Musa Yaqub: “Bəlkə də qara daşın altındakı toxumları cücərtməyə ümidlərimizin gücü yetər…”
“Yol gözləmə dəyirmanım,
Yolun bura gəlməz daha.
Çuval-çuval qızıl dənin
Dolub bura gəlməz daha…”
Bu dünyanın qara daşını dilinə gətirib daşa dönən bəxtimizi bizə sevdirən, inamımıza işıq tutan bir şair var: Musa Yaqub.
Başdan-ayağa torpaq qoxuyan, Vətən qoxuyan yaradıcılığıyla illərdir şeirləri-dildən dilə dolaşan Musa müəllimdən ustad düşüncələri almaq istədik. İstədik bilək ki, bu qədər cılızlaşmağımıza səbəb nədi? Axı, bizim ədəbiyyatın bir nümunəsinin bircə cümləsinin gücü yetər bizi millət olaraq bəzi duyğulardan arındırmağa. O halda…
-Musa müəllim, siz təbiətə daha çox istinad edən şairlərimizdənsiniz. Nə düşünürsüz, göyərəcəkmi bu dünyanın “qara daşı”?
-Daş, dəyirman, ağac… bunlar mənim obrazlarımdır. O qara daş əslində insan taleyidi. Göyərməyəcək, mümkün də deyil. O elə bir daşdı ki, nə qədər ümidlə göyərtsən belə, göyərməyəcək. Amma insanın ümidi özünə yetər. O qara daşı danışdıran da, göyərdən də, onu taleyinə yazan da elə insan özüdür. Heç eşitmisən deyir, ürəyimə daş bağlamışam? Yəni o ağırlıq həmişə səninlə gedəcək. Bu, ömürdü, gündü. Onu biz göyərdə bilərik, ümidimizdə, taleyimizdə, yeni məhəbbətimizdə. Bəlkə özümüzünkü olmaz amma balalarımızınkı olar. Bəlkə də qara daşın altında olan toxumları cücərtməyə ümidlərimizin gücü yetər. Belə bir şeir var, bir qara daş gəlib düşür çəmənə, o çiçəklər göyərib, qara daşı itirir. Demək ki, o daş göyərmədi amma o çəmən göyərdi.
-Bu o deməkdimi, şair ümidini insanlardan üzüb, daşa, kəsəyə, ota, yarpağa tutub üzünü?
-Düzdü, yorulub ümidimiz, yeriyə bilmir. Amma ümid də sevgi kimidir, heç bitmir. Necə ki, başqa şeylər hədərdi, dünyanın ömrü EŞQin yaşamağı qədərdi. Belə olduğu üçün ümid də həmişə olacaq. Zəif olur, ardınca çatmadıqlarımız olur, amma ölmür ümidlər. Sən gedib çata bilməsən də kimsə yetişəcək ona. Ümidin özü də, insanın yaşayış tərzindən, cəmiyyətdən, mühitdən asılıdır. Çünki insanların içərisindən keçir. Siz bir baxın, bu yaxınlarda bahar bayramını keçirəcəyik. Bu təbiətin bayramı deyilmi? Birdən-birə düşünün ki, yaz gəlir, amma ağacların heç biri çiçək açmır, yarpaq göyərmir. Görün, biz nə hala gələrik, tale bizi nə qədər bədbəxt eləyə bilər? Ümid də beləcə, zəifləyə bilər amma cəmiyyətin içindən, təbiətin içindən keçən ümid həmişə göyərməlidir.
-Bütün Azərbaycan xalqı sizin siyasi keçmişinizi də, bu gününüzü də bilir. Onu da bilir ki, nə olur-olsun, Musa müəllim həmişə haqqın, ədalətin tərəfində olub. Bu cür olmaq, bu cür yaşamağı bacarmaq çoxmu çətindir? Musa müəllim yorulubmu?
