Dr. Xanverdi TURABOĞLU
AYB-nin üzvü, AMEA Nizami ad. Ədəbiyyat İnstitutunun böyük elmi işçisi
Romana, povestə nisbətən hekayə janrı çevikliyi, operativliyi ilə yadda qalır. Məlumdur ki, hekayə kiçik həcmli epik janr olduğundan burada əksini tapan fakt, hadisə, gerçəklik qısa, yığcam formada oxucuya çatdırılmalı, ayrıca alınmış, seçilmiş və izlənilən əhvalat, hadisə, vəziyyət konkret insan taleyi fonunda gerçəklənərək cəmiyyətin, mühitin cəm halında bütövləşmiş simvolik obrazını yarada bilir. Mirzə Cəlilin, Ə.Haqverdiyevin hekayələrini xatırlamaqla fikrimizə söykənəcək ən parlaq örnək sayıla bilər. Düşünmək olar ki, ədəbiyyatımız, nəşrimiz, xüsusən onun çevik qanadını təmsil edən hekayə janrı ənənəni davam etdirməklə bu cəhətdən yeni inkişaf mərhələsinə daxil olaraq bir sıra ümidverici cəhətlərlə xarakterizə oluna bilər. Hər şeydən öncə ona görə ki, sənət və həyat təcrübəsini qazanmış yaşlı və orta nəsl nümayəndələrin və ya yeni ədəbi qüvvələrin birgə səyi müqabilində nəşrimiz, xüsusən hekayə janrı ideya-mövzu, dil-üslub, təsvir və təhkiyə, ümumiyyətlə bədii düşüncə cəhətdən inkişaf edir və bu baxımdan qazanılmış öncəki uğurların üzərindən boy atıb rişələnərək irəliyə doğru addımlayır. Hekayə yaradıcılığı ilə məşğul olan müəlliflər öncəki illərdə olduğu kimi sözügedən ilin ədəbi prosesində yenə də fəallıq göstərir.
Qılman İlkin «Cinayət» hekayəsi ilə (ədəbiyyat qəzeti, 20 oktyabr), Məmməd Oruc «İtmiş hekayə» (Ədəbiyyat qəzeti, 9 iyul), Qərib Mehdi «Yuxuda dəfn» (Ədəbiyyat qəzeti, 10 noyabr), «Toyda» (Ədəbiyyat qəzeti, 14 iyul), Nüşabə Məmmədli Bayraq, papaq və həqiqət», «Çadralı qadın» («Ulduz» №6), Xeyrəddin Qoca «Oğluma nəsihət», «Məsləhət» «Yuxu», «Yazım, yoxsa, yazmayım» («Ulduz» №9), Kamil Əfsəroğlu «Çat», «Ağu» («Azərbaycan» jurnalı, №4), «Nisgül» (Ədəbiyyat qəzeti, 5 may), «Bəraət» («Ulduz» №2), «Oğlan oyunu» («Ulduz» №7), Aydın Tağıyev «100 ABŞ dolları», «Özünə oxşamayan adam», «Nənni» («Azərbaycan» jurnalı, «9), «Güllü çit yaylıq», «Günəş qüruba erkən enən gün», «Kor Mahmud» («Ulduz» №6) hekayələri ilə, Mübariz Cəfərli «Div və çırtdan» («Azərbaycan» jurnalı, №7), «Gedər-gəlməz» («Azərbaycan» jurnalı, №4), «Gözləyən» (Ədəbiyyat qəzeti, 1 sentyabr), «Fraqmentlər» («Ulduz» №7), Eyvaz Əlləzoğlu «Quş uçdu» (Ədəbiyyat qəzeti, 27 yanvar), Ələsgər Davudoğlu «Qumru» («Azərbaycan» jurnalı, №7), Eyvaz Zeynalov «Qəfəs» («Azərbaycan» jurnalı, №5), Elçin Hüseynbəyli «Qönçə kimi ürək» («Ulduz» №1), «Yekəpər», «O gözlər ki vardı», «Sekstin madonnası» «Ağsaqqal» («Ulduz» №5), Nazim Əhmədli «Qız təbəssümü», «Sol ayağın yuxusu» («Ulduz» №3), Aləmzər Sadıqqızı «iki tonqal» («Ulduz» №2), hekayələri ilə ədəbi həyatın canlanmasına səbəb olur. Hətta daha çox şair kimi tanınan və son dövrlərdə maraqlı nəsr əsərlərin müəllifi kimi diqqəti çəkən Fikrət Qoca «Dünənki gün» (Ədəbiyyat qəzeti, 3 noyabr), həmçinin bu sırada Əjdər Ol «Dəllək kreslosu» («Ulduz» №3), Narıngül «Cazibə» («Ulduz» №2) hekayələri ilə də nasirlərdən geri qalmayaraq fərqlənməyə çalışır. Eyni zamanda ilin ədəbi hadisəsinə qoşulan daha iki tənqidçi
