Ana səhifə BAŞ YAZI O daş altda Məmməd Araz yaşayır..

O daş altda Məmməd Araz yaşayır..

Müəllif: Bizim Yazı
372 baxış

Bizimyazı.az Azərbaycanın Xalq şairi Məmməd Arazın 90 illik yubileyi münasibətilə şeirlərini oxuculara təqdim edir.

Dünya sənin, dünya mənim…

Bir taleyin oyununda cütlənmiş zərik,
Yüz il qoşa atılsaq da qoşa düşmərik.
Bir zərrənin işığına milyonlar şərik,
Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin…

Çevrəsindən çıxsa əgər sevda fırfıran,
Bir ümidin ətəyindən tutub da fırlan,
Eşidirsən: pıçıldayır yıxılan, duran,
Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin…

Bu get-gəllər bazarma dəvədi dünya,
Bu ömür-gün naxışına həvədi dünya.
Əbədiyə qoh-qəh çəkər əbədi dünya,
Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin…

Ayaq saxla, dövrənə bax ötəri belə,
Min illərdir Araz belə, Həkəri belə.
Axşamların, səhərlərin təkəri belə,
Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin…

Gülünclərə gülünc gələn bu ada güldüm,
Yüyəninə hər əl yelən bu ata güldüm,
Mən özümlə oynadığım şahmata güldüm…
Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin…

Yaşayır

Ana yurdum, hər daşına üz qoyum,
Hər dərəndə çaldığım saz yaşayır.
Kimi sənin çiynində,
sən kiminin…
Şöhrətini yaşadan az yaşayır.

Bu gileydən qəlbim yaman xallanır;
“Çox ünvanda qaçaq tərif yallanır”.
Bir ağılın budağından sallanıb,
Neçə-neçə ağlı dayaz yaşayır.

Gülüm, bir də görüşünə yubansam,
Adımı tut, harda dağlar dumansa.
Gözünü sıx,
Hansı daşda su yansa,
O daş altda Məmməd Araz yaşayır.

Unut məni

Dilim dinməz, kirpıklərim səs elər,
Necə xoşdu – ürəyimi kəs elə…
Qalan ömrə yarım ürək bəs elər,
Unut məni, aldat məni, at məni.

Enişi qar, yoxuşu qar bu yolun,
Yad nəfəsdən buz qayası su olu…
Yalan yolu beş addımlıq su yolu,
Aldat məni, unut məni, at məni.

Sən ömrünün atəşində yananda,
Kölgəndən də gərəksizdim yanında.
Qiymətli bir itik saxla yadında,
Unut məni, aldat məni, at məni.

Gözdən gözə körpü salmaq nər işdi,
Baxışların meylini tez dəyişdi.
Təzə addım özü təzə döyüşdü,
Aldat məni, unut məni, at məni.

Bu sevdadan nə yetirdik, nə üzdük?!
Dalğasına nə qərq olduq, nə üzdük.
Axır səni düzdə qoydu bu düzlük…
Unut məni, aldat məni, at məni.

Salamat qal

Bəlkə bu yerlərə bir də gəlmədim,
Duman, salamat qal, dağ, salamat qal.
Dalımca su səpir yoxsa buludlar? –
Leysan, salamat qal, yağ, salamat qal!

Qıy vuran qartallar yox oldu çəndə,
Nərgizlər saraldı şehli çəməndə.
Ey qaragöz pəri, dalımca sən də
Boylan, salamat qal, bax, salamat qal!

Gəldim, qarşıladı güllər-çiçəklər,
Gedirəm, əl edir boz biçənəklər.
Nidamı çaylara dedi küləklər:
Bulan, salamat qal, ax – salamat qal!

Dağların pələngi, şiri də sənsən,
Şairi də sənsən, şeiri də sənsən.
Varı, bərəkəti, xeyri də sənsən –
Çoban, salamat qal, sağ-salamat qal!

Ölüm qorxur qələmdən

Qələm mənim yol yoldaşım,
Qələm mənim oxum, nizəm.
Qələm mənim söz qardaşım,
Qələm mənim mübarizəm.

Qələmimdən gen düşəndə
Öz-özümə yaslanıram,
Öz-özümə əzilirəm,
Köhnəlirəm, paslanıram.

Masam üstdə yallı tutan
Giley olur, qeybət olur,
Göz oxşayan gözəlliyə
Gözəyarı qiymət olur.

Qələm mənə – dağlara çıx,
Buludlara dırman, deyir.
Yamanlığın ağzına sən
Qaya kimi yaman, deyir.

Qələmimlə dil tapanda
Yön alıram gündoğana,
Bu məqamda ölüm istər
Yeri dana, göyü dana.

Qələm ucu top gülləsi,
Qəm sarayı yıxır qələm.
Gülləsini düz ölümün
Gözlərinə sıxır qələm.

Ey qələmiın, qəhr olundu
Çox imkanım, çox inadım.
Hikmətini gec anladım,
Qüdrətinə gec inandım…

Müharibə olmasa

Əridib silahları
Biz marten sobasında,
Körpü yarada billik
Yerlə Mars arasında, –
Müharibə olmasa!

Yer min illik barını
Bircə gündə yetirər,
Alim ayı, ulduzu
Dartıb yerə gətirər, –
Müharibə olmasa!

General gözündə də
Bu hissi duyur adam:
“Tullayıb çinlərimi
Bir kənddə sədr olaram, –
Müharibə olmasa!”

Bəşərin qapısından
Vaxtsız ölüm gen düşər,
İnsanın saçlarına
Yüz yaşında dən düşər, –
Müharibə olmasa!

Sevənlər aləmində
Nə qəm, nə həsrət olar,
Bəşərin gülləsi – söz,
Sözü – məhəbbət olar —
Müharibə olmasa!

Tural Adışirinin təqdimatında

 

 

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.