Tanıtım: Fövzi Əkrəm Tərzioğlu 1960-cı ildə Kərkükə bağlı Tuzhurmatu elində doğulub. Orta məktəbi burda bitirəndən sonra Bağdadda lisey və universitet təhsili alıb. Uşaq vaxtlarından şeirlə-sənətlə maraqlanan Fövzi Əkrəm, əsgərlikdən gəldikdən sonra (1989) Tuzda müəllimlik edib. Evlidir, dörd övlad atsıdır.
– Fövzi bəy, Sizi Bakıda salamlayırıq. Xoş gəlmisiniz. İstərdim, söhbətimizə İraq – Azərbaycan ədəbi əlaqələrinin dünəni, bugünü və sabahı barədə sualla başlayaq…
– Sağ olun, xoş gördük. Mənim ürəyimdə Azərbaycana ayrı bir sevgi və məhəbbət var. Bunu da Azərbaycanı görmədən- bilmədən yazdığım bir kitab sübut edir. Bu kitab 2001-ci ildə çap olundu. Həmin kitab oxucular tərəfindən çox yaxşı qarşılandı və onun sayəsində də “Azərbaycan bayrağı“ ictimai ödülünü qazandım. İncəsənət və mədəni əlaqələr baxımından İraqla Azərbaycanın çox yaxşı dostluq gələnəyi və həmən də qeyd edim, gözəl də perspektivi var. Daimi olaraq dostluğumuzu və qardaşlığımızı davam etdirməyə çalışırıq. Bundan əlavə, Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən davamlı olaraq hazırlanan, İraqda, istərsə də Türk Dünyasında olan festivallarda mən və həmkarlarım iştirak edirik və bundan da qürur duyuruq. Mən uzun müddət, Dünya Gənc Türk Yazarlar Birliyinin İraqdakı təmsilçisi olmuşam. İnşallah, qarşılıqlı olaraq müəyyən ədəbi –mədəni layihələr hazırlamağı düşünürük.
– Azərbaycan ədəbiyyatı ilə nə dərəcədə tanışsınız? İstər qədim, istərsə də çağdaş dövrlə?..
– Azərbaycan ədəbiyyatı ilə hər zaman yaxından tanış olmağa çalışmışam. Həm klassik dövrdən, həm də çağdaş dövrdən yetərincə məlumatım var. Davamlı burdan əldə edə bildiyim, habelə Bağdadda çap olunan qəzet və jurnallardan, xüsusən də “Birlik səsi” jurnalından oxuyuram. Sonra Azərbaycanda çap olunan kitablardan və festivallarda təqdim olunanlardan da xəbərimiz var. Festival, simpoziumların da özünəməxsus faydası var – qarşılıqlı münasibətlər, fikir və bilgi alış-verişi üçün. Bizim Azərbaycan yazarlarının bir çoxu ilə dostluğumuz, dərin səmimiyyətimiz var. Hər zaman da o ədəbi və mədəni əlaqələri saxlamağa çalışırıq.
– Bizim ədiblərdən kimlərin yaradıcılığı ilə daha yaxından tanış olmusunuz və ya burdan gedəndə kimlərin kitablarını alıb aparmaq fikriniz var?
– İraqda Azərbaycan Respublikasını ilk tanıdan “Altı il Dəclə- Fərat sahilində” kitabının müəllifi Qəzənfər Paşayev olub. Rəsul Rza, Qasım Qasımzadə, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Vaqif Arzumanlı imzaları ilə tanışmışıq. İndiki səfərdən dönüncə də, alacağım kitablar olacaq, təbii.
– Bəs yeni nəsildən kimləri oxuyursuz?
– Yeni dönəmdən oxuduqlarımdan birincisi Əkbər Qoşalının deyə bilərəm, sonra Rəsmiyyə Sabiri, Aygün Həsənoğlunu… Daha sonra ədəbiyyatlar və sırf folklorla əlaqəli çox sayda dostlarım var burda və hər zaman əlaqə saxlayırıq. Məsələn, Zərnişan Azayeva və “Turan”ın yaradıcı heyəti. Mədəni və ədəbi əlaqələri genişləndirmək üçün hər kim daşı-daş üstə qoyursa, sağ olsun.
– Kitabı oxuyanda siz necə bir əhvalda olursunuz? Həmin an hansı duyğular baş qaldırır sizdə?