Nizaməddin Şəmsizadə «Yuxu» (Ədəbiyyat qəzeti» 23 iyun), «Məti Osmanoğlu «Heykəl» («Ulduz» №9), hekayə janrına müraciət etməyi unutmur. Bundan başqa digər müəlliflər var ki, sözügedən ilin ədəbi həyatına qoşularaq hekayə janrında qələmini sınamış, nəsr əsərlərin dərcinə nail olmuşlar. Belələrinə misal olaraq Kamran Nəzirli, Ağarəhim Rəhimov, Gülxani Pənah, Aslan Quliyev, Fərruxə Pərişan, Bahar Bərdəli, Mir Məmmədli, Rühəngiz Rəhimli, Tural Anaroğlu, Sahilə, Rafik Həşimov, Ülviyyə Heydərova, Günel Mehri, Dürdanə Hacıyeva və başqalarını qeyd etmək olar. Həmin müəlliflər Azərbaycan Yazıçılar Birliyin orqan olanı «Ədəbiyyat qəzeti», «Azərbaycan», «Ulduz» jurnallarında və digər müstəqil dövri mətbuat səhifələrində hekayələrini dərc etdirməklə ədəbi prosesin canlanmasına zəmin yaratsa da, ümumilikdə elə görünür ki, hekayə janrına münasibətin bəzən müsbət axarda köklənməsi ilə müşayiət olunmur. Hətta Sual doğurur: operativliyi, çevikliyi ilə seçilə bilən həftəlik olan Ədəbiyyat qəzeti nə üçün hekayə janrına az yer ayırır. Eyni fikri «Azərbaycan» jurnalı haqqında səsləndirmək olar. İl ərzində «Azərbaycan» jurnalı 23 hekayə dərc edib, «Ədəbiyyat qəzeti» cəmi 15 hekayə ilə kifayətlənib, «Ulduz» jurnalı onlardan fərqli olaraq müntəzəm olmasa da nisbətən daha çox hekayə janrına müraciət edib. Bu nədir? Müəllif qıtlığı, yoxsa yazıçıların və ya redaksiyaların hekayə janrına ögey münasibəti və ya dövrün, zamanın nəbzini tutan yüksək bədii-estetik keyfiyyəti ilə fərqlənən hekayə nümunələrin azlığı ilə müşaiyət olunur. Digər müstəqil dövrü mətbuat orqanlarında dərc olunan hekayələr də kəmiyyətcə bu boşluğu doldura bilər. Ancaq yenə düşünmək olar ki, kəmiyyət çoxluğu keyfiyyəti həll etmir. Belə ki, nəzərdən keçirilən ilin hekayə nümunələrində bəzən itirilmiş qadın xoşbəxtliyi və ailə sevinci qəhrəmanın fərdi taleyi, iç dünyasında ağır, üzücü kədər yükü ilə xatırlanır və yaşanılır (Aləmzər Sadıqqızı «iki tonqal», Narıngül «Cazibə», Nazim Əhmədli «Qız təbəssümü») Həmçinin müstəqillik dövrünün adamları digər problemləri ilə birgə alınaraq təsvirə çəkilir. Əjdər Olun «Dəllək kreslosu», Məti Osmanoğlunun «Heykəl», Nazim Əhmədlinin, «Sol ayağın yuxusu», «Qız təbəssümü», Xeyrəddin Qocanın «Oğluma nəsihət», «Məsləhət», «Yuxu», «Yazım, yoxsa, yazmayım» silsilə hekayələrində dövr, mühit və onun problemləri qəhrəmanın daxili düşüncələr sistemindən kök atıb rişlənərək təqdim olunur. Buna baxmayaraq dövrün, zamanın tələbindən çıxış edən hekayə nümunələrində təsvir edilən insan, obraz fərdi taleyini təkcə şəxsi tale kimi yox, həm də mühitin, cəmiyyətin, ölkənin, vətənin bütövləşmiş bəşəri taleyi kimi yaşaya bilirmi? Dövrün bədii əsərə, xüsusən