Ə.Qoşalı: “Şair Qabil üçün ayrılmış masa diqqətimi çəkdi – yarıdançoxu içilməmiş araq şüşəsi, əl telefonu-filan…”
Cəlil Məmmədquluzadənin ev muzeyindən yazı hazırlayarkən muzeyin direktoru Pərixanım Mahmudova Azərbaycan yazıçılarının bu mədəniyyət ocağına nadir hallarda ayaq basdığını söylədi. Azərbaycan nəsrində, dramaturgiyasında və publisistikasında ciddi iz qoymuş bir mütəfəkkirin xatirəsinə olan bu münasibət çox düşündürücüdür. Nədən yazarlarımız klassik irsə biganə yanaşır, ədəbiyyatı yalnız masa hadisəsi hesab edirlər?
Bu yöndə suallarımızı ədəbi kəsimin nümayəndələrinə ünvanladıq, cavablar o qədər də ürəkaçan olmadı. Hətta “suala mənim cavabım yoxdur, çünki hansı yazıçının, şairin ev muzeyinin olduğunu bilmirəm” deyən də tapıldı.
Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı Əkbər Qoşalı ziyarət etdiyi muzeylərdən danışdı:
“Nizami adına Ədəbiyyat Muzeyi, Hüseyn Cavidin, Səməd Vurğunun ev muzeylərini dəfələrlə ziyarət etmişəm. Bu ziyarətlərin bir neçəsi xaricdən qonaqlarımız gələndə onlarla birgə baş tutub. Çuvaşıstanda Raisa Sarbinin, Türkiyədə Yəhya Akənginin, Məlahət Ecevitin, Baki Yıldırımın, Şəmsəddin Kuzəşinin iş odalarında olmuşam. Raisa xanımın iş odasında gözüm bizim yaşayan xalq şairlərimizdən birinin kitabına dəydi – hələ xalq şairi olmamış yazdığı sevgi dolu ürək sözləri ilə bağışlanmış şeir kitabı… Ümumən, şair evində, şair odasında olmaq çox maraqlıdır: hər predmeti, hər künc-bucağı ilə… Bu günlərdə bizim Ədəbiyyat Muzeyini ziyarət edərkən bir xeyli yeni eksponat gördüm, məsələn, rəhmətlik Qabil üçün ayrılmış masa diqqətimi çəkdi – yarıdançoxu içilməmiş araq şüşəsi, əl telefonu-filan…
Ayrı-ayrı ölkələrdə dəfələrlə olmuşam, demək olar, hər dəfə muzeylərə, mədəniyyət ocaqlarına baş çəkməyə çalışmışam – Türkiyədə, Qazaxıstanda, İraqda, Rumıniyada… Muzey kültürün saxlanc yeridir. Hər muzey ziyarəti dünənə bu günün gözü ilə baxmağa, yenidən köklənməyə şərait yaradır.
Ən son getdiyim ədəbi məkana gəlincə, mənim çalışdığım Atatürk Mərkəzi özü bir mədəniyyət ocağıdır, əməkdaşlarımızın önəmli bölümü filoloqlar, dilçilər, jurnalistlərdir; bir də yəqin elə Ədəbiyyat Muzeyi və Azərbaycan Yazıçılar Birliyini də bu sıraya əlavə eləmək olar. Sevdiyim yazıçının olduğu hər yer mənə ədəbi məkan kimi görünür”.
Azərbaycan Yazıçılar Birliyinin şöbə rəhbəri, şair Qəşəm Nəcəfzadə:
“Son vaxtlar muzeylərə o qədər də zaman ayıra bilmirəm, amma sonuncu getdiyim Xaçmazda Xalça Muzeyi olub. Bakıda Nizami adına Ədəbiyyat Muzeyi, Səməd Vurğunun, Abdulla Şaiqin ev muzeylərində olmuşam. Bilirsiz, burda əsas problem ev muzeylərinin zəif təbliğatı ilə bağlıdır. Əgər insanlar, eyni zamanda gənc nəsil muzeyə getmirsə, demək, təbliğat zəif aparılır. Amma gənclər özləri də təşəbbüs göstərib muzeyə getməlidir. Onlarınsa marağı çayxana və pivəxanayadır.
Muzeyləri bax elə həmin gənclərdən qorumaq lazımdı. Bu cür gənclər öz keçmişinə xor baxır, bəyənmir. Onlar Azərbaycanda muzeyləri bəyənəcək və ziyarətə gedəcək?
Mən xarici ölkələrə gedəndə çalışıram muzeylərə də baş çəkim. Misal üçün, Hollandiyada olan bir muzeyi ziyarət etdim. İnanın orda hər şey o qədər gözəldir ki, hər kəs öz istəyi ilə gedib bu muzeyləri ziyarət edir. İstərdim bizim insanlarda da muzeylərə qarşı belə bir maraq olsun”.
Şair Rasim Qaraca son 20 ildə ölkəmizdə olan yazıçı və şairlərin heç birinin ev muzeyini ziyarət etmədiyini qeyd etdi:
“Mən son 20 ildə Bakıda yazıçıların ev muzeylərinə heç getməmişəm. Amma Frankfurtda Hötenin ev muzeyi məndə dərin izlər buraxıb. Ən son ziyarət etdiyim muzey isə Nazim Hikmətin Sıraselvilerdəki ev muzeyi olub”.
Yazar Narıngül yalnız bir muzeydə olduğunu söylədi:
“Yalnız tarix muzeyində olmuşam. Heç bir yazıçının, şairin ev muzeyinə getməmişəm. Əksər azərbaycanlılar kimi məndə də muzeyə, sərgiyə o qədər də maraq yoxdur. Yaxşı ki, mənim yadıma muzeyləri saldınız. Düşünürəm ki, mütləq getmək lazımdır”.
