqdan əsas məqsədi yeni ədəbi nəsli AYB-yə nifrət ruhunda tərbiyə etməkdir. Və elə son hadisə də göstərdi ki, o, anti-AYB proqramını ustalıqla həyata keçirir. Məncə, müsahibələrində AYB-ni pislədikdən sonra, gözdən pərdə asmaq üçün Anarı tərifləmək hələ heç nə demir. Çünki Anar AYB, AYB isə elə Anar deməkdir. Mən K.Abdullanın əvəzinə olsaydım, Anarı sadəcə sözdə tərifləməkdənsə, ona məxsus bircə cəhəti əxz edərdim: Anar hələ bu günə qədər bir dəfə də olsa, ona qarşı edilən çoxsaylı tənqidlərə cavab vermək səviyyəsinə özünü endirməyib. İşçilərini də buna məcbur etməyib.
– Sizcə bu söhbətlər niyə ədəbi mühiti və prosesi bu dərəcədə məşğul edə bilir?
– Məncə, mənəvi boşluqdan irəli gəlir. Adamlar yekrəng həyatı nəyləsə mənalandırmağa çalışırlar, hətta mənasız bir şeylə.
– Sizcə, tənqidçinin yazdığı yazı müqabilində əlmuzdu alması nə dərəcədə düzgündür?
– Bu suala da ən yaxşı cavabı K.Abdulla və onun dostları cavab verə bilər. Çünki muzdla yazı yazdırmaq ənənəsi özünün ən parlaq ifadsəsini BSU-da tapır. Bu qədər adamın xorla eyni adamı tərifləməsi və dəstəkləməsini başqa heç bir məntiqə bağlamaq olmur.
Fərid Hüseyn
***
“Mən Əsəd Cahangiri niyə itirdim?!”
“Zevs adamın axırına çıxmaq istəyəndə əvvəlcə onun ağlını əlindən alır”
Bir müddət öncə tənqidçi Əsəd Cahangirin “Kaspi” qəzetinə verdiyi müsahibəsində yazıçı Kamal Abdulla ilə bağlı səsləndirdiyi fikirlərə cavab gecikməyib. Yazıçı Kamal Abdullanın “Qafqazinfo”ya göndərdiyi cavab məktubunu olduğu kimi təqdim edirik:
“Bir Allah şahiddir ki, mən bütün bu söz-söhbəti unutmaq istəyirdim. İstedadına az qala inanmağa başladığım bir gənc oğlan mənim, ola bilər, sərt xəbərdarlığımdan qeyzlənib mənə dərs vermək istəyir, öz üzərimdə işləməyimi məsləhət görür, olsun. Bir başqası zəhərini, hikkəsini tökməyə yer axtartır, buna da dözərik, zatən nə deyirlər, desinlər, bilən bilir ki, dözə-dözə gəlmişik. Amma və lakin. Yalanın, hədyanın da bir dərəcəsi olur. Elə adamlar var ki, sənin ona nə isə bir söz deməyinə də elə bir ehtiyac qoymur, özü-özünü ifşa edir. Yaxşı deyiblər, Zevs adamın axırına çıxmaq istəyəndə əvvəlcə onun ağlını əlindən alır. Əsəd Cahangir hadisəsi bu qədim misalın ən bariz nümunəsidir.
Bunu hələ xəstə təxəyyüldə canlandırmaq lazımdır axı. “Kaspi” qəzetinə verdiyi müsahibədə deyir: “… Onun (yəni, Kamal Abdullanın) öz romanında Şah İsmayıl Xətayi ilə bağlı üstüörtülü şəkildə yazdıqlarına aydınlıq gətirdiyimə görə Kamal Abdulla məndən (Yəni, Əsəd Cahangirdən) bərk narazı qaldı. Dərc olunanadan bir neçə gün sonra kitabın satılmış və bağışlanmış nüsxələrinin adamlardan geri toplanması, onun romanı ilə bağlı fikirlərin kitabdan çıxarılması və kitabın yenidən nəşr edilməsi ilə bağlı istəyini bildirdi.”
