Ana səhifə BAŞ YAZI Müstəqillik dövrü Azərbaycan hekayəsi

Müstəqillik dövrü Azərbaycan hekayəsi

Müəllif: Bizim Yazı
1. 114 baxış

(2001 – 2005-ci illər) – I yazı

Dövlət müstəqilliyi əldə edildikdən sonra cəmiyyətimizin bütün sahələrində olduğu kimi, ictimai təfəkkür formalarından biri olan ədəbiyyat aləmində də buxovlanmış, zəncirlənmiş bədii düşüncə tərzi özünün sərbəst yaradıcılıq arenasına daxil oldu. Bu dəfə «Azərbaycan», «Ulduz» jurnalı, «Ədəbiyyat qəzeti» ilə yanaşı «Yeni Azərbaycan», «525-ci qəzet», «Vətəndaş həmrəyliyi», «Ədalət», «Ekspress», «Səhifələr» və başqa bu kimi ayrı-ayrı müstəqil dövri mətbuat orqanlarında davamlı olaraq ədəbiyyata, özəlliklə, ən çevik janr olan hekayə nümunələrinə geniş yer ayrıldı. Bu qədər mətbuat bolluğunda ədəbiyyat onun üçün açılan geniş və maneəsiz meydanda özünü doğrultmaq naminə müxtəlif yollar aradı. Öz cığırına düşməyə, özünütəsdiq üçün mübarizəyə atıldı.
Öncəki illərdə olduğu kimi, 2001-2005-ci illərin bədii məhsulunda eyni gənclik ehtirası, həvəsi ilə yazıb-yaradan yaşlı nəslin nümayəndələri bu dəfə daha yeni yaradıcılıq şövqü və fərqli mövzuları ilə diqqəti çəkdi. ANAR, ELÇİN, G.Hüseynoğlu, V.Babanlı, Ə.Hacızadə, Q.İlkin, orta nəslin nümayəndələrindən N.Rəsulzadə, S.Rüstəmxanlı, Ə.Səmədli, A.Abdulla, F.Məmmədli, M.Bəkirli, S.Alışarlı, A.Tağıyev, F.Mustafa, Elçin Mehrəliyev, İbrahim Quliyev, Mənzər Niyarlı, Aydın Tağıyev, Oruc İzzətoğlu, Aydın Dadaşov və b.larının hekayələrində təqdim olunan gerçəklik, obrazların daxili yaşantısı, hadisə və proseslərə yeni bədii baxış cəlbediciliyi ilə yadda qaldı. İnkaredilməz faktdır ki, son dövrün hekayə janrında yazılan əsərlərin diqqət mərkəzində həmişə olduğu kimi, yenə də ümumbəşəri keyfiyyətlərdən biri olan ali məqam – insana qayğı məsələsi önə çəkilir. Biganəlik, laqeydlik pişlənir, ancaq dövrün, zamanın tələbindən çıxış edən hekayə nümunələrində təsvir edilən insan, obraz fərdi taleyini, təkcə şəxsi tale kimi yox, həm də mühitin, dövrün, cəmiyyətin, ölkənin, vətənin bütövləşmiş bəşəri taleyi kimi yaşaya bilirmi? Dövrün bədii əsərə, özəlliklə, hekayə janrına israrla diktə elədiyi mövzular, ideyalar, problemlərdə insan taleyi fərdi, şəxsiyyət, azadlıq sevgisi, torpaq itkisi və bundan qurtulmaq yolu məsələsi müstəqillik dövrünün konkret obrazına çevrilə bilirmi? Ümumiyyətlə, xalq həyatı, xalq, vətən taleyi ilə bağlı xalqın iradəsini, fikir və duyuğularını, arzu və istəklərini ifadə edən əsərlər meydana gəlirmi? Və ya inikas olunan hər hansı mövzu, ideya, qaldırılan problem yüksək bədiilik, dərin məna və ictimai məzmun qazanırmı? Ədəbiyyatın, nəsrimizin, hekayə janrının qarşısında duran bu məsələlər bədii material nümunəsində konkret həllini tapırmı? Ya uğurları varsa, bu nə dərəcədə yüksək estetik duyğular, ictimai məzmun və bədii sənətkarlıq baxımından özünü doğruldur. Cəmiyyət həyatına nüfuz etmək, cəmiyyət həyatı problemləri ilə yaşamağı bacarmaq hissini tərbiyə edən dövrün, zamanın tələblərinə cavab verən obrazların yaradılmasına cəhd edilirmi? Ümumiyyətlə, hazırki hekayə nümunələrində dövrün problemlərini bütünlüklə qaldıran cəmiyyətdə baş verən prosesləri vətəndaşlıq duyğusu ilə izləyən, araşdıran, eyni zamanda, onun iştirakçısı olan, fəal bitkin obraza rast gəlmək mümkündürmü? Bütün bunlar yazıçının bədii mündəricəsində, estetik qavrayışı və duyumunda necə və hansı şəkildə həll olunur və bu konkret, bədii materialda necə inikasını tapır. Nəzərdən keçirdiyimiz illərin bədii məhsulları içərisində əsasən kəmiyyətcə çoxluq təşkil edən hekayə nümunələri bu baxımdan bir neçə ümumiləşmiş xarakterik cəhəti ilə yadda qalır. Məlumdur ki, hekayə kiçikhəcmli epik janr olduğundan, burada əksini tapan fakt, hadisə, gerçəklik qısa, yığcam formada oxucuya çatdırılmalı, ayrıca alınmış, seçilmiş və izlənilən əhvalat, hadisə, vəziyyət konkret insan taleyi fonunda bütöv cəmiyyətin, mühitin cəm halında simvolik obrazını yarada bilir. Düşünmək olar ki, ədəbiyyatımız, özəlliklə, nəsrimiz və onun çevik qanadını təmsil edən hekayə janrı bu cəhətdən ümidverici yeni inkişaf mərhələsinə daxil olur. Və bu sahədə, şəksiz sənət və həyat təcrübəsini qazanmış yaşlı və orta nəsil nümayəndələrin, həmçinin sənətdə yeni addımlarını yaşayan gənc ədəbi qüvvələrin birgə səyi müqabilində hekayə janrı qazanılmış öncəki uğurların üzərindən boy atıb rişələnərək irəliyə doğru addımlayır. Yeni mövzu, yeni problem, yeni qəhrəman tipi ilə diqqəti çəkən hekayə janrı yeni üslub, yeni bədii düşüncə tərzi nümayiş etdirir. Təqdim olunan həyat faktında problemlərin çoxluğu insan asayişinin normal, sabit formada davam və inkişaf etdirilməsi yolunda əngələ çevrildiyindən, bundan çıxış yolunu aramaq və ya yaşamaq uğrunda mübarizə əzmi müstəqillik dövrünün adamlarında daha çox vətəndaşlıq duyğusu ilə yüklənir və bu, nəzərdən keçirdiyimiz illərin hekayələrində bədii düşüncəni məşğul edən əsas məqam kimi qabardılır.
Bu baxımdan, 2001-2005-ci illərin ədəbi-bədii hadisəsində yaşlı nəslin böyük yaradıcılıq təcrübəsini özündə ümumiləşdirən bir çox həmyaşıdlarında olduğu kimi Əlibala Hacızadə nəsri də özünəxas mövzuları, qəhrəman tipləri ilə diqqəti çəkdi. Tanınmış yazıçı Ə.Hacızadə bu illər ərzində əsərlərinin tam külliyyatının müəyyən bir qisminin nəşr edilməsinə çalışır. 2004-cü ildə «Nafta-Press» nəşriyyatı tərəfindən çapdan çıxan birinci cilddə yazıçının şeir və povestləri ilə yanaşı, çoxlu və müxtəlif səpgili hekayələr oxunaqlığı ilə yadda qaldı. Təqdim olunan hekayələr ayrıca bölgü daxilində qabardılsa da (məsələn, Füzuli haqqında hekayələr, uşaq hekayələri, qürbət hekayələri, müharibə haqqında hekayələr və başqa mövzulu hekayələr) onları birləşdirən bir ayrılmaz vahid bədii-üslub – Əlibala Hacızadə üslubu, hadisə və proseslərə, təqdim olunan həyat faktına dərin müşahidə qabiliyyəti ilə diqqəti çəkən həssaslığı, səmimiliyi, təbiiliyi özünəxas cəhəti ilə iri planda gözə çarpdı. Kitabda toplanan Füzuli haqqında hekayələr («Sən yaşayacaqsan», «Ax Vətən, Vətən», «İlk duyğular», «Ürək», «Naməlum şair») dünya şöhrətli, tanınmış Azərbaycan şairi Məhəmməd Füzuli əsərlərindən alınan təəssürat əsasında dövr, mühit Füzuli ilə bağlı məqamlar daha dolğun və bütöv görsənir və bu, özünün bariz bədii ifadəsini tapır. Ə.Hacızadənin uşaq aləmini əks etdirən hekayələrində («Yalanın sonu», «Pay», «Qırmızı almalar», «lovğa dovşan», «Ərköyün qız», «Pəhləvan», «İmtahan» və başqa bu kimi hekayələr) uşaq dünyası və psixologiyası özünəxas cəhəti ilə bədii düşüncənin aynasında təqdim edilir. Yazıçının «Qürbət hekayələri» adı altında kitaba daxil olan əsərlərdə isə ədibin vaxtilə sənəti, peşəsi ilə əlaqədar (Əlibala Hacızadə gözəl nəsr əsərlərin müəllifi olmaqla bərabər, eyni zamanda, tanınmış şərqşünas alimdir. 1966-1970-ci illərdə Əfqanıstanda tərcüməçi işləmişdir. Həmin dövrdə o zaman oxucular arasında böyük maraqla qarşılanan «İtkin gəlin» romanını yazmışdır – Xanverdi Turaboğlu) ezam olunduğu ölkə həyatından epizodlar bədii təhlilə çəkilir («Rentgen otağında ölüm», «Sümük», «Qan», «Od və pul», «Gəmiricilər», «Sözsüz mahnı», «İtki», «Ana dəyanəti», «Televizorun ölümü» və s.) .
Cilddə toplanan müharibə mövzusunda yazılmış («Zəlzələ», «İtin sədaqəti», «Can və hərislik», «Qan») hekayələrində Əlibala Hacızadə müharibə gerçəkliyinin dəhşətli məqamlarını bədii həqiqətin aynasında mahiyyəti ilə inikas etdirir və qabardır. Fakt və hadisəni çevik janrın bədii-estetik tələblərinə uyğun olaraq təsirli mənalandırmaları ilə önə çəkir. Meyit adı ilə tabutda aparılan bıçaqla kəsilmiş və qan üstündə dönmüş sırğalı qulaq, balta ilə vurulmuş üzüklü barmaqların təsviri ilə müəllif düşmən tərəfin nə qədər amansız və qəddar olduğunu təqdim edir və bununla da hekayədə («Zəlzələ») işğalçı düşmən obrazının ümumiləşmiş simvolik mənasını yaradır. Bütün bunlar təsdiq edir ki, yaşlı nəslin nümayəndəsi olan Əlibala Hacızadə və onun simasında başqaları tükənmək bilməyən güclü yaradıcılıq enerjisi və həvəsi ilə yazıb-yaradır. Çağdaş ədəbi prosesdə qaynar bədii mühitin cilalanması yolunda özünəxas töhfəsini verir.
Ustad yazıçı İsa Muğanna (Hüseynov) yenə öz mövzuları ilə ədəbi prosesin təbii axarına qoşulur. «Dan ulduzu və mən», «Şinel», «Unus», «Rzaqulu», «Küp», «Yekədiz», «Məcid», «Portsiqar», «Getdi», «Şapalaq», «Küllük» silsilə hekayələrində qoyulan problem, mövzu, ideya ötən əsrin 30-40-cı illərin hadisə və insan taleyi dövr, mühitlə çağdaş həyatımız qarşılıqlı sıx əlaqədə bütövləşib təsvirini tapır və göz önündə canlanır. Qılman İlkin «Gəlin», «Qocalar evində nigah», «Məhəbbət oyunu», «Ləkə» əsərlərini dərc etdirdi. Əli Səmədli «Bir gündə qocalan anam», «Üç qulac kəndir», «Qızıl inəyin nağılı», «Dolayların nağılı», «Gəlin gəlir»; Məmməd Oruc «Aman təklik əlindən», «Susuz gölün sonası», Miraslan Bəkirli «Xızır baba», «Qarğa», «Qızıl balıq», «Ruh», «Nal», «Durna səsi», «Ulartı», «Yadigar», «Ad günü», «Şeytan küpəsi», «Şeytan oğlu», «Qorxu», «Ölüm»; Natiq Rəsulzadə «İtmiş axşam», «Xor adamı», «Hifz et və bağışla», «Öncə düyün»; Firuz Mustafa «Matəm musiqisi», «Dinazavr kölgəsi»; H.Mirələmov «Vicdanın səsi», «Yuxu», «Çimərlikdə, «Qarınqulu»; Aydın Tağıyev «Nağıl axşamı», «Balaca adamın böyük günü», «Körpü»; Eyvaz Zeynallı «Yad dağlarda», «İlan balası», «Adi əhvalat»; Azər Abdulla «Qımır», «Söz havası», «Şairin şeytan üzü» əsərləri ilə bədii prosesin canlanmasına təkan verdi. Ədəbi həyata tükənməz yaradıcılıq enerjisi ilə qoşulan Füruzə Məmmədli «Əbil», «Qarabasma», «Oğurluq», «Elxan», «Atilla, Atilla, Atilla», «Müsibət», «Qaratel», «Məhəbbət», «Qatarda», «Tamamilə məxfi» hekayələrində təhlilə çəkilən gerçəklik, hadisə, vəziyyət insan taleyi ömrün axarında müxtəlif səmtlərə yönəlmiş adamların daxili, iç dünyasından ötürülərək təqdim olunur. «Daş rəngi», «Boz sərçə», «Qayalar arasında vəd», «Bacı», «Qızıl diş» hekayələri ilə ədəbi prosesə daxil olan Sabir Rüstəmxanlı yaradıcılığına xas dövrün hadisə və proseslərində izlənilən insan taleyi vətəndaşlıq duyğuları üzərində köklənib təhlilə çəkilir. Bu məqam yazıçının roman və povestlərində olduğu kimi, hekayələrində də inikasını tapan və konkret talelər fonunda üzə çıxan hər bir hadisə və əhvalat sonda ibrətamiz mənalandırmaları ilə insan yaddaşına köçərək yeni məzmun və məna qazanır.