– Yorulub. Admın ümidi daşa vurulanda yorulur. Cəmiyyətdə elə işlər görürəm, insanların yanında heç nə tapa bilmirəm, ağaclara, meşəyə, daşa, suya meyl edirəm, onlarla danışıram. İnsan öz sifətini saxlaya bilsə onlarla danışarsan da, niyə təbiətlə danışasan ki, axı təbiət dil bilmir. Yenə insan insanı, ürək ürəyi duymalıdır. Düzdür, bəzən bunlar payimal olur, həmişə belə olur cəmiyyətdə, ümid bölünür, yenidən dünyaya gəlir. Mən də bəzi şeylərdən əlbəttə ki, yorulmuşam. Mən bunu yenə misal çəkəcəyəm, məhərrəm ayı gəlir, imamlar üçün zəncir vurub ağlayırlar, bunlar haqq yolunda, Allah yolunda ömürlərini fəda eləyiblər deyə. Digər yandan da müsəlman ölkələrində bir-birilərini qırıb tökürlər. Bəs o yas saxlamağımız nəyə dəydi? Bunlar bir-birinə əksdi. İnsanın özünün-özünə qulaq asmamağıdı. Bu, ümidin ölümüdü, günahın böyüklüyüdür. Fərqindəsinizmi, cəmiyyətdə qəzəb böyüyür, yumruq böyüyür, silahlar böyüyür, tamah böyüyüb, qol-qanad açır. Bunlar böyüdükcə də SAVAB azalır, ÜMİD azalır, insanlar öz sifətini itirir. Bunları görmək təbi ki, adamı yorur.
-Hara fırlanır “Dövrün dəyirmanı”?
-O dəyirman yaxşı ki, yol getmir, fırlanır. Dəyirman çox müqəddəsdir, mən onun ayağına heç bir günah yaza bilmərəm. Sadəcə dabanını qaldırmaq olur onun, kimin üçünsə üyütdüyü buğdanın ununu göyə sovurur, bəzilərinin suyunu kəsir, bəziləri daşını əngəlləyir. O da insanların əlindədir. Amma dəyirman halallıq sevir. “Şahab” (şahidsiz götürülən dəyirmançı haqqı) götürəndə haqqına götürməlidir, yarılığa yox. Bu gün insanlara inanmaq olmur. Vaxt vardı dəyirmançıya inanırdılar ki, o dəyirmançı ömründə günah eləməz, heç kimin haqqını yeməz. İndi günah o qədər böyüyüb ki, dəyirmançının şahabı bunların yanında heç nədir. Bu mənada dövrün dəyirmanı yol gedir, fırlanır, onun da fırlanğıcında çox qəbahətlər dünyaya gətirir.
Elə bu niyyətlə kitabımın adını belə qoydum. Br az fəlsəfi mənada cəmiyyətə həsr olunmuş şeirlərimi toplamışam. Dövrün dəyirmanı cəmiyyətdi:
“Nə hal varsa təbiətdə,
Onu gördüm cəmiyyətdə”
Cəmiyyətdə də var, təbiətdə də. Onun hasilatını biz dəyirmana salırıq, hasil eləyib insan ruzisini qazanırıq. O şeirlərdə də öz hisslərim, duyğularım var. Keçmiş şeirlərimi oxuyub görürəm dərd yenə həmin dərddi. Bu mənada ağır söhbətlər keçir ürəyimdən bu da məni ümidsizliyə aparır. Ümidsiz yaşamaq da mümkün deyil, axı. Ədaləti hər yerdə qorumaq lazımdır. Bizim şairlərin də işi nədi? Şairlik, yazıçılıq özü-özü ilə danışmaqdı, etirafdı. Ürəyindəki ən kövrək hisslərini tərənnüm edir. Sən qəzəbli ürəklə nə yaza bilərsən? Dünyanın gözəlliyinə, elə bircə dəfə qürub yerinə baxanda o gözəllik səni alıb aparır:
“Ürəyimin küncündə bir hüzün var,
Lap kəpənək gücündə bir hüzün var,
Bu axşamın içində bir hüzün var,
Bu axşamı özüm üçün yaratdım…”
Hüzünü də, yaxşı mühiti də, bütövlükdə dünyamızı da özümüz yaradırıq. Cəmiyyət nə qədər saf olsa, gözəl olsa o gözəl hisslər də elə bizimlə yürüyəcək. Belə olmasa o da yorulub yolda qalacaq. Həm cəmiyyətdə, həm məhəbbətdə, həm kəmiyyətdə bu məhəbbət şeirlərini yazdıranlar var. Bu birinci növbədə anadan olduğum torpaqdan gəlir. Amma insanların sifətini görəndən sonra bu sevgini bir-birinin sifətinə köçürmüşəm. O məhəbbəti də, sədaqəti də, o palıd vüqarını da…
“O qədər qoşalar var dünyada,
Özü qoşa ola-ola tənhadı…”
Çinarlar həmişə yola çıxır, tənhalığını basdırmaq üçün… Bu da insanın özündən asılıdır. Ailə məsələsində bəzən nəsihət edirlər, qanuna salırlar. Bunu necə eəd bilərsən ki, insanın bircə baxışının min qanunu var. O məhəbbət dünyasına gərək xəyanət qatmayasan.