hekayə janrına israrla diqtə etdiyi mövzular, ideyalar, problemlərdə insan taleyi, fərd, şəxsiyyət, azadlıq sevgisi, müstəqillik dövrünün konkret obrazına çevrilə bilirmi? Ümumiyyətlə xalq həyatı, xalq, vətən taleyi ilə bağlı xalqın iradəsini, fikir və duyğularını, arzu, istəklərini ifadə edən əsərlər meydana gəlirmi? Və ya inikas olunan hər hansı mövzu, ideya, qaldırılan problem yüksək bədiilik, dərin məna və ictimai məzmun qazanırmı? Ədəbiyyatın, nəsrimizin, xüsusən hekayə janrının qarşısında duran məsələlər bədii material nümunəsində konkret həllini tapırmı? Ya uğurlar varsa bu nə dərcədə yüksək estetik duyğular, ictimai məzmun, fəlsəfi ümumiləşdirmə və bədii sənətkarlıq baxımından özünü doğruldur? Və ya Cəmiyyətdə gedən proseslərə nüfuz etmək, cəmiyyətin problemləri ilə yaşamağı bacarmaq hissini özündə tərbiyə edən, dövrün, zamanın tələblərinə cavab verən obrazların yaradılmasına cəhd edilirmi? Ümumiyyətlə, hazırki hekayə nümunələrində dövrün problemlərini bütünlüklə qaldıran, cəmiyyətdə baş verən prosesləri vətəndaşlıq duyğusu ilə izləyən, araşdıran, eyni zamanda onun iştirakçısı olan fəal, bitkin obraza rast gəlmək mümkündürmü? Bütün bunlar yazıçının bədii düşüncəsində, estetik qavrayışı və duyumunda necə və hansı şəkildə həll olunur və bu konkret bədii materialda necə inikasını tapır? Reallıq budur ki, nəzərdən keçirilən ilin hekayə janrında müstəqillik dövrünün adamları problemləri ilə birgə alınaraq təqdim olunsa da bütövlükdə onun mühitlə bağlı əlaqələri dolğun ictimai məzmun və dərin fəlsəfi ümumiləşmə ilə gerçəkləşə bilmir. Başqa ifadə ilə qeyd etsək, yaşamaq uğrunda çılpaqlığı ilə nümayiş etdirilən mübarizə əzmi obrazın fərdi aləmində köklənərək bəzən maksimalst emosional haləti ilə üzə çıxsa da vətəndaşlıq duyğusu ilə yüklənən dərin fəlsəfi ümumiləşmə, ictimai məzmun qazana bilmir. Bütün bunlar onu göstərir ki, ilin hekayə məhsullarında qoyulan problem, onu doğuran ictimai-sosial kökləri, bəlaları çoxcəhətli tərəfləri ilə bədii təhlilə cəlb edilə bilmir. Eyni zamanda hekayələr üzərində aparılan müşahidələr təsdiq edir ki, müharibəyə qədərki və ya şərti olaraq müharibədən sonrakı yaşayış və düşüncə tərzi indiki halda və anlamda müxtəlif bədii-estetik baxış bucağından qiymətləndirilərək izlənilir, xatırlanır və özünəməxsus cəhəti ilə inikasını tapsa da ümumilikdə dolğun ictimai məzmuna çevrilə bilmir. Sadəcə bir misal. Qərib Mehdinin «Toyda» hekayəsində hadisə toy fonunda cərəyan edir. Əsərdən məlum olur ki, Əsəd Qəmbəroğlu oğlunun müharibədən yayınması üçün imkanından istifadə edib başqa şəhərə göndərir. Bir müddət keçəndən sonra, o qayıdan oğluna toy eləyir. Əsgər kişini qonşu kimi toya dəvət etsə də, Şəhid atası olduğu üçün onun bu toyda iştirakından toy sahibi o qədər məmnun deyil. Digər tərəfdən yazıçının bədii məqsədinə görə Şəhid atasının toyda iştirakı bir neçə mühüm cəhəti qabardır.