2001-2005-ci illərin bədii nəsrində Mənzər Niyarlının hekayələri problematik mövzuları ilə çıxış etdi. Mənzər Niyarlının nəsr əsərlərinin baş mövzusunu, ideya-bədii xüsusiyyətlərini müəyyən edən əsas cəhət gerçəklikdəki insan həyatı və taleyi üçün zəruri və vacib sayılan normal əxlaqi və mənəvi keyfiyyətlərin, dəyərlərin ardıcıl və davamlı olaraq qorunmamasına və ya adamların sosial-məişət qayğıları, ehtiyacları ilə yüklənən ağır həyat şəraitinə müəllif etirazı bəzən kəskin və ya üsyankarcasına, bəzən isə daha çox həzin, kövrək notlar üstündə köklənməsi ilə şərtlənir. “Dua”, “Tərəddüd”, “Alim”, “Toy günün səhəri” əsərlərində Mənzər Niyarlını məşğul edən, maraqlandıran problem, mövzular hansılardır? “Alim”də alimlərin sosial-iqtisadi durumu, onların cəmiyyətdə tutduğu yeri, mövqeyi “Toy günün səhər” və “Dua” hekayələrinlə kənd həyatının unudulmuş, yaddan çıxmış bəzi ciddi həyati problemləri, məişət-sosial qayğıları, sosial demoqrafik məqamlar “Tərəddüd”də müharibə anlayışına cəmiyyətin bəzi təbəqələrində konkret fərqli baxışları önə çəkilib qabardılır. Bu baxımdan M.Niyarlının adı çəkilən əsərlərindən bəzilərinə nümunə üçün diqqət yetirmək olar. Deməliyik ki, mövzusu kənd həyatından alınmış “Dua” hekayəsində qoyulan problem özü-özlüyündə ikiqatlıdır. Problemin bir qütbündə adamların şəraitsizlikdən əziyyət çəkdiyi önə çəkilərsə, digər tərəfdən məhz həmin şəraitsizliyi aradan qaldırmaq yolunda görülən işlərin özü əlavə neçə-neçə çətinliklərin yaranmasına səbəb olur. Bunu müəllif Pəri Sevdamalı qızının qavrayışında ələnən və öz əksini tapan daxili düşüncələrin təsvirində daha aydın bədii lövhələrlə çoxqatlı problemin üzərinə işıq salır. Bu baxımdan biganəlik, laqeydliyin pislənməsi əsər boyu özünün daha qabarıq bədii ifadəsini tapır. Hekayədə insana, el-obaya diqqət, qayğı məsələsi Pəri Sevdamalı qızının – sıravi kənd adamlarının ümumiləşmiş fərdi-psixoloji simasında təqdim olunsa da, insan burada taleyini təkcə öz şəxsi taleyi kimi yox, həm də mühitin, cəmiyyətin, ölkənin, vətənin bütövləşmiş taleyi kimi yaşayır. Bu baxımdan əsərdə iki obraz, iki dünyagörüş, iki bir-birinə zidd qütblər zahirdə yox, gizli, alt qatda üz-üzə dayanır. Pəri Sevdamalı qızının insana, el-obaya diqqət, qayğı harayı bütün həssaslığı, çırpıntısı ilə Bəybala kimi insani duyğuları korşalmış və daşlaşmış xüsusiyyətində biganəliyin, laqeydliyin pislənilməsi məhz bu cəhətdən maraqlıdır. M.Niyarlının müharibə mövzusunda yazdığı “Tərəddüd” adlı hekayəsində də eyni dövrün, eyni mühitin prlblemlərinə, hadisə və əhvalatların ən səciyyəvi məqamlarına nəzər salınır. Müharibəyə münasibət müxtəlif tipli adamlarda fərqli şəkildə özünü göstərir. Varlı təbəqənin nümayəndələrində müharibə anlayışı, vətənin, torpağın müdafiəsi məsələsi adətən o qədər mühüm əhəmiyət kəsb etmədiyi halda adi, sıravi adamların təsəvvüründə bərkiyən vətənin, torpağın təcavüzkarlardan qorunması məsələsi, başqa sözlə dağıdıcı müharibə qorxusuna olduqca ciddi məna verilir. Hekayədə diqqət məhz adamlarda müşahidə olunan hər hansı ciddi həyati-əhəmiyyətli hadisəyə, özəlliklə qorxunc, təhlükəli müharibə anlayışına, yaxud vətənin,torpağın müdafiəsi məsələsinə biganəliyin, laqeydliyin pislənilməsinə yönəldilir. Əsərdən alınan bu ideya hekayə boyu izlənilir və bədii-estetik təsir gücünə malik olur.
2001-2005-ci illərin bədii məhsulunda Miraslan Bəkirlinin “Yadigar”, “Ad günü” və başqa bu kimi digər hekayələri özünəxas bədii-estetik keyfiyyətləri ilə ədəbi aləmdə böyük maraqla qarşılandı. Yaradıcılığında əsaən müharibə mövzusuna diqqət yetirən yazıçı “Yadigar” hekayəsində onun insan taleyində oynadığı acı həqiqətlərin, dəhşətli məqamların bədii ifadəsini verir. Əsərin qəhrəmanı min bir əzab-əziyyətlə qəpik-quruş hesabına tikdirdiyi ikimərtəbəli evdə rahat sığınacaq tapa bilmir. Hekayənin məzmunundan, məna və məntiqindən aydın olur ki, müharibə insanların taleyində, yaşayış və düşüncə tərzində özünəxas ağrılı cəhəti ilə yadda qalır. Müharibə mövzusu, onun törətdiyi ağlasığmaz vəhşiliklər, yerindən-yurdundan, doğma torpağından, el-obasından ayrı düşmüş adamların acınacaqlı taleyindən bəhs edən bu və ya digər hekayə nümunələrindən böyük ağrı hiss olunur və vətəndaşlıq duyğusu ilə yoğrulan bu əsərlərdə həm nifrət, həm nisgil var. Miraslan Bəkirlinin hekayələrində əldə etdiyi bədii uğuru da məhz burada axtarmaq və görmək mümkündür. Öncəki illərdə olduğu kimi 2001-2005-ci illərin bədii mənzərisində Elçin Mehrəliyevin imzası maraqla qarşılandı. “Qayıda biləcəkmi?”, “Qamış”, “Gecikən yaz”, “Sınıq araba”və başqa bu kimi digər hekayə nümunələri ilə mətbuatda çıxış edərək əsərlərində insan taleyinin ağrılı məqamlarına diqqətimizi artırır. Elçin Mehrəliyevin qəhrəmanlarında çox vaxt çətinliklərlə üzləşdiyi anda dözüm, iradə nümayiş etdirilir və qalib çıxır. El-obasından, dədə-baba yurdundan didərgin düşmüş Kərim kişi sadə zəhmət adamları (“Qamış”) əməyinin müqabilində nadanlıqlarla üzləşsələr də,özünü sındırmır, qürurunu, mənliyini qorumağı bacarır. “Qayıda biləcəkmi?” hekayəsində E.Mehrəliyev gerçəkliyi aydın, ibrətamiz mənalandırmalı ilə bədii təhlilə çəkir. Hekayədə təsvirini tapan və yolunu azmış insan məhz İlahiyə yönəlmiş duanın təsiri altında yatmış hissiyyatın, qəlbin, ağlın həmin anda dirçəlməsi və durulması ilə özünə və ailəsinə qayıdır. E.Mehrəliyevin adı çəkilən hekayəsindən alınan məntiqi-bədii ideya məhz bunu təlqin edir. Yazıçının “Sınıq araba” və ya “Gecikən yaz” əsərlərində müharibə həqiqətlərin acı nəticələri təsirli bədii lövhələrlə göz önündə canlanır. 2001-2005-ci ilin bədii mənzərəsində özünəxas yaradıcılıq manerası və düşüncə tərzi ilə seçilən imzalar sırasında İbrahim Quliyevin adını qeyd etmək olar. İ.Quliyevin nəsr əsərləri içərisində “Məşhərdən bir gün qabaq” və “Avqust günü” hekayəsi bədii-estetik kriteriyalar nöqteyi-nəzərdən daha çox diqqəti çəkir. Bu əsərlərdə real həyat faktı, gerçəklik özünün bədii-psixoloji təhlilində inandırıcılığı təbiiliyi ilə yadda qaldı. İ.Quliyevin “Avqust günü” hekayəsində hadisələr isti avqust günlərinin birində baş versə də, obrazın keçdiyi, arxada qalan qısa ömür yolu məhz avqust günlərin ümumi psixoloji durumu və fontekstində mənalanır. Hekayənin qəhrəmanı Yaşar institutda oxusa da, onun son kursuna gəlib çata bilmir. Niyə? Ona görə ki, Yaşar institut həyatında bir çox mənfi hallar, haqsızlıqlarla üzləşir, qarşılaşdığı hər hansı çirkin əməlin, işin müqabilində özünəxas ciddi mühakiməvi cavab reaksiyası ilə hərəkət edir. Onun bu addımı hekayədə təsvirini tapan, onu əhatə edən müəyyən adamlar tərəfindən heç vaxt təqdir olunmur. Yaşar oxuduğu ali məktəbdən məhz belə haqsızlıqların qurbanı olaraq qovulur və uzaqlaşır. İbrahim Quliyevin “Məşhərdən bir gün qabaq” hekayəsində dörd obrazın, dörd daxili yaşantısı yazıçının təsvir və təhkiyəsində müxtəlif tərəf və bucaqları ilə ən ümdəsi keçmişin, arxada qalan ömür yolların keçidlərindəki iztirablı, həzin məqamlar yaddaş psixologiyasında hissə-hissə çözələnib xatırlanır. Oxucunun bədii-estetik və fəlsəfi qavrayışı və duyumunda bu dörd obrazın dörd daxili yaşantısı məhz bir bütöv halında dolğunlaşaraq yeni məzmun və yeni məna kəsb edir. Yazıçı Məhəd kişi obrazın daxilə enən və getdikcə dərinləşən nisgilli, iztirablı anlar, düşüncələr prosesində bədii-psixoloji təhlilini gücləndirərək qəhrəmanın qoca Nabatla gizli daxili dialoqunaxarı tutumunda yaşanılmış, ötüb keçmiş ömür yolunda Tut ağacı, Qızıl inək və Qara buğa ilə bağlı ayrılmaz mənəvi birliyin, gizli xoş təmasın rəmzi mənasını yaradır. Hekayədə insanla üzbəüz bədii təhlilə çəkilən kövrək, həzin ruhda rişələnib nəfəs alan Tut ağacı, Qızıl inək və Qara buğanın alt qatda köklənmiş gizli daxili dialoqunda məhz insani duyğuların aydın bədii ifadəsi və onun yüksək estetik təsir gücü önə çəkilib qabardılır. Müharibə, Qarabağ mövzusu Mərziyyə Səlahəddin və Aygün Həsənoğlunun hekayə yaradıcılığında da xüsusi yer tutur. Bu yazıçıların əsərlərində qələmə alınan həyat materialının bədii təqdimi təbiiliyi, inandırıcılığı və daha çox görümlülüyü ilə yadda qalır. Müəllif təhkiyəsi və təsvirlərində əsərdə iştirak edən surətlərin nitqində canlı müharibə obrazı və psixologiyasıdaha qabarıq müşahidə olunur. Müharibə anım və yaşantılarından doğan ağır itki, müharibə qayda-qanunlarının ümumi atmosferası bu yazıçıların hekayə yaradıcılığında özünəxas cəhəti ilə üzə çıxır.
