Ana səhifə BAŞ YAZI Mahir Qabiloğlu yazar zarafatlarını yazar…

Mahir Qabiloğlu yazar zarafatlarını yazar…

Müəllif: Bizim Yazı
473 baxış

İSA, MƏN ÖLÜM, GECƏLƏR YAT.

İsa Hüseynov və Qabil Hüsü Hacıyev küçəsindəki evin 5-ci mərtəbəsində şərikli yaşayırlarmış. Yəni, dörd otaqdan ikisi İsaya, ikisi də Qabilə məxsusmuş. İsa müəllim adətincə gecələr işləyərmiş. Yəni ki, heç vaxt gecələr yatmırmış. Günlərin bir günü Qabil deyir ki, “İsa, sən Allah gecələr yat, gündüz işlə”. Bir “mən ölüm” də vurur. İsa da razılaşır. Adətincə gecə yazmaq əvəzinə yatır. Bir də görürlər ki, gecə saat birin yarısında qapı bərkdən döyülür. Səsə ilk olaraq Qabil çıxır. Qapını açır. Görür ki, Süleyman Rüstəm qabaqda, arxada da şair İskəndər Çoşğun. Əlində də iki butulka araq və bağlama.
– Salam, Qabil. Restoranda yeyib-içirdik. Dedim ki, gedək Qabilgildə davam etdirək. İsa da bilirik ki, gecələr yatmır. İki araq götürdük, bir də çörək arası kabab.
– Xoş gəlmisiz, Süleyman müəllim. Keçin içəri.
Qonaqları otağa keçirən Qabil gəlib İsa Hüseynovun yataq otağının qapısını döyür:
– İsa, ay İsa. Dur ayağa. Sənə gecələr yatmaq yaraşmır.

İTƏ ŞEİR

Günlərin bir günü şair İskəndər Çoşqun növbəti görüşdən sonra nişanlısını evə ötürür. Qız həyət evində yaşayırmış. Həyətdə də it. Qapını açıb nişanlısı ilə içəri girəndə it başalayır İskəndər Çoşquna hürməyə. Tutmur, dişləmir. Sadəcə hürür. Şair bir anlıq duruxur. Daha doğrusu qorxur. Və bədahətən:

Hür! Hür! Bilirəm ki, mənə hürməyin,
Mənim sevgilimə sədaqətindir – deyir.

MƏMMƏD RAHİM, 75… DAY ÜZ VURMA

Qabillə Əliağa Kürçaylı Bulvarda gəzirlərmiş. İkisi də cavan, yeyib-içməyə həvəsli. Amma cibdə o qədər pul yox. Bir də görürlər ki, qarşıdan 50 yaşlı görkəmli şair Məmməd Rahim gəlir. İkisi də sözü bir yerə qoyub qonaqlıq qoparmaq məqsədiylə yaxınlaşırlar Məmməd müəllimə. Onu da qeyd edim ki, Məmməd Rahim hamıya borc versə də, qonaqlıq məsələlərinə çox da meylli olmayıb.
– Salam, Məmməd Rahim müəllim.
– Salam.
– Gözümüzə bir təhər dəyirsiniz. Neçə yaşınız var?
– 50.
– Hə bəsdir də. 50 yaş da pis deyil.
– Uşaqlar, nə bəsdir. Nə demək istəyirsiniz?
– Heç… Məmməd müəllim. Elə-belə… Sözdür də dedik. Nəsə xəstə-hal görünürsünüz e…
Məmməd Rahim isə əl çəkmir. Gənc şairləri “Mirvari” kafesinə aparır. Sifariş verir. Ortaya araq, “xolodnı zakuska” gəlir. Bir “rumka” Məmməd Rahimin sağlığına içəndən sonra. Əliağa Kürçaylı:
– Qabil, niyə ki, 50, Məmməd müəllim 55-ə də çata bilər. Nə olsun ki, rəngi solub.
– Ay uşaqlar, siz nə danışırsınız. Süzün bir yüz də vuraq.
Bir badə də içəndən sonra ortaya kabab gəlir. Bir tikə nuş eləyəndən sonra Qabil:
– 60 yaş da olar. Amma bundan o yana keçmək yoxdur.
Bu sözdən sonra Məmməd Rahimin narahatlığı daha da artır. Qabillə Əliağa isə sadə insanın zəif damarını tutmaqlarından sevinərək, heç nə dinib danışmırlar. Özlərini ciddi aparırlar ki, Məmməd Rahim onların bu fəndindən xəbər tutmasın. Məmməd müəllimin də “uşaqlar bəlkə ölüm yaşımı bir az da artırasınız?” sözlərini qulaqardına vurub, gözlərini boşaltdıqları araq şüşəsinə zilləyirlər. Məmməd Rahim də həmən “Ofisiant bir butulka da gətir. Kababı da təkrar elə” deyir. İkinci şüşədən də bir badə içəndən sonra, keyfləri kökələn gənclər:
– Məmməd Rahim müəllim, 70. Qurtardıq.
Məmməd müəllim bu cavabdan sevinsə də, yenə də razı qalmır. Daha artıq yaşamaq istəyir. Bir rumka süzür. Qabillə Əliağa da artıq “qotov” vəziyyətinə çatırlar. Badəni başlarına çəkib:
– 75. Məmməd müəllim day üz vurma. Qurtardıq.

…BUNUNLA ÜÇÜNCÜ DƏFƏDİR Kİ, VERİRƏM

Əvvəllər yazıçılar əlyazmalarını qəzet-jurnal redaksiyalarında işləyən makinaçılara yazdırırdılar. Hüseyn Arif də həmçinin. Günlərin bir günü gəlir yazısını yazmaq üçün verdiyi qəzetlərdən birinə. Yaxınlaşır makinaçı qıza və şeirlərini çap formasında alır. Səhifəsini sayır. 50 rubl zəhmət haqqını verərək gedir. Qəzetdə işləyən jurnalistlərdən biri də demə bu qızın nişanlısıymış. Növbəti dəfə Hüseyn Arif tamam başqa bir iş üçün qəzetə gələndə bu nişanlı oğlan qızdan xəbərsiz iş yoldaşlarıyla sözü bir yerə qoyub, yaxınlaşır Hüseyn Arifə:
– Hüseyn qağa, yetim olanda nə olar? Gərək pulunu kəsəsən? Yazı yazdırmısan, pulun ver də… Sizinçün 50 rubl nədir ki?
– Doğurdan? – deyə Hüseyn Arif cibindən 50 rubl çıxarıb verir oğlana ki, bəs apar qıza çatdır.
Nişanlı oğlan da 50 rublu götürüb əvvəlcə sözləşdikləri kimi dostlarıyla gedir yeyib-içməyə. Üstündən bir müddət də keçir. Hüseyn Arif yenidən həmin redaksiyaya gəlir. Ağızlarında şirə qalan nişanlı jurnalist və dostları yenidən yanaşırlar şairə:
– Hüsey qağa, yetim olanda nə olar? Gərək pulunu kəsəsən? Yazı yazdırmısan, pulun da verməmisən. Sizinçün 50 rubl nədir ki?
– Hə? Doğurdan? Yaxşı, 50 rublu verin o qıza. Deyin ki, “ay q…., bununla üçüncü dəfədir ki, verirəm”.

Qaynaq: modern.az

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.