Ana səhifə BAŞ YAZI Nadir Azayoğlu – VƏTƏN

Nadir Azayoğlu – VƏTƏN

Müəllif: Bizim Yazı
151 baxış

VƏTƏN

Səni dərdlərimin göyçəyi bildim,

Səni beşik-beşik ağladım, Vətən!

Qəmini ömrümün gerçəyi bildim,

Dərdini dipdiri saxladım, Vətən!

 

Çiçəklər boylandı yurd yerlərindən,

Əllərim ətrinə uzalı qaldı.

Fərmanlar verildi yad ellərində,

Elə kağızlarda yazılı qaldı.

 

Nə yaxşı bu xalqa yaddaşı yarmış,

Nə yaxşı qorxuya əsir deyilmiş.

Nə yaxşı bu yurdun mayası varmış,

Nə yaxşı bu torpaq qısır deyilmiş.

 

Günəş tək doğdular doğma ellərə,

Bu millət oğullar, Vətən oğullar.

Otuz il xəyalım gedən yerlərə,

Qırx dörd gün içində yetən oğullar.

 

Onlar qoymadılar bu Vətən sına,

Bir hayla min düşmən bağrı dəldilər.

Elçi getmədilər qız qapısına,

Qansız güllələrə nişan gəldilər.

 

Bilsən nə yazdılar igidlərimiz,

Sənin torpağına, daşına, Şuşa!

Yazdılar; bir əlin qoca Təbrizin,

Bir əlin Dərbəndin başına, Şuşa!

 

Elə “bəylər” ilə bostan əkmişik,

Tağı neştər olub bağrıma, Vətən!

O qədər yerindən ağrı çəkmişik,

Bir də heç yerindən ağrıma, Vətən!

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.