Yeni nəslin istedadlı nümayəndələrindən Aygün Həsənoğlu hekayələri özünəxas bədii-estetik keyfiyyəti ilə diqqəti çəkdi. Yazarın Öncəki hekayələrində qoyulan problem, mövzu, ideya sonrakı əsərlərində də uğurlu davam etdirildi. «Qovuq» («Ağrıdaş» nəşriyyatı, 2000) kitabından sonra bu dəfə «Yeddi qapı» («Nurlan», 2004) əsərlər toplusu nəzərdən keçirdiyimiz illərin ədəbi prosesində Aygün Həsənoğlu yaradıcılığı üçün və ya ümumilikdə Azərbaycan nəsrində yeni mərhələ təşkil etməyə başlayır. Bu dəfə Aygün qələmini yenə hekayə janrında sınayaraq özünə yaxın mövzularla və böyük vətəndaşlıq duyğusu ilə işğal altında olan torpaqlarımızın azad olunması naminə üsyancasına səsini ucaldan mövzulara müraciət etdi. «Qarabağı qaytaran oğlan» və ya «Fərhad əfsanəsi», «Məhvərindən qopan dünya», «İblis», «Sərhəd», «Səhv», «Yanğı», «Tabutda dirilənlər» hekayə nümunələrində müharibə mövzusu ilə bağlı gənc yazıçını düşündürən problem, ideya kəskinliyi ilə qabardılır. Ümumiyyətlə, müharibə, Qarabağ mövzusu Aygün Həsənoğlu hekayə yaradıcılığında xüsusi yer tutur. Bu yazıçının əsərlərində qələmə alınan həyat materialının təqdimi sərt bədii lövhələrlə və daha çox görümlülüyü ilə seçilir. Müəllif təhkiyəsi və təsvirlərində, həmçinin, surətlərin nitqində canlı müharibə obrazı və psixologiyası daha qabarıq müşahidə olunur. Müharibə anım və yaşantılarından doğan ağır itki, hərb qayda-qanunların ümumi ab-havası bu yazıçının hekayə yaradıcılığında özünəxas cəhəti ilə üzə çıxır.
2001-2005-ci illərin bədii həyatında iti müşahidə qabiliyyətin malik olan və püxtələşmiş qələmi ilə oxucuların qəlbinə yol tapan və onun düşüncəsinə daim hakim kəsilən istedadlı gənc nasirlərdən Nəriman Əbdülrəhmanlı, Eyvaz Əlləzoğlu, İbrahim İbrahimlinin hekayələri xüsusi diqqətlə qarşılandı.
Nəriman Əbdülrəhmanlı ədəbi prosesin ümumi axarında özünəməxsus yer tutmuş hekayə janrında məhsuldar yazan istedadlı, tanınmış nasirlərimizdəndir. Onun çoxlu hekayə və tərcümələri yüksək bədii-estetik tələblərə cavab verir. Müəllif dövri mətbuat səhifələrində dərc etdirdiyi hekayələrinin, nəhayət, bir kitab halında nəşrinə nail oldu. «Yelçəkən» alı ilə təqdim olunan bu kitabda (Nəriman Əbdülrəhmanlı «Yelçəkən». «Adiloğlu» nəşriyyatı, Bakı, 2004) toplanmış hekayələr N.Əbdülrəhmanlı yaradıcılığının və bədii düşüncə tərzinin özünəxas cəhəti ilə üzə çıxartdı. Bu əsərlərdə təsvirini tapan ən səciyyəvi, ümumi məqam odur ki, buradakı qəhrəmanların – sadə, adi adamların işi, əməli və taleyi ilə qarşıya çıxan maneələr, əngəllər onların həyat yolu dönümündə hər zaman arzuolunmaz vəziyyət yaradır. «Dönüm», «Lələ», «Çıxış», «Gecələmə», «Şeytan mövsümü», «Gələn adam», «Yelçəkən», «İşıqsızlıq», «Kişi qırığı», «Kəpənək» və başqa hekayə nümunələrində arzuolunmaz vəziyyətə düşən insanların acınacaqlı taleyi qabarıqlığı ilə göz önündə dayanır.
Yeni nəslin nümayəndələrindən İbrahim İbrahimli «Barışıq», «Həftənin günləri», «Naməlum hiss», «Vaxtsızlıq», «Gözlərimin gözləri», «Son yağış», «Borc», «Gözlərində olan qarı»; Eyvaz Əvəzoğlu «Fitnə»; Usuboğlu «Sonsuz», «Qudurmuş itlər ili», «Dudu»; Mübariz Cəfərli «Ada», «Üzbəüz», Yenisi ədəbiyyat və sənət cərəyanı – www.yenisi.net.-lə təmsil olunan Məqsəd Nur «Rütubət sevgiləri», «Arxaş», «Köhnə qəbiristanlıq yerində dəmir yarpaqlar»; Sevinc Nuruqızı «Ağ rəngin qara üzü», «Ölüm dairəsi», «Bəyaz əllərin nağılı», «Günəşdən gələn pay»; Aləmzər Sadıqqızı «Günahkar adam», «Deyingən qoca»; Kamil Əfsəroğlu «Soyuq otaq», «Dava», «Yerin qulağı», «Qan iyi», «Mərc»; Şəlalə Həsənli «İtki», «Ağ, qırmızı Xocalı», «Yasəmən ətri» və başqa əsərlərində yeni bədii düşüncə tərzi, yeni forma axtarışlarını nümayiş etdirir.
Bundan başqa, digər müəlliflərin də adını qeyd etmək olar ki, onlar da nəzərdən keçirdiyimiz illərin hekayə janrında qələmini sınamışlar. Belələrinə misal olaraq, Mehriban Kənan, Bahar Bərdəli, Şükür Səlimxanlı, Ələsgər Davudoğlu, Meyxoş Abdullayev, Mehriban Xaliq, Oqtay Əhmədov, Rəsul Rəxşanlı, Zərifə Əliqızı, Nigar Vaqifqızı, Nizami Əlioğlu, Bayram İsgəndərli, Əlibala Məmmədov, Şükufə Əliyeva, Namaz Məmmədoğlu və başqalarını göstərmək olar. Nəzərdən keçirdiyimiz illərin hekayə nümunələrin ideya-məzmununda bəşəri mövzular, mənəvi-əxlaqi məsələlər insana qayğı, ehtiram və məhəbbət, həmçinin ləyaqət hissinin qorunması bədii həqiqətin işığında yeni ibrətamiz mənalandırmaları ilə yadda qalır.
«Şinel» hekayəsi (İsa Hüseynov Muğanna) bu günümüzün reallıqlarını əks etdirir. Mənən aşınma, əxlaqi pozğunluq cəmiyyət, mühit daxilində müqəddəs hisslərin, arzu və əməllərin, adət-ənənələrimizin və ümumiyyətlə, tarazlığın maksimum dərəcədə pozulmasına şərait verir. Əsərdə aydın olur ki, çılpaq qadınlar telekanalların sevimlisinə çevrildiyi halda yazıçının qəhrəmanında bundan ikrah hissi oyanır və tam əks qütbdə dayanan analoji olaraq özü ilə bağlı saçları ağarmış yaşlı müəllimə yox, 22 yaşlı bədbəxt qız. Ötən əsr 40-cı illərin 22 yaşında baş verdiyi 58 il Öncəki qarmaqarışıq, lakin ibrətamiz hadisələrini xatırlayır və o illər ki, həyətlərdə ocaq qalamağa icazə verilmir, gecə qaranlığında evlərdə adi neft lampalardan istifadə edilmirdi ki, düşmənin göylərdə bomba ilə dolu təyyarələri uçurdu. Eyni zamanda, dünyanın günəşli saatlarında hamının dünya gözəli dediyi özü olan bir Əzizə müəllimə vardı, qəhrəman onu da xatırlayır ki, günlərin birində maarif şöbəsinə müəllimlərin maaşını almaq üçün getməyə adam tapılmadığından çox qoca və xəstə olan direktor yalnız onu göndərməyi məsləhət bilir. Gənc müəllimə o qədər də qalın olmayan geyimi ilə qışın sazanağında şəhərə getmək üçün qatar gözləyir, lakin gözlənilən qatar əvəzinə bir neçə dəfə yaralı əsgərlərlə dolu «Sanitarnı poyezd» gəlib keçir. Nəhayət, günün ikinci yarısında maşinistlə danışıb paravozla getməli olur. Kassadan pullarla geri qayıdan gənc müəllimə tək-tənha yenə qatar stansiyasında gözləmək məcburiyyətində qalır. Qəhrəmanın kimsəsizlikdə daha həyəcanlı anlar yaşamağını oxucu bu dəfə bütün varlığı ilə dərindən hiss etməyə çalışır və gənc müəllimənin varlığını sarpmış narahatlığından qurtulmaq naminə çıxış yolu axtarmağını da təbii hesab edir. Oxucu hiss edir ki, vağzalın balaca gözləmə otağında əyin-başı mazutlu, sinəsi, kürəyi, boğazı, sifəti tənziflə qalın sarınmış, şinelli yaralı bir əsgər onsuz da yaxşı olmayan vəziyyətini unudaraq bir anlığa onun əsrarəngiz gözəlliyi qarşısında vəcdə gəldiyini anlayanda qızın bu yad, kimsəsiz yerdə təkliyin acısını duymasını dərk etməmək mümkün deyildir. Ancaq sonradan məlum olanda ki, yaralı əsgər bu dünya gözəlinin yağış, qar altında evə necə, hansı vəziyyətdə gedəcəyini fikirləşəndə ona həyan durmaq meyli qeyri-ixtiyari güclənir. Qəhrəman sinelini, kəmərini çıxarıb ona verir ki, yolda qıza soyuq olmasın və yad nəzərdən qorunmaq üçün kimsə qız olduğunu düşünüb ona sataşmasın, həm də eyni zamanda, qoynunda apardığı müəllimlərin məvacibini şinel altda quru olacağını düşünür. Gözəl insani duyğuların, münasibətlərin xoş ab-havasından isinən və eyni dərəcədə özünü itirən gənc müəllimə öz növbəsində bu andan etibarən yaralı əsgərə biganə deyil, yaraları hov çəkməsin deyə, sineli, kəməri yenidən əsgərin özünə geyindirir. Ancaq canı qəlpəylə dolu yaralı əsgər fikrində qətidir. Şineli, kəməri təkrarən ona verir və birlikdə küləkli, yağış, qar altında və bərk şaxtada vağzaldan çıxıb dəmir yolu boyunca addımlayır. Yarı yolda ağrılarına tab gətirməyən əsgər qızdan ayrılmağa məcbur olur. Tapşırır ki, işıqlaşanda şineli gətirsin, ya da yaxşı olan bir adamnan göndərsin. Gənc müəllimə geri qayıdanda onun hərbi xəstəxanaya aparıldığını görüb illərlə gözlədiyi qismətin şirinliyini dadmamış əlindən alınmasına heyfsilənir. Hekayədə təsvirini tapan hadisədə şinel bu cəhətdən insan taleyində özünəməxsus ibrətamiz mənalandırmaları ilə yadda qalır. Yazıçının qəhrəmanının yaddaşında ilişib qalmış müharibə dövrünün şinelini rəmzi olaraq indiki çılpaq dünyaya və insanlara, əxlaqi-mənəvi deformasiyaya uğrayan müstəqillik dövrünün adamlarına abır-həyasını örtmək və qorunmaq naminə geyindirmək istəyir.
Qılman İlkinin «Ləkə» hekayəsində ailədə əxlaqi-mənəvi aşınmaya məruz qalan gənc qadın – ananın ləkəli addımı ailədəki təmiz atmosferə uzunmüddətli əzabverici dərin mənfi iz buraxır. Əsərin qəhrəmanı Camal gecə nazirlikdəki kollegiya iclasından sonra evə qayıdarkən qapısının açıq olması və oğlu Samirin neçə saatdır tək oturub dərs hazırladığını, o biri tərəfdən arvadı Sənubərin gecənin bu vədəsində nə üçünsə evdə olmamasından arzuolunmayan nigarançılığa qərq olur. Onu bürüyən gözlənilməz situasiyaya bir azdan cavab tapılır. Arvadı Sənubər müqəddəs ailə mühitinin ab-havasını korlayan qadınlıq hissiyyatını və analıq ləyaqətini ayaqlar altına atıb amansızcasına tapdalayan hərəkətlərlə evinə, ailəsinə sadiq həyat yoldaşına və məktəbə gedən kiçikyaşlı oğlu Samirin məsum qəlbini sındırır. Yaxşı geyinmək naminə kiməsə qoşulub uzaq şəhərlərin birinə – Dubaya qaçır. Sənubərin düşünülməmiş bu addımı tam dərinliyi ilə oğlu Samirin, əlbəttə, saf, təmiz uşaq dünyasında dərk oluna bilməz. Samirin gücü ancaq ona çatır ki, anası daim, həmişə onun yanında olsun, başqa heç nə istəmir. Anası nə edib, nə iş görüb, hansı qəbahətli hərəkətlərə yol verib və başqa bu kimi suallara cavab tapmaq üçün ağırlığı onun körpə, məsum, zərif uşaq dünya və düşüncəsinə tab gətirə bilməz. Əsərin qəhrəmanı Camal isə həyatın ağrı-acılarını hələ dadmamış kiçikyaşlı oğlunun qəlbini qırmamaq üçün ləkələnmiş namusunu boğaraq arvadı Sənubəri yenidən ailəyə qəbul edir.
