Ana səhifə YAZILAR Mahirə ABDULLA. Şair Elxan ZALa savaş ismarıcı

Mahirə ABDULLA. Şair Elxan ZALa savaş ismarıcı

Müəllif: Bizim Yazı
67 baxış

Elxan Zal, səni həmişə tələsən görürəm. Bütün günü nəfəsini çiyinlərindən çəkə-çəkə harasa qaçırsan.
İki yolun, bir sözün, bir çözümün.
Yerlə göyün arasında qalan qardaşım, heyy!!!
Bəlkə bu qısqıya bir “Fatihə” oxuyub, bir hovur dizini qatlayasan, dincini alasan? Arxayınçılıqda soruşum kimsən, kimlərdənsən?Soruşmaq adətimizdir, özümüzlə, dincliyimizlə sorğumuz yox. Bilirəm bu sualı cavabsız qoyacaqsan. Yəni bu suala artıq cavab vermisən.
“mən qurdam, endir məni ey qut,
yanmış yuxusunda yovşanların”.
O yovşan qoxusunu Savalandan, Ağrıdağdan, Ziyarətdən, Ərzrumdan, Ərdəbildən, Dərbənddən…saymaqla qurtaran deyil, Cıdır düzündən, Yazı düzündən, Topağacdan, Hürneyidin dərəsindən, Pirin daşından, Qıpçaq çöllərindən, monqol köçlərindən, xeymələrdən, alaçıqlardan gətirir sərsəri küləklər.
Bir udum xəcalət tərimizi soyudub ayazıtmır. Yurd həsrətinin qurd baxışları qismətimizdən çəkilmir, deyir mən “manqurdam… hə?”
Ulu türk yaddaşının daşıyıcıları hələ-həlbət aman-zaman bilməzlər. Düşərlər Sonuncu dənizdə itirdiyimiz Turan izlərinə ki bəs bütün dünya Turandır. Ört-basdır etməklə deyil, yaddaş – yadın başının daşıdır. Avropadan belə hansı daşı qaldırsan, altından Qıratın, Düratın nalı çıxır, ən keçilməz qala divarları Süleyman qılıncıyla şırımlanıb.
Ürəyin dopdoludur, yaddaş xurcunun ağzınacan təpilidir, ildən-ilə batmanlaşır.
Yükü – qurğuşun yükü; bükülmüş çiyinlərindən bilirəm. Qaçaq Nəbinin Aynalısının gülləsi qurtarıb.
Daş üstünə daş gələcək. Sonuncu Dənizə yürüş bu səfər Cıdır düzündən, Ziyarət dağından, Ağrı dağdan, Savalandan başlayacaq. Ürəyimə damıb.
Gözləmək ağlına da gəlməsin. Bizə ağı yox, savaş ayəsi oxu! Allahın yanında növbəmiz yetişib, beş barmağım kimi bilirəm, bu səfər bizi eşidəcək.
Sular dəryaya sevdalı,
Dərya göylərə sevdalı” Elxan Zal, sən böyük Turana sevdalısan, avazımış üzünü üzünük buludlu göylərə tutub deyirsən:
“məndə dərviş davası var,
başımda cəng havası var,
yerin-göyün duası var,
savaşını bilənlərə”.

Amalın: “səngimək bilməyən savaşımız var”.

andın: “and olsun atlara,
and olsun qılınc parıltısına,
and olsun bir Tanrının adına”.

nisgilin: “ərənlik duyğusu qadınlaşmada” ikən ”Tanrım, sən
savaşımızı ver”.
savaş ismarıcın: “de ki,
sevdik savaşın dadını,
qız kimi sevdik,
qımız kimi sevdik”.

inancın: “yel yalayan bu bayraqlar
fəthimizin türküsünü
arddoğudan
ardbatıya aparacaq”.

mərəzin: “oturmaq azarın qabar bağlayıb”.

dar ağacın: “sevdiyim
insanların nifrətində ölürdüm”.

Son nəfəsinədək türk əsrinin “Savaş ayələri”ni yazacaqsan.
Səndən başqa sənin kimi heç kəs yaza bilməz.
Çünki artıq yazmısan.
Hər kəs öz yoluyla gedir.
Xaqannamə” türkün şanlı tarixinin yaddaş qatlarıdır. Bu zikr təsbehini çevirdikcə savaş…, savaş çıxır.
Sən bilirsən…
yataqda ölənlər murdar olurlar,
bizim törəmizdə belə yazılıb”.
Poeziyan türk dilinin sirr xəzinəsidir. Dibi-dibəyi görünmür. Bütün dünyanın əlini üzündə qoyan, dilini dilçəyinə bəndləyən Orxon-Yenisey yazılarıdır.
Bizi davakar, odda yanmaz, suda batmaz üsyankar ruhlarımız birləşdirir – Vətən adlı Böyük Ananın balalarıyıq.
Bizi dinclik tapmayan şəhid ruhları, güllələnmiş ağacların, quşların, daşların, dağların ruhları danışdırır.
Eygili vaxtlarda yeriyəndə yer titrəyən qırmızı almayanaq Sultana nənəm ermənilər barədə deyirdi: “Tanqrıya alqış etdik azdılar, qarğış edək yerə keçsinlər. Gözünüzü qarğa-quzğun didsin. Çörəkləri dizləri üstündə olanlar. Çörək itirənlər. Duz-çörəyimiz gözlərinizi tutsun”.
Sultana nənəm Tanrıya “Tanqrı” deyirdi; bir “q” səsi sözün enerjisini, magik qüvvəsini qaytarır. ”Tan(!!!) –q– rı” canlı musiqidir, Sibiri, Altayı yada salır. ”Q”, “ğ” səsləri Sibir türklərinin boğaz səsləridir.
Sən də ürəyimdən yaman xəbər verdin.
ermənilər nə tuladı,
millət qalıb qan içində.

