Bizimyazı.az Ehtiram İlhamın yeni şeirlərini təqdim edir.
* * *
Yeni yaşın təzə şeiri…
Başıma gəlsin, lap başdan
Başa varıbsansa, könül.
Kişinin başına gələr,
Sən də görübsənsə, könül.
Şirin canı verəsim var,
Bu kor göznən görəsim var.
Qabağında öləsim var,
Adam olubsansa, könül?..
Dərd sevincnən gəzsin qoşa,
Baxsın tamaşa-tamaşa.
Qara sevdanla çox yaşa,
Eşqi bilibsənsə, könül.
Qoca Ehtiramdı zalım,
Necə varsan, elə qalım.
Min yol qabağında ölüm,
Bir yol ölübsənsə, könül!
21.01.2026
* * *
Nə daşlı-kəsəkli imiş
Dolanbac yolun, İlahi.
Cəfa verib, hal qoymadın,
Necədi halın, İlahi?
Ruzumu fələklər qapdı,
Xoş günü mələklər tapdı.
Sağımda küləklər qopdu,
Göynədi solum, İlahi.
Nə zulummuş düz yaşamaq,
Dərdi şəlləyib daşımaq.
Hara üz tutsun bu uşaq
ayağıyalın, İlahi?
Verdiyin dərd azalmadı,
Ehtiramda can qalmadı.
Başımdan əskik olmadı
Hər qalmaqalın, İlahi.
11.01.2026
* * *
Sən hələ bağrımın başında idin,
O bircə yeri də alıb getdilər.
Elə bildilər ki, sonum yetişib,
Sevdam öz içimdə qalıb, getdilər.
Bilə bilmədilər həməncə varam,
Belə odlanaram, bir də yanaram.
Elə sandılar ki, yaşayammaram,
Yenə xəyallara dalıb getdilər.
Danışa-danışa boş sözlərini
Məndən qaçırdılar çaş gözlərini.
Nə illah elədim, öz-özlərini
Kor olmuş gözümdən salıb getdilər.
Bu qışın sazağı yazıydımı ki,
Şəhriyar çaldığı sazıydımı ki…
Bu gedib gələnlər azıydımı ki,
Diri gəlmişdilər, ölüb getdilər.
Dondu haqsızlığın içində qan da.
Göyərdi, sızladı, göynədi can da.
Bu yazıq vətəndə, bu bəd zamanda
Ehtiram kim idi, bilib getdilər.
21.12.2025
* * *
Gedənlərin qayıtmırsa
Gələnə gedən deyimmi?
Sevginə – qara saz kimi
Ruhumda bitən deyimmi?
Bir ağrı oldun, dərd oldun,
Sevməyəninə yurd oldun.
Sevəninə qürbət oldun,
Yad ellərə tən deyimmi?
Bir oğluntək varam kimi,
Harda yada salam kimi?
Atam kimi, balam kimi
Adımı ötən deyimmi?
Gözünün çeşmə yaşınnan,
Düzünün çopur daşınnan,
Özünün dəli başınnan
Əzizdi bədən deyimmi?
Getdi Ehtiram badına,
Di salma gəl, heç yadına.
Sərsəri dedin adıma…
Adına Vətən deyimmi?
* * *
Elə sevirəm ki,.. havalı kimi
Hər anı dolanıb ilimdən keçər.
Anamı ağladıb, anası ölmüş,
Qara sevdaları könlümdən keçər.
Təbim bir qətrədi, bir ani yeldi,
Arzum istəklərə keçilməz seldi.
Mənim hər zülmümün ilki əməldi,
Hər ilkin əməlim zülümdən keçər.
Verdim, dost yolunda canımı verdim,
Gördüm, Ehtiramda İlhamı, gördüm!..
Ölüm deyiləni yaşamaq bildim –
Mənim yaşamağım ölümdən keçər.
10.10.25
* * *
Bu necə yol idi, düşdüm ağına,
Azdırmaq olmur ki, azdırmaq olmur.
Sev eyy… bu eşqnən Yaradanı da
Bezdirmək olmur ki, bezdirmək olmur.
Varıb da ən şirin istəyə yetsən,
Qara sevdaların uğruna getsən…
Alnına yazılıb, nə illah etsən
Pozdumaq olmur ki, pozdurmaq olmur.
Qannı bir sazdısa, coşduran qanı,
Havalı sözdüsə, tutan hər yanı.
Əl boyda ürəknən dağ boyda canı
Gəzdirmək olmur ki, gəzdirmək olmur.
Bu Ehtiram hara, ağ sabah hara?
Ruhu çəkiləsi hər sabah dara.
Siyah yuxuları ağ sabahlara
Yozdurmaq olmur ki, yozdurmaq olmur.
18.07.2025
* * *
Çox da bənd olma bu şeirə,
Heçdi, başqa heç nə deyil.
Gəldi, döşədim də getdi,
Boşdu, başqa heç nə deyil.
Hayandan yol aldıq hara?
Xoş gündənmi gəldik zara?..
Bizdən sona qalan, qara
Daşdı, başqa heç nə deyil.
Şirin yuxulara verən,
Taleyi ömürtək görən.
Hər gün başımıza gələn
İşdi, başqa heç nə deyil.
Başının tükləri sanı
Gül-çiçəkdən geysə donu,
Bütün baharların sonu
Qışdı, başqa heç nə deyil.
Bu hay-haray, bu səs-səmir,
Ehtirama nəsə demir.
Hər an ötüşən bu ömür
Yaşdı, başqa heç nə deyil.
