Ana səhifə BAŞ YAZI Namiq DƏLİDAĞLI. Şeirlər

Namiq DƏLİDAĞLI. Şeirlər

Müəllif: Bizim Yazı
954 baxış

AĞRI

Bu gecə duz basdım Təbriz ağrıma,
Dərbənd dərdimə,
Zəngəzur həsrətimə,
Borçalı göynərtimə,
Qarabağ yarama…
Cızdağım çıxanacan yanım deyə…
Yuxum ərşə çəkilsin deyə….
Şərti ad qoydum onlara: ürəyimə Təbriz,
sinəmə Dərbənd,
bir gözümə Zəngəzur, birinə Borçalı,
dilimə Qarabağ…
Hərəsi öz dilində ağladi məni….
duz basdığım yaralarım….
Of, canım göynəyir….

ÇATDIRIN

Ürəyim yaman ağrıyır,
Məni Təbrizə çatdırın.
Qaldıqca qübar bağlayır,
Məni Təbrizə çatdırın.

–    Nəyə gedək – deyib sorman,
Tələsin, noolar, durman.
Nə həb verin, nə də dərman,
Məni Təbrizə çatdırın.

Ölüm orda, dirim orda,
Göyüm orda, yerim orda.
Lap qoyun can verim orda,
Məni Təbrizə çatdırın.

Sınırından qaçıb keçin,
Ya da qanad açıb keçin.
Üzüb keçin, uçub keçin,
Məni Təbrizə çatdırın

“TANRI TÜRKÜ QORUSUN!”

Çəkmədiyim zillət yox,
Daha öndə zülmət yox.
Türkdən böyük millət yox,
“Tanrı Türkü qorusun!”

Sevməyənlər kor olsun,
Dost var, düşmən xar olsun.
Tanrı Türkə yar olsun,
“Tanrı Türkü qorusun!”

Çəkmirəm acı, ağrı,
Çatlasın düşmən bağrı.
Yolum göylərə doğru,
“Tanrı Türkü qorusun!”

Əllidən, mindən belə,
Səndən və məndən belə.
Altaydan, Çindən belə,
“Tanrı Türkü qorusun!”

Bölgə-bölgə Turandı,
Bütün ölkə Turandı.
Dünya Türkə Turandı,
“Tanrı Türkü qorusun!”

Nə yoruldum, nə durdum,
Sevgim çox sənə, yurdum.
Yaşar olsun Boz Qurdum –
“Tanrı Türkü qorusun!”

İNKAR

Bu məddah şairlər, yaltaq şairlər
kabab iyi verən şeirləriylə
illərdi ki zövqümüzü zorladılar
yeməkxana künclərində.
Gah da kürsulərdən bagıra-bağıra,
qollarını qulaclaya-qulaclaya
duyğularımızı girov götürdülər….
…amma, ruhumuzu axtalaya bilmədilər.
Nəfisinə qul şairlər ölü fikirlərini bizə sırısalar da,
yaxşı ki, sona qədər bu yükü daşımadıq.

ÖZÜMƏ…
(…və bəzi dostlarıma)

“Yaman basıb-bağlayırdın,
bağ belə, bostan belə”…
Bostanın uralandı, bağını da aldılar.
Dağ üstə dağ qoyacaqdın,
bu istəyin cəhənnəmə,
torpağın paralandı,
dağını da aldılar.
…Özgələrə vəd vermədin,
sən özünü aldatdın, nə qazandın,
nə uddun?!
Ağzın isti yerdəydi, yerə-göyə sığmırdın,
öz içinə sığışdın, taleyinlə barışdın.
…Bu qədər yalan olmaz, çox şeyləri demirəm….
Bilmirdin ki, qarşına namərd-nadan çıxacaq,
zalım dövran çıxacaq?!
…“Özü yıxılan ağlamaz”, dur bir çırp üst-başını,
sil gözünün yaşını.
“Yaşamağa öyrənginən”,
bu dövran sevmir “naşı”nı