Birinci mühüm cəhət odur ki, torpaqların azad olunması yolunda əsgər kişinin oğlu vuruşaraq döyüşdə həlak olur. Təxminən eyni yaş mərhələsində olan toy sahibinin oğlu isə gərgin müharibə vəziyyətindən tam uzaq bir şəhərdə gününü keçirməklə məşğul olur. İndi isə evlənmək ərəfəsindədir. Şəhid atası Əsgər kişi və fərari atası Səftər Əsəd Qənbər oğlundan fərqli olaraq o qədər imkan sahibi olmadığı üçün deyil, sadəcə Əsəd Qənbəroğlu düşüncə və hərəkətləri, davranışları səviyyəsində ola bilmədiyindən övladlarını əsgəri xidmətə göndərir. Buna baxmayaraq fərari atası özü istəməsə belə yenə oğlunun səhv, düşünülməmiş addımları üçün imkanlı Əsəd Qəmbəroğlu vəziyyətində ağır məsuliyyət qarşısında qalır. Əslində fərarilik edən əsgərin və əsgəri xidmətdən yayınanın hekayə boyu yadda qalan heç görüntüsü belə yoxdur. Sadəcə onlar haqqında danışılır. Bəlkə, azca da olsa onların bədii cəhətdən əsaslandırılmış səhvləri, nöqsanları ilə birgə alınaraq obraz kimi canlı görüntüsü təsvir və təhlildən keçirilsəydi bu daha güclü estetik təsir gücünə malik olardı. Digər tərəfdən, düzdür, hekayədə Əsəd Qənbər oğlunun özlüyündə özünün laqeyd hərəkətlərinə qarşı hansısa daxili peşmançılığı, əzabları da kiçik bir detal da olsa təsvirini tapmır. Və ya ola bilər ki, bu müəllifin bədii düşüncəsinə görə Əsəd Qəmbəroğlu davranışların məntiqi nəticəsi kimi görsənsin. Həmçinin biz də elə düşünürük. Digər tərəfdən fərari atası Səftər kişi isə yazıçının bədii təsvirində Əsəd Qəmbəroğludan fərqli olaraq fərari atası olduğu üçün həmişə daxili əzab, peşmançılığı ilə müşayət olunur. Bu, hər şeydən öncə hekayədə təsvirini tapan Əsgər kişi ilə qarşılaşmasında qabardılır. Həmin məqamla ilişik fərari oğul atasının etirafları da maraqlı səslənsə də, bu, problemin həllində dərin ictimai məzmun və ümumiləşmə ilə gerçəkləşə bilmir. Hekayədə tam əks qütbdə təhlilə çəkilən Əsgər kişi düşünür ki, o əli silah tutan kişilərin qaçqın, mühacir, didərgin kimi dünyaya səpələnməsinin əleyhinədir. O, bu cür adamları icralarla ictimai qınağa cəlb etmək istəyir. Xatırladır ki, insan olan kəs gerçəyin qulu, yalanın ağası olmalıdır. Belə olmazsa bu yazıq vətəni kim xilas edəcək. Ancaq Əsgər kişinin qınağı ümumilikdə ictimai qınaq yox, Şəxsi qınaq təsiri bağışlayır. Buradakı qınaq dərin bədii-fəlsəfi ümumiləşdirmələri ilə qabardıla bilmir. Nüşabə Məmmədlinin «Bayraq, papaq və həqiqət» hekayəsində hadisə, əhvalat əsasən qəhrəmanın düşüncələri üzərində köklənib üzə çıxır. Təhlilə çəkilən hadisə və prosesdə itirilmiş, dağıdılmış və xarabalığa çevrilmiş torpaqların azadolma istəyinin reallaşdırmaq cəhdində lirik-romantik qatla təqdimi üstünlük təşkil edir. Qəhrəman itirilmiş torpaqların geri qaytarılması yolunda mübariz, çevik düşüncə tərzi nümayiş etdirə bilmədiyindən hekayə dərin ictimai məzmun və fəlsəfi ümumiləşdirmə səviyyəsinə qalxa bilmir. Əsərdən yalnız onu öyrənirik ki, qəhrəman baharın gəlişi, nəfəsini duymaq, hiss etmək, yaşamaq üçün kəndə getmək fikrinə düşür. Belə bir məqamda onları ailəliklə başqa rayona toya dəvət edirlər. Qəhrəman yolüstü maşının arxa küncünə qısılıb gözlərini yumaraq xəyalən arxada qalan, ötüb keçən günlərin bahar çağını xatırlayan anda Xarabalığa çevrilmiş həyat-bacaların ağrı-acılarını yaşamağa məcbur olur. Addımladığı hər hansı künc-bucaq hansısa xatirələr olayların assosiativ düşüncələrini yaradır və çox keçmir qəhrəman düşüncələrindən ayrılır. Məlum olur ki, maşında yanaşı əyləşmiş oğlu ona şad xəbər verir «Ana, Qarabağı azad etdik».