9.06.2025
[b]OLSUN[/b]
Sellər aparmasın, xəzan vurmasın,
Çiçəyin çırtlayıb, bağın bar olsun.
Səpdiyin hər toxum torpağa varsın,
Ləçəyin gül açıb, laləzar olsun.
Nə bilək, sonumuz nə olasıdı,
Kimdən ən sonunda nə qalasıdı?
Karvanlar boşalıb, çox dolasıdı,
Mən ki görməmişəm,.. yol hamar olsun.
Ömrünü çürütsən bir cənnət dində
Cəhənnəmə dönər ən uzun gün də.
Təki alışasan, sinən üstündə
Qara saz olmasa, barı tar olsun.
Bekara dünyada batsan da yasa,
Bu yorğun həyatı saymaynan qısa.
…Ömrünü halalca yaşayammasa
Ehtiramın adı eldə xar olsun.
26.05.2025
* * *
Ən dərin ümmanlar topuğuncadı,
Batım, ürəyinin başında sənin.
Özümü divanə sellər qoynuna
Atım, ürəyinin başında sənin.
Qoy çəkim, bu boyda günahı yuma,
Məni həsrətinin əlində qoyma.
Tək bir istəyim var – bu son arzuma
Yetim ürəyinin başında sənin.
Sallanır gözümdən sırsıra, qırov,
Bu eşqin əlində ömür qovhaqov.
Alışan cismimdən yenə od-alov
Çatım ürəyinin başında sənin.
Dilində nə varsa, danış da, din də…
Olma, Ehtiramın heç vaxt günündə.
Fani deyiləndən varıb gedəndə
Yatım ürəyinin başında sənin.
17.05.2025
* * *
Qar ki var, yağsın yurduna,
Ömrün bahar olsun sənin.
Qara-qara sevdaların
Bəxtinə yar olsun sənin.
Alnın açıq, üzün ağsa,
Başın uca, gözün toxsa…
Başqa heçcə nəyin yoxsa,
Ürəyin var olsun sənin.
Bircə yol var, haqqın yolu,
Dərd-azarnan, qəmnən dolu.
Bütöv məmləkət arzulu
Diləyin var olsun sənin.
Könüllərə varıbsansa,
Xəyallara dalıbsansa…
Ürəkdə taxt qurubsansa
O yerin var olsun sənin.
Kim atar, kim çəkər yükü?
Sevənlər yaşasın təki.
Ehtiram ölsə, nolar ki,
Kədərin var olsun sənin.
05.05.2025
* * *
Mənim param yoxdu, pulum nə gəzir,
Mən sənin dövlətin, mülkün olmaram.
Sən olan yerlərdə nə itim azıb,
Sıram sonuncudur, ilkin olmaram.
Nəfsimə yağıyam, hissimə düşmən,
Dərddi, ehtiyacdı sinəmə çökən.
Gözümü açandan adam döyəm mən,
Baxıb görünəsi görkün olmaram.
Kimə can qoydumsa canımı aldı,
Alovundan keçdim, atəşə saldı.
Sevgi gəzə-gəzə imansız qaldım,
Gümanın olmaram, bəlkən olmaram.
Sən qabağa yürü, dalınca baxma,
Təntimə, darıxıb özünü sıxma.
Heç kimdən heç yerdə heç vədə qorxma,
Arxanca sürünüb kölgən olmaram.
Nə vaxtsa, hardasa nəyin olaram,
Bu qul Ehtirama deyin, olaram…
Ruh kimi çəkilib göyün olaram.
Torpağın olmaram, ölkən olmaram.
20.04.2025
* * *
Gözəl canın gözəlliyin əksidi,
Hamıdan da əzəl-əzəl sevirəm.
Baharında çiçək-çiçək vurulub,
Payızında xəzəl-xəzəl sevirəm.
Yandırıbsan, hər nə olsa, az idi,
Bir gözəlin gözlərimdə yüz idi.
Səndən təkcə umacağım söz idi,
Şeir-şeir, qəzəl-qəzəl sevirəm.
Sən ruhumun ilk dilmancı olubsan,
Azdan dadlı, çoxdan acı olubsan.
Kül başıma, baş qaxıncı olubsan,
İş-gücümdən bezar-bezar sevirəm.
Çox istədim, adam olum, qoymadın,
Haqq eləyib, məni balan saymadın.
Bircə yetik çörəyinə qıymadın,
Verdiyini təzə-təzə sevirəm.
Ehtiramın işıq gəzmə üzündə,
Canım Vətən, dayanmışam izində.
Noolsun ki, çirkin oldum gözündə,
Səni belə gözəl-gözəl sevirəm.
19.03.2025
* * *
Deyimmi mən niyə sana heyranam,
Mən niyə sevirəm səni, deyimmi?
İman deyilənə aşina canım
Niyə qana bilmir dini, deyimmi?
Gözəldi bu dünya gözəlləşəndə,
Getsin gözəlliyə qurban, işin də.
Bir eşqin yolunda dara düşəndə
Qara sevdalardı günün deyimmi?
Vaxtmı qarışıbdı, canmı çürüyür?
Baxtmı sürükləyir,
dərdmi sürüyür…
Əcəlmi dalımca qaçıb yürüyür,
O ilahi məqam hanı, deyimmi?
Qalanlar qoy qalsın qalacaqlara,
Bir də xəyallara dalacaqlara.
Bütün olanlara, olacaqlara
Ehtiram İlhamın sonu deyimmi?
14.02.2025
Tural Adışirinin təqdimatında..