Əli Səmədlinin «Qızıl inəyin nağılı» hekayəsində təmiz, insani duyğular, saf münasibətlər sadə zəhmətlə məşğul olan adamların həyat tərzi, işi, əməli və ünsiyyətdə qırılmaz daxili bağlılıq yaradır. Onlar özlərində gözəl əxlaqi-mənəvi keyfiyyət nümayiş etdirərək evin – ailənin müqəddəs qanun-qaydalarına riayət edir. Onun dolanışığı naminə hər cür əzab-əziyyətə qatlaşır. Yazıçı burada inəyin ev – ailə üçün nə qədər böyük əhəmiyyətə malik olduğuna görə qəhrəmanın hansı çətinliklərlə üzləşməsinə diqqətimizi artırır. İnəyin gözlənilmədən itməsindən sahibinin necə kədərlənməsinə oxucunu təbiiliyi ilə inandırmağa çalışır.
Füruzə Məmmədlinin «Qarabasma» hekayəsində, hətta belə demək olar, bəşəri problemlər qaldırılır. Ümumiyyətlə, yer planetinin, yer adamlarının həyatı, işi, əməli, niyyəti, fikri, duyğusu şər meyillərin, şər qüvvələrin əsarəti altında idarə olunması, hərc-mərclik, elmi kəşflər xaosu yalnız planetlərin məhvinə yönəldilə bilər. Hərc-mərcliyin, hər cür aşınmaların qarşısı alınsın deyə kənar planetlər yollar axtararaq belə şər meyilli qüvvələrin fikri, əməlindən yerində xəbər tutmaq üçün seçmə, münasib yer adamların beyninə uğultu, cingilti şəklində daxil olub təcrübələr aparır. Lazımi informasiyanı beynindən ötürücü vasitə kimi istifadə etməyə çalışır. Bunu yazıçı əsərə müsbət əxlaqi-mənəvi keyfiyyətləri özündə cəmləşdirən Bikənin beyni, fikri, hissinə çökən hansısa Ruh və ya Qarabasma şəklində alıb təqdim edir və bu hekayənin ideya-bədii mündəricəsində güclü mənalandırmaları ilə yadda qalır.
Sabir Rüstəmxanlının «Bacı» hekayəsində təsvir olunan hər obraz özünün daxili yaşantısı və əzabları ilə göz önündə canlanır. Yazıçının təsvir və təhkiyəsində inikas etdirilən hadisə və əhvalat birinci şəxsin – Əlinin subyektiv qavrayışında ələnərək daxili düşüncələr axarında təqdim olunur. Nəql olunan əhvalatda bacı və qardaş olan Surxayla Qızılgülün fəci-taleyi öndə dayanır. Hekayənin qəhrəmanı Surxay kiçik yaşlarından ata-ana itkisi ilə üzləşir, bacısı ilə balaca daxmada tək, kimsəsiz qalır, az sonra bacı-qardaş da bir-birindən xəbərsiz yaşamalı olur. Surxay on dörd yaşında sənət məktəbinə gedəndən sonra tək qalmış bacısı rayon uşaq evinə göndərilir və onun sonrakı taleyi Surxay üçün müəmmalı qalır. Surxayın ata-ana itkisi ilə bərabər, bacı itkisinin əzablarını yaşaması, eyni zamanda, kimsəsiz qalan bu insana mühitin ögey münasibəti əsərdə ön plana çəkilir. Kəndə yenicə gələn və Surxayın ailə taleyinə yaxından bələd olan, onu bizə tanıdan həmyerlisi Əlinin əvəzedilməz xeyirxahlığı sayəsində Surxay yenidən ruhən dirçəlir. Lakin bu «ruhi dincəlmə»nin ömrü çox qısa olur. Surxay əvvəl tanımadığı və o qədər də ciddi qəbul eləmədiyi, sonra isinişdiyi həmyerlisi, «bacıoğlu» adlandırdığı Əlinin güclü savadı və qabiliyyətinin müqabilində özünü, ev, ailə mühitində və qonşular arasında əsli-nəcabətli sayılan şəxs kimi hiss etsə də, məhz Əlinin uzun vaxt ərzində yazdığı məktubların əsasında tapılan bacı əhvalatı onun tamam başqa yöndən daxili dəyişilməsinə səbəb olur. Surxay özlüyündə bacısı Qızılgülün artıq ərə getdiyini, oğul-uşaq sahibi olduğunu düşünür. Ancaq hazırki vəziyyət Surxayın bu fantaziyası, şirin xəyalları ilə üst-üstə düşmür. Surxay bacısı Qızılgüldə indiki pırtlaşıq saçları, ifadəsiz, eybəcər üzü yox, beş yaşındakı Qızılgülün yaraşıqlı, gözəl, məsum bacı ətrini axtarır. Sonda Surxay bacı eybəcərliyinə görə «utanmaq məcburiyyətində» qalır. Bu «utanma» isə Surxayın bacı-qardaş sevgisinə qovuşmaq həsrətinə münasibətdə açıq-aydın hörmətsizlik yaradır. Oxucu isə bu anda Surxayın keçirdiyi hissləri qəbul edə bilmir. Surxay bacısı ilə bağlı hisslərində səmimiliyini son ana qədər qoruya bilmir.
«İtmiş axşam» (Natiq Rəsulzadə) hekayəsində mövzuca ayrı olmasına baxmayaraq, təxminən eyni problem, lakin başqa situasiya ilə qarşılaşırıq. Əsərdə iyirmi il öncə yaşanılmış unudulmaz şirin sevgi xatirələrini bir daha yenidən hiss eləyib yaşamaq duyğusu dəlicəsinə bürüyən zaman qəhrəman gözlənilməz, ümidverməyən ağır, ölgün psixoloji vəziyyətlə üz-üzə qalır. Bu nəyə görə belədir? Çünki qarşı tərəf gözlənilən və yaşanılan sevgi xatirələrin yenidən oyanması üçün o qədər də yüksək estetik duyğularla köklənəsi halda deyil. Seyrək saçlar, səliqəsiz geyim, kök ayaqlar qəhrəmanda keçmiş sevgi xatirələrinin yenidən canlanmasına maneə yaradır və belə arzuolunmayan axşamkı görüşün təşkili naminə etdiyi cəhdinə və ümumiyyətlə, bu fikrə düşdüyü üçün indi daxilən heyfsilənmək məcburiyyətində qalır və bunu ağılsızlıq hesab edir. Düşdüyü vəziyyəti məyusluqla və həm də dərin ikrah hissi ilə qarşılayan qəhrəman hisslərinin üzə çıxmasından belə çəkinmir. Ona görə ki, o, canlı, təbii, şirin duyğuların ab-havasından ovunmaq eşqindən artıq indilikdə məhrum olub. Demək, N.Rəsulzadənin qəhrəmanı real həyati fakt, gerçəkliklərlə üzləşdiyi vaxt indinin özündə də bunun necə təbii gerçəklik olduğunu anlasa da, istəyinin həyata keçməməsinə görə barışa bilmir, qarşısında dayanan «keçmiş sevgilisinin» pinti, yaraşıqsız, acınacaqlı görkəminə baxdıqca həm öz halına, həm də onun halına acıyır. Çünki vaxt, zaman gözləmir, hər şey, hər bir hiss, düşüncə, həyat və insan hər an dəyişilməyə məruz qalır və öz təsir axarına qoşulur.
Nəriman Əbdülrəhmanlının «Dönüm» hekayəsində qəhrəmanın daxili ağrıları və yaşantılarını təsvirə çəkməklə, bütövlükdə onun bədii-psixoloji portretinin yaradılmasına cəhd edilir. İlk öncə qəhrəman yeni evlilik həyatının şirin günlərini yaşayır. Uşaq səsi və nəfəsi bu ailədə duyulanda daha yeni canlanma və sevincli anlar yaşanılanda başqa ürəkaçmayan və daha yaxşı geyim – yaşayış barədə arzuolunmayan söz-söhbətlər vəziyyəti gənginləşdirir. Yollar axtarılır, ancaq az keçmədən, istənilən arzu-niyyət həyata keçir, ailə təminatı artıqlaması ilə ödənilir və yenə vəziyyət geriyə dəyişilməyə məruz qalır. Mühüm vəzifədə işləyən əsərin qəhrəmanın bu dəfə ehtiyatsızlıq edib mənimsənilən pul sənədlərində onun imzası olduğu təsdiqlənir və qanun qarşısında cavab verməli olur. Cəzaçəkmə müddətində gənc qadının iki uşağını internata qoyub gözlənilmədən başqasına qoşulub qaçdığını eşitdikdə, o, ağır, mənəvi sarsıntılar içində vurnuxur. Cəzaçəkmə yerindəki qəsəbədə kitabxanaçı qadının təmənnasız qayğıkeşliyi onu daxilən sıxsa da, lakin bunun ondan Öncəki yaranmış gərginliyin azalmasına kömək etdiyini anlayır. Qəhrəman hiss edir ki, indiki anda kitabxanaçı qadının mənəvi məhrəmliyinə daha çox ehtiyac duyur. Qəhrəmana elə gəlir ki, onun həyatına daxil olan bu ikinci qadın Öncəkindən fərqli olaraq daha etibarlı və sadiq həyat yoldaşı ola bilər.
Kamil Əfsəroğlunun «Soyuq ocaq» hekayəsində maraqlı, ibrətamiz, müqayisəli məqamlar da diqqətdən yayınmır. Burada qəhrəman başqa daha acınacaqlı vəziyyətdə mənəvi sarsılmaya məruz qalır. Əsərin qəhrəmanı Ümid kişi əlində həmişə köhnə vedrə, xəkəndaz iznsiz kölgə tək səssizcə sinfə girib öləzimiş, çuqun sobaya kömür tökür və arabir şagirdlərə dərs deyən müəllimənin sözünə qüvvət olaraq bildiyini də danışır, dərsin daha maraqlı və canlı keçməsinə nail olur və bundan özlüyündə böyük zövq alır. Ancaq bir dəfə müharibə veteranları ilə görüş keçirilən zaman məktəb direktorunun səyi nəticəsində Ümid kişinin o qədər də özünün etiraf etdiyi kimi gözə çarpmayan cəbhə xatirələri dinlənildi. Bir gün sonra görüş zamanı rusların əleyhinə artıq-əskik danışmağını bəhanə gətirərək yuxarılarda əks-səda oyatdı. Çuqun sobaya kömür atıb yandırmaqla sinif otaqlarının isinməsinə çalışan əsərin qəhrəmanı, maraqlı söz-söhbətləri ilə müəllimlərin və uşaqların qəlbində isti duyğuların oyanmasına nail olduğu vaxtdan üzü bəri neçə il keçməsinə baxmayaraq, sevimli bu iş məşğuliyyətindən dərhal azad edilməsinə bərk təəssüflənir. Onun yerinə gələn başqa birisi isə müsbət duyğular üzərində köklənmiş Öncəki ab-havanın yenidən canlanmasına heç cəhd göstərmir. Burada iki ayrı qütblərin müqayisəli təhlilində yazıçı insana qayğı, ehtiram və məhəbbət hissinin dərin bədii ifadəsini yaradır.
İbrahim İbrahimlinin “Gözlərində olan qarı» hekayəsində də həyat faktı güclü mənalandırmaları ilə diqqəti çəkir. Bu hekayədə sərt psixoloji təhlil və təsvirə üstünlük verildiyindən, tənhalaşmış, köhnə evlə, tənhalaşan qarının daxili dialoqunda ölüm hissi və bu hissdən doğan ağır və uzun sürən əzablı yaşantı qorxunc bir qüvvə kimi özünün daha qabarıq bədii ifadəsini tapır. Buradakı ölüm hissindən alınan əzablı yaşantı anbaan yaşanıldıqca, tənhalıqla daim üz-üzə qalan qarı indilikdə daha bir əlavə işgəncə və qorxunun əhatəsində çırpınır. Bu da qarının gözlərində nəsə, hansısa sehrli bir qüvvənin ancaq şər meylliyi, şər əmələ xidməti ilə gözə çarpdığından, ətraf aləmdə ikrah hissi ilə müşayiət olunur. Hekayə qəhrəmanını bürüyən bu ikili xoşagəlməz məqamlar əsər boyu davam etdikcə obrazın mühitlə əlaqəsində özünəxas çətinliklər yaradır. Qəhrəman hekayə boyu təkliyin acısını dadır.
Qəhrəman problem kimi yaranmış bu təkliyin acısından yaxa qurtarmaqda çox acizdir. Mənəvi-ruhi dayaqdan məhrum qarı ümidini, pənahını bağlamağa möhkəm dayaq axtarır. Biganəlik, laqeydliklə üzləşən tənha qarı indiki halda daha çox mənəvi, məhrəm hissin, ilıq nəfəsin acısına möhtacdı.