«Nənni» hekayəsi (Aydın Tağıyev) baxmayaraq günümüzlə səsləşən mövzu ilə diqqəti çəksə də «Bayraq, papaq və həqiqət», «Toyda» hekayələrində müşahidə olunan bəzi qüsurlu cəhətlə müşaiyət olunur. Hekayədə təsvirini tapan erməni-azərbaycan münasibətinin əvvəlki illərində olduğu dostluq, yoldaşlıq cəhəti sadə əmək adamının simasında qabardılaraq üzə çıxır. Əsərdən məlum olur ki, erməni Arakel Azərbaycan kəndlərində qapı-pəncərə ustası kimi tanınaraq hörmət qazanır. Arakel bu hörmətin müqabilində Azərbaycanlı balasını sənət, peşə öyrətmək üçün şagird götürür. Azərbaycanlı usta köməkçisi qaldığı erməni evində çoxlu tabut yeşikləri gördükcə uşaq ağlı ilə daxilən qorxu hissi keçirir. Usta onun narahatlığını gördükdə başqa peşə, yəni tabutla tam əks qütbdə olan uşaq beşiyi –nənni düzəltmək sənətini öyrədir. Arakelin köməkçisi ilə təxminən eyni yaşda olan oğlu erməni Slavik isə tabut yeşiklərini düzəltməklə məşğuldur. Amma, azərbaycanlı balasının nənni, erməni, Slavikin eyni vaxtda tabut yeşiklərini düzəltməklə məşğul olub tanınması kiçik detal və epizodlarla olsa əyani təsvirin görünmədiyinə görə hekayədə qoyulan problemin, ideyanın açılmasında bədii həllini tapmır. Eləcə də sonradan düzəldilən çoxlu nənnilərin satılması və ya alıcıların azlığı, yaxud müharibə vəziyyəti ilə ilişik detalların dumanlı təsviri belə oxucunu inandıra bilmir. Həmçinin qəhrəmanların sürətlə, hissolunmadan yaşca böyümələri də inandırıcı və təbii görünmür.
İlin hekayə nümunələri içərisində diqqəti çəkən «Bəraət» hekayəsi (Kamil Əfsəroğlu) repressiya qurbanların xatirəsinə həsr olunur. Mövzu, ideya yeni olmasa da, dövrün ictimai-sosial-siyasi görüntüsü hekayədə maraqlı bədii təhlil obyektinə çevrilir. Adamlar arasında enkevede işçisi kimi tanınan Abutalıb dayı işi, xidməti ilə ilişik həmişə gizli xof hissi ilə xatırlanır, qonşuları ondan aralı gəzir, haçansa, nə vaxtsa ondan xoş olmayan hərəkət, davranış gözlənilməsi, hər an, hər saniyə gizli qorxu hissi ilə müşaiyət olunur. Ancaq məlum olandakı Abutalıb dayı peşəsi ilə bağlı sirli adam təsiri bağışlasa da vaxtı ilə müharibədə cəbhə yoldaşı olmuş Muradla münasibətində isti insani duyğuları ilə yadda qalır. Gecə, o, Muradın evinə Əlitüfəngli milisə gəlməsini özü üçün qəbahət olduğunu bilir, bunu məcburiyyət qarşısında qalaraq xidməti işini yerinə yetirmək kimi cəbhə yoldaşına anladır. Hətta novruz bayramında onu evə buraxıb ailəsi ilə birgə bayramlıq etməsinə şərait yaratsa da cəbhə yoldaşına son ana qədər köməklik göstərə bilmir. Çünki, o, özü də bu repressiyanın qurbanına çevrilir. Yəni günah NKVD işçisi Abutalıbda deyil, onları bürüyən ictimai-siyasi mühitin təmiz olmayan ab-havasında idi. Yazıçı Muradla Abutalıbın dialoqunda bu baxımdan dövrün mənzərəsini canlandıran bir neçə maraqlı məqama toxunaraq bədii ümumiləşdirmə yaradır: «Həlbət sənnən danos var.
Nə danışırsan, ay Abutalıb? Nə danos? Murad müəllimin səsi titrədi. Kimsə kibrit çəkib papiros alışdırdı. Deyəsən Abutalıb dayı idi. Tüstü boğduğundan bir neçə dəfə astadan öskürdü. Dedi: çox pis zəmanədi, müəllim, özün bilirsən. Savadlı adamsan. Bəlkə ağzından söz-zad qaçırmısan, ya daa…
Sən ki, məni cəbhədən tanıyırsan, starşina. Həlləm-qəlləm işnən heç vaxt aram olmayıb.
