Aşıq Məhərrəm Hüseynli
Mətbuatda şerlərini oxuduğum istedadlı yazarlardan biri də əslən Borçalı çökəyinin Qarayazı mahalının Ağtəpə şen olmuşundan Nurafiz Hüseynovdur. Mehriban çöhrəli şair qardaşımız 1958-ci ildə anadan olub. Öz savadı, istedadı, insanlığı ilə ürəklərə yol tapan şairin “Hamı işıqdan keçir” adlı şerlər kitabını görcək çox sevindim. Ona görə ki, bir çoxları kimi mən də onun kitabını oxumaq arzusundaydım. Axır ki, dostlarım Sərkərdə və Həmid Ormalıdan bir günlüyə alıb kitabı oxudum. Doğrusu, ilk növbədə kitabın adında olan anlam dərinliyi, …uyarlılıq bir-birini təsdiqləyir. Qəlbində işıq olanlar üçün qaranlıqlar da işıq deməkdir. Kitabın redaktoru Rafiq Hümmətin yüksək səviyyədə redaktə etdiyi bu kitab öz sanballılığı ilə yüzlərlə kitablardan seçilir. Redaktor haqlı olaraq yazır – “şerlərindən göründüyü kimi Nubariz Hüseynovun şerlərini oxuyan oxucu, onun əsl şair olduğuna şübə etmir. Ona görə ki, şair yeni söz, yeni fikir, yeni deyimlə şerinə (şeirə!) gözəllik gətirir. Deyim dili sadə və anlaqlıdır. Olduqca düşündürücü fikirləri insanları özünə qarşı çəkir. Bir sözlə, oğuz ellərinin tanrı qaynaqlı şerləri insanları qeyrətə, vətəndaşlığa, mərifətə çağırış kimi səslənir.”
…Dünyada dərdsiz adam olmaz. Olsa da ona vecsiz insan deyərlər. Birdə ki, dərdsiz şair də olmaz.
Sən kefimi soruşma,
Soruş: – Dərdin necədir?
Təzə dərd qoy qarışma,
Deyim saat neçədir…
və ya digər bir şerində yazır.
Asılmışam öz ahımdan,
Çəksəm içimdən yıxıllam.
Dönməmişəm Allahımdan,
Bu baxt məndən niyə qaçır?
Şair Nurafiz Hüseynova ad qoyan kimdirsə əsil Allah adamıdır. Onun adı da, özü də nurdan yaranmışlardan sayılır. Hər kəsdə nur, ziya, səxa yoxdur. Aydın aydınlığıynan, müdrik¬li¬yiynən, xeyirxahlığınnan tanınar. Ona görə də belə şairlərə – Nurafiz kimi şairlərə bəxtəvər şair deyirlər. – Zira o, özünün yaradıcılığında nəyə qadir oluğunu əks etdirir.
Çöldən açıq görünür,
İçdən bağlı qapılar.
Fələk də açammasa,
Bir gün açan qapılar.
Göründüyü kimi, Borçalının şair oğlu öz anlamıdərin sözləriylə nə qədər gerçək həqiqətin sözlə rəsmini çəkir.
Şairin hər sözündə vurğuladığı həqiqət, mərifət, məhəbbət mövzusu çoxlarını dərindən düşündürür. Eyni zamanda milli sərvətlərimizə, dini adətlərimizə sayğıyla yanaşan şair deyir:
Gündə gətirməz ki bəxt,
Yerə diz çök, göyə bax.
Özünü sayma Allah,
Hər şey Qurandan gəlir.
Əhsən sənin kamalına, şair qardaşım. Dünyada sözdən böyük nə var?!. Sözün söyləyicisi isə onun hakimidir. Bu gün əlimyandıdan qorxmaz, cəsarətli, düzü deyən şair axtarışında olanlar üçün bir tale qisməti olmaq hər kəsə nəsib olmur. Bizim xalq şair xalqdı, lakin dediklərinin çoxu güldən, çiçəkdən, gündəlik azuqə sorağındandır. Ələbaxımlılıq, məddahlıq, anlamsız, qafiyə toqquşduran şairciklər içərisində, abırına sığınmış həqiqi şairi kəşf eləmək də müşkül məsələdir. Bizlərə aydındır ki, “xalq şairi” dediklərimizin də içində yalnız özünə qapanıb, xalqdan qopduğu üçün xalqın xalqsız şairi kimi tanınanlar var. Ağzına çullu dovşan sığışmayan bəzi “şair”lərin bir dönəm meydan sulamasına baxmayaraq onların dövranı cismani varlıqları qədər sürür… – Ona görə ki, xalqın sözünü deməyib. Saz üstündə köklənməyib. Şəxsiyyətini nəfsinin qurbanı edib. Bir sözlə, sazla qoşa oxunmayan şer az ömürlü olur. Bu isə elə yazarın özünün ölümü deməkdir.
Əziz şair qardaşımız, şükürlər olsun, sənin kimi xalq dərdinə şərik olan şairlər çox azdır. Bu gün əbədiyyat nəğməsini o şairlər çalır ki, onun şeirləri ürəklərə yol tapa bilir. Haqq şairi bu zaman nurlanan işığın şöləsi və günəşini xatırladır. Bax, onda sənin tək sözgəzməz şairlər cəsarətlə deyir: – eheyyy…… a qardaş, qaranlığa kösöv bulama, “HAMI İŞIQDAN KEÇİR”. Amma bir şərtlə ki, zülmətdən işığa getmək üçün gələcəyi ağılın gözüylə görə biləsən. Onsuz da elə sağlam gözlər görmüşük ki, onlar düzü əyri görüb, yaxşıya da yaman gözüylə baxıblar. Beləsinə işıq da, qaranlıq da birdir.
Şair qardaşım Nurafiz, bizlərə bəllidir ki, Quranımız (İnancımız), Bayrağımız, Sazımız, haqq üstündə bərqərar olub. Haqq yolunda yürüyənlərə zaval yoxdur! Sənə böyük yaradıcılıq arzulayıram.
2 şərh
Diqqətinizə görə çox sağ olun.Tanrı və Sözünüz qorusun Sizi.
Sayğılarla NURAFİZ.
salam Muellim.yeni kitablariniz gozlenilirmi?