«Rütubət sevgiləri»ni Məqsəd Nur altı bölgü əsasında təqdim edir və görünür, müəllif düşüncələrini bütünlükdə bu altı bölgünün verdiyi bədii imkan və səlahiyyət daxilində; «layihələşdirib», sanki məcburən onun bədii taleyini bu istiqamətdə həll etməyi xoşlayır. Həmin təyin edilmiş «xoşbəxt bölgü» isə müəllifə görə, məhz aşağıdakı şəkildə müəyyənləşir: rütubət sevgiləri, isti göl günü, ördək tərəzi, dəmir göyərçinlər, Ağ mirzə, Əfrayıl.
Əsərin ümumi daxili strukturunu, arxitekturasını özündə cəmləşdirən bu altı bölgü «Rütubət sevgiləri»ndə bir-birinə bağlı çox mətləblərin üzərinə işıq salır. Bu baxımdan, Məqsəd Nurun «Rütubət sevgiləri»ndə özünəxas qəribə həyat mənzərəsi, incidilmiş, tənhalaşan, öz şəxsi, fərdi taleyi olan qəribə insanlara diqqətimiz artır: «Dörd qayalıq arasında dolaşan insan kəskin həyati sınaq qarşısındadı, soyuq qayalığın bətnində məcburən və həm də sanki dəlicəsinə boğucu bataqlıqda üzən adamlar günəşin azacıq da olsa xoş ətrini duymaqdan belə məhrumdu. Başdan ayağa mayası sirr-sehrlə yoğrulmuş bu daş qayalıqda dörd insanın səssiz, lal sükutunda hər şey zorən öz gizli, daxili və tilsimli dramatizmində yaşayır. QAYALIQLA İNSANIN mübarizəsində isə görünür, qayalıqda hökm sürən bu tilsimli həyatın axarını hamı, hər kəs özü-özlüyündə qanunauyğun, təbii bir hadisə kimi qəbul edir və düşünürlər ki, bu, belə də olmalıdır. Və hamı, hər kəs öz işindədir və öz məşğuliyyətləri ilə hər kəs bu sərt təbiətin zorən diktəsi ilə buz qayalığın məzmununda kök atan rütubətli günlərin sərt qanunları ilə yaşamağa borcludurlar. «Rütubət sevgiləri»ndə Məqsəd Nur təhkiyəsində rütubəti, nəmliyi daxili məzmununa hopub bərkimiş daş qayalığın məhz suqovuşan yerindəki tilsimli məkan və məqamın təsviri ilə başlayırsa, o biri tərəfdən, müəllif bədii inikasa cəlb etdiyi hadisə və məkan sırasında bura məhkum olunan və eyni ab-havada ona uyğun öz yaşayış tərzini quran insan taleyi silsiləsində dərinliyə enərək təbiət və insan, hadisə və məkan qarşılaşmasında hansının hansından daha çox qalib çıxması və ya məğlub olması məsələsi yox, öndə birgə anım, yaşayış məqamı və tərzində hər birisi öz növbəsində və mübarizəsində özünəxas funksiyasını yerinə yetirir və məhz ona görə ki, bu, hər birimizin öz haqqıdır. Məqsəd Nurun «Rütubət sevgiləri»ndə öz əksini tapan hadisə və məkan, insan və təbiət qarşılaşmasında bu baxımdan, müəllif təqdimi və niyyətində şərti olaraq seçilən və rütubətli günlərin məkanı kimi simvollaşan sərt qayalıqla tənhalaşan, təklənən insanın məhz bu anda gizli daxili dialoqu başlanırkən təbiətlə insan taleyinin gizli alt qatda köklənmiş dramatizmində ikincinin onu buraya çəkib gətirən səbəblərin üzərinə daha artıq güclü gur işıq salınır. Ancaq bu gur işığın qatı boyalığına eyni miqdarda həzinlik ab-havası çökür. Ancaq təbiətlə insanın lal sükutuna maneəçilik yaradan isə bircə suqovuşan yerdə qayalara sarmanmış palıd, moruq, böyürtkən kolları gecə-gündüz dinməzcə öz sarmanmaqlarında, qayaların sinəsində yatmaqdaydılar və bu sükut içərisində yalquzaqların tükürpədən səsləri, məsələn, bir sal daşın diyirlənib şaqqıldaması vardı». Bütün bunlar isə dörd adamın məhz içində dolaşdığı daş qayalarla ünsiyyətdə və ona sarmanmış palıd, moruq, böyürtkən kollarının çoxdan, lap çoxdan yadırğamış, yadlaşmış uzunmüddətli isti, şirin nəfəsin, mehrin birdən-birə kükrəyib böyük və əzəmətli ruhani sığınacaq kimi mənalandırmasındadır. Bu mənəvi yaxınlaşmaya isə böyük insan cəmiyyətindən incidilmiş, taleyindən, bəxtindən küsən və son anda tənhalaşan daha bir beşinci canlı varlıq – şüurlu insan qoşulur. Şəksiz, o da bu yaxınlaşma prosesində özünü rahat və azad hiss etmək istəyir, çünki yadırğanmış, isti, ilıq nəfəs, mehrin işığına o da tapınmaq, sığınmaq ehtirası ilə çırpınır: «bir daha şoran torpaqlıq kimi qupquru otların rənginə bənzər sifətlərə, gözlərə baxmaq istəmərəm, burda lap döldən də kəsilməyə razıyam: təki sakitlik, dinclik olsun, təki taxtanın səsi taxta, daşın səsi daş olsun, gözlərin qapağı, kirpiklərin qırpımı orda gördüyüm kimi olmasın».
«Rütubət sevgiləri»ndə müəllif təhkiyəsinin işığı ilə qayalıq məkanın sakini qəribə taleli daha bir adamın hüznlü həyat tarixcəsinə nəzər yetirilir, qəhrəmanın ömrü yalnız bir neçə an və məqamlarda xatırlanır. Xatırlama dönümündə isti göllə bağlı qəribə anlaşılmaz hiss, duyğuların bədii aynasında mamırlı rütubətli, soyuq qayalığın tilsimli cazibəsinə yuvarlanan insan və onun fərdi taleyi məhz isti gölün əsrarəngiz işığına tapınan anda öz dəyərli həyati qiymətini əldə edir.
«Rütubət sevgiləri»ndə eyni dərəcədə Zeynəb də özünəxas həyat tərzi keçirən, hüznlü, fərdi taleyi olan, məhz rütubətli qayalığın qoynunda yaşayıb öz küskün taleyi ilə barışan bir qadın obrazı kimi təqdim olunur. Qayalığın digər sakinləri kimi Zeynəbdən də rütubətlə boy atıb rişələnən sonsuzluq yan keçməmişdir. Sonsuzluq Zeynəbin özünəxas həyat şamını çox böyük insafsızlıqla və amansızcasına söndürmüşdüsə, buna baxmayaraq, ümidini övladlığa götürdüyü qardaşı qızına bağlamışdır. Ancaq sonuncu ümid də puça dönəndə Zeynəb də həyata, özəlliklə öz fərdi taleyinə acıma hissi birdən-birə gərilib böyüyərək özünün nəhəng dairəsində alovlu və üsyankar etirazla özünüintihar şəklində üzə çıxdı. Zeynəbdəki özünüintihar və itki öz şəxsi dünyasında sevə-sevə əzizlədiyi, bəslədiyinin təbii itkisi və nəticəsi idi. Zeynəb bu qarşısıalınmaz itkinin verdiyi ağır, üzüntülü, işgəncəli əzaba hədsiz dözümlüyü ilə çırpındığı halda, ən münasib çıxış yolu kimi özünüintiharı seçmişdi. Ona görə ki, dörd qayalıq arasında rütubətliyin ab-havasında uyuyan sakinlərin nəsibi ancaq TƏKLİYİN, TƏNHALIĞIN can üzən qaranlıqlı burulğanında boğulmaq idi. İnsan burada azacıq həyat işartısı olan ürəkaçan təbii istək və meyillərin acısına daha çox möhtacdı.
«Rütubət sevgiləri»ndə hətta qayalıq sakinlərinin özünə sığınacaq kimi qurduğu evlər, küçələrdə onların qəribə taleyinə daha bir qəribəlik əlavə edir. Məqsəd Nurun təhkiyəsində öz bədii təsvirini tapan və diqqəti özünə çəkən detallardan biri və ən başlıcası odur ki, buradakı adamların evləri də elə bil bütünlüklə yaşayış tərzinin daxili mahiyyət və məzmununu özündə əridən dərdli, hüznlü günlərin simvolik mənası ilə yaddaqalan daş qayalığın nəmli havasında daralıb boğulur, adamlarla birgə elə bil artıq yükə çevrilir və sonsuzlaşır.
«Rütubət sevgiləri»nin ümumi bədii toxumasında hadisə və məkanların bədii təsvir və təhkiyəsində gerçəklənən surətlər sırasında xüsusi rola malik müəllif obrazı görünür. Burada müəllif obrazı əsərdə iştirak edən digər personajlarla eyni bədii əhval-ruhiyyədə, eyni mühitdə, eyni qayalığın sərt – rütubətli ab-havasında qəhrəmanlarla birgə nəfəs alır, birgə yoldaşlıq edir.
Məsələn, deyək ki, belə: «Bir dəfə məni də (lap soyuq və qarlı gündə) özüylə gölə götürdü. Çay qırağında yerdən qaynayan isti su qovuşuna apardı. Susurdu: onu danışdırmaq olmurdu. Mən ona gördüyüm dəhşətli yuxunu danışanda da qımıldanmadı» və s.
Usuboğlunun «Sonsuz» hekayəsinin qəhrəmanı nisgilli həyat axarında öz fəci taleyini yaşayır. Əsərin qəhrəmanı olan Məmmədi on il bir yastığa baş qoyduğu, birgə yaşadığı ömür-gün yoldaşından birdən-birə imtina etməyə nə vadar edirdi? Hekayədə qoyulan problem məhz bu obrazın üzərində cəmləşir. Ailə ocaqdır. Bu ocağa sığınan, tapınan insan onun isti, ilıq qoynunda rahatlıq tapdığı üçün özünü bu rahatlığın verdiyi gizli ruhi şirinlik və qidadan heç vaxt məhrum edə bilmir. İnsan bu rahatlığında öz ocağının istisinə daha çox qızınmaq istəyir. Əsərin qəhrəmanı Məmməd də xoşbəxt ailə həyatı yaşamaq istəyir. Fəqət sonsuzluq ailə səadətinin şirinliyini amansız və qəddarcasına onun əlindən alır. Ailə məhv olub dağılır. Bu baxımdan, Usuboğlunun «Sonsuz» hekayəsinin təsvir və təhkiyəsində əksini tapan onillik ailə həyatının üzüntülü günlərin bütün ağırlığını canına, qanına çəkən qəhrəmanın daxili yaşantısı çox təbii görünür. Əsərdə bədii-psixoloji-təhlil dərinə endikcə obrazların daxili aləmi bütün çoxqatlı tərəfləri ilə göz önündə canlanır. Məmmədin də, Güllünün də bir bütöv halında cəmləşən nisgilli bədii-psixoloji portretində ümumi nisgilli ailə obrazının ab-havası insanı heç vaxt tərk etmir.
Mübariz Cəfərlinin «Üzbəüz» hekayəsi də ailə-məişət mövzusu üzərində qurulub. Əsərin məzmunundan aydın olur ki, ərlə arvad uzun müddət evli olmaqlarına baxmayaraq, ailəmin sevincini vaxtında dada və duya bilmir. Hekayədə problem kimi qoyulan münaqişənin mərkəzdə əsasən ailə ocağını isindirən mənəvi körpü rolunu oynayan əlavə isti insan nəfəsinin, körpə uşaq dünyasının duyulmamasıdır. Bu da ailənin qütblərini təmsil edən ərlə-arvad arasında mühüm və qarşısıalınmaz şərt qoyur. Hekayədə diqqətə çatdırılan bu əsas məsələnin bədii həllində yazıçı bəzən əsər boyu xoş zarafatın, şirin yumorun ab-havasından yoğrulan, bir az da lirik, romantik qat və uyarlığın bənzərsiz təəssüratına daha çox üstünlük verilir.
Eyvaz Əlləzoğlunun «Fitnə» hekayəsində əsas diqqət obrazın daxili-mənəvi dünyasının xırda detallarına qədər əyani bədii lövhələrlə canlandırılmasına və bununla da qəhrəmanın xüsusi fərdi keyfiyyətlərinin daha qabarıq işıqlandırılması üçün onun dolğun, bütöv xarakterinin yaradılmasına yönəldilir. Hekayəni oxuduqca tanış olursan ki, ömrünü, gününü daim at belində, çöl-bayır işləri ilə keçirən bədii qəhrəman (hekayədə qəhrəmanın adı göstərilmir) evdə, ailədə xüsusi çəkisi, nüfuzu, davranışı və rəftarı ilə özünəxas sərt ab-hava yaradır. Tutulmamışdan öncə, cavanlığında dağda hər gecə qonşu binəyə qoyun, at oğurluğuna gedir. Hər gecə oğurluq qoçu kəsib dərisini soyur, ətindən kabab çəkib ailəsini yedizdirir və beləcə dolanışıqla qız köçürüb, oğul evləndirmişdi. Qızının düşdüyü yer, ailə onu razı salmışdısa, böyük gəlinindən o qədər də yarımamış, buna görə oğlunu özü kimi sərt, möhkəm iradə sahibi olmadığı üçün həmişə gözümçıxdıya salmış, kiçik oğlu isə qardaşından fərqli olaraq atasına çəkdiyinə görə, ondan razı qalmış, hətta qız qaçırmağına da özünəməxsus məsləhətləri ilə kömək etmişdir.