CILIZ ADAM

Sus, danışma, yekə başını və yekə qarnını
sürü düşürt o kürsüdən, cılız adam (yekə adam) .
Mənim dağ boyda dərdlərimdən danışma, işlərimə qarışma.
Bu gün kürsü sənindi, amma bu dərd mənimdi.
Sus, danışma, düş o kürsüdən cılız adam, insafın olsun.
Halını soruşmuram, işinə qarışmıram…
Görüləsi işin çoxdu, işini gör…
…Bu torpağın damarında bir az da qanı qalıb,
hələ də nəfəs alır, canında canı qalıb,
işini gör, kefini sür…
Götür qaraladığın kağız-kuğuzunu, sil köpüklənmiş ağzını,
düş, o kürsüdən, məni ələ salma!
Yurd göynərtisi, yurddaş dərdi – bunlar ki sənlik deyil…
Vaxtına heyfin gəlsin, özünə yazığın gəlsin,
bircə burda eşit məni, cılız adam, düş, o kürsüdən!

ROBOT ADAMLAR…

Çoxalır robot adamlar, heykəl adamlar,.
şəhərlərdə, kəndlərdə… hər yerdə.
Babam demiş “lom udmuş” kimi yeriyir robot adamlar,
heykəl adamlar.
Öz səsiylə danışmır, öz yerişini yerimir robot adamlar.
Yerişi, danışığı özünün deyil robot adamların,
heykəl adamların…
İnsanlar özü olmayan adamlara salam verir, təzim edir.
“Bütləşən” adamlar, kütləşən adamlar qaçır hamıdan,
qaçırılır hamıdan.
Qorunur insanlardan, qoruyurlar insanlardan heykəl adamları…
Əl vursan sına bilər, sökülə bilər robot adamlar…
Paltarları çiyinlərindən, qalstukları boyunlarından,
özləri özgələrdən asılı bu adamlar, yazıq adamlar.
Canlarını özləri yox, özgələr qoruyur robot adamların,
heykəl adamların.

ÖLMƏKDƏN QORXMURAM

Məndən bezdi arzularım da…
Taleyimin acığına neçə arzum
intihar elədi ümidsizlikdən.
Ümidlərim ağ bayraq qaldırdı
qayğılarıma təslim olmağa.
Şirin-şirin diləklərim
boğuldu göz yaşlarımda,
dənizdə dalğalar boğulan kimi.
Mən daha ölməkdən qorxmuram,
yaşamaqdan qorxuram.

DƏNİZDƏ BOĞULANLARA

Sizin arzularınız gözünüzdə qalmadı,
gözünüzdə boğuldu.
Sizin ölümünüz bambaşqa ölüm,
su ölümü, dəniz ölümü..!
Sizə balıqlar ağladı, səssiz ağladı, hamıdan qabaq.
Balıqların göz yaşından bir az da artdı dəniz,
dəniz də ağladı bir az.
Sahildən qorxub çəkindi dalğalar,
günahından utandı.
Yosunların arasında,
ilbislərin kölgəsində gizləndi dalğalar.

SEVGİ SÜKUTU
Y. üçün

Sən verən saatda zaman dayanıb,
əqrəblər donubdu “on beş qırx beş”də.
Mənim ad günümdə bağışlamışdın,
sükut ömrü yaşayan bu saatı.
Zamanın ən ağır yükü çiynində,
ən ağır yükünü götürüb vaxtın,
susub ölçüsünü itirib vaxtın,
əlləri qoynunda durub dayanıb.
(Zaman əqrəbləri yorub dayanıb)
Nə mən doğulmuşam on beş qırx beşdə,
nə sən doğulmusan bizə dedilər.
Bəlkə bir-birə olan sevgimiz ölüb o an,
nə mən bunu bilmişəm, nə sən bunu duymusan.
Təzədən işə salıb qursam da o saatı,
o ömrü ta yaşamaz.
Nakam sevgimizin matəm anıdı, on beş qırx beş.
Nə isə…
Sənə olan sevgimin, sonra ölən sevgimin əziz xatirəsini
bir dəqiqəlik sükutla hər gün yad eləyirəm,
saat “on beş qırx beş”də.

DEMƏ

Keçdim dünyanın içindən,
boşca qəfəsmiş demə.
Qulaqları batıran,
quruca səsmiş demə.

Baxdım ondan köçən köçə,
baxdım özüm keçə-keçə,
baxdım badə içə-içə,
bu da bir həvəsmiş demə.

Daha hər şeydən bezmişəm,
məzədən, meydən bezmişəm,
əlimi səndən üzmüşəm,
yaşamaq nə pismiş demə.

 

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.