– Əhvalımın ən təlx olduğu və sıxıldığım zamanlarda kitab oxuyuram. Siyasət çox ağır bir mühit, ayrı bir dünyadır. Yorğunluğunu mütləq atmaq lazımdı. Bağdadda bir bazar var və hər cümə günü ora yığışırıq. O bazara şairlər, musiqiçilər, yazıçılar və incəsənət adamları toplanır. Orda kitab yerləri var, seminarlar olur, teatrlar qurulur, görüşmələr olur, şeirlər oxunur… Mən də sıxılan kimi ora gedirəm. Yeni çap olunan kitablara baxıram, dostlarla görüşürəm. Mən eyni zamanda İraq Türkmənləri Ədəbiyyatçılar Birliyinin də başqanıyam və ədəbi mühitlərdə iştirak həm də vəzifə borcumdur; ancaq könül borcu ondan irəlidir…
– Türk Dünyası Gənc Yazarlar platformasında iştirakınız barədə dediklərinizə daha nələri əlavə edərdiz?
– Ukrayna, Kıprıs, Azərbaycan və Türkiyənin müxtəlif bölgələrində keçirilən bir çox tədbirlərə qatılmışam. Yazılarımla bu platformada iştirak etməyə hər zaman həvəsli olmuşam. Siyasəti isə çalışıram, özümə şox yaxın buraxmayım. Ədəbiyyat ortamından ayrı bir ləzzət, ayrı bir dad alıram. Ruhumu oxşayır və fikrimi daha aydınladır könülcə görüşlər… Unutmayaq ki, millət vəkilliyinin “keçmiş”liyi olur, ancaq şairə heç zaman “keçmiş şair” deyilmir…
– İraqdan Azərbaycan necə görünür?
– Azrəbaycana İraq xalqının, özəlliklə türkmənlərin tam ayrı bir sevgisi, hörməti və rəğbəti vardır. Müstəqillik qazandıqfan sonra mən Azərbaycana ilk dəfə 2001-də gəldim. Amma indi tam ayrı bir görünüş var can Azərbaycanda. Çox inkişaf edib və hər yanda yeni binalar, yeni tikililər var. Yeni küçələr görürəm və daha da lüks bir görünüş alıb paytaxtınız. İnsanları da çox gözəl və mehribandır. Arzu edərdim ki, bununla yanaşı iqtisadiyyat da yaxşı inkişaf etsin və fabriklər, zavodların sayı artsın. İşsizlər var, xüsusən də gənclərdən -onları işlə təmin etmək və əməklərini dəyərləndirmək lazımdı. Sizə deyim, indi bizim İraq parlamentdə də bir yenilik olacaq, üstəlik, yeni İraq-Azərbaycan parlament əlaqələri qurulacaq. Ayrıca, xüsusi bir təyyarə reysi hər gün Azərbaycana gəlib-gedəcək, inşallah. Nəcəfdən-Bakıya və Bakıdan –Nəcəfə..! Bu da zaman itkisini bir az azaldacaq və iqtisadi-siyasi əlaqələrin genişlənməsinə yol açacaq. Xüsusən də turizm inkişaf edəcək. Bir də qeyd etmək istəyirəm ki, bizim burda bir səfirliyimiz var, İraqda ( Bağdadda) da Azərbaycan səfirliyinin olmasını çox istərdik.
– Bəs Azərbaycan İraq parlamentindən necə görünür?
– Biz ermənilər tərəfindən Azərbaycan torpaqlarının 20 %-nin işğal olunmasına görə protest etmişdik. Şəxsən mən və dostlarım, həmfikirlərim, soydaşlarım öz ölkəmizi necə müdafiə ediriksə, Azərbaycanı da istər İraq parlamentində, istərsə də Ərəb ölkələri Liqasında elə müdafiə etməyə çalışmışıq.
– Fövzi bəy, istərdik ki, bizə öz yaradıcılığınız, yaradıcılığınızın ən maraqlı məqamları barədə də danışasız.
– Bayaq ki, sözə qayıdaraq, deyim ki, parlamentdə olan işi “keçici evlilik”ə bənzədirəm. Amma ədəbiyyat daim mənimlədi. Vəzifənin vaxtı nə zamansa bitir, amma şeir və ədəbiyyat isə qalıcıdır. İnşallah, indiyə qədər yazdıqlarımın hamısını bir neçə cilddə çap etdirməyi düşünürəm.
– Azərbaycana nə qədər bağlısınızz? Hansısa şeirinizdə bu bağlılıq yer alıbmı?
– Yollar açıq olmasaydı belə mən Azərbaycana ayaqla –pay-piyada gələrdim. O qədər böyük bir sevgim var bu ölkəyə, o qədər… Bir şeirimdə də deyirəm:
Yolum Kaf dağı olsa
Dağları dələrəm mən
Aşkın için dərimi soysalar
Gülərəm mən.