Ədəbi mərdlik nümayiş etdirib bu mənfur təklifi rədd edən Əsəd Cahangir daha sonra yazır ki, bundan sonra mən dərhal kitabın müzakirəsini keçirib dünyada yalnız özünəməxsus olan “hikkə” ilə kitabı “darmadağın” etmişəm. Yenə tənqidçidən sitat : “K. Abdulla üstüörtülü və üstüaçıq təhqirlərə qədər gedib çıxdı. Dinmədim. Ona görə yox ki, K. Abdulla Azərbaycan Yazıçılar Birliyinin mükafat komissiyasının sədri idi və mən kitabımı müsabiqəyə təqdim etmişdim (“Aha, xoruzun quyruğu yavaş-yavaş görünməyə başlayır” – K.A.), ona görə ki, rektoru tələbələr arasında pərt etmək istəmirdim.” Sitatın sonu. Təşəkkür etməkdən başqa əlimizdən nə gələr ki…
Əsəd Cahangirin yadına salmaq istəyirəm. O müzakirədə çox adam iştirak edirdi və o adamların yaddaşı yerindədi. Mənim “üstüörtülü”, “üstüaçıq” təhqirlərimi, yəqin ki, yeri gəlsə xatirlərində canlandırarlar. Əlbəttə ki, mən kəskin danışdım, əlbəttə ki, mən öz mətnimin müdafiəsinə qalxmalı idim, onu yalan və böhtandan qorumalı idim və mən bunu etdim. Hər bir yazıçı bunu eləməlidi. “Təhqir” isə belə bir replikadan ibarət olub: “Kitabda yazdığın Şah İsmayılla bağlı iyrənc şərhin üçün bircə misal, yaxud bircə eyham göstərə bilərsənmi?” Deyəsən, heç “iyrənc” sözü də dilimdən çıxmamışdı, onu indi yazıram. Bir halda ki, deyirlər təhqir etmişəm, heç olmasa hənirtisi gəlsin…Təbii ki, mənim replikam cavabsız qaldı, çünki indi məlum olur ki, tənqidçi məni özü dediyi kimi “pərt” eləmək istəməyib.
Sonra da mən guya bu kitabları kitab dükanlarından yığışdırıb yandırtmışam. Daha bu ağ oldu. Bunu bir demir, iki demir. Xəstə təxəyyül deyil də, nədir?! Mənə etiraz edərlər ki, nolar, hər şeyi demək olar. Ürəyi istəyib deyib. Amma, qardaşım, əzizi-mən, sübut lazımdır. Yəqin ki, bu gülünc böhtan üçün ondan sübut istəyəcəklər.
Ümumiyyətlə, bu Şah İsmayılla bağlı məqam barədə Əsəd Cahangirin xəstə təxəyyülü dincəlmək bilmir ki, bilmir. Bir neçə dəfə məni bu mənim “yeddi günbəz altında gizlətdiyim” sirli məsələnin üstünü açacağı ilə saytlarda hədələyib də. GÖZLƏYİRƏM! Və hətta bəlkə onu qabaqlayıb onun özünə fikirlərini açıq şəkildə bildirməsi üçün imkan da yaradacağam. Bu artıq təkcə mənlə bağlı söhbət deyil, bu artıq Şah İsmayıla “dil” uzatmaqdır. Əsəd Cahangir, deyəsən, məni məcbur edəcək ki, nəhayət, onu məhkəməyə verim. Qoy özü, yaxud Yazarlar Birliyinə yığıb beynini zəhərlədiyi müridləri sübut eləsinlər ki, harda, hansı səhifədə, açıq, yaxud gizli şəkildə, ən dərində gizlənmiş eyhamla olsa belə mən Şah İsmayılı aşağılamışam?! Ömründə bunu sübut edə bilməz, çünki belə bir şey yoxdur. Elementar anormallıq deyilmi?! Elədir. Sübut edə bilməyəndə isə məhkəmə qarşısında da, ictimaiyyət qarşısında öz xəstə böhtanlarına görə cavab versin. Verməlidir! Verəcək!
Mən Əsəd Cahangirin yadına bəzi şeylər salmaq istəyirəm. Doğrudur, o özünü sanki nədənsə dalağı sancmış kimi sığortalamağa cəhd edib deyir ki, insan dəyişməlidir, dəyişməsə o, ölüdür, və s. və i.a. Amma daha bu qədər də dəyişmək olarmı, olmazmı, qoy hökmü oxucu versin.