cəng havası çalır zurna
gəl ortaya, küncdə durma,
cihada çıx, ay musurman,
ud savaşı qan içində”.

Amin! Yüz dəfə Amin!
Türkün ruhunu belə yaşat; səni ölməz edəcək.
Və “sənə yaxşı xəbərim var” deyəndə göy üzü kimi tutulmağım. Axı elə haqq-sayımız olmayıb. Alıcı quş kimi heyrətimi tutdun, “sənin haqqındır” – dedin.
Bu nə haqdır belə? Yurdsuz insanın heç nəyə ərki, əli çatmır – elə arsız ömrə də.
Amma Ulular Ulusu Mahmud Kaşqarinin adı da gələndə zənnimdə “Qeyb”in qapıları bağlanır. “Ağıllı qadının intiharı”nın qırxı çıxır, “Erməni kölgəsi” dağılır, Qarabağlı şeirlər yazılır.
Ərşə səs ucalır: “Əvvəl. Axır” Qarabağ bizimdir!
Bu dünyada üzümə üzlər tutub yaşayıram. Şeirlərim gün üzü tutulanda döyülən qablardır.
Günəş mənsiz peyda olur, batır.
Yalnız rəsmlərimdə səmimiyəm; cizgi torlarında dəstədə vurulmuş quşlar kimi çırpınıram.
Başımın tacı Qarabağda düşdü.
Öz əlim öz başımdı. Söyürəm özümü. Döyürəm dizimi.
Əlimdən gələn budur.
Qarabağ məni əsir-yesir edib.
Dünya türklərindir.
Xəzər qalxır, türk qabarır.
Qılınclar qınında pas tutdu. Turanın tacqoyma törəninə çoxmu qaldı?
Bundan əzəl igidlərimiz döyüşə ana-bacılarının dualarıyla gedərlərdi.
Deyirəm: “Ananız-bacınız olum.
İzləriniz göyərməsin.
Dabanlarınız yaş səngərlərdə dən tutmasın.
Savaşa gedəndə yollarınıza su atım”.

BU NAMƏ SƏNƏ QUŞ
QANADINDA GƏLƏCƏK

Bilirsən əllərim niyə böyükdü
qıpçaq atlarını sağıb
qımız tutdum
şaman duasıyla, yovşanla mayaladım.
Atilla içib o qımızı
dünyanın üzünə durdu
qıpqırmızı.

İç bu qımızı
rəngi qanqırmızı
savaşa, ata, qılınca
bakirə səhralara tamarzı
Zal oğlu Talıbın yadigarı
Sən…türk oğlu, Turan imanlı
Elxan Zal Qaraxanlı,
Zəngəzurlu qoca Alının kürəyi yerə dəyməz
Gənc Alı nəvəsinin
şair qızı Mahirənin QAN QARDAŞI…
yurd həsrətimızin sinə daşı.

Qara nərlər xaqanları
bellərində hərlərdi
ağ mayalar səhraları dizləyib
fürsəti girlərdi
yolları süpürlərdi.

Bilirsən barmaqların niyə uzundu –
xurmayı qopuzun on barmağı
sinəmdə “Türk əsrinin türküləri”ni çalacaq.

Sarı yovşanların şələ saçları
qəfləti suçladı
həsrəti saçladı.

Əllərimdə hana qurub,
yapıncı toxudum
Qıpçaq çöllərinin yorğanıdır
Elxan Zala buxça tutdum
Turan sevdasının yorğunudur
səhrada yulğun kolları buynuzlaşır
darısqallığın darğınıdır
ayağı cidarlı kəhərin yalı quzulayır
mənzilsiz yolların solğunudur
başımda Şuşa sevdası
19 ilin ilğımıdır.

Heyy, Elxan bəy…
Çingiz xanın alaçığı börkdür
savaş ayələri görkdür
cahanın xilası şanlı türkdür
qələmdaşım
qəm qardaşım
bıçaq boğaza dirənib
qürurum qor tutmur daha
səbrimin saçları gəlmir darağa
Tanrıdan son izni aldım
GEDƏK QARABAĞA!

17 iyul 2011-ci il

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.