Ana səhifə BAŞ YAZI Mənim ürəyimin kodu sevgidir – Əşrəf Veysəllinin şeirləri

Mənim ürəyimin kodu sevgidir – Əşrəf Veysəllinin şeirləri

Müəllif: Bizim Yazı
142 baxış

Bizimyazı.az ustad şair Əşrəf Veysəllinin şeirlərini təqdim edir.

DÜŞƏR

Uca zirvələrə tez-tez qar yağar,
Dağların saçına erkən dən düşər.
Güllərin gözünə sübhün gözündən,
Hərdən şeh çilənər, hərdən çən düşər.

Nazlana-nazlana açılar səhər,
Düzlərdən əl edər qızıl lalələr.
Gümüş kəmər kimi ağ şəlalələr,
Sürüşüb dağların belindən düşər.

Güldən sərgi açar hər qaya, hər dik,
Hər tərəf gözəllik, hər yan çiçəklik.
Bir nəğmə oxusa xınalı kəklik,
Ovçunun tüfəngi əlindən düşər.

“ÜZÜ BƏRİ BAXAN DAĞLAR”

O bir çinar, mən bir yarpaq,
Əfsus! – Ondan düşdüm uzaq.
O torpaqda bulaq- bulaq,
Çeşmə-çeşmə neyim qaldı.

Dumanında, çisəyində,
Qayasında, kəsəyində,
Hər otunda, çiçəyində
Bir parça ürəyim qaldı.

Günü günə sata- sata,
Ömrümüzü verdik bada.
Heyif! – neçə dosta, yada
Sinəmdə gileyim qaldı.

Köhlənimi necə tapım,
Bir də minim, bir də çapım.
Üç yarımçıq inqilabım,
Üç qanlı köynəyim qaldı.

Kövrəlmişəm bir saz kimi,
Arzu kimi, muraz kimi.
Ortalıqda Araz kimi
Harayım, göynəyim qaldı.

Sən ey anam, səadətim,
A mənim kişi qeyrətim,
Sənsiz nə qolda taqətim,
Nə də canda heyim qaldı.

Yada düşər ötən çağlar,
İçimdə bir kaman ağlar:
“ Üzü bəri baxan dağlar,
Mənim sizdə nəyim qaldı?!”

YAŞAYAR

Arzularım qar altında gül açar,
Daş üstündə bitən ömrü yaşayar.
Ərənlərim qayalardan yol açar,
Yol, bu yolu gedən ömrü yaşayar.

Ürək nədir? Ürək sevgi, sayğıdır.
Bir -birinə nəvazişdir, qayğıdır,
Başdan-başa həyəcandır, duyğudur.
Ürək də var-gödən ömrü yaşayar.

Yazan qalar söz ömrünün hayında.
Ozan qalar saz ömrünün hayında.
İnsan da var-öz ömrünün hayında,
İnsan da var-Vətən ömrü yaşayar.

SEVGİDİR

Canı can istəyir, qanı qan çəkir,
Bu pünhan duyğunun adı sevgidir.
Balıncı başımın altından çəkir,
Bu odur,
Bu odur,
Odur-sevgidir.

Haqsız qınaqsa da, nahaq qansa da,
Qəfil sınaqsa da,imtahansa da,
Ondan neçə kərə ağzım yansa da,
Ağzımın ləzzəti, dadı sevgidir.

Ey durub qəsdimə,yol kəsən gözəl,
Mənim taleyimsən bəlkə sən,gözəl.
Olsan ürəyimə yol gəzən,gözəl,
Mənim ürəyimin kodu sevgidir.

BİLİR

O sevda dəmindən uzaqdır hələ,
Məni də özündən çox uzaq bilir.
Mənim sevdiyim gül uşaqdır hələ,
Ülvi hisslərimi oyuncaq bilir.

Başına dolanım, dönüm bu eşqin,
Yolunda alışım, yanım bu eşqin.
Məni məndən alıb mənim bu eşqim,
Nə oğul anlayır, nə uşaq bilir.

Ömrümün gülşəni bilirəm onu,
Hər gün səcdəsinə gəlirəm onun.
Ölürəm dərdindən, ölürəm onun,
Necə öldüyümü bir Allah bilir.

AXIRDA

Anam vardı-yanan vardı mənə də,
Gözlərimdə yaşa döndü axırda.
Dörd tərəfdən qar ələndi başıma,
Növbaharım qışa döndü axırda.

Yağmalanmış yurdumuzdan söz açar,
Sinəsində yaraları göz açar.
Yanağında cığır salan, iz açan
Barmaqları xışa döndü axırda.

Mələklərtək səmalardan endi o,
Başımızda üzərliktək yandı o,
Hara getdim, yolum üstə qondu o,
Ağ xalatlı quşa döndü axırda.

Nəvələri gözü kimi sevərdi,
Gec görəndə ürəyini yeyərdi.
“Allah, məni daşa döndər”-deyərdi,
Mənim anam daşa döndü axırda.

SƏN YANIMDA OLANDA

Elə ki yanımda sən olursan, sən
Qəlbimin heç nədən qorxusu olmur.
Təkcə daş asılır kirpiklərimdən,
Təkcə gözlərimin yuxusu olmur.

Sevgi-yaraşığı bu göyün, yerin,
Məhəbbət-könlümün bahar gülləri.
Orda gülüşlərin, təbəssümlərin.
Orda baxışların sular gülləri.

Nəğmələr səslənər könül tarımda,
Sən ondan ən şirin diləklər istə.
Tez-tez şimşək çaxar dodaqlarımda,
Adın səpələnər çiçəklər üstə.

SALAM

Salam bu köhnə dünyaya
Təzə gələn şairlərə.
Söz qanıb mətləb anlayan,
Qədirbilən şairlərə.

Bir nəfəsə min ah çəkən,
Hər sozünü sınaq çəkən,
Kədərə şaqqanaq çəkən,
Dərdə gülən şairlərə.

Əriyib sozə yığılan,
Gözlərinə qan sağılan,
Hər gün təzədən doğulan,
Hər gün ölən şairlərə.

Tural Adışirinin təqdimatında..

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.