“Kaspi” qəzetinə bu yaxınlarda verdiyi müsahibədən sitat: “Dünya ədəbiyyatı kontekstində yanaşanda o (yəni, Kamal Abdulla), ikinci, ruslar demiş, “vtoriçnı” yazıçıdır. Bir əsərindən Borxesin, o birindən Ekonun səsi gəlir. Ümumən, “Gizli Dədə Qorqud”un müəllifi kimi o mənim alimimdir, amma tutaq ki, “Yarımçıq əlyazma”nın müəllifi kimi o mənim yazıçım deyil. Onun yaradıcılığı mənim üçün o qədər də maraqlı deyil ki, ondan yazı yazım. Darıxdırıcıdır.” Sitatın sonu.
Çox gözəl. Nə demək olar ki? Hamının xoşuna gəlməyi arzu edən adam sadəlövh adamdır. Amma mənim yadıma axı başqa Əsəd Cahangir düşür. Və mən heyrətlənirəm. O, başqa Əsəd Cahangir 2012-ci ilin 20 noyabrında “Zaman Azərbaycan” saytına verdiyi müsahibədə nə az, nə çox belə yazırdı. Sonra o müsahibə qəzetlərdə də çap olunmuşdu.
Əsəd Cahangirə verilən sual:
– Müasir şair və yazarlar arasından kimləri çox təqdir edirsiniz?
Əsəd Cahangirin cavabı:
“Azərbaycan bədii nəsr potensialının ən ciddi perspektivini Kamal Abdullanın yaradıcılığında görürəm. Kamalizm Azərbaycan nəsrinin əyalət çərçivələrini dağıdıb dünya meridianlarına çıxmaq gücünü nümayiş etdirir. Onun “Yarımçıq əlyazma”sı nəsrimizdə nəzəri təfəkkür işığında yazılan ilk postmodernist romandır. “Sehirbazlar dərəsi” öz mistik aurası etibarilə hələ ki ilk və son milli romanımızdır. “Unutmağa kimsə yox…” isə istər bədii təsir gücü, istərsə də kamil dil texnikası baxımından nə Eko, nə də Pamukun romanlarından geri qalır.”
Allah-Allah, mən belə tənqidçini harda, nə zaman və niyə, niyə itirdim?
Həmən intervyünün növbəti sualı isə bu idi: “– Amma Kamal Abdullaya qədər İsa Muğanna, Sabir Əhmədli, Əkrəm Əylisli, Anar, Elçin, Yusif Səmədoğlu və digər ciddi imzalar olub.”
Əsəd Cahangir bu sualı da belə cavablandırıb:
“- Olub və heç kəs onların xidmətini inkar etmir. Həyatın inkişaf dialektikası isə daimi yeniləşmə tələb edir (“Bu həmən insan daim dəyişməlidir” tanış tezisinin ekiz qardaşı olmasın?!” – K.A.). Sabir Əhmədli, Anar, Elçin, İbrahimbəyov qardaşları nəsr düşüncəmizi kənd çərçivəsindən çıxardılar, gəlişmə məkan kateqoriyası ilə müəyyənləşdi. Düşüncə yönündən də bu nəinki Əbülhəsən, Əli Vəliyev, Mehdi Hüseyn, hətta İlyas Əfəndiyev və Ənvər Məmmədxanlının da nəsri olmayıb tamamilə yeni bir şey idi. Yusif Səmədoğlu bu işi daha mürəkkəb zaman, İsa Muğanna isə ondan da mürəkkəb metafizik qatda həyata keçirdi. Məncə, Kamal Abdullanın nəsrində bütün bu plastlar sintez olunur.”
Vallah, adamın matı-qutu quruyur. Nə deyəsən?! Əsəd Cahangir bu cürəmi dəyişib?! Bu cürəmi o, ölü qalmaqdan qaçmaqdadır?! İlanın qabıq dəyişmə məsələsi olmasın… Həqiqətən, mən bu tənqidçimi, görəsən, niyə itirdim?! Yazıçılar beləsini göydə axtarırlar, bu özü yerdə əlimə düşüb ki…
Nə isə. Oxucunu çox yormaq istəmirəm. Nəticəni hər kəs özü çıxarır. Bir kiçik parça da Əsəd Cahangirin mənimlə “çat” söhbətindən. Onu da qeyd etmək istəyirəm ki, Əsəd Cahangir tərəfindən bəndeyi- həqirinizə edilmiş bu cür “izhari-məhəbbət”lər kifayət qədərdir, kifayət qədər şahidlər də var və yeri gəldikcə həm öz, həm də Əsəd Cahangirin hafizəsini təzələyəcəyəm.