Professional Oxucu Liqasının rəhbəri İbrahim Sel muzeyləri ziyarət tərzindən söz açdı:
“Xarici ölkələrdə olarkən muzeyə və kitabxanaya getmək heç vaxt ağlımdan keçməyib. Əgər dili bilmirsənsə, həmin ölkənin ədəbi məkanında olmağın nə mənası var ki? Və yaxud Türkiyədə muzeyə getmək adama nə əqli fayda verə bilər? Orda da bizdəki kimi muzeyi Süleyman Rəhimovkimilərə açırlar, Pərviz Yusiflərə yox! Mənim Azərbaycanda müqəddəs məkan bildiyim bir yer var, o da Axundov kitabxanasıdır. Zənnimcə, o, məhv olsa, Azərbaycan xalqı çox şey itirər. Xalqımızın əqli yaddaşı Axundov kitabxanasıdır. Həmişə oxumaq istədiyim ədəbiyyatın siyahısı əlimdə olur, ildə bir dəfə də olsa Axundov kitabxanasına gedib, həmin mənbələri dəqiqləşdirirəm. Təəssüf ki, bizim dissertantlar Axundov kitabxanasına Novruz şənliyindən, ya da gəlinlik paltarından dissertasiya işi yazmağa gedirlər, normal elmi araşdırma aparanlarımız isə yox dərəcəsindədir”.
Yazıçı Sayman Aruz da yazıçı və şairlərin ev muzeylərini ziyarət etməyib:
“Buna ya vaxtım olmayıb, ya da canlı şair dostları görməyi daha üstün tutmuşam. Xarici ölkələrdə olanda isə misalçün, Konyada Mövlananın qəbrini ziyarət etmişəm. Bir də Təbrizdə Şəhriyarın ev muzeyində olmuşam”.
Yeni Yazarlar və Sənətçilər Qurumunun rəhbəri Aydın Xanın fikrincə, muzeyləri ziyarət etməyənlər əyləncəyə meyilli kontingentdir:
“Muzeylərə getməmək Azərbaycan cəmiyyətinin il boyu müşahidə olunan problemidir. İl ərzində dəfələrlə toylara, restoranlara, konsertlərə, gəzməyə gedərik. Amma bir sorğu keçirsək görəcəyik Azərbaycan ziyalısı, ədəbiyyat nümayəndəsi nəinki il boyunca, hətta heç ömrü boyu bir dəfə yazıçıların, şairlərin ev muzeylərində olmayıb. Mən özüm universitetlərin birində dərs deyəndə hər il bütün tələbələrimi ölkənin müxtəlif yerlərinə də olmasa Bakıdakı muzeylərə aparırdım. Nizami adına Ədəbiyyat Muzeyinə, Dünya Türk Kitab Muzeyinə, Hüseyn Cavidin, Səməd Vurğunun ev muzeylərinə, eləcə də, Tarix və İncəsənət Muzeylərinə aparırdım. Çünki vizual görüntü tələbələrə, xüsusən də yeni nəslə daha çox təsir göstərir. Həm də muzeylərə yeni innovativ və kreativ baxış olmasa muzeylər bir arxiv kimi qalacaq. Qaldı ki, bizim yazıçılara və ümumiyyətlə, özünü yazar sayan insanlara, onların heç biri muzeyə ayaq basmır və deyim ki, daha çox yeyib-içməklə məşğul olurlar.
Almaniya kimi bir ölkədə il ərzində muzeylərə 20 milyondan çox adam gedir. Azərbaycan insanını nəinki real muzeylərə, heç virtual muzeylərə də dəvət edə bilmirik. Mənim yadımdadır ki, bir neçə il bundan qabaq Rusiyada aparıcı virtual muzeylərin saytlarından linklər verilmişdi.
Azərbaycandan cəmi bir muzeyin linki qoyulmuşdu, Ermənistandan isə 5 muzeyin linki var idi. Bu haradasa beş il öncənin statistikasıdır. İndi bizim də muzeylərin irəliləyişləri var və bu məsələlər öz həllini tapır. Mən bildiyimə görə, nəinki ənənəvi, klassik sayt formasında, hətta 3D formatında da muzeylərin virtual variantları yaradılıb və kompüterlərə qoyulub. İndi Fransaya gedib Luvr Muzeyini ziyarət etməyə, eyni zamanda Sank-Peterburqdakı Ermitajı görməyə ehtiyac qalmır. İnternetdə həmin muzeyin saytını açmaqla, vizual olaraq ziyarət etmiş oluruq, çünki multimedik imkanlar daha genişdir.
Azərbaycanda yazıçı və şairlərin çox sayda ev muzeyləri var. Mən fikirləşirəm ki, bunları bir mərkəzdə toplamaq daha məqsədəuyğundur. Bu muzeyləri saxlamaq, orada olan işçilərə maaş vermək o qədər də asan deyil. Bəzi rayonlarda olan yazıçı və şairlərin ev muzeylərini də bir mərkəzdə cəmləmək olar. Bir virtual muzey portalının yaradılması da vacibdir. Bu da Mədəniyyət Nazirliyinin işidir. Virtual muzeylərə insanların, o cümlədən dünyada Azərbaycanla maraqlanan şəxslərin diqqətini çəkmiş olarıq”.
Könül Səid
/Qaynaq: “GündəlikTELEQRAF” qəzeti (161), səhifə-14, 31.10.2012