Demək, qəhrəman yazıçının təsvir və təhkiyəsinə görə sadiqlik göstərərək son ana qədər xarakterinin qorunmasına nail olur və onun dəyişilməz olduğu obrazdan çıxış edilərək nümayiş etdirilir və bədii həqiqətin aynasında təsdiqlənir.
Müharibə insanların taleyi, yaşayış və düşüncə tərzində ağrılı cəhətləri ilə sağalmaz və silinməz izlər buraxır. Yetmiş il boyunduruq altında addımlayaraq SSRİ məkanında ötən 15 respublikalardan biri kimi yaşayan Azərbaycan dövləti əsrin 80-ci illərin sonundan başlayaraq, azad, müstəqil, hüquqi dövlət uğrunda mübarizəyə qalxır. Tarixə çevrilmiş ötən 90-cı illərin ilk dövrlərindən etibarən ölkəmiz dövlət müstəqilliyinə nail oldu. Bununla bərabər, çoxdan bəri bizim torpaqlarımızda gözü olan qonşu Ermənistan dövləti ərazimizin faydalı, əvəzsiz, zəngin sərvətlərə malik olan Qarabağ torpağını neçə illərdir işğal altında saxlayır. Ölkəmiz, xalqımız neçə illərdir ki, qonşu Ermənistan dövlətinin işğalçılıq siyasətini pisləyir və bunu bütün dünya dövlətləri və xalqları qarşısında qaldırıb bəyan edir. Ədəbiyyatımız da hər dövrdə olduğu kimi, ölkəmizin ərazi bütövlüyünü dəstəkləyir, onun bədii təsvir obyektinə çevrilməsinə nail olur. Nəzərdən keçirdiyimiz son dövr hekayə nümunələrində bunun aydın, qabarıq bədii ifadəsini görürük. Qarabağla əlaqəli bədii səhnələr təfərrüatı ilə açılır, insanı səylə, cidd-cəhdlə düşünməyə vadar edir və torpaq itkisi ilə barışmayaraq vətən sevgisi naminə mübarizəyə səsləyir.
İsa Hüseynovun “Şapalaq” hekayəsində azərbaycanlı ailəsi ilə dostluq edən və birgə yeyib-içən erməninin son anda ikiüzlü hərəkət və davranışları ilə müşayiət olunaraq qarşı tərəfdə güclü ikrah hissinin oyanmasına təkan verir. Firuzə Məmmədlinin bu cəhətdən iki hekayəsi diqqəti çəkir. Yazıçının “Atilla, Atilla, Atilla” əsərində itirilmiş hissiyyatları, paslanmış beyinləri vətəndaşlıq duyğuları ilə oyadan, titrədən hüznlü, eyni zamanda, döyüşə, vuruşa, mübarizəyə səsləyən “Qarabağ uğrunda qılınc (oxu: silah) götür, vuruş” ideyası tarixi-mifoloji nümunələrdən sanıdığımız əzəmətli Atilla simasında gerçəkləşib qabardılır.
Yazıçının bu hekayəsində qoyulan problem, təsvir olunan hadisə, vəziyyət qüvvətli vətəndaşlıq duyğusuna köklənib təhlilə çəkildiyindən başqa Qarabağla əlaqəli yazılan Qarabağnamələrin lirik-romantik nəsr nümunəsi kimi dəyərləndirmək olar. Müəllifin “Müsibət” əsərində toxunulan mövzuda da Qarabağ torpaqlarının itkisi ilə bağlı vətəndaş təəssübkeşliyi öndə dayanır. Burada olacaq gerçəkliklərin öncə duyulması kimi gələcək arzuolunmaz məqamların qarşısını almaq üçün imkan yaradırsa, bundan bəhrələnməkdənsə, onun məhvinə gətirib çıxarır. “Müsibət” hekayəsində məhz qabaqcadan hiss edilən öncə duyum hadisəsinə inanmağın nəticəsi o olur ki, məhedici şər qüvvə öz əməlində israrlı, qətiyyətlidir. Əsərdə şər qüvvəni təmsil edən işğalçı tərəf – qonşu ölkə istənilən vaxt imkanlarını işə salır, hansı yolla, necə, nə iləsə zəbt edəcəyi ərazilərdə içəridən daxili qarmaqarışıqlıq yaratmaqla, şər niyyətlərinin baş tutacağına inanır və belə də edir. Qarşı tərəf öyrənir ki, yaxınlaşacağı həmin yaşayış məskənində toy olmalıdır. Toy ərəfəsi müvəqqəti atəşi dayandırıb sakitliyə riayət etməklə, qonşuların isə bu sakitlikdən istifadə edib toy gününün tezləşdirməsini qabaqcadan bildiyindən, məhz toy gecəsi güclü atışma yaradır, onların xeyir işini pozub daxili sarsılmaya məruz qoymaq, ümidsizliyə qapılıb oranın tərk edilməsinə nail olmaq istəyir. Yazıçı hekayədə təsvirini tapan işğalçı ölkənin bədniyyətli, qəddar, amansız hərəkətlərinin qabarıq bədii ifadəsində onların qonşusu olduğu xalqın müqəddəs toy mərasimlərinin icra edilməsi gününə təhqirdolu hərəkətləri ilə ümumbəşəri nifrətə layiq olduqlarını ibrətamiz epizodlarla təqdim edir.
Yaradıcılığında əsasən müharibə mövzusuna önəm verən Miraslan Bəkirli “Yadigar” hekayəsində onun insan taleyində oynadığı acı həqiqətlərin, dəhşətli məqamların bədii ifadəsini verir. Əsərin qəhrəmanı min bir əzab-əziyyətlə qəpik-quruş hesabına tikdirdiyi evdə rahat sığınacaq tapa bilmir, müharibənin törətdiyi ağlasığmaz vəhşiliklər, yerindən, yurdundan, doğma torpağından, el-obasından ayrı düşmüş adamların acınacaqlı taleyi yazıçının əsərində ürəkağrısı ilə xatırlanır. Vətəndaşlıq duyğusu ilə yoğrulan bu hekayədə həm nisgil, həm də düşmənə qarşı qüvvətli nifrət var.
Aygün Həsənoğlunun “Qarabağı qaytaran oğlan və ya Fərhad əfsanəsi” hekayəsində müharibə mövzusu və əsirliyin əzablı, işgəncəli həyatı bütün ağırlığı, gərilmiş halları kəskinliyi ilə bədii mətnə köçürülür. Və bütöv halda müharibə obrazının bədii-psixoloji portretinə çevrilir. A.Həsənoğlunun təsvirlərində müharibə obrazından alınan görümlülük əsər boyu səpələnir. Müharibə anlayışı yazıçının bədii düşüncəsində, hətta obrazların nitqində özünəxas cəhətləri ilə açılır. Hekayə rəsmi, sənədli faktlar əsasında qələmə alınsa da hadisə və proseslərin və insan taleyinin güclü bədii-mifik təsir və mənalandırmaları baxımından təbiiliyi, inandırıcılığı ilə diqqəti çəkir. Əsərin qəhrəmanı iyirmi bir yaşlı Fərhad daim ağır, üzücü işgəncələrə məruz qalsa da əsl igid kimi aydın, işıqlı əqidənin yorulmaz mübarizəsi olaraq yüksəlir. Hekayədə təsvirini tapan bu obraz mifikləşərək rozulmaz qan yaddaşında bərkiyib ucalan ruhu ilə yazıçının bədii düşüncəsində və estetik idealında torpaqlaşan qurd balasının rəmzi-simvolik obrazı kimi mənalanır. Hekayədən misal kimi götürülən kiçik mətn fikrimizə bu baxımdan söykənəklidir; oğlanın içərisinə torpağın özü yox, ruhu dolurdu və bütün vücudu hissə-hissə torpaqlaşırdı və bu dəyişiklik elə sürətlə baş verirdi ki, hay onun saçından yapışıb qaldıranda gözlərinə inanmadı, oğlan dirçəlmişdi, əzabdan, döyülməkdən və ucalıqdan solğunlaşmış sifətinə həyat eşqi gəlmişdi. Şişmiş gözləri də elə qəzəblə parıldayırdı ki… Haya elə gəldi ki, əlinin altındakı bir qurd balasıdır… İndi anladı ki, bütün bu bədəni parça-parça olmuş oğlanın bütün ruhunda torpaq varmış, bu torpağı ondan qoparmaq, almaq mümkünsüz bir şeymiş”.
Mərziyyə Səlahəddinin hekayələri əsasən müharibə mövzusu üzərində qurulub. Müharibənin yaratdığı bir sıra çətinliklər, problemlər və ya müharibə anlayışına münasibət, müharibə psixologiyası bütün cəhətləri, tərəfləri ilə Mərziyyə Səlahəddinin təsvirlərində özünün məxsusi bədii inikasını tapır. «Bağışlanmayan günah» hekayəsində yazıçı bu baxımdan diqqəti birbaşa müharibə obrazının özünə cəmləşdirir. Müharibə ab-havası, müharibə psixologiyasından yoğrulan düşmən obrazını müharibənin məhz daxili qatlarından arayan və onu bədii tədqiqata uğurla tətbiq edən müəllif burada düşmən obrazını da müharibə obrazının nəhəng dairəsindən ayrı təsəvvür etmir. Birinci düşmən konkret olaraq məlumdur ki, hansı düşmənlə üz-üzə dayanılır. İkinci düşmən obrazının ümumiləşməsində isə müəllif öz içərilərində olan daxili düşməni olduqca təhlükəli meyl kimi qiymətləndirir və ikinci qütbdə dayanan bu düşmənçilik anlayışında Mərziyyə Səlahəddin məhz bağışlanmayan günah hesab edir. Daxili düşməni vaxtında aşkarlayıb yerindəcə tədbir görmək, onu tam zərərsizləşdirmək işin əsas cəhətidir. Ancaq daxili düşməni vaxtında aşkarlamaq yolunda inadkarcasına göstərilən passivlik mövqeyindən düşmənçilik meyllərinin real olaraq aktivləşməsinə gətirib çıxartdı. Demək müharibə anlayışının çoxqatlı tərəflərini yazıçı olduqcu düzgün dərk etmiş və onun bədii estetik həllini də çlx dəqiq yerinə yetirmişdir və müəllif niyyəti bu halda oxucu üçün aydın olur.
Mərziyyə Səlahəddinin «Qapı ağzında» hekayəsində müharibə obrazına tamam başqa yöndən bədii işıq salır. Yazıçının bu hekayəsi iki müharibənin ağrı-acısını yaşayan bir nəslin tarixi taleyi fonunda izlənilsə də müəllif onun bədiilik və estetik ideal baxımından mənalandırmağı bacarır. Burada nəsillərin taleyi iki müharibənin dəhşətlərini özündə hopduran hüzünlü, nisgilli anım və yaşantıları tünd boyaların qatılığında daha caqlı bədii lövhələrlə təqdim olunur. Hekayənin qəhrəmanı Rəhim kişi qapı ağzında qoyulmuş kötük üzərində ona görə oturub ki, haçansa, nə vaxtsa lap elə indilərdə üzünü heç görmədiyi, ancaq şəkildən tanıdığı müharibədə olan atası qayıdıb sevinclə qapını açacaq və kbtük üstə oturub onu gözləyən oğlunun üzündən öpəcək, oğul da öz növbəsində ona sığınıb atasının çoxdan qəribsəmiş bu məhrəm, ilıq, isti nəfəsin ab-havası ilə ovunub rahatlıq tapacaq. Ancaq bu belə olmur. Rəhim kişi qapı ağzında gözləyə-gözləyə ikinci nisgilli daha bir nigarançılıqla üz-üzə dayanır. Yazıçının təsvir və təhkiyəsində özünün daha qabarıq bədii ifadəsini tapan bu nigarançılığın bətnində ikinci daha ağır dərd nisgil cücərib böyüdükcə bu ağır dərdin böyüklüyündən Rəhim kişi tab gətirə bilmir. Ancaq oğlu Şahin isə atası Rəhim kişinin illərdən bəri çəkdiyi əzabın, nisgilin, dərdin böyük və nəhəng bir toplusunu məmnuniyyətlə öz üzərinə götürdü. Çünki onun buna mənəvi haqqı çatırdı. Və həqiqətən insanların xoşbəxt gələcəyi, taleyi yolunda danılmaz xidməti olduğu üçün məhz onların taleyi qarşısında məsuliyyətli cavabdehlik hüququnu qazandırdı. Bu da onu göstərir ki, yazıçı hekayədə qoyulan məsələnin bədii həllini artıq təyin etmişdi.