13 yanvar, 2013-cü il.
Əsəd Cahangir. …Hekayənizi oxudum. Çox gözəldir. Təbrik edirəm desəm, gülməli çıxar. Çünki sizin üçün bunun böyük önəmi olmayacaq.
Kamal Abdulla. Hər halda təşəkkürlər.
Əsəd Cahangir. Mistikanı verməkdə sizin misliniz yoxdur. Ovqatı, auranı gözəl yaradırsınız. Amma hekayədən ideya hasil olmur. Deyəsən, sizin heç belə məqsədiniz də yoxdur.
Kamal Abdulla. Sən onu görə bilməmisənsə, mən nə deyə bilərəm?! Yenə razılaşmaqdan başqa çarəm yoxdur. Amma, məncə sən dediyin və mənim xoşuma gəlməyən bu “andıra qalmış” ideya o hekayədə var. Amma sənə deməyəcəyəm. “Son fənd” sindromu!
Əsəd Cahangir. Bir də oxuyaram. … Sizcə, bu günkü tədbirdən sonra (Həmən məni “pərt eləmək istəmədiyi” kitab müzakirəsini deyir. – K.A.) mən Yaradıcılıq fakültəsində işimə davam etməliyəm?
Kamal Abdulla. Məncə edə bilərsən. Bunu üçün mən bir maneə görmürəm.
Əsəd Cahangir. Bəs tələbələrin münasibəti?..
Kamal Abdulla. Münasibətdə nə oldu ki? Bir-birini tənqid edib sonra düşmən olmaq Nuh əyyamında qaldı. Mənim bununla bağlı problemim yoxdur. Sadəcə adam bilməlidi ki, bu dünyada hər şeyin bir cavabı var.
Əsəd Cahangir. Kamal müəllim, siz mənim Ustadımsınız. O yazıda da sizə qarşı zərrə qədər də olsun düşmən münasibəti yoxdur. Mən sizə roman həsr edəcəm. Çünki bu romanın ideyasını sizin monoqrafiyanızdan götürmüşəm. Və bu sizin haqqınız olacaq. Onda araqarışdıranlar oturacaqlar öz yerində… Mən hələ xatırlamıram ki, sizin haqqınızda böyük alim, gözəl insan və orijinal yazıçıdır, ustadımdır sözündən başqa nəsə danışam.Çünki sizin haqqınızda doğrudan belə fikirləşirəm. Mən sizi o qədər çox sevirəm ki, hətta indi də (kitabının müzakirəsində mənim kəskin çıxışımdan sonra – K.A.) incimirəm. Sadəcə, heyrətlənirəm.
Kamal Abdulla. Məndən inciməyə əsasın yoxdur. Heyrətlənməyi isə adamın formada olduğunu deyir.
Əsəd Cahangir (yenə bir xeyli məhəbbət izharından sonra…). Neyləsələr də məni çox hörmət elədiyim bir adamın gözündən salmağa qoymayacağam. Siz mənə bir alim kimi də, yazıçı kimi də çox doğmasınız. Elə bilirəm ki, “Gizli Dədə Qorqudu” mən yazmışam. … Allah şahiddir ki, mən sizə görə neçə paxıl, vicdansız adamla üz-üzə gəlmişəm. Onlar sizin bir hekayənizi də yaza bilməzlər.
Kamal Abdulla. Aydındır. Bir dəfə asudə vaxtımızda bu barədə də danışarıq.
Əsəd Cahangir. Məncə, Ustad öz tələbəsinə irad tutmağa tam haqlıdır. Xahiş edirəm ki, mənim sizə münasibətimi həmişə o kontekstdə qiymətləndirəsiniz.Və sizin bütün iradlarınızı qəbul etməyə həmişə hazıram.
Kamal Abdulla. Oldu. Görüşərik.
Əsəd Cahangir. Sağ olun, Müəllim.
Hələlik bəsdi, deyirəm. Hələlik, ona görə ki, Əsəd Cahangirin bəlkə də kimlərinsə təhrikiylə girdiyi bu məsələ, yəqin, hələ çox su aparacaq. Məncə, elə bu qədərlik ilk söhbətdən sonra yazının başlığının birinci tərəfi aydınlaşdı. Eh, Əsəd Cahangir, insan özü-özünü belə zavallı duruma salmaz. Sənin indiki “xozeyinlərin” də qoy görsünlər. Sən axı sabah çox rahatcasına onlar üçün də dəyişə bilərsən. Ölü qalmamaq üçün. Amma, məncə, sən onsuz da… qərəz, nə isə. Qoca Zevs haqlıymış.