Mən Tuzda yaşırsam da
Kulak, ruhum səndədi
Bir Azər çocuğu ağlasa
bilərəm mən.
Gəlsəm səni görməyə
Billahi öldürürlər
Gəlməsəm yaqin ol ki,
Eşqindən ölərəm mən…
Könül xanım, Siyasət daha çox zamanımı və fikirlərimi aldığı üçün ədəbiyyata zamanım az qalmışdı. İnşallah indi də ədəbiyyata və incəsənətə zaman ayıracam.
Mənim ilk kitbım 200-ci ildə Kərkükdə çıxıb və “Cənnət quşları” adlanır. İkinci kitabım “Azərbaycan dastanı” 2001-ci ildə Bakıda nəşr olunub. Daha sonra “Rüyalar Kıtası” (Bağdad) kitabıdır, bu kitab da 2003-cü ildə nəşr olunub. Daha sonra ərəb dilində, tənqid yazılarımın toplandığı bir kitab da var. İndi isə, Sizlərin də yaxşı tanıdığı Şəmsəddin Kuzəçi bəyəfəndi yeni şeirlər kitabımı çapa hazırlayır. O kitab DTGYB tərəfindən yayımlanacaq.
– Hansı şeiriniz sizi tam ifadə edə bilir? Və bu şeiri oxuyan oxcular sizi orada görsün?
– Hələ tam olaraq elə bir şeirim yoxdu , amma ayrı bir şeirimdən bir parça oxuya bilərəm:
Dünyada
səni yada saldım dün yada.
İstərəm bir sey deyim
deyilməyib dünyada…
– Daha çox hansı mövzular sizin ruhunuza daha yaxındır?
– Sevgi, məhəbbət, dostluq və qardaşlıq mənim könül dünyama daha çox yaxındır. Bunlarla yanaşı, bizim tarixi problemlələrimiz var, torpaqlarımız işğal olunur, kimliyimiz itir və buna bənzər problemlər də əks olunur şeirlərimdə. İnsanlarımız təhdid olunur, dünyanın heç bir yerində bu qədər insan ölmür, ancaq mənim torpağım hər gün qan görür… Davamlı bunları şeirlərimin döyünən ürəyinə çevirmək vacib milli vəzifələrdən sayılır.
– Bildiyimiz kimi ərəbdilli oxucular üçün “Çağdaş Azərbaycan şeir antolojisi” ideyanız vardı. Aqibəti nə oldu?
– Mətbuatda bununla bağlı məlumat gedib. DGTYB ilə birgə bu işi görməyi düşünürük. Həm də ərəb ölkələrinin sizin yazarlar barədə o qədər də məlumatı yoxdu. Onu üçün biz ilk addım olaraq bir antolojinin çap olunmasını istəyirik. Ciddi şəkildə bunu düşünməyə başlamışıq və İraqda Azərbaycan yazarlarının şeriləri, yazıları ilə geniş şəkildə tanınmasını istəyirik; həm də ərəb yazarlarının yaradıcılığı ilə bağlı burda da bir antalojinin çap olunmasını istərdim.
– Bura gələn kimi kitab düknlarına gedirsinizmi?
– Əlbəttə, gedirəm. Maşallah kitab arasında yeni imzalar, yeni simalar da görürəm. Daha çox xanımların kitablarının sayı artıb. Bizdə xanım yazarlar sizdəki kimi fəal və üzdə deyillər.
– Bəs Bakıya gələn kimi ilk olaraq hara gedirsiz?
– Öncə Qız Qalasına gedirəm. Azərbaycanın tarixi simvoludu və kitabımın üz qabığında Qız qQalasının rəsmini vurmuşuq. Bir də Bibiheybətə getdim, tarixi ilə maraqlandım və arzu da tutdum:
Diləklər,
sözü sözə dil əklər
Nə zaman gerçəkləşir
könlümdəki diləklər?!.
– Oxucular son sözünüz…
– Çox oxusunlar deyərdim. Yazarlara isə çox oxuyub az yazsınlar deyərdim, dostcasına…
Könül Səid
1 şərh
Hörmətli Föfzi Əkrəm Tərzi oğlu!
Kərkük deyilən məmləkət bizim hamımızın yaralı yeridi və orda yaşayıb yaradan insanlar da canıbir qardaşlarmızdır. dünyanın ən uca şairi M.Fizulidən əxz etdiyiniz ruhu alqışlayıram və Sizə yaradıcılığınızda uğurlar diləyirəm.
Hörmətlə: Fəxri Müslüm.