Tanıyıram, müəllim, hər şey yadımdadı, bir şineldə bürünüb səngərdə yatdığımız da, dəstə geri çəkiləndə faşistlərin yolunu təkbaşına kəsdiyin də. O vaxt ölümə getdiyini yaxşı bilirdin… Elə bil o vaxtdan beş il yox, beşcə gün keçib… Gərək bu qapıya mən gəlməyəydim. Xidməti işdi, bilirsən. Bağışla məni… Yaxşı, biz gedək, yığışıb özün gələrsən. İsti pal-paltar götürməyi unutma.
İlin hekayələri sırasında diqqəti çəkən «Qəfəs» əsərində (Eyvaz Zeynalov) yaddaşda çözələnən hadisə və proseslər hekayənin qəhrəmanı Tapdığın subyektiv qavrayışından çızılıb ələnərək bu günümüzə boylanır və onun qayğıları ilə yaşayır. Yazıçı təhlil və təhkiyəsi dərin işlədikcə aydın olur ki, ikinci dünya müharibəsindən sonra vətənə dönən Tapdıq vətəndən kənarda güzəran qurub yaxşı ev-eşik sahibi olsa da vətən həsrəti hər an onu tərk etmir. Nəhayət uzun illik ayrılıqdan usanan o, imkan eləyib doğma yurd-yuvasına qayıtmalı olur. Görüşünə gələn adamların qayğılı simaları ilə üz-üzə qarşılaşdıqca yaddaşında möhkəmlənən uşaqlığın və gəncliyin şirin xatirələri hissə-hissə çözələnir. Belə bir məqamda Tapdıq özü üçün aydınlaşdırır ki, qürbətdə sanki özü yox, ziyarətinə gəldiyi el-oba adamları yaşayıblar. Vətəndə ömür-gün sürənlər ondan qat-qat üzgün, solğun görünür, nəinki o özü. Yazıçının bədii şərhinə görə, Tapdıq öyrənir ki, qayıtdığı vətən ocağı, el-oba hədsiz problemlər içində vurnuxur. Hamı yalnız özünü, «öz cibini güdür». Çörəkpulu qazanmaqdan ötrü hər kəs bir yol tutub güzəran qurur. Dəymə mənə, dəyməyim sənə» prinsipi önə keçib, ətalət, hərəkətsizlik, mənəvi ölülük adamların daxili yaşayış qanunauyğunluğun ümumi tərkib hissəsinə çevrilir. Düşmən tapdığı altında olan torpaqların azad olunması məsələsi də bir tərəfdən öz həllini gözləyir. Artıq ciddi qərar verməyin vaxtı yetişib. Hekayə boyu cəmiyyətin, mühitin ölkənin problemləri qaldırılır. Elm, təhsil unudulur, kim haradan, necə tapdığı pulla həccə gedir, yalançı mollalar peyda olur və s. Burada bir məqam maraq doğurur. Əsərin qəhrəmanı Tapdıq kəndə dönüşü ilə ilk baxışda sanki qeyri-rəsmi olaraq üzə çıxan çoxlu problemlərin həlli yolunda islahat işlərinə başlayır: işığın, qazın və bəzən həddən artıq lazım olmayan məqamlarda işlənilməsinə qarşı çıxır. Qaldığı dədə-baba yurdundan başlayaraq hamını, hər kəsi işıqdan, qazdan səmərəli istifadəsinə çağırır. Hətta uçuq-sökük məktəbin problemləri ilə də yaxından tanış olub məktəb direktoru ilə fikirlərini bölüşür. İş o yerə çatır ki, qəhrəman hakimiyyət orqanları ilə üz-üzə dayanaraq yerli camaatın yaşayışı, dolanacağı naminə bir vətəndaş olaraq yerli camaatın sanki vəkili tək problemlərini qaldırsa da, son ana qədər bu cəhdinə nail ola bilmir. Qəhrəman mübarizəsində tək olduğu üçün sonucda konkret əməli nəticə yaranmır. Demək problemlərlə yaşayan dövr, mühit, cəmiyyət özü onun konkret həllinə qoşula bilmədiyi üçün məsələ açıq qalır və cəmiyyət özünün problemlərini ümumiləşmiş problem kimi yaşamır. Buna görə də qəhrəman arxasız, tək qalaraq mübarizədə uduzur. Bunun müqabilində hekayədə bədii təhlilə çəkilən və üzə çıxan, qaldırılan problemlərin ictimai-sosial kökləri onun araşdırılması, həlli yolları və praktiki iş, əməldə tətbiqi görünmür. Bu baxımdan hekayə dərin ictimai