Başlıqdakı “Mən niyə Əsəd Cahangiri itirdim?!” sualına gəlincə isə, həqiqətən, bu suala cavabım yoxdur. Elə bil, ilk tanış olduğumuz gündən ( o günü də, onun mənə etdiyi təklifləri də yaxşı xatırlayıram) və o gündən sonralar da məni hansı gizli qüvvəydisə bu adama sonadək bağlanmağa mane olurdu. Bilmirəm niyə. Amma və lakin. Fikirləşib onu da tapacağam.
P.S. Əgər kimsə bu son, belə deyək, ədəbi qalmaqalda Bakı Slavyan Universitetinin məni dəstəkləyən 4, ya 5 tələbə ( bəs daha tələbə nə günə lazımdı?), bir iki müəllimindən başqa daha kiminsə adını çəkə bilərsə, o zaman Əsəd Cahangir hər sözündə haqlıdır. “Bütün Bakı Slavyan Universiteti mənə qarşı xaç yürüşünə çıxıb” deyə dad eləyən Əsəd Cahangir, görəsən, bilirmi ki, Universitet nədən və kimlərdən ibarətdir, bilirmi ki, burda nə qədər alim çalışır, kafedra müdirləri, elmi tədqiqat laboratoriyalarının müdirləri, doktorantlar, müəllimlər, professorlar, dosentlər var?! Onlar hamısı gözəl mütəxəssislərdir, vicdanlı adamlardır. Bəlkə də çoxu heç bu tənqidçini tanımır. Yaradıcılıq fakültəsinin 4-5 işçi və tələbəsindən başqa ( bunlar isə Əsədin hadisəni şişirdən, körüyü üfürən müridlərindən qat-qat sayda azdılar) bu prosesdə heç kim OLMAYIB! Bəs bu nə şivən, nə saçyoldudu?! Bu da qəhrəmanımızın gözünə görünən qallüsinasiya! Diaqnoz tam bəlli.
Keçmiş olsun.”
***
“Heç olmasa Dədə Qorqudu Fatmanın yeganə oynaşı kimi verəydiz…”
“Elə bil ki, bir rektorun yox, Maştağa psixuşkasının “qlavvraç”ının yazısını oxuyursan”
Kamal Abdulla ilə Əsəd Cahangir arasındakı ədəbi qarşıdurma konteksində növbəti yazı tənqidçidən gəlib. Əsəd Cahangirin “Qafqazinfo”ya göndərdiyi cavabı olduğu kimi təqdim edirik:
Antik Kamal mifologiyasının sonu
Hörmətli Kamal Abdulla! Sizin “Qafqazinfo” saytında mənə həsr etdiyiniz yazını oxuyub təəccüblənmədim, çünki sizinlə bağlı nəinki təəccüblənmək, hətta heyrətlənmək limitim də dolubdur. İndi sizin heyrətlənmək növbənizdir. Yazınızda məni məhkəmə ilə qorxudursunuz. Nahaq! Birincisi, özümün haqlı olduğuma inanıram və faktlara söykənirəm. Dəfələrlə demişəm, gənc şair Emin Pirinin yazdığı və yəqin ki, “İlin statusu” adını alacaq məşhur statusundan (“Əgər Aqşin Kamal Abdulladan qorxduğu qədər Allahdan qorxsaydı, indi Cəlilabad kəndlərindən birində axundluq edərdi”) nə birbaşa, nə də dolayısı ilə xəbərim yoxdur. Allah Eminə insaf versin, gərək yazmayaydı bu yazını. İki səbəbdən: birincisi, sizin kimi tanınmış bir şəxsə görə; ikincisi, Aqşinin son günlər Ramazan məsələsi ilə bağlı saldığı (və ağır nəticələr verə biləcək!) qalmaqala görə. Və indi, üstündən təxminən 15 gün keçəndən sonra bu statusun yazılmasına təəəssüf etmirəm, çünki adi bir status ətrafında qalxan bu qədər lüzumsuz söz-söhbət Eminin öz fikrində nə qədər haqlı olduğunu bütün çılpaqlığı ilə üzə çıxardı.
