Tanınmış şair Ehtiram İlhamın doğum günüdür.
Bizimyazı.az bu münasibətilə şairi təbrik edir, yeni şeirlərini oxuculara təqdim edir.
Bu da 56-mın cızmaqarası…
BƏSDİ
Arzuların çıxdı boşa,
Diləkcən yaşadın, bəsdi.
Burulğanlardan ötüşüb,
Küləkcən yaşadın, bəsdi.
Kimə nə verdin, onu al,
Əvvəl nəydin, eləcə qal.
Xoş ruzi-bərəkət, halal
Çörəkcən yaşadın, bəsdi.
Qoşulub dəli yellərə,
Töküləsən gur sellərə.
Ömrünü səpib güllərə,
Çiçəkcən yaşadın, bəsdi.
Yığvalı ha qarğa, ha söy,
Yenə öz işindədi Göy.
Çox yaşamaq da bir şey döy,
Ürəkcən yaşadın, bəsdi.
Bir yolun var, azmadın, ha,
Ehtiramdan yazmadın ha…
Nəyi qoşub, pozmadın ha,
Fələkcən yaşadın, bəsdi.
22.01.25.
* * *
Gözəl millət, gözəl Vətən, gözəl xalq,
Millət olun, Vətən olun, xalq olun.
Qara-qara qaramatın içində
Bəyaz olun, işıq olun, ağ olun.
Nə binələr binə qurdu binəyə,
Günahlardan necə ötdün, bə niyə?
Dağlar elə çəkilibdi sinəyə –
Dağ üstündən çəkiləsi dağ olun.
Ehtiramdı göyüm-göyüm göynəyən,
Öz dərdini canı kimi çeynəyən.
… Bu sağların arasında ölüykən
Bu boydana ölü içrə sağ olun.
18.01.25.
* * *
Sən məni bir daha heç yanda görmə,
Görərsən, özünə yazığın gələr.
Elə ağlayarsan, elə sızlarsan,
Qan axan gözünə yazığın gələr.
İçin göynədəni qara saz bilib,
Bülbülün səsini xoş avaz bilib.
Nəyi çox bilərsən, çoxu az bilib,
O çoxca azına yazığın gələr.
Bax ha… bir ömürlük gəlib keçəsi,
Dərdi də canına sarıb, biçəsi…
Ehtiramı ilham niyə seçəsi?
Varsa da sözünə yazığın gələr.
07.01.25.
* * *
Səndən, məndən, ondan, bundan
Bizə qalxmadısa heç nə.
Qış günün, ələnən qarda
Yaza qalxmadısa heç nə.
Tufanlar qopsa beynində
Qalarsanmı öz yerində?
Sən halalsansa, əyrin də
Düzə qalxmadısa heç nə.
İçində susmasa səsi,
Sönməsə eşqi, həvəsi…
Gözəlin işvə-qəmzəsi
Naza qalxmadısa
heç nə.
Boş ver, Ehtiram nə deyir?
Adam ha döy, ruhdu şair.
…Adamın yazdığı şeir
Saza qalxmadısa heç nə.
04.01.25.
* * *
Dedim, üzüm döndü daha,
Dindən də üz çevirəjəm.
Kəsib, sürtəcəm üzümə,
Qandan da üz çevirəjəm.
Sandım ki, öndədi hələ,
Qorxudan salmırdım dilə.
Mənə zulum verir belə…
Candan də üz çevirəjəm.
Şükür olsun dönə-dönə,
Belə ki, halalsan – sənə.
Allahım haqqı, bu günə
Səndən də üz çevirəjəm.
Ehtiramı nədisə, budur,
Zəhər ağzında bal dadır.
Bax ha, səni kim aldadır,
Ondan da üz çevirəjəm.
03.01.25.
Tural Adışirinin təqdimatında..