Mənəvi dünyamız korlanıb. Biz məhəbbəti də, şeiri də kitabı da saldıq bazara. Mənəviyyat aşınıb gedir. Hər şeyə xeyir gətirmək gözü ilə baxırıq. Belə olmaz. Axı, ruhu bazara salmazlar…
– Azərbaycanın daşından, kəsəyindən, torpağından, o ANA qoxan yerlərindən qopub gəlib Bakıda bu qədər kiçilməyimizə gətirən səbəb nədir? Bizim axı, mayamız, tamdı, bötüvdü…
-Mənim həmişə yadıma düşür, o müəllimlikdən çıxıb gəlib burda işləməyim. Sonra yenə qayıtdım amma, qoy bunu da təbiətlə deyim:
“Uğurlu günədir, niyyətim, yolum,
Gələrəm, gəlmərəm, bağışla məni.
Tutdun ətəyimdən böyürtkən kolum,
Yox, qala bilmərəm, bağışla məni…”
Doğrudan da, o böyürtkən kolu tutur adamın yaxasından ki, getmə bu təmizlikdən, hara gedirsən? Amma dünya inkişaf elədikcə sən də mütləq o axına qoşulmaq məcburiyyətində qalırsan. Əgər belə olmazsa sənə qeyri-adi baxacaqlar.
“Daha izim qalmaz çaylaq daşında,
Sel oynar üstündən, daş atar məni,
O köhnə dərdlərim bağrım başında,
Sızlaya-sızlaya yaşadar məni…”
O sızıltılar o qədər xoşdu, gözəldi ki, səni yaşadır. Axı, məhəbbətdən gəlir. Amma zərbə, insanı duymamaq məhv edir. Təəssüflər olsun ki, bizdə zərbələr məhəbbətdən güclüdür, düşünülməzdir.
-Son günlər cərəyan eləyən hadisələr göstərdi ki, bizim o sapı özümüzdən olan baltalar, əllərinə imkan keçən kimi, ilk zərbəni elə özümüzə vururlar. Buna səbəb nədir?
-Əslində insanlar bir-birinə yaxşılıq üçün yaranıb. Gör neçə yüzillərdir ki, Quran oxunur, nəsihətlər verilir, peyğəmbərin hədisləri deyilir, hamı da bununla razılaşır. Amma qurtaran kimi də yaddan çıxır gedir. Qəbiristana gedirsən ürəyin kövrəlir, düşünürsən ki, bu qırğın-qiyamət nəyə lazımdır, axı, hamımızın gələcəyi yer buradır. Ordan çıxan kimi hər şey unudulur. İnsanlara şeirlə deyirsən, şeiri eşitmir, mehirlə deyirsən, mehri eşitmir, xeyirlə deyirsən, xeyiri eşitmir. Elə bil ki, insanlar eşidilməz qalır. Bax, min ildi toxumda təmizlik gedir. Amma yenə də içində var. Çünki alaqla da şərikdi dünya. Bir əli də alağa qulluq eləyir. Necə ki, şeytan da mütləq öz işi ilə məşğuldur, o öz niyyətini yerinə yetirir, insan öz niyyətini. Gülün yanında tikan olduğu kimi. Yəqin bu dünya fəlsəfəsidir. Amma şər xeyiri üstələyəndə bu bizə əzab olur.