Nə olub, dostlar? Bəlkə, Stalin haqqında “Pravda” qəzetində tənqid gedib? İkincisi, kim sizdən beş-üç manat pul qoparmaq üçün mənim adımı yalandan o statusla əlaqələndirirsə, niyə açıqlamırsınız ki, məsələ birdəfəlik ağ olsun, atasını tanımayan araqarışdıranların da gözlərinə dağ olsun! Açıqlamasanız da, bilirik, hətta AYB koridorlarında sülənən biri olduğundan da xəbərdarıq. Təxəyyülünüzə əsaslanaraq, mənim guya bu məsələdə AYB tərəfindən idarə olunduğumu deyir, mənə də, AYB rəhbərliyinə də böhtan atırsınız. Bəlkə, düşünəsiniz: kimi AYB-dən idarə edirlər, məni, yoxsa sizi? Özü də kim idarə edir! Və kimi idarə edir! Fikir verirsinizsə, sizin bütün sözləriniz öz əleyhinizə çevrilir. Çünki çıxış nöqtəniz böhtan olduğundan tale sizə ironiya edir. Təəssüf ki, bunu çözməyə kəramətiniz çatmır. Və nəhayət, məhkəmə istəyirsiniz, neynək, məhkəməyə də gedərik. Amma bütün məhkəmələrin ən dəhşətlisi vicdanın məhkəməsidir. Sizi onun mühakiməsinə buraxıram. Nəzərə alın ki, məhkəmədə məğlub olacağım təqdirdə itirəcəyim bir şey yoxdur – nə pulum, nə vəzifəm, nə ad-sanım, nə də əsassız (və gülməli!) Nobel iddiam. Siz öz allı-güllü yazınızda ikimizin arasında olan inbox yazışmalarımızı üzə çıxarmış və bununla da iki cəhətdən uduzmusunuz. Birincisi, ictimai rəy şəxsi söhbətləri sosioloji müstəviyə gətirməyi qeyri-etik fakt kimi qarşıladı. Bundan sonra artıq çoxsaylı dedi-qodu gətirənləriniz belə sizdən ehtiyat edəcəklər, şpion aparaturanız xeyli zəifləyəcək. İkincisi, bu yazılar bir daha sübut etdi ki, kitabımın təqdimatında çıxardığınız oyundan sonra da sizə münasibətimdə qərəz olmayıb. Siz bizim münasibətlər arxivini qurdalayıb orda ziyalı mədəniyyətindən, böyüyə hörmətdən, nəzakətdən başqa bir şey tapa bilmədiniz. Tapa da bilməzsiniz.
Amma “Kaspi”yə müsahibəmi yenidən oxuyun və görün mən orda nələr tapıb çıxarmışam. Yazınızda o faktların birini də təkzib edə bilməmisiniz. Bu faktları bir romana çevirib “Yarımçıq əlyazma”nızı bütövləşdirə bilərsiniz. Bununla belə, inbox yazışmalarımızı üzə çıxarmaqda sizi qınamıram. Çünki boğulan saman çöpündən yapışar. Amma absurddur axı – sən demə, adamı qınayarmışlar ki, niyə mənə hörmət və sevgiylə yanaşmısan! Qanacaq, mərifət ittiham aktına çevrilərmiş! Və bunu ən yaxşı BSU-da bacarırmışlar! Absurd yox e, lap absurdissimus! Aydındır ki, bu yazışmaları üzə çıxarmaqda sizin bir başlıca (və bayağı!) məqsədiniz olub – məni fikir dəyişkənlyində suçlamaq! Məharətli oyunçu olsanız da, məncə, buna nail ola bilməmisiniz. Niyə?