Mərziyyə Səlahəddinin «Ata ocağı» hekayəsində də insanın taleyi, ailənin, ata ocağının qorunması yolunda mənəvi cavabdehlik daha dərin qatları ilə göz önündə canlanır və yeni məna kəsb edir. Bu hekayədə ata ocağına hörmət, ehtiram hissi çox güclüdür, eyni zamanda ata ocağında qardaş itkisindən doğan ağır kədər, nisgil əlavə olaraq əsərin dərin, sarsıntılı hüznlü psixoloji ovqatda qavranılmasına, problemin güclü bədii estetik təsir gücü baxımından həllinə təbii olaraq rəvac verir. Ölüm anının yaşantısından doğan ayrılıq bütün yekayə boyu məhz nisgilliyi və ağırlığı ilə hiss və dərk olunur. 13-14 yaşlı Sənəm məhz yaşı az olmasına baxmayaraq özlüyündə gərgin sarsıntılı an və məqam burulğanında vurnuxur. Ailənin bütün ağırlığı, məsuliyyəti bu azyaşlı qızın zərif çiyninə sanki qəsdən və insafsızcasına hörülür, qız az yaşına uyğun gəlməyən bu qədər ağır, üzüntülü hörgünü isə özlüyündə elə bil bunu təbii və qanuni hesab edir, yəni başqa cür heç ola bilməzdi, yəni bu ağırlıq, bu məsuliyyətli yük, məhz bu azyaşlı Sənəmə, onun zərif boynuna, sadəlövh varlığına biçilib və ona məxsus olmalıdır. Sənəmin ocaq çatıb yandırma anında da faktdan eyni dərəcədə mənalandırma təəssüratı güclü bədii effekt yaradır. Burada insanın taleyi və həyatı hekayədə məhz ocaqla əlaqələndiyi üçün özünəxas həyati və bədii dəyər əldə edilir. Ocaq insan üçün tükənməz həyat sevinci, işıq mənbəyi olduğu üçün insan hər zaman ona sığınır, ona tapınır, məhz onda özünə lazım olan işıqlı tale, həyat ocağı axtarır, çünki ocağın məzmununda və mahiyyətində isinmək və isinə-isinə ovunmaq ehtirası, alovu və məqamı ilə yaşamaq hökm sürür. Ancaq bu isinmədə insan, fərd, şəxsiyyət təkcə özü yox, özünün nəfəsi, qanı, canı, ilə isinə-isinə ovunan və yoğrulan bir küll, bir vəhdət halında, vahid bir məkanda cəmləşən neçə-neçə isti insan nəfəsinin mehrinin ocağına, onun qaynar,gur nəhəng və əzəmi işığına sığınıb həsrəti ilə çırpınır. Əslində Mərziyyə Səlahəddinin «Ata ocağı» hekayəsindən alınan ideya, qənaət, məna da budur.
Nəzərdən keçirdiyimiz illərin hekayə yaradıcılığında ruhani gerçəkliklə real dünyanın üzvi əlaqəsini təsvirə çəkən müəlliflər arasında əsasən yeni gənc nəslin özünəxas payı var. Məsələn, İbrahim İbrahimlinin mövzu-predmet, forma-struktur janr və üslub baxımından tamamilə yeni olan nəsrində ömrün o üzü olan ilahi məkan, ruhani gerçəkliklə yaşadığımız dünya arasında daxili bağlılığı əks etdirən bədii lövhələrlə hadisə və əhvalat birbaşa fərdin daxili düşüncələr sistemindən kök atıb rişələnir. Təqdim olunan bu iki gerçəklik, iki dünya tamamilə tamam yeni bədii qat və məzmunda və bir vəhdət halında üzə çıxaraq mənalanır. Ümumilikdə isə İbrahimli yaradıcılığında bu bütöv bədii-estetik konsepsiya kimi qiymətləndirilə bilər. İbrahimli nəsrində xüsusi seçilmiş tənhalıq, lakin bu tənhalıqda özünəxas dünyası olan bir şəxsin, fərdin obrazı ruhani gerçəkliklə əlaqəsi sıx vəhdətdə alınır. İbrahimli qəhrəmanının mənəvi həyatında iki dünya, iki gerçəklik üz-üzə dayanır. Mövcud real dünya ilə ömrün o üzü olan əbədi məkan, ruhani gerçəklik İbrahimli personajlarını ən çox məşğul edən məqamdır. Obraz əsər boyu daxili düşüncələr sistemində daim ömrü o üzü olan ruhani həyatda mövcud real gerçəkliyin ümumi qovşağında çırpınır. Bu baxımdan, İbrahimlinin “Gözlərimin gözləri” hekayəsində daxili düşüncələr bir sistem halında izlənilir və sonadək bu bədii proses inkişaf etdirilir. Qəhrəman bu dünya ilə o dünyanın tamlıqda vəhdətini yaratmaq ümidindədir. O, hər hansısa qeyri-adi olacaq hadisəni qabaqcadan duyduğundan, bir müddət özünü varlıq kimi unudur. Cismi ilə yox, ruhən özünü ömrün o üzü olan dünyanın sakini kimi hiss edir. Bu nədir? Maddi varlıq olan insan cismi ona bəxş edilən ruh, canla hərəkət edir, yaşayır. Demək, insanda cisim ilə can vəhdət təşkil etdiyindən, o, bütöv halda qavranılır və dərk edilir. İbrahimlinin qəhrəmanı özünü bu cəhətdən cismi ilə can, bir az geniş götürülsə, maddi gerçəkliklə ruhani aləmin, bu dünya ilə o dünyanın vəhdətində alır və dərk edir.
Bəllidir ki, hekayə kiçikhəcmli epik janr olduğundan, burada əksini tapan fakt, gerçəklik qısa, yığcam formada oxucuya çatdırılmalı, ayrıca alınmış, seçilmiş və izlənilən əhvalat, hadisə, vəziyyət, insan taleyi fonunda bütöv cəmiyyətin, mühitin ümumiləşmiş simvolik obrazını yaradır. Ancaq son 2001-2005-ci illərin hekayə nümunələrində bəzən hekayə janrına məxsus spesifik cəhətlər unudulur. Obrazın fərdi taleyinin izlənilməsi xəttində bəzən quraşdırma səhnələr, süni dialoqlar, hadisə və əhvalatların bəzən vəziyyətdən doğmadığı hekayə nümunələrində aydın nəzərə çarpır. Təcrübəli yazıçı, qocaman sənətkar Qılman İlkinin “Gəlin” hekayəsi əxlaqi-mənəvi məsələlər üzərində qurulub. Hekayənin məzmunundan aydın olur ki, ailəyə gəlin kimi yenicə daxil olmuş Fərda mülayimliyi, qayğıkeşliyi, işgüzarlığı il özünü göstərsə də, bunun müqabilində qayınatası Rizvanın mənəvi himayəsini görür. Gənc həyat yoldaşı Niyaz və qayınanası Qəmər tərəfdən uşağın olmaması bəhanə gətirilərək hər an ögey münasibətlə qarşılaşır. Hətta bir neçə dəfə qayınatası onlardan belə şər işlərindən əl çəkmələrini tələb etsə də yenə gəlini incitməkdən çəkinməmiş, əksinə, o evdə olmadığı müddətdə Fərdanı evdən qovub çıxarmaqla onun əsəb gərginliyindən xəstəxanaya düşməsinə nail olmuş, ancaq buna baxmayaraq, qayınatası xəstəxana xəbərini eşidən tək ora yollanmış, oğlu və arvadı tərəfindən nahaq incidildiyi üçün özü onların əvəzindən üzr istəmiş və bunun müqabilində Fərda da qayınatasını uşağın doğulması kimi xoş xəbərlə sevindirmiş. Buna baxmayaraq, Fərdanı hər vaxt bir bəhanə gətirib qaralayan ərinin heç nə olmamış kimi süni sevincəkliklə xəstəxanaya qaçması və qayınatasının isə heç də qayğıkeş, mülayim görünməməsi təəccüb doğurur. Ümumiyyətlə, hekayədə təsvirini tapan hadisə, əhvalatın zahirən cəlbedici olsa da Qəmər və Niyaz surətlərindəki hərəkət və davranışların bəzən təbii vəziyyətdən doğmadığı öndə dayanır. Niyaz və Qəmər əsərdə oxucunun bədii qavrayışı və duyumunda daxili yaşantıları ilə göz önündə dayanan təbii, canlı obraz kimi daxil ola bilmir. Nəzərdən keçirdiyimiz hekayə nümunəsində bəzən səliqəsiz, əlavə, artıq mətnlərə, təkrarçılığa, bir-birinə uyuşmayan söz və ifadələrə olduqca geniş yer ayrıldığından fikir, ideya unudulur, çatdırılan qayə-məzmun lazımi səviyyədə yüksək estetik təəssürat oyana bilmir. Qələminə inandığımız Nəriman Əbdülrəhmanlının “Yelçəkən” hekayəsində yumoristik təhkiyə üsulu qarışıq ciddi, dramatik, ibrətamiz fəci məqamın analitik aydın bədii təhlili öndə dayanır. Əsərdə təsvir olunan qəhrəmanın anlayışına görə gecələr canı dünyanın yelini içinə çəkdiyindən, səhər qalxarkən canındakı yel onu rahat buraxmır, o yel çıxana qədər bütün günü özünü “oda-közə vurur”. Ancaq əslində, məsələnin mahiyyəti nədədir? Ömrünün əlli ilini yelə qoşulub getmək, amma hara getdiyini bilə-bilə uçuruma yuvarlandığını anlaya-anlaya bu arzuolunmayan yoldan dönmək üçün cəhd eləməyə, yelə verilən ömürdən qurtulmaq naminə möhkəm iradə, daxili güc tələb olunduğu halda, qəhrəmanı bürüyən daxili fikri, hissi halsızlıq, hərəkətsizlik onu gözəçarpan bu dərin böhranından çıxara bilmir. Zamanında institutu bitirməmiş, əməlli-başlı bir işlə məşğul olmamış “absurd ideyaların ardınca düşüb ona-buna elmi əsər yazmaqla, məhz onun qələmi ilə çoxları elmlər namizədi, elmləri doktoru olub kitab çap etdirir. Ad-san qazanır, vəzifələr tutur, o isə sıxıla-sıxıla aldığı beş-üç manatı kababxana, çayxanalarda arı balı kimi başına yığışanlara xərcləyib havaya sovurur, ailə-uşaq sahibi olmaq fikrini heç yaxına buraxmayıb. İndi isə dörd-beş yeşik kitab-dəftərdən qalaq-qalaq yazı-pozudan başqa daha heç nəyi, hətta evi olmayan bu zavallı kirayələrdə gününü keçirir. Ciddi, maraqlı mövzu üzərində qurulan bu hekayədə oxucunu düşünməyə təhrik edən bir sıra məqamlar diqqətdən yayınmır. Böhran vəziyyətini keçirən insanın o qədər də ürəkaçmayan tale, ömür yolu izlənilir. Buna baxmayaraq, Nərimanın hekayəsində bəzən dil və üslub nöqteyi-nəzərindən müəyyən qüsurlar gözə çarpmaqdadır. Bu da öz növbəsində, əsərin taleyinə mənfi təsirini göstərməyə bilməz. Məsələn, N.Əbdülrəhmanlının əsərlərində müşahidə edilən “pilə-pötür”, “təfəriclə”, “hüt-hüt, höləkə” və başqa bu kimi anlaşılmaz söz və ifadələrlə yanaşı, cümlədə ən çox fel kökünə üçüncü şəxsin təkində işlənən –ıb, -ib, ub, -üb xəbər şəkilçiləri lə yüklənərək ümumilikdə, hekayənin oxunmasını çətinləşdirir. Məsələn, “başını bulayıb, köksünü ötürüb, hətta bir-iki kərə gövdəsinin ağır yerini stuldan qaldırmağa cəhd eləyib”, “birtəhər toxtayıb oxumağına ara verməyib, əksinə, ağzını dostunun qulağına daha da yavuqlaşdırdı”, “bir qaravəlli danışıb, bir-iki şəbədə söyləyib, yanşaqla aşığın fərqini izah edib”və s.