məzmun, fəlsəfi ümumiləşmə və güclü estetik dəyərini qazana bilmir. Digər tərəfdən sözügedən ilin hekayə nümunələrində bəzən XX əsrin əvvəlləri üçün xarakter olan təhkiyə üsulu gözə çarpır (Xeyrəddin Qocanın «Nəsihət», «Məsləhət», «Yuxu», «Yazım, yoxsa, yazmayım» silsilə hekayələri). Burada təsvirini tapan hadisə, vəziyyət çağdaş günümüzün reallıqları ilə səsləşir. Hekayələr diqqəti çəkən problemlər qaldırır. Əsərlərdə təhlilə çəkilən müstəqillik dövrünün adamları problemləri ilə birgə alınaraq təqdim olunur. Müəllif təhkiyəsi və təsvirində əsasən dövr, mühit, cəmiyyət və onun daxili yaraları qəhrəmanın iç düşüncələrindən kök ataraq rişələnib təqdim olunur. Amma, görünür, yazıçı düşüncəsində üzə çıxan ironik hal da dövrü, cəmiyyəti bürüyən ağrılı problemlərdən çıxma yollarını düşünüb həll etmək üçün o qədər də kifayət etmir. İndiki halda sözün ən yaxşı anlamında ironik düşüncə tərzi hətta bəzi vaxtlarda cəmiyyətin yaramaz xəstəliklərin müalicəsində effektli təsiri olsa belə, yenə, o, dövrü, mühiti hərəkətə gətirmək müqabilində ola bilmir. Nədirsə, bu belədir. Həm də bu bir yazıçı düşüncəsindən çıxıb cəmiyyətin bütün sfera, təbəqələrini sirayət etmək gücünə malik ola bilmədiyi üçün dərin ictimai məzmun, fəlsəfi və bədii ümumiləşmə qazana bilmir. Bizə, indiki halda dövrü, mühiti, cəmiyyəti, adamları bütün daxili gücü ilə hərəkətə gətirən, problemlərin dərinliyinə varıb onun bütün sferaları ilə üzə çıxan köklərini axtarıb tapmaq və tibbi terminlə ifadə etsək, profilaktik-müalicəvi tədbirlərlə onların həlli yolarrı ilə məşğul olmaq və bununla cəmiyyətdə hökm sürən mənəvi naqisliyə son qoymaqla mənəvi təmizlənməni önə çəkməyi təlqin edən əsərlər lazımdır. Belə əsərlər varmı? Qloballaşma, inteqrasiya, qaynayıb-qovuşma halları müşahidə edildiyi bir dövrdə sivil dünya üçün ironiya artıq kifayət etmir. İndi qarşılıqlı anlaşma, işgüzarlıq dünyanı bürüdüyü halda nə üçün nəsrimiz və onun çevik qanadını təmsil edən hekayə janrı bu qədər adi məişət qayğıları, ailə, sevgi məsələlərini təsvirə çəkməkə məşğuldur. Bəlkə, ola bilsin bu mövzulara keçidin, onun bədii təhlilini cəmiyyət özü ona israrla diqtə edir. Bəlkə Azərbaycan cəmiyyətini daha yeni qüvvələr hesabına zənginləşdirən qloballaşma, inteqrasiya məsələsi heç maraqlandırmır. Bəlkə yenə Mirzə Cəlil, Ə.Haqverdiyev hekayələri tipində əsərlərin yaranmasına bədii ehtiyac var. Bəlkə də əksinə. Ancaq hər halda yazıçılarımız, xüsusən hekayə janrında yazan müəlliflərimiz bir qədər daha ətraflı düşünməli, cəmiyyətdə gedən prosesləri daha dəqiq və incəliyinə qədər müşahidə edib onun bədii təsviri üçün yeni detallar axtara bilər. Axı hər şey dəyişilib. Zaman o zaman, dövr o dövr deyil. Hər dövrün, hər zamanın öz dövrü, öz zamanı var. Bu gün dərin əhəmiyyəti olan bir şey sabah öz qüvvəsini itirə bilər. Amma, görünür ironiyasız, kinayəsiz keçinmək olmur. Cəmiyyətin yaralarını sağaltmaq üçün, düşünmək olar ki, sözün mütləq mənasında hər an ironiyaya ehtiyac duyulur. Sivil dünyanın tələblərinə uyğun olaraq qarşılıqlı anlaşma, görünür hazıkı cəmiyyətimizə uyğun deyil. Bəlkə onun ictimai-sosial kökləri bədii təfəkkür, düşüncə tərzi mövqeyindən araşdırılmağa zəmin yetişməlidir. Bəlkə, ədəbiyyat hazırkı düşüncələrini məhz yuxarıda