Əgər fikir dəyişmək insanı ittiham etməyə əsas verirsə, bəs siz özünüz niyə Dədə Qorquda qarşı fikrinizi dəyişmisiniz? “Gizli Dədə Qorqud, yaxud sirr işində dastan” kitabınızda Dədə Qorqudu türk ulusunun böyük Peyğəmbəri kimi mədh edir, 3-4 ildən sonra qələmə aldığınız “Yarımçıq əlyazma” romanınızda isə onu Oğuz elinin fahişəsi Boğazca Fatmanın çoxsaylı oynaşlarından biri kimi qələmə verirsiniz. Allah sizə insaf versin, heç olmasa yeganə oynaşı kimi verəydiniz ki, buna “Dədə Qorqud və Nənə Fatma” romanı demək olaydı. Bu ziddiyyəti nəylə izah edə bilərsiniz? Peyğəmbər dediyiniz nədir, peyinə bulaşdırdığınız nədir? Sizi sadəcə fikrinizi dəyişdiyiniz üçün yox, daha ciddi bir məsələyə görə qınmaq olar – yazırsınız, amma sonra sözünüzün arxasında dura bilmirsiniz. “Yarımçıq əlyazma” romanınızda kənddən gəlmiş gənc şair Xızrın gözəlliyi qarşısında “heyran qalan” (!) Şah İsmayılın diliylə desək, “əhsənül əhsən!” sizlərə. Yeri gəlmişkən, işçilərinizin Emin Piri məsələsi ilə bağlı yazdığı çoxsaylı təhqiramiz cızmaqaralardan biri də elə belə adlanır: “Kişi kişinin yanına gedər”!
Görürsünüzmü, zəhmətiniz hədər getməyib, ideyalarınızı kənddən sizi deyib gələn şagirdləriniz uğurla davam etdirirlər. Əhsənül əhsən! Məncə, sizi sözün tam mənasında yazıçı olmağa, “Bütöv əlyazma” yazmağa qoymayan, sözünüzü danmağa vadar edən çoxsaylı vəzifələrinizi, xüsusən də rektorluğunuzu itirmək qorxusudur. Bir əlinizdə üç-dörd qarpız tutmayın, ya vəzifə (BSU, AMEA, Mədəniyyət Fondu və s. və s.) adamı olun, ya qələm adamı. İmkan verin, mənəvi köləyə çevirmək istədiyiniz cavanlar da bir vəzifə tutsunlar. 3. Və, nəhayət, üçüncüsü, o hörmətsizliyi ki, siz mənə qarşı eləmisiniz, onu kimə qarşı eləsəydiniz, Kərbəlayi İsmayılın sözü olmasın, sizə qarşı bəlkə də on dəfə tüfəng qaldırardı. Sizin və işçilərinizin sosial şəbəkələrdə elədiyi föhşləri kəmali-səliqə ilə (lap sizin metodunuzla!) yığıb bir qovluqda saxlayıram. Məhkəmə olacağı təqdirdə o qovluqlar böyük bir universitetin rəhbərinin, bu gün-sabah akademik olmağa hazırlaşan bir adamın kimləri ətrafına yığıb nə əməllər törətdiyindən dil açıb çox şeylər danışacaq. Ziyalı etikasına yaraşmayan ifadələr və böhtanlarınıza son yazınızda da davam edərək yazırsınız: “Ümumiyyətlə, bu Şah İsmayılla bağlı məqam barədə Əsəd Cahangirin xəstə təxəyyülü dincəlmək bilmir ki, bilmir… Bu artıq təkcə mənlə bağlı söhbət deyil, bu artıq Şah İsmayıla “dil” uzatmaqdır”. Yaxşı deyiblər ki, oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı. Eyni vaxtda bizim hər ikimizin Şah İsmayılla bağlı yazımız meydana gəlib: mənim “Dəmirbaşlar” essem, sizin isə məlum, məşhur (və məşum!) “Yarımçıq əlyazma” romanınız! Gedin, mənim essemi diqqətlə oxuyun, görün mən harda Şah İsmayıla sizin alimə, yazıçıya, rektora, ziyalıya yaraşmayan jarqonunuzca desək, “dil” uzatmışam. Əksinə, mən öz essemdə qızılbaşlar şeyxinə dil uzadanları dəmirbaş adlandırmışam. Siz isə öz üzünüzə gah Şahi-Mərdanın, gah Hüseyn Lələnin, Şah İsmayılın üzünə isə Xızrın maskasını taxaraq az qala müqəddsəlik statusu olan sufi şeyxini roman boyu dönə-dönə “gədə” (!!!) adlandırmısınız. Maskaları çıxarmağın zamanı gəldi. Şahi-Mərdanın maskasını çıxarın – sizdən mərdlik görmədim. Hüseyn Lələnin maskasını çıxarın – sizdə lələlik, ağsaqqallıq yoxdur. Xızrın maskasını çıxarın – siz ölməzliyə inanmırsınız. Görünür ki, ömrünüz boyu mifologiya ilə məşğul olub, axırda miflərdən bezmisiniz, “mifləri” dağıtmaq, dekonstruksiya qərarınıza gəlmisiniz. Amma, birincisi, niyə bir tərəfdən mifləri dağıdır, o biri tərəfdən özünüz haqqında mif yaratmaqla məşğul olursunuz – gündə beş dəfə iclas keçirən işgüzar rektor mifi, xeyirxah insan mifi, ədəbi gəncliyin dostu mifi, şair mifi, dramaturq mifi, nasir mifi, ekzistensial tənhalıq ağrıları yaşayan ziyalı mifi, bir sözlə, antik Kamal mifologiyası. Qorbaçovun sözü olmasın, niyə yenidənqurmaya özünüzdən başlamırsınız? İkincisi, niyə bu dekonstruksiya əməliyyatını sevimli Zevsinizin, Parisinizin yox, Dədə Qorqudun, Şah İsmayılın üzərində eləyirsiniz? Gördünüz ki, Orxan Pamuk Şəms Təbrizini, Mövlananı “rüsvayı-cahan” eləyib, Nobel aldı, siz də həvəsə gəldiniz, hə? Yaxşı deyiblər ki, kor atlanar, kəndini çapar. Hətta möminlər əmiri Şahi-Mərdanı – Həzrət Əlini belə öz təxəyyülünüzün oyununa qoşmusunuz!