Digər bir misal: Eyvaz Zeynallının “Adi əhvalat” hekayəsində bir ailə çərçivəsində baş verən hadisə və əhvalatların mərkəzində əsasən lazımsız, qarışıq, ordan-burdan yığma söz-söhbətlər yükləndiyindən və üstünlük təşkil edildiyindən, mətnin qavranılmasında əlavə ağırlıq, yoruculuq yaradır. Hətta müəllifin təsvir və təhkiyəsində, obrazlara verdiyi bədii xarakteristikada belə dil və üslub baxımından ciddi qüsurlar görmək mümkündür. Məsələn, həmin yazıçının adı çəkilən hekayəsinin mətninə diqqət yetirək: “Elə bil birdən-birə arvadın (Nabat arvadın) başında köhnə yellər oynadı, beyninin qurdu tərpəndi. Komsomol vaxtı ateizm təbliğatı ilə (?) kənddə at oynatdığı (?) illərə qayıtdı. Köklü təhsili yoxdu. Tutuquşu kimi özgəsinin sözlərini təkrarlayırdı. İndi səki (?) sərbərstlik, əqidə azadlığıydı, lakin həmin kor-koranəlik, naşılıq, tələskənliklə işləyən əks təbliğat maşını (?) yeni bir oyunbazlıqda dinə-imana qayıdışa çağırırdı. O zamankı ab-hava, görüntü əllamə ateizmin, Allahsızlığın yalançı təntənəsiydi, hal-hazırki buqələmunçuluq da ciddi bir şey vəd etmirdi” və s. Eyvaz Zeynallının “Adi əhvalat” hekayəsindən seçilən bu mətndə bədiilikdən çox publisistik ünsür öndə dayanır. Hekayənin qəhrəmanı Nabat arvad haqqında verilən müəllif şərhlərində ayrılıqda fərdi xüsusiyyətləri ilə yaddaqalan canlı obraz kimi şərtlənmir. Mətndə bir-biri ilə uyuşmayan fikirlər, söz və ifadələr baş alıb gedir. Oxucu isə hekayədən alınan hər hansı bədii fakt və hadisənin, yaxud insan taleyinin yazıçı baxışında işlənilməsinə və onun necə, hansı şəkildə mənalandırılmasının konkret əyani bədii nümunəsini görmək istəyir. Eyvaz Zeynallının həmin hekayəsində rast gəlinən bəzi dil və üslub qüsurları da bu cəhətdən əsərin bədii-estetik tələblər nəzərindən onun tam, bütöv halda qavranılmasına mənfi təsir göstərir. Məsələn, “qarının heç nazarına da olmadı”, “motunu qaldırıb”, “motal tutlar”, “bir-birinə çələkliydi”, “arxın qıjovunda” və başqa bu kimi söz və ifadələrin işlədilməsi bədii mətndə əlavə anlaşılmazlıq yaradır. Belə dil qüsurlarını başqa müəlliflərin, məsələn, Kamil Əfsəroğlu əsərlərində müşahidə etmək mümkündür. Yazıçının “Mərc” hekayəsində “təşərliyindən qalmadı”, bir sərnişin əzvayışını, “hozakılığından” “Qan iyi” əsərində “” “ağıldan qurrey”, “həllə huş”, “nəmov iz”, “çəvirçəkləri köpüklənmişdi”, “karsalaya”, “Soyuq ocaq” hekayəsində “şaxta özü soyuqdan üşüyürmüş kimi” söz, ifadə və cümlələr oxucu üçün anlaşılmaz qalır.
Eyni durumu İbrahim İbrahimli, Eyvaz Əlləzoğlu, Məqsəd Nur və başqalarının əsərlərində qabarıq nəzərə çarpır. Gənc nasir M.Nurun nəsr yaradıcılığını izləyərkən ondakı mətnə yanaşma baxımından şıltaqcasına həddən artıq söz və ifadə sərbəstliyi, daha doğrusu, təsvir və təhkiyədəki söz və ifadələrlə uşaq şıltaqlığı ilə davranmasında əlbəttə, bu halda müəllifin sərbəst yaradıcılıq üslubuna toxunmamaq şərti ilə tələb olunacaq müəyyən bədii-estetik kriteriyaların gözlənilməməsi ideya-məzmun və yerində olsa belə, əsər alınan təəssüratı sona qədər davamlı olaraq oxucu qavrayışı və duyumunda yüksək səviyyədə doğrulda bilmir. Buna görə hekayədə qoyulan problem son ana qədər dəyərli ictimai məzmun yükünü artıra bilmir. Bu baxımdan, gənc nasirin digər əsərlərində, məsələn, deyək ki, “Arxaş” köhnə qəbiristanlıq yerində dəmir yarpaqlar və başqa hekayələrində olduğu kimi, “Rütubət sevgiləri” adlı nəsrində mətnə yanaşmada, bədii təsvir və təhkiyəsində uşaq şıltaqlığını xatırladan davranışları ilə müşayiət olunur. “Rütubət sevgiləri”nin ümumi bədii arxitekturasında bəzən əsərə yovuşmayan, bütöv bədii mətnin tərkib hissəsi ilə heç cür səsləşməyən kənar, yad notlar əlavə olunur. Bu da əsərin ümumi bədii-estetik əhvali-ruhiyyəsindən alınan təəssüratı fəci məqamda və bütöv halda qavramağa imkan vermir. Məsələn, aşağıdakı mətnə nəzər yetirək: “Qayanın təpəsinə arxadan ən azı neçə arşın yol gedəndən sonra çatmaq və belində istədiyin qədər keflənmək, boş şüşələri aşağı atıb səsini o biri qayanın döşündə eşidəndə ağzuvu ayırıb qalmaq və şellənmək olardı” və s. Elmi-filoloji fikrin, qənaətin və bədii yaradıcılıq kanonlarını şərti olaraq nəzərə almasaq. Əlbəttə, o da ola bilər ki, bu ya müəllif şəxsiyyətinin və müəllif yaradıcılığının sərbəst özünüifadə və özünütəsdiq forması kimi müəyyənləşsin. Bu halda yazıçı ola bilsin ki, ruhən özünü azad, sərbəst və səmimi hiss etsə də, ancaq ona verilən bu sərbəstlik aurasından kənaraçıxma halları da ola bilər. Məsələn, son zamanlar sərbəst, azad yaradıcılıq arenasına daxil olan çağdaş Azərbaycan poeziyasında belə bir tipik ümumi məqamı dövri mətbuat səhifələrində tez-tez müşahidə etmək və izləmək olur. Şeir müəllifləri ağ kağızla üz-üzə qalaraq tənha qaranlıq otaqda hansısa təmiz olmayan qeyri-əxlaqi fikrin, hissin qoynunda özünü rahat və azad hiss etməklə, başqalarını özüylə eyni əhval-ruhiyyədə köklənməsinə və nəfəs alıb yaşamağa çağırır. Onlara elə gəlir ki, gördüyü hər şey onun özünəxas anlayışında nəsə təzə, yeni həyatın əsrarəngiz ağuşunda uyuyaraq tamam yeni sirli, möcüzəli an və məqamlarla üz-üzə qalan hansısa qüvvənin təzahürüdür. Ancaq şeir müəlliflərin gözünə görünən o, “hər şeydə” təmiz niyyət, təmiz ab-hava, ali hiss-düşüncədən əsər-əlamət yoxdu. Əksinə, cəmiyyətdə yaşamaq üçün normaya çevrilmiş bütün əxlaqi-mənəvi dəyərlərin, ali hisslərin, duyğuların üzərindən keçərək əxlaqi-mənəvi aşınmaya yuvarladan təhlükəli meyillərin, mənfi emosiyaların rişələnməsinə imkan verən ab-havanı özündə əks etdirməyi xoşlayır. Şeir müəlliflərin formalaşdırdığı qeyri-əxlaqi və mənəvi fikir, ideyaları dövri mətbuat səhifələrində, jurnallarda, hətta kitab qəklində üzə çıxır. Və hətta onların özünəxas tənqidçi tərəfdarları” da yetişir. Belə hesab edirlər ki, onların ədəbiyyata gətirdiyini yeni avanqard üslubun tipik nümunəsi kimi qəbul etmək olar. Ancaq belə düşünmək olar ki, “şeir müəlliflərinin bu “yenilik” əsrlərdən bəri formalaşmış ədəbiyyatımızın axarını başqa qərbyönlü “izm”lərin qeyri-əxlaqi ədəbi oyunlarının boğucu mənfi aurasına yuvarlatmaqdan başqa bir şey deyil. Məsələ burasındadır ki, son vaxtlar ədəbi prosesdə onu öz təbii axarından çıxara biləcək yuxarıda qeyd etdiyimiz bəzi qondarma meyillər “qabarıq-qovuşma” həvəsi bu günə kimi hələ də müşahidə edilməkdədir. Ədəbiyyatımızın dünya ədəbi prosesi ilə qarşılıqlı ünsiyyəti təqdirəlayiqdir. Fəqət, kor-koranə, əslində Qərb ədəbiyyatında çoxdan dəbdən düşmüş, bəlkə də öz ədəbi-bədii missiyasını başa vurmuş postomodernizm, ekzistensializm, simvolizm, dadaizm və s. ədəbi cərəyanları həvəslə ədəbiyyata gətirən gənc yazarlar meydana gəlib. Bu, əsasən əsrlərcə formalaşmış ədəbi ənənələrdən uzaqlaşmaq, bəzən qiymətli bədii ənənələrin inkarı hesabına həyata keçirilir. Bəlkə biz ənənələri XIX əsrdən üzü bəri gələn Qərb simvolikasına yox, kökü minilliklərə dayaqlanan öz rəmz aləmimizə daha çox istinad etməliyik. Müasir poetik eksperimentlər üçün bu daha faydalı deyilmi? Məqsəd Nurun və başqa yazarların hekayə yaradıcılığındakı təsvir və təhkiyədə istifadə olunan şıltaqcasına işlədilən söz və ifadələrin məzmununda çağdaş Azərbaycan poeziyasında tez-tez müşahidə edilən söz və ifadələrdən qismən fərqlənsə də əsərin ideya-məzmunu, bədii mündəricəsi ilə heç cür uyğun gəlməyən nöqsan kimi öndə dayanır. Elmi filoloji fikirdə dönə-dönə qeyd edilib və təsdiqlənib ki, ümumiyyətlə, dil bədii yaradıcılığın əsas maddi qalığı hesab olunur və dil bu baxımdan, yazıçı ideyasının, obrazlar aləminin, həyata, sənətə baxışının əsas göstəricisidir. Elə buna görə də nasirlərimizin əsərlərində nəzərə çarpan 2001-2005-ci illərin hekayə janrında yazılmış əsərlərin bir sistem halında nəzərdən keçirərkən onları ümumiləşdirən bir sıra xarakterik xüsusiyyətləri görmək mümkündür.
1) Müstəqillik dövrünün adamları hekayə janrnda problemləri ilə birgə alınaraq təqdim olunursa da bütövlükdə onun mühitlə bağlı əlaqələri dolğun ictimai məzmun qazana bilmir.
2) Hekayə janrında əksini tapan müharibə mövzusu 2 (iki) fərqli cəhəti ilə qabardılır: a) müharibəyəqədərki və müharibədən sonrakı yaşayış və düşüncə tərzi indiki halda və anlamda müxtəlif bədii-estetik baxış bu çağından qiymətləndirilərək izlənilir, xatırlanır və özünəxas cəhəti ilə inikas etdirilir; b) müharibə öz real səhnələri ilə bədii düşüncə tərzinə daxil olaraq bədii şüura, onun təhlil obyektinə çevrilir.
3) Dövlət müstəqilliyi əldə edildikdən sonra adamların həyatında özünəxas qayğılı günlər, müxtəlif həyati problemlər yarandı. Bunlar şəksiz, ədəbiyyatda öz əksini tapmaya bilməzdi. Bir yandan yenicə yaradılmış azad, müstəqil ictimai quruluşda sərbəst həyat şəraitinə malik olan insanlar eyni vaxtda işğal olunmuş doğma torpağı uğrunda mübarizəyə qalxır, digər tərəfdən, adamların şəxsi həyatında cürbəcür maneələr, problemlər də ondan yan keçmir. İşsizlik, şəraitsizlik, özünü və ailəsini təmin etmək istəyən azad, müstəqil ölkənin, hər bir vətəndaşının başlıca qayğısını təşkil edir. Beləliklə, yaşamaq uğrunda çılpaqlığı ilə nümayiş etdirilən mübarizə əzmi obrazın fərdi aləmində köklənərək maksimalist emosional haləti ilə üzə çıxır. Bütün bunlar 2001-2005-ci illərin hekayə məhsullarında qoyulan problem, onu doğuran ictimai-sosial kökləri, bəlaları bədii təhlilə cəlb edilir.
4) Adamlarda müşahidə edilən biganəlik, laqeydlik və ya nisgil həyat və tənhalıq, o cümlədən, yaşanılmış, arxada qalan ömür yolu Öncəki illərdə olduğu kimi, 2001-2005-ci illərin hekayə nümunələrində daha qabarıq üzə çıxdı.
5) 2001-2005-ci illərin hekayə yaradıcılığında sənətkar baxışı və mövqeyində gerçəkliyə dərin və hərtərəfli analitik baxış və eyni zamanda, cəsarətli münasibət vətəndaşlıq duyğusu və yanğısı ilə yüklənərək nümayiş etdirilir. Bu da şəksiz, onun bədii-estetik tələblər baxımından dərki və qavranılmasına güclü zəmin yaradır.
6) Hekayələrdə ömrün o üzü olan ilahi məkan, ruhani gerçəkliklə yaşadığımız dünya arasında daxili düşüncələr sistemindən kök atıb rişələnir və təqdim olunan bu iki gerçəklik, iki dünya tamam yeni bədii qatda, məzmunda və bir vəhdət halında üzə çıxaraq mənalanır.
7) Bədii dilə qayğı, bədii dilə yanaşma və ünsiyyətdə həssaslığın çatışmaması son dövr hekayələrimizdə ciddi narahatlıq doğurur.

(Bakı-2006)

XANVERDIdr. Xanverdi TURABOĞLU,
AYB-nin üzvü, AMEA Nizami ad. Ədəbiyyat İnstitutunun böyük elmi işçisi

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.