xatırladığımız bu məsələ üzərində kökləməli, bədii nüfuz dairəsini genişləndirməlidir. Bəlkə bədii şüur yenidən Mirzə Cəlil, Ə.Haqverdiyev hekayələri tipi, üslubu üzərində köklənməli, cəmiyyətin yaralarını sağaltmaq üçün məhz həmin düşüncə tərzi üslubuna müraciət etməlidir. Bəlkə görünür, illər keçdikcə, vaxt zaman ötdükcə, dövr, mühit, cəmiyyət nə qədər forma etibarilə müxtəlif dəyişikliyə məruz qalırsa yenə məzmunca həmin ictimai-sosial bəlalar, ətalət, sustlük, mühafizə düşüncə tərzi və ya müəyyən psixoloji məqamlar cəmiyyətin bütünlüklə irəli addımlamasına hədsiz maneələrb aşırımlar yaradır. Burada isə sözün mütləq mənasında, sivil qayda-qanunlar və ya qarşılıqlı anlaşma şəraitində keçən inteqrasiya, qaynayıb-qovuşma yox, əksinə, biri-birindən uzaqlaşıb, birinin digərindən hansı mərhələdəsə özünün üstün olmağı iddiası ilə bütün əxlaqi-mənəvi çərçivələri dağıdaraq cəmiyyətdə aşınmaya, tarazlığın pozulmasına sövq edilir. İnsan burada xaraktercə, artıq dağıdıcı qüvvəyə malik olur. Xaotik aləmin sərhədsiz hərəkət və düşüncələri onun daxili aləmində kök atıb rişələndikcə hissolunmadan bu cəmiyyətin bütün sferalarını bürüyür. Bu halda, cəmiyyət özü xaotik aləmin xaotik hiss və düşüncələri, davranışları, münasibətləri üzərində köklənməyə məcbur olur. Cəmiyyət, onun üzvü olan hər bir fərd, insan bəzən onu bürüyən xaotik aləmdən qaçıb uzaqlaşmaq, çıxış yolunu aramaq istəyir. İctimai təfəkkür formalarından biri olan ədəbiyyat isə onu bədii şüur süzgəcindən keçirib yenidən cəmiyyətin müzakirəsinə buraxır. Cəmiyyət ictimai təfəkkür formalarından biri olan ədəbiyyatın vasitəsilə özündəki xaotik mənzərənin və ya hər cür asınmaların köklərini düşünməyə çalışır. Ədəbiyyatımızın, xüsusən nəsrimizin və onun çevik qanadını təmsil edən hekayələrimizin diqqəti məhz yuxarıda qeyd olunan cəhətlərə yönəlməlidir. Bədii şüur, düşüncə hadisə və prosesdəki, xarakterlərdə, davranış və düşüncələrdə, münasibətlərdə müşahidə etdiyi ən mühüm məqamları müxtəlif forma və məzmunda onun bədii-estetik həllini verə bilər; kinayə, ironiya, yumoristik və ya ciddi-dramatik yaxud faciəvi, bəzən də ola bilsin sentimental-romantik-lirik planda və ya əsər ola bilsin bütün bunların kompleks halında vahid bədii estetik kanonlar çərçivəsində qabarıq ifadəsinə çevrilə bilər. Ən azı ona görə ki, o, müəllif ideyasının açılmasına birbaşa xidmət edə bilsin. Bu, son dövr ədəbi mühitdə, həyatda müşahidə edilən yaradıcı adamın sənət həyat təcrübəsindən doğan və sənət axtarışlarında qarşıya çıxan məsələlərdə hansının daha lazımlı olması üzərində daha ciddi fikir, düşüncə polemikası ilə rastlaşır. Ola bilsin ki, hansısa belə bir qənaətə gəlməyə cəmiyyətin, mühitin özü yazıçıya diqtə etsin. Hər halda cəmiyyətin diqtəsi yazıçını düşündürmək üçün əsas ola bilər. Çünki, yazıçı məhz həmin «diqtənin» məna və məntiqindən çıxış edərək əsərlərin ideya-mövzusu üçün qida mənbəyi tapır. Demək cəmiyyət və yazıçı paralelliyində daxili əlaqə var. Cəmiyyəti düşündürən problem eyni zamanda yazıçını düşündürən problem kimi qavranıla bilər və ya yazıçını düşündürən məsələ eyni ilə cəmiyyətin problemi kimi yaşanıla və mənimsənilə bilər.
BAKI-2007
(I yazı ilə bu ünvanda tanış ola bilərsiz: //www.bizimyazi.com/?p=8234)