Doğrudanmı, hara girdiyiniz sizə aydın deyil? Bilmirsinmiz ki, oralar sizin yeriniz deyil? İndi özünüz deyin kimin təxəyyülü xəstədir? Kim kimə böhtan atır? Kim Şah İsmayıla dil uzadıb? Hər kim dil uzadıbsa, o dil susmalıdır! Siz Hüseyn Lələnin arxasında gizlənərək Şah İsmayılın dublikatı kimi verdiyiniz Xızrın (Xətayinin) ürəyinə xəncər də saplamısınız! Və demək, dil bir yana, Şah İsmayıla əl də uzatmısınız! Hər kim əl uzadıbsa, o əl kəsilməlidir! Əkrəm Əylislinin ala itdən məşhur “Daş yuxular”ı ilə sizin “Yarımçıq əlyazma”nızı belə bir müqayisə müstəvisinə gətirmək olar: o, əkrəmanə bir zoğallama üsuluyla başımıza qumbara atıb, siz isə daha məkrli tərpənərək kəmali-səliqə ilə ayağımızn altına mina qoymusunuz – “mina medlenneqo deystviya”. Hansı daha qorxuludur, Mayakovskinin diliylə desək, Ana Vətən söyləsin. Şəxsən, mənim cavabım belədir – siz Puqaçovdan da pis qiyamçısınız! Yazınızda məndən dediklərimə sübut istəmisiniz.
Məncə, roman boyu dönə-dönə keçən eyhamlardan bir neçəsini açıqladım. Əgər bunlar azlıq edirsə, qalanlarını və özü də bütün çılpaqlığıyla romana həsr edəcəyim məqalədə açıqlayaram. Xoruzun quyruğunu göstərmək hələlik kifayətdir, qanadını, dırnağını, dimdiyini və başqa vacib yerlərini əsas yazıya saxlayıram. Yazınızda məni zavallı adlandırır və itirməyinizdən danışırsınız. Siz məni nə vaxt tapmısınız ki, itirəsiniz də? Mən özümü bircə dəfə zavallı hiss etmişəm – sizin universitetdə işlədiyim dörd ay ərzində. Məncə, ən zavallı adam romanı əlində az qala hər gəlib gedəndən onun haqqında yazı yazmasını xahiş edən kəsdir. Zavallı adam özünü zorla yazıçılar pleyadasına daxil etmək istəyən adamdır. Zavallı adam hamıdan şübhələnən, heç kəsə inanmayan, ksenofobiya ağrıları ilə yaşayan adamdır. Zavallı adam hər şeyi ola-ola heç nəyi olmayan adamdır. Zavallı adam Allahı bir tərəfə qoyub, Zevsə inanan adamdır. Yazı boyu “xəstə” deyə-deyə mənə diaqnoz qoyur, həkimlik edirsiniz. Elə bil ki, bir rektorun yox, Maştağa psixuşkasının “qlavvraç”ının yazısını oxuyursan. Əgər həkimliyə belə həvəsiniz vardısa, nə əcəb filologiya sahəsini seçmisiniz? Bir də istərdim biləsiniz – quru divara palçıq yapışmaz. Sağ olun! Gələn yazılarda görüşənədək.