Mən həmişə bunu misal çəkirəm, hələ uşaq vaxtndan bir əhvalat yadımdadı. Dağıstandan bir kumık gəlmişdi kəndimizə, qalayçılıq eləyirdi. Deyirdi ki, “mən bu Azərbaycana gəldi, yaman “bij” luxlar öyrəndi, yaman “bij”luxlar…”. Hələ o vaxt adi bir kənddə o bunları öyrənmişdi, indi kəndlər böyüyüb, maşınlar çoxalıb. İnsanlar sıxlaşıb, vəzifəbazlıq yarandıqca, sahibkarlığın tamahı döndükcə bir-birini inkar eləmək daha da böyüyür. Bəlkə də yenə bu da cəmiyyətin məsələlərindən asılıdır.
-Oxucularımıza bir ustad nəsihəti verəkmi?
-Çox deyirlər ki, mənəviyyat gözdən düşüb, kitab oxunmur. Doğrudur, bu gün texnika o qədər çoxalıb ki, kitaba bir az tələbat azalıb. Amma mən insanlardan, şeirsevərlərdən çox inamlı və razıyam. Ona görə ki, harda olur-olsun, fikirlər eşidirəm, yoldaşlardan, dostlardan, gənclərdən. Öz-özümə deyirəm ki, bunların işi-peşəsi yoxdumu, doğrudan bunlar məni oxuyurlar? Vaxtları hardandır? Bir də görürəm şeirlərim onların dilində yeriyir, gedir. Mən oxuculardan narazı deyiləm. Heç vaxt xalqdan, eldən narazı olmaq olmaz. Heç belə bir narazılığım da yoxdur. Əsl şeirlər öz yerini tutur. Təki şeirciklər tünlük yaratmasın o halda əsl şeirlər daha aydın görünər.
-Bə bizim şeir payımız hanı? Heç şairdən də şeir payı almamış ayrılarlarmı?
-Gəlin yenə təbətdən deyim:
Burda hər meşənin min cür ağacı,
Burda hər ağacın yamyaşıl tacı.
Burda hər tac üstə sarmaşıq saçı,
Hər saçın küləkdən darağı vardır.
Burda hər budağın şeyda bülbülü,
Burda hər bülbülün qönçə bir gülü,
Burda hər qönçənin yaşıl bir tülü,
Hər tülün xırdaca saçağı vardır.
Burda hər yamacın çiçəkdir daşı,
Burda çiçəklərin şehdir göz yaşı;
Burda şeh damlası bir üzük qaşı,
Hər qaşın qızılı qurşağı vardır.
Burda sərər düzə lalələr xalı,
Burda hər xalının qara bir xalı…
Hər xalda şirin bir şair xəyalı,
Burda hər xəyalın oylağı vardır.
Burda qayaların daşdır suvağı,
Burda hər daş üstə qartal caynağı,
Caynaqlı hər daşın bir buz bulağı,
Burda hər bulağın qonağı vardır,
Harda bu saydığım gözəllik olsa,
Orda Azərbaycan torpağı vardır!!!
-Siz həmişə var olun, Musa müəllim!
/kaspi.az
1 şərh
Musa Yaqub Türk dünyasının şox ünlü, büllur bulaqlar kimi təmiz və saf şairlərindəndir. O, bir daha Şirvanın şeir dünyasını zənginləşdirərək böyük Türk Dünyasına yeni nəfəs gətirə bilib. Qnu da qeyd edim ki, Musa Yaqub …poeziya dünyasında qiymətini almış cəsur şairlərmizdəndir. Ona yaradıcılıq arzuları ilə Tanrı yar olsun deyirəm.